Məhkəmə qərarları › İş №e-2(049)-1601/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1601/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1601/2025 07.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və digər Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 24300 manat, dövlət rüsumu qismində 103 manat və mediasiya təşkilatına müraciət üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddia tələbini əsassız hesab etdiyini və rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı məhkəməyə müraciət edərkən ilk olaraq qanunvericilin tələbinə əməl etməmiş, özünün və cavabdehlərin qeydiyyat və yaşayış yeri üzrə mediasiya təşkilatına müraciət etməli olduğu halda başqa şəhər üzrə mediasiya təşkilatına müraciət etmişdir. O, iddiaçının iddia tələbini əsassız hesab etdiyi üçün qəbul etmir və məhkəmədən mülki işin baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, cavabdehlərin etiraz ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı və sənədlər geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı və cavabdehər Lənkəran şəhərində qeydiyyatdadırlar. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi işə əlavə etsə də, həmin sənədin məzmunundan görünür ki, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, Bakı 14 saylı Mediasiya təşkilatına müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Hazırki iş üzrə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədiyindən və mübahisə aidiyyət baxımından iddiaçının və ya cavabdehlərin yaşadığı yer üzrə məhkəməyə (hazırki iş üzrə hər iki halda Lənkəran Rayon Məhkəməsinə) aid olduğundan iş üzrə mediasiya sessiyası həmin rayonun mediasiya təşkilatı tərəfindən aparılmalıdır. Lakin iddiaçı bu qaydaya riayət etməyərək tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə aid mübahisə ilə əlaqədar mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaların tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır . “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarında dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydaya əməl etmədiyindən və bu qaydanı tətbiq etmək imkanı itirilmədiyindən iddia baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərkən 103 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 103 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin İddiaçı tərəfindən ödənilmiş 103 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar