Məhkəmə qərarları › İş №e-2(049)-2195/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2195/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2195/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı, Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «əşyaların cavabdehin evinə geri qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1300 manat (bir min üç yüz) manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, iddiaçının oğlu X5 2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küç, ev 2436, mənzil 24-də yaşamışdır. Cavabdeh ilə oğlu ailə qurduqdan bir müddət sonra cehiz əşyalarını onun mənzilində yerləşdirmişdir. Sonradan aralarındakı ailə münasibətləri pozulmuş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq, Cavabdeh cehiz əşyalarını ona məxsus mənzildən götürməmişdir. Cavabdehə cehiz əşyalarını evdən çıxarması üçün dəfələrlə xəbərdarlıq edilsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2453/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus mənzildən çıxarılması qət edilmişdir. Qətnamənin icrasından yayınmaq və prosesi süni surətdə uzatmaq məqsədilə Cavabdeh apellyasiya və kassasiya instansiyası məhkəmələrinə şikayətlər etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 647/2020 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-1295/2021 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. 2021-ci ilin fevral ayından icra vərəqi Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatındadır. Bu günə kimi, yəni 3 ildən çoxdur ki, Cavabdeh qətnamənin icrasından qərəzli şəkildə yayınmış və icra etməmişdir. İcra şöbəsi tərəfindən dəfələrlə barəsində axtarış, məcburi gətirmə qərarları qəbul olunmuş, barəsində inzibati protokol tərtib olunaraq 500 manat cərimə olunmuş, buna baxmayaraq bu şəxs Azərbaycanda məhkəmə qərarlarına açıq hörmətsizlik etməkdə davam edir. Daha sonra bütün bunlar azmış kimi, icranı süni şəkildə yubadmaq üçün 2023-cü ildə məhkəmə qətnaməsinin icrasına möhlət istəmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraya möhlət almışdır. Bu qərardad qanunsuz olduğu üçün xx.xx.2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Sadalanan çoxsaylı qanunsuzluqlara baxmayaraq, cehiz əşyaları mənzildən çıxarılmamışdır. Tərəflər arasındakı nikah 2019-cu ilin yanvar ayında pozulsa da, Cavabdeh beş ildir davam edən qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur, mənzilindən istədiyi kimi istifadə etməyinə, yaxud mənzilini satışa çıxarmağıma mane olur. Qeyd edilən səbəblərdən sözügedən əşyaları saxlanc anbarına yerləşdirmək məcburiyyətində qalmışdır və xx.xx.2024-cü il tarrixdə "xxxx" MMC ilə malların anbarda saxlanması müqaviləsi bağlamışdır. Həmin tarixdə saxlayıcı təşkilat əşyaları onun mənzilimdən çıxardaraq anbara yerləşdirmişdir. Daşıma xərci 700 manat, anbarda aylıq saxlama haqqı 200 manat müəyyən edilmiş, tərəfindən 900 manat ödənilmiş (700 daşıma, 200 yanvar ayının saxlama haqqı), daha sonra xx.xx.2024-cü il tarixdə 400 manat (fevral və mart aylarının saxlama haqqı) ödənilmişdir. Məcburiyyət qarşısında qalıb ödədiyi 1300 manat pul konkret olaraq Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyandır və həmin maddi ziyan cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh X2 məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın rədd edilməklə “Yüktaksisi.az" MMC-nin anbarına köçürüldüyü deyilən cehiz əşyalarının iş üzrə mövcud qətnamədə qeyd edilən ünvana, yəni Kamil Balakişiyev küçəsi, ev 2436 ünvanındakı 24 saylı mənzilə köçürülməsi və mövcud qətnamənin icrasını Azərbaycan Respublikasını İcra haqqındakı qanununu rəhbər tutaraq, məhkəmə qətnamələrinin icrasini həyata keçirən Nizami Rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "maddi ziyan tələbinə" dair iddia ərizəsi təqdim edərək ondan 1300 AZN dəyərində pul və mənə məxsus cehiz əşyalarını yerləşdirdiyi “yüktaks si.az" MMC-yə məxsus anbardan götürməmi tələb etmişdir. İddiaçı ona məxsus cehiz əşyalarını Kamil Balakışıyev küçəsi, ev 2436. 24 saylı mənzildən çıxararaq cari ilin yanvar ayında anbara yerləşdirdiyi və bunun xərc yaratdığı barədə qəti məlumatı olmamışdır. Cehiz əşyalarının çıxarılması ilə Məhkəmə qətnaməsi çıxdıqdan sonra Nizami Rayon İcra Şöbəsi məşğul olmuş və o, da İddiaçı qanunsuz əməllərindən məlumatsız olduğu və prosesdə qəti olaraq iştirak etmədiyini bildirmişdir. Ona yalnız sms vasitəsi ilə e-məhkəmə sistemindən 10 iyun 2024-cü il, saat 13:32-də gələn məhkəməyə çağırış bildirişi ilə iddiaçının onun əmlakı üzərindəki qanunsuz hərəkətləri ilə bağlı məlumatlandırılmışdır. O, Azercell və Azərpoçtla əlaqə saxlamış və ona əşyalarının mənzildən çıxarılaraq anbara yerləşdirildiyi və bunun da xərc yaratdığı barədə heç bir məlumat və ya məktub gəlmədiyini araşdırmışdır. Bununla da, kifayətlənməyib, asan imza ilə şəxsi kabinetə daxil olmuş və oradadan da ona qarşı tərəfdən, nə də icra şöbəsi tərəfindən hər hansı bildirişin gəlmədiyini müəyyənəşdirmişdir. İddiaçı cehiz əşyalarını anbara yerləşdirdikdən sonra və ya əvvəl ən azı İcra məmurundan xahiş edib ona məlumat verilməsini istəyə bilərdi. İcra məmuru da rəsmi olaraq ona məlumat verərdi və saxlanc xərci bu qədər artmazdı. Lakin iddiaçı səhhətində hər gün problem yaşayan uşağa sahib tək anaya qarşı qərəzli və kinli münasibət saxlamış və həyata keçirdiyi icra əməlini həm icraçı, həm də cavabdehdən gizlətmişdir. Eyni zamanda, iddiaçı əşyaları anbara yerləşdirdikdən bir-iki və ya üç ay sonra deyil, düz 6 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmış və bununlada anbar xərclərinin artmasını gözləmişdir ki, artmış məbləği ödəsin və bununla da ona maddi ziyan vursun. İddiaçı də iddia ərizəsinə baxıldıqda orda da ona cehizlərin mənzildən çıxararaq anbara yerləşdirdiyi və bunun maliyyə tərəfi, yəni aylıq 200 AZN anbara rüsum xərci yaratdığı və ümumilikdə 1300 AZN məbləğində ona dəyən ziyan barədə ona məlumat verildiyi barədə sübut təqdim olunmamışdır. Cehiz əşyaları üzərində İcra Şöbəsinin məlumatı və iştirakı olmadan qanunsuz hərəkətlər etmiş, bu qanunsuzluq xərc yaratmış və o xərci ondan tələb edir. Onun xəbəri olmadan və İcra Şöbəsinin iştirakı olmadan ona məxsus əşyalara toxunmaq ixtiyarı ona hardan verilib və bu qanunsuz əməldən yaranan xərci o, niyə ödəməlidir nəzərə alsaq ki, o, yalnız indi bu barədə xəbər tutmuşdur. Onun iyun 10 tarixindən öncə nə qarşı tərəfin onun əmlakını ünvandan çıxardığı, nə də bununla bağlı xərclərin yarandığı barədə məlumatı olmuşdur və heç bir vasitə ilə məlumatlandırılmamışdır. Onun əmlakının hazırkı vəziyyəti və yerləşdirildiyi yer ona qaranlıq qalıb. Hətta "xxxx" MMC-yə məxsus anbarda yerləşdirildiyi deyilən sözügedən əşyaların ona məxsusluğunu belə bilmir. İlkin iddianın ikinci bəndi cehiz əşyalarənən anbardan götürülməsi hissəsinə gəldikdə, isə təqdim olunan işdə Nizami Rayon İcra Şöbəsinin işi icra edən icraçısı Fəxrəddin Şahhuseynov tərəfindən mənzildən çıxarılaraq anbara yerləşdirilməsi ilə bağlı nə tərtib etdiyi akta, nə də cavabdehi bu hərəkətlərin görüldüyü və nəticədə xərclərin yarandığı ilə bağlı məlumatlandırılma dəlilinə rast gəlinir. İddiaçı ona məxsus əşyaları onun və ünvan 1 ünvanından çıxarması onun əmlakı üzərində qanunsuz hərəkətdir və onlara sahibinin rəyi və məlumatı olmadan toxunmaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə cinayət məsuliyyəti yaradır. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndədərək işə onun iştiakı olmadan keçirilməsini, iddianın təmin edilməsini, qarşılıqlı iddianın iddianın isə rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh məhkəmə bildirişi və iddia ərizəsi xx.xx.2024-cü il traixdə elektron kabinetə yerləşdirməklə çatdırılsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin nikahın pozulması haqında 314622 nömrəli şəhadətnamədən görunur ki, X5 ilə X2 arasındakı nikah 08 fevral 2019-cu il tarixdə 35 nömrəli qeydə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Fətullayev, qadına Fətullayeva soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(049)-2453/2019 saylı qətnaməsindən görünür ki, Məmmədova (Fətullayeva) Fidan Əhmədəli qızına məxsus cehiz əşyalarının İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 2436-cı məhəllə, 24 saylı mənzildən çıxarılması qət etmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(106)-647/2020 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2019-ci il tarixli, 2(049)-2453/2019 saylı qətnaməsi qüvvədə saxlamışdır İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(102)-1295/2024 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(106)- 647/2020 saylı qətnaməsi qüvvədə saxlamışdır. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(007)-2372/2022 saylı qərarından görünür ki, X1 Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(049)- 2453/2019 saylı icra vərəqsini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 8(049)-105/2023 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2453/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 8(106)-32/2023 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 8(049)-105/2023 saylı qərardadı ləğv edilmişdir. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış 06 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, fiziki şəxs İddiaçı ilə saxlayıcı "xxxx" MMC aralarında 06 fevral 2024-cü il tarixədək hər ay 200 manat ödəməklə fiziki şəxs İddiaçıa məxsus əşyaları saxlancda saxlanılması barədə razılığa gəlmişlər. Həmin müqavilə 24 yanvar 2024-cü il tarixdə əlavə razılaşma ilə 06 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan məhkəmə iclasında elan edilməklə araşdırılmış 07 yanvar 2024-cü il, 26 yanvar 2024-cü il və 05 aprel 2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə cəmi müvafiq olaraq 900 manat, 400 manat və 200 manat olmaqla cəmi 1500 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə müraciət üçün 33 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia təmin edilməməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı cavabdehin keçmiş qaynatasıdır və cavabdehlə iddiaçının oğlu arasındakı nikah pozulduqdan sonra cavabdehə məxsus əmlakın (cehiz əşyalarının) evdən çıxarılması tələb edilmiş, bu tələb məhkəmənin qətnaməsi ilə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, lakin cavabdeh qətnamənin icrasından yayınmış və qətnaməni icra etmək barədə icra məmurunun qanuni tələblərini icra etmədiyi üçün cərimə edilmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlakların onun evindən çıxarılmadığını görüb həmin əmlakları saxlayıcı şirkətə vermiş və hazırda həmin saxlayıcı şirkətə çəkilmiş olan xərci cavabdehdən tələb edir. İş materiallarından müəyyən olunur ki, hazırda mübahisə predmeti olan cehiz əşyalar "xxxx" MMC-yə məxsus Saray qəsəbəsində yerləşən anbardadır. Cavabdeh isə həmin əşyaların yenidən qətnamədə göstərilən ünvana köçürülməsini və icrasının icra şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İcra Haqqında qanunun 52.1-ci maddəsinin tələbinə görə, borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə görə, borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına çəkilmiş xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilmişdir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən isə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Göründüyü kimi, əmlakın saxlanılması barədə hərəkətlərin edilməsi konkret olaraq icra məmurunun vəzifəsi kimi müəyyən edilmişdir. Əmlakın saxlanca verilməsi konkret olaraq qanunverici tərəfindən icra hərəkəti hesab edilmiş və bu hərəkətin subyekti icra məmuru hesab edilməklə həmin hərəkətlərin edilməsinə çəkilmiş xərclər də icra xərcləri hesab edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlakın – cehiz əşyaların iddiaçı tərəfindən başqa orqana saxlanaca verilməsi və bunun üçün cavabdehdən pul tələb edilməsi qanuni və əsaslı deyildir. Qeyd edilməlidir ki, qətnaməmin icrası konkret olaraq icra məmurunun vəzifəsidir, bu vəzifə qanunla rəsmiləşdirilmişdir. İndiki halda iddiaçının icra məmurunu xəbərdar etmədən, icra məmurunun hər hansı göstərişi, razılığı və qərarı olmadan iddiaçı öz istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə evdən çıxarılması tələb edilmiş əmlakları saxlanca vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulmayan hərəkətə görə çəkdiyi xərclər cavabdehdən tələb edilə bilməz və buna görə ilkin iddia rədd edilməlidir. Məhkəmələr və Hakimlər haqqında Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı bildirir ki, məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan əmlakların mənzildən çıxarılması tələb edilmişdir, hazırda isə cavabdeh həmin əmlakların yenidən mənzilə qaytarılmasını xahiş etmişdir ki, bu da məntiqsiz olmaqla yanaşı qanunsuz və əsassıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da tərəflərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair iddiası rədd edilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «əşyaların cavabdehin evinə geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar