Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1371/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19-dan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və ailə üzvlərinin həmin mənzildən çıxarılmalarıyla, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,80 manat pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19-u almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2025-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********79-05101-093006 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19 kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR DİN MAPS arayışlarına əsasən, Cavabdeh1, Cavabdeh3 və Məmmədov X1 şəhəri, X2 küçəsi, ev 21, mənzil 19-da qeydiyyatdadırlar. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmazəmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçisi Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh3 və Cavabdeh2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19-dan istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X3 “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, hazırda Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19-da öz ailə üzvləri ilə birlikdə yaşayır. Belə ki, həmin mənzil əvvəllər onun mülkiyyətində olmuşdur və onun "xxxx" Kommersiya bankına kredit borcu olduğuna görə həmin mənzil satışa çıxarılmış və hərrac vasitəsiə həmin banka satılmışdır. Mənzil bankın mülkiyyətinə keçdikdən sonra bank ona güzəşt edərək, həmin mənzildə yaşamasına icazə vermişdir. Hazırda iddiaçı banka az miqdarda borcu qalmışdır və həmin borcu qaytardıqdan sonra mənzili öz mülkiyyətinə keçirəcəkdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iddiaçının iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(049)-152/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, kreditin və kredit faizinin ödənilməsi” tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh1 Əbdülqasım qızından əsas kredit borcu üzrə - 399,49 ABŞ dolları, əsas məbləğə görə faiz borcu üzrə 49 ABŞ dolları, cərimə borcu üzrə - 598,285 ABŞ dolları, cəmi – 4.986,325 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manatın "xxxx" KB ASC-nin xeyrinə tutulması, "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan cəmi həmin mələğ üzrə tutmanın ipoteka qoyan Cavabdeh1 Əbdülqasım qızının mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsi bina 21, mənzil 19 ünvanında istifadədə olan 0.062 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 88.2 kv/m ümumi, 59 kv.m yaşayış sahədən ibarət 4 otaqlı 19 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. “Hərracın yekunları barədə” 59/02 saylı, xx.xx.2013-cü il tarixli protokolun surətindən görünür ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqadar "xxxx" MMC-nin keçirdiyi hərrac nəticəsində Lənkəran şəhəri, X2 küçəsi, ev 21, mənzil 19 ünvanında yerləşən mənzil "xxxx" KB ASC-yə satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, Çıxarışdan görünür ki, Lənkəran şəhəri, X2 küçəsi ev 21, mənzil 19-də yerləşən ümumi sahəsi 88.2 kv.m. olan 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-yə məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Məmmədov X1 şəhəri, X2 küçəsi ev 21, mənzil 19 ünvanında qeydiyyatdadırlar. xx.xx.2025-ci il tarixli, 73267748 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olan mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil mənzilin keçmiş mülkiyyətçisi olan Cavabdeh1 Əbdülqasım qızı tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, sonuncu və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə qeyd edilən mənzildən çıxmadığından, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 Əbdülqasım qızının adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin evə dair iddiaçı "xxxx" KB ASC-nin adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Ona görə də cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvləri Lənkəran şəhəri, X2 küçəsi ev 21, mənzil 19 ünvanında yerləşən mənzildən çıxarılmaqla, həmin mənzil boşaldılmalı və cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq. Qeyd olunanlara əsasən və MPM-nin 216-210-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və ailə üzvləri Lənkəran şəhəri, X2 küçəsində yerləşən 21 saylı evin 19 saylı mənzilindən çıxarılaraq, həmin mənzil boşaldılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Lənkəran şəhəri, X2 küçəsində yerləşən 21 saylı evin 19 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1371/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1371/2025
08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver