Məhkəmə qərarları › İş №e-2(049)-2232/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2232/2024

27.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2232/2024 27.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X1, İddiaçının nümayəndəsi və vəkili: fərdi fəaliyyət göstərən vəkil Nümayəndə1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Bakı Şəhər 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla Lənkəran şəhəri, Cavanşir küçəsi-4 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən 5/6 payının naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçının birgə mülkiyyətində Lənkəran şəhəri, Cavanşir küçəsi-4 ünvaınnda yerləşən 0,08 ha torpaq sahəsi və оnun üzərində olan fərdi yaşayış evi vardır. Qeyd оlunan daşınmaz əmlakda iddiaçının payı 5/6, cavabdehin payı isə 1/6-dir. Həmin daşınmaz əmlaka dair hüquqları qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********46-10301 reyestr nömrəli çıxarış verilmişdir. Yəni sözügedən daşınmaz əmlakda hər birinə düşən norma aydındır. Lakin həmin normanın konkret olaraq daşınmaz əmlakın hansı hissəsindən olması məlum olmamaqla, paylarının ayrılması ilə bağlı cavabdehlə aralarında razılıq əldə edilmədiklərindən daşınmaz əmlakda olan paylarının naturada ayrılması mümkün olmamışdır. Nəticədə isə daşınmaz əmlakın mülkiyyətində olan hissəsi naturada ayrılmadığından öz payının üzərində faktiki olaraq sərəncam verə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, həmin evi özü tikmişdir, iddiaçı oraya bir daş belə qoymamışdır. O, evin bölünməsini istəmir, hətta kompensaisya edilməsinə belə razıdır. Onun bildirdiyi və təklif etdiyi kimi bölünmə olsa, evin bölünməsinə o zaman etiraz etməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin evə görə kompensasiya da ödəməyə hazır olduğunu bildirib, evin cavabdehin dediyi formada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri, Cavanşir küçəsi,ev 4 ünvanda yerləşən 0.80160 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 105.40 kv.m yaşayı evi 1/6 hissədə Cavabdeh 5/6 hissədə isə İddiaçıun mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/5840 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh hər birisinin 1/6 və 5/6 hissədə olmaqla paylı mülkiyyətdə olan, Lənkəran şəhəri, Cavanşir küçəsi-4 yerləşən 0.80160 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 105.40 kv.m yaşayış binasının təsərrüfat təyinatı pozulmadan naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran şəhri, Cavanşir küçəsi-4 yerləşən 0.80160 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 105.40 kv.m yaşayış binasının naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. Məhkəmə paylı mülkiyyətdə olan Lənkəran şəhri, Cavanşir küçəsi-4 yerləşən 0.80160 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 105.40 kv.m yaşayış binasının naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzillər mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünüə aid edilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı və Cavabdeh hər birinin 1/6 və 5/6 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran şəhri, Cavanşir küçəsi-4 yerləşən 0.80160 ha torpaq sahəsi olan yaşayış binası, 5/6 hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə tələbinə dair iddiası rədd edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar