Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1415/2025 25.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Bakı çəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə 520 manat, ümumilikdə 20.520 manat və dövlət rüsumu olaraq ödənilmiş 152 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabeh onun barəsində əsassız olaraq Lənkəran ŞRP-nə ərizə verərək onun ona qarşı dələduzluq etməyini göstərmiş, onun əsassız və yalan şikayəti üzrə barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Lənkəran ŞRPŞ-nin İB-də başlanılmış cinayət işi üzrə o, cinayət təqibinə məruz qalaraq barəsində qətimkan tədbiri seçilmişdir. Başlanılmış cinayət işi üzrə o, dəfələrlə Lənkəran ŞRPŞ-nə aparılmışdır. Bundan sonra həmin cinayət işi Lənkəran Rayon Məhkəməsinə göndərilmiş və barəsində olan cinayət işi Lənkəran Rayon Məhkəməsinin icraatında davam etdirilmişdir. Barəsində aparılan cinayət təqibi zamanı zərərçəkmiş şəxs kimi özünü təqdim etmiş Cavabdeh 25 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında göstərmişdir ki, ibtidi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvələr təqsirləndirlən şəxsi onun iş yoldaşlarının və kəndçilərinin həyətlərini cadulardan təmizləməsi ilə bağlı tanımışdır. Ona qarşı düşmənçiliyi yoxdur. 25 mart 2023-cü il tarixdə, səhər saat 9-da, Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona bildirmişdir ki, Astara rayonunda mollanın yanında olmuş, orada özünə baxdırmış, molla orada ona bildirmişdir ki, həyətində cadu var gedib onları təmizlətdirsin. Buna görə də Saçlı xanımdan xahiş etmişdir ki, həyətindəki caduları təmizləsin. Saçlı xanım ona narahat olmamağı və gəlib caduları təmizləyəcəyini bildirmişdir. O, bunun üçün nə qədər pul götürəcəyini soruşduqda, Saçlı xanım ona hər bir caduya görə 150 manat olmaqla 600 manat olacağını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onu onların evinə gətirən taksi fəaliyyəti ilə məşğul olan sürücüyə 20 manat da verəcəkdir. Üstündə 100 manat pul olmuş, həmin pulu “Böyük bazar” adlanan yerdə, “Accessbank”ın Lənkəran filialının inzibati binasının qarşısında Saçlı xanıma vermiş, qalan 500 manat pulu da, tapıb ona xəbər verəcəyini bildirmişdir. İki saatdan sonra özü Saçlı xanımın evinə gedərək ona bildirmişdir ki, o, evdəkilərlə bu barədə razılığa gəlmişdir. Saçlı xanım öz mobil telefon nömrəsini ona vermişdir ki, onunla əlaqə saxlasın. Həmin gün, günorta saatlarında Saçlı xanım onların kəndinə gələrək həyətlərindən caduları çıxartmışdır. Onlardan birini əvvəl Saçılı xanım özü qazıb çıxartmış, digərlərini isə anası qazaraq, cəmi 04 ədəd cadu çıxartmışlar. Özü bu zaman telefonunun kamersi ilə çəkiliş aparmışdır ki, bilsin ki, Saşlı xanım həqiqətən caduları aşkar edib çıxarır, yoxsa yalandan özü gətirib onları orada atır. Çəkiliş apardığı zaman bundan Saçlı xanımın xəbəri olmamışdır. Çəkilişi o, məhz öz marağı üçün etmişdir. Saçlı Xanım çıxartdığı caduların içərisində sap, daş var idi. Saçlı xanım onlara bildirmişdir ki, onlar “bağlıdırlar, həm də xəstədirlər, nə yaxşı ki, ölməyiblər”. Bundan sonra Saçlı xanım ondan su istəmiş və o, onu ona gətirib vermişdir. Daha sonra Saçlı xanıma 500 manat pulu vermişdir. Saçlı xanım narazılıq eləyərək bildirmişdir ki, pulu az vermiş, halbuki o, daha çox cadu çıxartmışdır. Bundan sonra Saçlı xanım çıxıb getmişdir. Həmin vaxt anasının halı pisləşmişdir. Həmin gündən başlayaraq anasının və atasının xəstəliyi ona mənəvi əzab verməyə başlamışdır. Onlar hamısı xəstədirlər. Sonradan qonşusu ona demişdir ki, o, Saçlıya 1200 manat pul vermiş və çox peşimandır. Saçlı adamı aldadır. O da ona bildirmişdir ki, Saçlı ondan da həyəti təmizləmək üçün pul almışdır. Buna görə də o, əvvəl DİN-nin 102 Xidmətinə zəng vurmuş, daha sonra isə şöbəyə gedərək şikayət vermişdir. Əlavə olaraq bildirmişdir ki, polis şöbəsində heç kəslə tanışlığı yoxdur. Şöbəyə Saçlı xanımla üzləşmə üçün getmişdir. Ümumilkdə polisdə iki dəfə olmuşdur. Polisdə olduğu zaman Saçlı xanıma verdiyi 500 manat pulu ona geri qaytarılmışdır. O, həmin 500 manat pulu artıq xərcləmişdir. Polisə ona görə şikayət etmişdir ki, Saçlı xanıma desəydi ki, pulunu qaytarsın, qaytarmazdı. Saçlı xanımın yanına boşluğa düşdüyünə və çarəsiz olduğuna görə getmişdir. Sonradan öz iş yoldaşlarından eşitmişdir ki, həmin xanım “moşennikdir”. O, Saçlının işi ilə bağlı izahatını öz evlərində vermiş və həyətlərindən çıxanları caduları polisə təhvil vermişdir. Məhkəmədən Saçlının ona qarşı dələduzluq etdiyi üçün həbs olunmasını istəyir. Daha sonra 19 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında Cavabdeh ilk dəfə məhkəmədə verdiyi ifadəsini təkzib edib və məhkəməyə yazılı şəkildə ifadəsini təqdim edərək bildirmişdir ki, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə iclası zamanı təsir altında olmuşdur və buna görə də elə ifadələr vermişdir. Həmin ifadələrində həmin hadisənin olduğunu və Saçlı xanıma 500 manat pul verdiyini, həmin 500 manat pulun ona qaytarıldığını və 100 manat pulun Saçlı xanımın ona qaytarmalı olduğunu bildirmişdir. Əslində isə o, Saçlı xanıma yalnız həyətlərində 500 manat və 20 manat taksi pulu vermişdir. O, bundan əvvəl Astara rayonuna, Yeganə xanımın yanına getmişdir. Ola bilsin ona verdiyi pulla bu pulla qarışdırmışdır. O, polislərin qurbanı olmuş və onlar ona nə demiş, onu da onların dedikləri kimi etmişdir. Bunları müstəntiq Aqşin müəllim ona demiş, o da, Aqşin müəllimim dediyi kimi etmişdir. Hazıra o, ortalıqda tək qalmışdır. O, xx.xx.2023-cü il tarixdə, səhər saat 09-da Lənkəran rayonu “Böyük bazar” adlanan yerdə təqsirləndirilən şəxs Saçlı xanımı görüb ona əvvəlcədən 100 manat pul verməmişdir. O, həmin gün günorta, saat 13 radələrində Saçlı xanımın yaşadığı Lənkəran rayonu, Göyşaban kəndinəki evinə getmiş, orada razılaşmışlar ki, Saçlı xanım bir cadunu 150 manata çıxaracaqdır. Bir müddətdən sonra Saçlı xanım onların kəndindəki evlərinə gəlmiş, bel istəmiş, bel ilə birincini özü, digərlərini isə anası qazaraq caduları çıxarmışdır. Saçlı xanım cəmi 4 cadu çıxarmışdır. Əlavə olaraq bildirmişdir ki, o, Aqşinlə əlaqə saxlayaraq məhkəmədə nə deməli olduğunu soruşmaq istəsə də, Aqşin ona cavab verməmişdir. Bu hadisədən əvvəl onun polislər ilə şəxsi münasibətləri olmuşdur. Ona polis işçiləri demişlər ki, hadisə barəsində DİNnin102 Xidətinə zəng vursun, o da, onların sözlərinə əməl edərək həmin Xidmətə zəng vurmuşdur. Bir daha bildirir ki, o, ortalıqda tək qalmışdır. Polislər nə demiş və nə yazmışlar, o da onları etmişdir. Çünki, polislər onu tək saxlamışlar. Atasının əlinə poçt qəbzi düşüb və ondan soruşur ki, “məhkəmədə nə gəzirsən, orada nə işin var”. İstəmir ki, atası bilsin ki, onu məhkəməyə cağırırlar və bu səbəbdən də məhkəmə bildirişlərinin evlərinə göndərilməsini istəmir. Məhkəmədən işin “bağlanmasını” xahiş etmişdir. Daha sonra məhkəmə iclasında, 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasından 1-2 saat sonra vurduğu teleqramla bağlı sualı cavablandıran zərərçəkmiş şəxs Cavabdeh bir daha bundan əvvəl verdiyi ifadəsini təkzib edərək bildirmişdir ki, teleqramda göstərdiyi ifadəsi düzdür, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, Saçlı xanım tərəfindən ziyan ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsində barəsində olan cinayət işi davam etdirilmiş və onun təqsirsiz olduğu sübuta yetirildiyi üçün Lənkəran Rayon Məhkəməsinin 1 (049)-278/2023 saylı, xx.xx.2023-cü ii tarixli hökmü ilə, o, Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur. Cavabdeh yenidən yalan və böhtanlarını davam etdirərək Lənkəran Rayon Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti vermişdir. Cavabdehin bu hərəkəti ilə barəsində olan cinayət təqibi davam etdirilmiş və o, yenidən apellyasiya məhkəməsində cinayət təqibinə məruz qalmışdır. Sonradan barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-85/2024 saylı, xx.xx.2024-cü ii tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin yalan və əsassız şikayəti əsasında barəsində olan hökmdən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə baxılan cinayət işi birinci instansiya məhkəməsinin hökmünün tərtibi zamanı prossesual qaydalara riayət edilməməsi səbəbindən yenidən apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-758/2024 saylı, xx.xx.2024-ci tarixli hökmü ilə yenidən ona bəraət verilmiş və barəsində olan qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi cavabdehin əsassız və yalan olan ifadəsi onu 2 il müddətində polis şöbələrində və bütün məhkəmə instansiyalarında olmağa məcbur etmişdir. Hər dəfə barəsində olan cinayət təqibi üzrə hüquq yardımla bağlı müqavilələr bağlanılmış, Lənkəran, Şirvan, Bakı şəhərlərində saatlarla məhkəmələrdə qalmışdır. Eyni zamanda da qeyd edir ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində VÖEN ********** nömrəsi ilə vergi ödəyicisidir. O, göstərdiyi fəaliyyət üzrə dövlət büdcəsinə vergi ödəyir, işgüzar fəaliyyətlə məşğuldur. Cavabdehin əsassız və yalan şikayəti üzrə o, mənəvi əzab çəkməklə yanaşı, onun işgüzar nüfuzuna xələl gəlmiş, yaşadığı rayonda və onu tanıyan qohum-əqraba, qonşular içində utanc vəziyyətində qalmışdır. Cavabdehin düşünülməmiş hərəkəti nəticəsində onun ailəsinin və yaxınlarının mənəvi utanc keçirməsi, onda kəskin sarsıntı yaratmışdır. Onun ailə üzvlərinin utanc keçirməsi onu psixoloji gərgin vəziyyətə gətirmiş və o, keçirdiyi sarsıntılara görə 4 məhkəmə instansiyasında iştirak üçün hüquqi yardım üçün ödədiyi vəsaitlərdən əlavə, hər dəfə iştirak etmək üçün çoxlu məbləğdə xərclərə düşmüşdür. Hər dəfə keçirdiyi psixoloji sarsıntıya görə dəfələrlə həkim müalicələrinə möhtac qalmışdır. Cavabdehin onun barəsində düşünülməmiş addımı nəticəsində göstərmiş olduğu sözləri, onu dələduz kimi tanıtdırmağa çalışması, hələ də onda bərpa edilməz xəstəliklər yaratmışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermişlər. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı hüquqlarının müdafiəsi üçün 5 dəfə vəkillə müqavilə bağlayaraq pul ödəmişdir. Bundan əlavə istintaq aparılan və məhkəmə iclasları keçirilən yerlərə gedib-gəlmək üçün, eləcə də onun yemək xərclərini də iddiaçı çəkmişdir. Adətən onun gediş-gəlişini taksi sürücüsü Elnur həyata keçirmişdir. O, şahid qismində dindirilən zaman bunları təsdiq edəcəkdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh və onun nümayəndəsi Vəkil2 ayrı-ayrılıqda iddianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. Cavabdeh verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis şöbəsində izahat verməmişdən əvvəl onu bilə-bilə yalan xəbərçiliyə görə xəbərdar etmişlər və o, bu barədə iltizamı imzalamışdır. Vəkil2 isə əlavə olaraq göstərmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafisəi ilə bağlı şikayət vermək hüquq vardır. Cavabdeh də həmin hüquqdan istifadsə edərək polis şöbəsinə şikayət etmişdir. İddiaçı təqsirli deyildirsə, onda istintaq orqanı cinayət işi başlamamalı, başladığı halda isə xitam verməli idi. Buna görə də iddiaçıya vurulmuş ziyana görə cavabdeh deyil, Dövlət istintaq orqanı cavabdehlik daşımalıdır. Məhz həmin orqanın günahı ucbatından iddiaçıya ziyan dəymişdir. Cavabdehi günahkar çıxarmaq düz deyil. İddiaçının vəkil yardımından da istifadə etməsində cavabdehin günahi yoxdur. Bunlara cavab olaraq Nümayəndə cavabdehin əlyazmasının surətini məhkəməyə təqdim edib bildimişdir ki, cavabdeh cinayət işi üzrə məhkəmə prosessində həmin ərizəni yazaraq bildirmişdir ki, istintaq orqanı onu aldatmış, o, onların göstərişi ilə hərəkət etmişdir. Lakin cavabdeh ərizəni yazıb onu məhkəməyə təqdim edib zalı tərk etdikdən sonra, məhkəmənin ünvanına teleqram göndərərək məhkəməyə təqdim etdiyi ərizəsində yazılanları danmış, bununla da əsassız olduğunu bildiyi şikayətini müdafiə etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(049)-278/2023 saylı hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirsiz hesab edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli verilmiş apellyasiya şikayətinin surətindən görünür ki, o, İddiaçı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirlməsinə dair Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1 (049)-278/2023 nömrəli hökmün ləğv edilməsini və İddiaçı barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-863/2023 saylı, xx.xx.2023-cü tarixli qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(049)-278/2023 saylı hökmündən dövlət ittihamçısı Zamil Mehrəliyev tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxış iclası 09 yanvar 2024-cü il tarixdə, saat 16:30-a Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq, məhkəmə istintaqı aparılmadan keçirilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməsi, məhkəmə baxışına dövlət ittihamçısı, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisinin çağırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-85/2024 saylı, xx.xx.2024-cü tarixli qərarın surətindən görünür ki, dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı qıznın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 1(049)-278/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1286/2024 saylı qərarın surətindən görünür ki, kassasiya protesti qismən təmin, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının İddiaçı barəsində olan 1(106)-85/2024 nömrəli, xx.xx.2024-cü ii tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-758/2024 saylı, xx.xx.2024-ci tarixli hökmünün surətindən görünür ki, təqsirləndirlən şəxs İddiaçı bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1 (049)-278/2023 nömrəli hökmü ləğv edilmiş, zərəçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən İddiaçı hüquqlarının Lənkəran RPŞ-də, Lənkəran Rayon, Şirvan Apellyasiya və Ali Məhkəmələrdə müdafiəsi üçün, müqavilələrin nömrələri müvafiq olaraq 255 olan xx.xx.2023-cü il tarixli, 630 olan xx.xx.2023-cü il tarixli, 268 olan xx.xx.2024-cü il tarixli, 297 olan xx.xx.2024-cü il tarixli, 636 olan xx.xx.2024-cü il tarixli və 637 olan xx.xx.2024-cü il tarixli vəkil orderləri verilmişdır. eManat terminal vasitəsilə İddiaçı tərəfindən Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına edilmiş ödəniş qəbzlərdən görünür kli, müvafiq olaraq xx.xx.2023-cü il tarixdə 200, xx.xx.2023cü il tarixdə 120, xx.xx.2024-cü il tarixdə 120, xx.xx.2024-cü il tarixdə 120, xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə bir daha 500 manat olmaqla, cəmi 1560 manat məbləğində qonorar ödənilmişdir. xx.xx.2025-ci il tarixli, 16647 №-li qəbzdən görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün 152 manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri, 10 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM- 2336VK-14637/25 №-li “Hüquqi yardımın göstərilməsi haqqında müqaqvilə”dən və “PulPal” sistemi vasitəsilə edilmiş ödənişdən görünür ki, İddiaçı Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına hazırki mülki işlə bağlı 520 manat pul ödəmişdir. Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Lənkəran rayon məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh istintaqa verdiyi ifadəsinin yalan olduğunu məhkəmədə bildirsə də, sonradan yenidən ifadəsini dəyişərək yalan ifadə vermişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh rayon prokurorluğuna müraciət edərək bəraətiverici əsaslar olmadan barəsində aparılan araşdırmaya xitam verilməsinə etiraz etməmişdir. Hazırkı araşdırma zamanı Cavabdeh Lənkəran Rayon Məhkəməsində yalan ifadə verdiyini etiraf edərək könüllü olaraq boynuna almış, peşmançılıq hissi keçirdiyini bildirmişdir. Cavabdeh Lənkəran Rayon Məhkəməsində, Lənkəran ŞRPŞ-də ibtidai istintaq zamanı fərqli yalan ifadələr versə də, hazırkı araşdırma zamanı könüllü təqsirini boynuna almış, peşman olduğunu bildirmiş, düzgün ifadə vermişdir. Buna görə də Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsası ilə rədd edilməlidir. Həmin Qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh rayon prokurorluğuna müraciət edərək bəraətverici əsaslar olmadan barəsində aparılan araşdırmaya xitam verilməsinə etiraz etməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən 24C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “AZEMİS” Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də mamaçı işləməklə 586.40 manat əmək haqqı alır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb, 1(049)-278/2023 nömrəli cinayət işini nəzədən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdehin əsassız şikayəti əsasında iddiaçı barəsində Lənkəran RŞPŞ-nin İB-də CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması, istintaqın və məhkəmə iclaslarının keçirilməsi, iddiaçının bəraət alması işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarıdır. Mübahisələndirlən hallar ondan ibarətdir ki, iddiaçı əsassız olaraq cinayət məsyuliyyətinə cəlb edilməsində cavabdehi təqsirli bilib ondan maddi və mənəvi ziyan olaraq müvafiq olaraq 5000 və 15000 manat tələb edir, cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyib, iddiaçının cinayət məsuliyətinə cəlb edilməsində cavabdehin təqsirinin olmadığını, buna görə istintaq orqanının təqsirli olduğunu bildirib onun təmin olunmamasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh tələbi 4 hissədən ibarətdir. Onun 1-ci tələbi – cavabdeh əsassız şikayəti əsasında ona dəymiş maddi ziyana görə 5000 manat məbləğində pulun tutulub ona ödənilməsi; 2-ci tələbi - mənəvi zərərə görə 15000 manat məbləğində pulun tutulub ona ödənilməsi; 3-cü tələbi - hüquqi yardıma görə 520 manat məbləğdə pulun tutulub ona ödənilməsi; 4-cü tələbi - dövlət rüsumu olaraq ödənilmiş 152 manat pulun tutulub ona ödənilməsindən ibarətdir. Onun 1-ci, dəymiş maddi ziyana görə 5000 manat məbləğində pulun tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yəni, Konvensiyanın tələblərinə əsasən ilk növbədə sübut etmə yükü iddiaçının, hazırki iş üzrə isə İddiaçı üzərinə düşür. İddiaçı ona cavabdehin əsassız şikayəti nəticəsində 5000 manat məbləğində ziyan dəydiyini göstərsə də, ona cəmi 1980 manat məbləğində ziyan dəydiyi sübuta yetirilir. Belə ki, eManat terminalı vasitəsilə hüquqi yardım almaq məqsədilə İddiaçı tərəfindən Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək ümumilikdə 1560 manat məbləğində qonorarın ödənilməsi iş materialları ilə tam təsdiq olunur. Bundan əlavə məhkəmə iclasında iddiaçının dəvət etdiyi şahid X4 göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur, iddiaçını tanıyır və sonuncunu Lənkəran rayonu, Göyşaban kəndindən Şirvan Apellyasiya Məhkəməsinə 4-5 dəfə aparmış, gediş-gəliş haqqı olaraq ondan 130-140 manat arası pul almış, elə vaxtlar olmuşdur ki, həmin məhkəmənin qarşısında 2-3 saat onu gözləməli olmuşdur. Bundan əlavə onu iki dəfə Bakı şəhərinə aparıb gətirmiş və ondan hər gediş-gəliş üçün 160 manat zəhmət haqqı almışdır. Məhkəmə iddiaçının neçə dəfə Şirvan Apellyasiya Məhkəməsində və neçə dəfə Ali Məhkəmədə olması ilə bağlı 1(049)-278/2023 nömrəli cinayət işində olan iclas protokollarını nəzərdən keçirmiş və müəyyən olmuşdur ki, iddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsində və bir dəfə, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Məhkəməsində olmuşdur. İki dəfə Şirvan Apellyasiya Məhkəməsinə gedib gəlmək üçün gediş-gəliş haqqının qiyməti 130 manat olmaqla, iddiaçı cəmi 260 manat, Ali Məhkəməyə gedib-gəlmək üçün isə 160 manat olmaqla, ümumilikdə iddiaçı taksi fəaliyyəti ilə məşğul olan X2 həmin məhkəmələrə gedib-gəlmək üçün 420 manat zəhmət haqqı vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində ədə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin əsassız şikayəti nəticəsində iddiaçıya 1980 manat məbləğində (hüquqi yardıma görə ödənilmiş 1560 manat + 420 manat gediş-gəliş haqqı = 1980 manat) real zərərin dəyməsi tam sübuta yetirilir. Cinayət işində olan iclas protokollarından iddiaçının xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdək ümumilkdə 16 dəfə ibtidai istitnaq orqanında və Lənkəran Rayon Məhkəməsində olması sübuta yetirilsə də, iddiaçı, Göyşaban kəndindən Lənkəran şəhərinə gəlmək üçün hər dəfə, eləcə də vəkilinin qidalanmasına nə qədər xərcin çəkdiyinə dair sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 1-ci tələbi qismən təmin olunmalı, cavabdehdən maddi (rela) ziyan olaraq 1980 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. İddiaçının 2-ci, mənəvi zərərə görə 15000 manat məbləğində pulun tutulub ona ödənilməs tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin tələbi hissəsinə qiymət verərək qeyd edir ki, MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hamıya bəllidir ki, təqsirsiz şəxs cinayət törətməkdə təqsirləndirildikdə, onun şüurunda müəyyən mənfi psixi reaksiyalar baş verir. Həmin mənfi psixi reaksiya da, eyni zamanda da şəxsi müəyyən iztirablara məruz qoyur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztiraba məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında isə qeyd edilmişir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür... Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir... Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə ... keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən keçirilmiş iztirabın və sarsıntının dərəcəsi və s. amillər nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir... Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hüquqa zidd əməlin törədilməsi, onun özünün Lənkəran rayon prokurorluğuna yazdığı ərizədə də öz əksini tapmışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə prokurorluğa müraciət edərək bəraətverici əsaslar olmadan barəsində aparılan araşdırmaya xitam verilməsinə etiraz etməmişdir. Həmin araşdırma zamanı Cavabdeh Lənkəran Rayon Məhkəməsində yalan ifadə verdiyini etiraf edərək könüllü olaraq boynuna almış, peşmançılıq hissi keçirdiyini bildirmişdir. Bununla da o, əsassız olaraq iddiaçı barəsində polis şöbəsinə şikayət etdiyini etiraf etmişdir. Onun bilavasitə bilə-bilə əsassız şikayəti əsasında fəaliyyətinə görə vergi ödəyicisi olan iddiaçı cinayət məsuliyyətinə cəlb edilmiş, onun dələduzluqda təqsirləndirilən CM-nin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuş, cavabdeh iddiaçı barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, iddiaçı uzun müddət, təxminən 01 il 06 ay müddətində nigaran, gərgin vəziyyətdə olmuş, sarsıntı keçirmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində bəraət hökmünün çıxarıldıqdan sonra da cavabdeh şikayətinin əsassız olduğunu bilə-bilə həmin hökmdən apellyasiya şikayəti verərək bir daha iddiaçı barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, apellyasiya şikayəti verməklə iddiaçının keçirtdiyi sarsıntı və istirabların müddətini uzatmışdır. Məhkəmə uzun müddət iddiaçının keçitdiyi sarsıntı və iztirabları, cavabdehin gəlirini nəzərə alaraq hesab edir ki, mənəvi ziyan olaraq cavabdehdən 5000 manat məbləğində vəsaitin alınaraq iddiaçıya verilməsi həm qanuna uyğun, həm də ədalətlidir. Çünki, belə bir məbləğin müəyyən edilməsi, gələcəkdə bu tip şikayətlərə meyilli şəxslərin əsassız şikayətlərin verilməsinin qarşısını almağa xidmət edəcəkdir. İddiaçının 3-cü, hüquqi yardıma görə 520 manat məbləğdə pulun tutulub ona ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır . Məhkəmə qeyd edir ki, Bakı şəhəri, 10 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-2336VK-14637/25 №-li “Hüquqi yardımın göstərilməsi haqqında müqaqvilə”dən və “PulPal” sistemi vasitəsilə edilmiş ödənişdən İddiaçı Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun hesabına 520 manat pul ödədiyi sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 520 manat xərc ağlabatandır və buna görə də, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının 4-cü, dövlət rüsumu olaraq ödənilmiş 152 manat pulun tutulub ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi 34 % təmin olunduğundan onun tərəfindən ödənilmiş 152 manat məbləğində dövlət rüsumunun 51.68 manatı cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçının cinayət məsuliyətinə cəlb edilməsində cavabdehin təqsirinin olmadığına, buna görə istintaq orqanının təqsirli olduğuna dair göstərdiyinə qiymət verərək qeyd edir ki, cinayət faktı Dövlət tərəfindən aşkarlanıb iddiaçı çinayət məsuliyyətinə cəlb edilsəydi və sonuncu bəraət alsaydı, bu halda həm maddi, həm də ki, mənəvi ziyana görə cavabdehliyi Dövlət daşıyacaqdı. Lakin hazırki iddiaya əsas olmuş cinayət işi məhz cavabdehin əsassız şikayəti əsasında başlanmış, buna görə də o, həm maddi, həm də ki, mənəvi ziyana görə iddiaçı qarşısında cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi (real) ziyan olaraq 1980 manat, mənəvi ziyan olaraq 5000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 520 manat, iddia ərizəsinin verilməsi üçün cavabdedhə aid 51.68 manat məbləğində dövlət rüsumu, cəmi 7551(yeddi min beş yüz əlli bir ) manat 68 qəpik tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2(049)-1415/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1415/2025
25.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver