Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1609/2024 04.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı, iddiaçnın nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan avtomobilin dəyərinin cavabdehdən alınıb verilməsi” tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olan - Cavabdeh adına qeydiyyatda olmaqla, ikidə bir hissədə pay hüququna malik olduğu “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ikidə bir hissəsinin, yəni 15.000 (on beş) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmiş və birgə nikahdan dünyaya gələn övladı Nihat iddiaçının yanında qalmışdır. Sonradan o, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi və cavabdehin adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi və həmin avtomobilin 50 faiz hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1894/2022 saylı qətnaməsinə əsasən, Lənkəran Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(049)-101/2022 saylı qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ikidə bir hissədə pay hüququ müəyyən edilməsi qət edilmişdir. Həmin avtomobilə onun ikidə bir hissədə mülkiyyət hüququ rəsmi olaraq tanınmış olsa da, ümumi paylı mülkiyyətdə olan avtomobil cavabdehin faktiki sahibliyi və istifadəsində olduğundan iddiaçı avtomobil üzərində bu hüququnu həyata keçirə bilmirə Avtomobil naturada bölünməsi mümkün olmayan əmlakdır. Ona görə də iddiaçıya məxsus payın ayrılması yalnız avtomobilin dəyərinin yarısının digər paylı mülkiyyətçidən alınıb iddiaçıya verilməsi yolu ilə mümkün ola bilər. Cavabdehdən avtomobilin dəyərinin yarısını tələb etsə də, cavabdeh bu tələbini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən ümumi paylı mülkiyyətdə olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edtmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, cavabdehə dəfələrlə əmlakın dəyərinin ödənilməsi ilə bağlı müraciət etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Cavabdehin hazırda 4-5 belə avtomobili vardır. Əmlakın dəyərinin yarısını tələb etməkdə məqsədi övladının təhsilinə sərf etməkdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qeydiyyat yeri olan ünvan 1 ünvanında bildiriş, iddia ərizəsinin və əlavəı edilmiş sənədləri surəti göndərilmiş, lakin cavabdeh həmin ünvanda olmadığından bildiriş və əlavə edilmiş sənədlər məhkəməyə geri qaytarılmış və məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci maddəsinə əsasən bildiriş və əlavə edilmiş sənədləri cavabdehin sonuncu yaşayış yeri üzrə icra nümayəndəliyinə göndərmiş və Lənkəran Şəhər Mənzil Təsərrüfat İdarəsinin 15 may 2024-cü il və 04 iyun 2024-cü il tarixli bildirişləri məhkəməyə daxil olmuşdur. Məhkəmə, cavabdehin rəsmi məlumatlandırılmış hesab edərək MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)- 1894/2022 saylı qətnaməsi ilə müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmişdir. Cavabdeh adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ikidə bir hissədə pay hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin 20 may 2024-cü il tarixli rəyindən görünür ki, “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar dəyəri 30.000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında iddiaçı ilə cavabdeh arasında olan nikaha xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1894/2022 saylı qətnaməsi ilə Cavabdeh adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ikidə bir hissədə pay hüququ müəyyən edilmişdir. İddiaçı cavabdehdən avtomobilin dəyərinin yarısını tələb etsə də, cavabdeh bu tələbini yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Yuxarıda şərh olunduğu kimi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1894/2022 saylı qətnaməsi ilə Cavabdeh adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının ikidə bir hissədə pay hüququ müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, həmin avtomobil də tərəflərin birgə nikahı dövründə əldə edilmişdir və həmin avtomobil cavabdehin adına qeydiyyatda olmaqla, hazırda da onun mülkiyyətində olan əmlak hesab edilir. Hazırda avtomobilin dəyərinin 30.000 manat miqdarına uyğun olması, bu məbləğin yarısı olan 15.000 pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi məqsədə müvafiq olmaqla həm də, qanunidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh adına qeydiyyatda olan “X3 111 CDİ YÜK” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ikidə bir hissəsi, yəni 15.000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-1609/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1609/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver