Məhkəmə qərarları › İş №e-2(049)-2523/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2523/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2523/2025 18.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Cavabdeh qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək digər dövlət qrumlarına ünvanladığı qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətlərində göstərdiyi məlumatları təkzib etmək vəzifəsinin qoyulması və həmin şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 50000 manat məbləğində pulun cavabdehdən iddiaçı Dövlət Sərhəd Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti barədə qərəzli və həqiqəti əks etdirməyən məlumatlar üzrə digər dövlət qurumlarına ərizə və şikayətlər ünvanlaması müəyyən edilmişdir. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının ərazisində qanunsuz, qeydiyyatsız, özəl və faəliyyəti üçün heç bir lisenziyası olmayan "xxxx" adlı klinikanın fəaliyyət göstərməsi, həmin klinikada hospitalın işçilərinin məcburi çalışdırılması, klinikadakı tibbi avadanlıqların dövlət tərəfindən hərbi hospitala alınan avadanlıqlar olması və dövlətin əmlakının öz maddi maraqları üçün istismar edilməsi, hərbi hospitalın rəhbərliyinin hərbi qulluqçulardan tibbi müayinələr və cərrahi əməliyyatlar üçün külli miqdarda pul tələb etməsi və sair məlumatlar qeyd etmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən cavabdehə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda onun müraciətlərində qeyd olunan "xxxx" adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış və aidiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə göndərilmiş xx.xx.2025-ci il tarixli ərizəsinin də digər dövlət qurumlarına göndərdiyi şikayətlərlə eyni məzmunlu olduğu məlum olmuşdur. Qeyd olunan ərizəyə Dövlət Sərhəd Xidmətində “Vətəndaşların müraciətləri haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq baxılmış və müraciət müəllifinə ünvanlanan cavab məktubunda həmin müraciətdə qeyd olunan məsələnin öyrənilməsi zamanı Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəhbər heyəti tərəfindən qanunsuz hərəkətlərə yol veriməsi faktının öz təsdiqini tapmadığı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və aidiyyəti üzrə baxılması üçün Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alınması, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alınması, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırılması, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edilməsi, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarılması, hospitalın əmlakının mənimsənilməsi, qanunsuz, saxta özəl klinika yaradılması və bu klinika vasitəsilə 2 milyon manatdan çox pul vəsaitinin dövriyyədən çıxarılması, klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunması, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edilməsi və vətəndaşlardan kartdan karta pul köçürmək üsulu ilə rüşvət alınması qeyd edilmişdir. Eyni zamanda “Hürriyyət az”, “Stimulxəbər.az” və sair kimi internet saytlarında, habelə “Youtube” portalının “AbzasMedia” kanalında yayımlanmış videogörüntüdən də açıq şəkildə müəyyən olunur ki, cavabdeh Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri ilə eyni məzmun təşkil edən şikayətlərini həmin saytlara da ünvanlamışdır. Qeyd olunanlardan əlavə, Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cavabdehin müraciətinin obyektiv araşdırılması məqsədilə müraciətdə qeyd olunan "xxxx" MMC adlı klinikanın fəaliyyətinin Dövlət Sərhəd Xidmətinə aid olubolmaması barədə müvafiq struktur quruma sorğu verilmiş və daxil olan cavab məktubunda Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında "xxxx" MMC adlı mərkəzin fəaliyyət göstərmədiyi qeyd olunmuşdur. Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron xidmətlər bölməsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 Həmin MMCnin təmsilçisinin X1 olmasına münasibətdə qeyd olunur ki, adı çəkilən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri olmasına baxmayaraq hərbi qulluqçu statusuna malik deyildir və hərbi hospitalda əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Hazırda güvvədə olan ganunvericiliyə əsasən hərbi gullugçulara sahibkarlıq və digər kommersiya fəaliyyəti ilə məşğul olmaq birbaşa gadağan edilsə də, Yeganə Əliyeva hərbi gullugçu statusuna malik olmadığından onun fəaliyyətinə münasibətdə hər hansı gadağa ganunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, işin araşdırılması zamanı ərizədə geyd olunan xüsusatlarla bağlı Yeganə Əliyevadan izahat alınmış və o, izahatında "xxxx" adlı klinika və ya tibb mərkəzinin fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən qeydə alınmış videogörüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını, sosial şəbəkələrdə paylaşılan reklam xarakterli məlumatların da heç birinin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə əlaqəsinin olmadığını və əvvəllər işlədiyi özəl tibb müəssisələrinə aid olduğunu qeyd etmişdir. Cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanladığı ərizə və şikayətlərində qeyd etdiyi həqiqətə uyğun olmayan, faktlara əsaslanmayan, qərəzli və böhtan xarakterli məlumatlar ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirir. Bu hallar cəmiyyətdə sərhədçilərə qarşı mənfi rəy formalaşdırmaqla yanaşı, Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün müqəddəs hesab edilən dövlət sərhədlərinin müdafiəsini və mühafizəsini təşkil edən sərhədçiləri gözdən salmaq məqsədi daşıyaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının qanunla qorunan işgüzar nüfuzunu sarsıdır. Göründüyü kimi, cavabdehin Dövlət Sərhəd Xidməti barəsində digər dövlət qurumlarına ünvanlanan qərəzli və faktlara əsaslanmayan ərizə və şikayətləri, habelə, həmin şikayət və ərizələrlə oxşar məzmunlu məqalələrin və videoyazıların adı çəkilən internet informasiya ehtiyatlarında yayımlanması Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin fəaliyyətini şübhə altına almış, onların nüfuzuna xələl gətirmiş, bununla eyni zamanda dövlətin təhlükəsizliyi əsaslarına da qəsd edilmişdir. Həmçinin, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti barəsində həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların paylaşılması faktı ilk dəfə deyildir. Belə ki, cavabdeh tərəfindən “Youtube” internet portalında http://www.youtube.com/watch? v=okBLBT0XUu4 linki altında yerləşdirilmiş videoçarxda və “Facebook” sosial şəbəkəsində “BİRXəbər” adlı səhifədə yerləşdirilmiş “Rəhbərlik məndən 50 min pul tələb edir” başlıqlı videogörüntülərdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının fəaliyyəti şübhə altına alınmış, onların nüfuzuna xələl gətirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)- 373/2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2(049)-168/2021 nömrəli qətnamələri ilə iddiaçı Dövlət Sərhəd Xidmətinin iddia tələbləri təmin edilərək cavabdehin üzərinə sosial şəbəkələrdə paylaşdığı videoçarxda göstərdiyi məlumatları təkzib etmək vəzifəsi qoyulmuşdur. Qeyd olunan qətnamələrdəki tələb cavabdeh tərəfindən icra olunaraq Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə təkzib məktubu ünvanlanmışdır. Xüsusən də, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında ordu quruculuğunun uğurla həyata keçirildiyi, hərbi nizam-intizamın möhkəmləndiyi, həmçinin, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü olduğu nəzərə alınaraq 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi, qəhrəman əsgər və zabitlərin şücaəti, şəhidlərin qanı hesabına əldə edilmiş, xalqın milli sərvəti sayılan ərazi bütövlüyü, suverenliyi tam bərpa olunaraq bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildiyi bir vaxtda dövlətin hərbi qurumlarında çalışan hərbi qulluqçuların işgüzar nüfuzuna xələl gətirilməsi təəssüf doğurur. Bundan başqa, belə halların digər hərbi gullugçular arasında mənfi presedentin yaranmasına zəmin yarada biləcəyi də diqqətdən yayınmamalıdır. Qeyd edilən bütün bu hallar nəzərə alınmaqla, cavabdehin digər dövlət qurumlarına ünvanladığı ərizə və şikayətlərdə, internet resurslarında göstərdiyi xüsusatlar həqiqətə uyğun olmadığı, qərəzli və böhtan xarakterli olduğu üçün hesab edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən cavabdeh Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və əməkdaşlarının işgüzar nüfuzunun pozulması ilə əlaqədar qeyd edilən ərizə və şikayətlərdə, həmçinin, məqalə və videoyazılarda göstərilən xüsusatları, yəni yalan məlumatları təkzib edərək iddiaçı Dövlət Sərhəd Xidmətinə yazılı müraciət etməli, sözügedən yalan və böhtan məzmunlu ərizə və şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi cavabdehdən 50.000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlar nəzərə alımaqla iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunması məhkəmədən xahiş edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbində dəqiqləşmə apararaq cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzunun pozulması ilə müşayiət olunan məlumatların qeyd olunduğu, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Hərbi Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrdə əks olunan həmin məlumatların Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə2 hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respulikasının Dövlət Sərhəd Xidmətinə, Nümayəndə1 Oqtay qızına və Elçin Abuzərliyə qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərə görə həmin şəxslərdən müştərək qaydada 20.000 manat kompensasiyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyəti müddəalarının tələblərinə cavab vermədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin müvafiq qərardadına əsasən geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ərizəsi təqdim etmiş, həmin ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Sərhəd Xidmətinin ona qarşı olan hazırki iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə zidd olmaqla, məhkəmə baxışına çıxarıla bilməz və veilmiş iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırki iddia Azərbaycan Respublikası Sərhəd Komandanlığının adından verilmiş, amma komandanlığın adından verilsə də, komandanlığın rəhbəri tərəfindən imzalanmamış, imzanı etmiş şəxsə komandanlığın rəhbərliyi tərəfindən heç bir etibarnamə verilməmişdir. Həm də, iddiadakı tələb komandanlığın yox, orada çalışan fiziki şəxslərin hüquqlarının pozulması ilə bağlıdır. Belə olan halda, Sərhəd Xidməti Komandanlığının özü öz əməkdaşlarının işgüzar nüfuzuna görə ondan ziyan tələb edə bilməz və onun belə bir iddia vermək səlahiyyəti yoxdur. Belə bir iddianı yalnız əməkdaşların özləri verə bilərdilər. İddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi, generalpolkovnik cənab Elçin Quliyev və ya onun imzaladığı etibarnamə əsasında nümayəndəsi, yaxud da buna vəkil edilmiş şəxs imza edə bilərdi. Hazırkı ərizəni isə bu qurumun İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə polkovnik-leynenantı Elçin Abuzərlinin etibarnamə üzrə nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 Oqtay qızı imzalamışıdr. Elçin Abuzərli eyni etibarnaməni həm də məhkəmə prosesində çıxış etmək üçün bir sıra əməkdaşlara vermişdir. Həmin şəxslərin adları verilmiş etibarnamədə qeyd olunmuşdur. Halbuki, İstintaq və Təhqiqat İdarəsinin rəisi hüquqi şəxs olmamaqla, həm də Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi yaxud da müavinlərindən biri deyildir. İddiada ,ümumiyyətlə Sərhəd Xidməti Komandanlığının özü yox, sıravı əməkdaşların mənafeyi əsas tutulmuş, iddia tələbi də bu əməkdaşlara görə verilmişdir. İddia Azərbaycan Respublikası Sərhəd Xidmətinin adından verildiyi halda, ərizənin sonunda məhkəməyə ünvanlanan xahiş də Azərbaycan Respublikası Sərhəd Xidmətinin xeyrinə yox, əməkdaşlara görədir. Hazırkı iş üzrə iddianın giriş hissəsi ilə sonu uyğun gəlmir. İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidməti olsa da, tələb iddiaçının yox, başqasının hüququndan bəhs edir. Deməli, Azərbaycan Respublikası Sərhəd Xidməti Komandanlığı özünün yox, öz əməkdaşlarının işgüzar nüfuzunun müdafiəsinə görə tələb qoymuşdur. Bu isə Məcəllənin tələblərinə ziddir. Ümumiyyətlə, Azərbaycan Respublikası Sərhəd Xidmətinin Komandanlığı öz xeyrinə tələb qoymadan özü iddiaçı kimi çıxış edir. Həm də qanuna görə bu cür tələb mənəvi ziyana görə yox, maddi ziyanın ödənilməsinə görə olmalı idi. Hüquqi şəxs mənəvi ziyan tələb edə bilməz. Maddi ziyanın məbləği də faktiki və real olmalıdır. İddiaçı Azərbaycan Respublikası Sərhəd Xidməti hüquqi şəxs olduğu üçün cavabdehdən mənəvi ziyan tələb edə bilməz. Çünki, mənəvi ziyanı yalnız şərəf və ləyaqətin müdafiəsi ilə bağlı fiziki şəxslər iddia verdikdə tələb edə bilərlər. Yalnız fiziki şəxsin, yəni canlı insanın mənəvi həyatı ola bilər. Hüquqi şəxs isə yanız işgüzar nüfuzun müdafiəsi ilə bağlı ona vurulmuş maddi ziyanı tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Ümumiyyətlə, Azərbaycan Respublikası Sərhəd Xidmətinin və onun əməkdaşlarının işgüzar fəaliyyətləri yoxdur. Çünki bu qurum budcə təşkilatıdır. İşgüzar nüfuz isə işgüzar fəaliyyəti olan və sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə aiddir. Bu barədə həm Mülki Məcəllənin 23-cü maddəsində, həm də hər iki Plenum qərarında qeyd edilmişdir. Məsələn, xx.xx.2008 ci il tarixli Plenum qərarında qeyd olunduğu kimi, “Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər”. Qeyd olunan əsaslara görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi digər müraciətində qeyd etmişdir ki, o, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həyətində yaradılmış özəl, qeydiyyatı və lisenziyası olmayan "xxxx" adlı klinika aşkar etmişdir. Şəxsən özü də həmin klinikada olmuş, orada ondan da qeyri-qanuni ödəniş alınmış və o, bu qanun pozuntusunu videogörüntüyə almışdır. Qanunsuz yaradılmış "xxxx" klinikası “Xəzər TV” və “ATV” kimi kanallarda verilişlərə sponsorluq edir və klinikaya aid “Rosibebek.az” saytı yaradılmışdır. Həmin saytda klinikanın ünvanı ünvan 2 Xidmətinin hərbi hospitalının yerləşmə yeridir. Klinikanın hərbi hospitalda yerləşməsinə dair küçədən hərbi hospitalın içərisinə qədər görüntülərdən də aydın olur ki, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında "xxxx" klinikası yerləşir. Bu klinika vasitəsilə vətəndaşlardan qeydiyyatsız ödənişlər yığılmış, orada işləyən şəxslər əmək müqaviləsi olmadan çalışdırılmış, hospitalın tibbi avadanlığı həmin özəl klinikaya aparılaraq istismar edilmiş, sosial şəbəkədə hərbi obyekt klinika kimi təqdim edilmişdir. Klinika 2023-cü ilin iyun ayından etibarən 2 ildən çox fəaliyyət göstərmişdir. Lakin bu qanunsuzluqlar prokurorluq tərəfindən araşdırılmamışdır. Bu qanunsuzluqlar barədə müvafiq orqanlara məlumat verdiyi üçün məhkəməyə verilmişdir. "xxxx" klinikası barədə qeydə aldığı videogörüntüləri məhkəməyə də təqdim etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd CD-R diskdə olan video görüntülərə məhkəmə iclas zalında olan komputer avadanlığından istifadə edilməklə iddiaçının nümayəndəsinin iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin görüntüdə hansısa bir məkanda masa arxasında əyləşmiş bir şəxsin (qadın cinsli) ondan soruşulan suala cavab olaraq həmin yerin "xxxx" klinikası olduğunu dediyi müşahidə olunur. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi həmin görüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını, görüntülərdə olan şəxsi tanımadığını qeyd etmişdir. . İş materiallarına əlavə edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-373/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti 2020-ci ildə də digər xüsusatlarla əlaqədar hazırki iş üzrə cavabdehə qarşı işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçının iddia tələbi qismən təmin edilərək cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzunun pozulması ilə əlaqədar cavabdehin üzərinə Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək “Youtube” internet portalında yerləşdirilmiş videoçarxdakı məlumatları təkzib etmək vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alınması, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alınması, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırılması, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edilməsi, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarılması, hospitalın əmlakının mənimsənilməsi, qanunsuz, saxta özəl klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunması, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edilməsi və vətəndaşlardan kartdan karta pul köçürmək üsulu ilə rüşvət alınması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə, həmçinin, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitseprezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə də xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunan hallara uyğun, oxşar məzmunlu məlumatlar qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, cavabdehin müxtəlif orqanlara müraciətləri üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən izahatı alınmış, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum və ginekologiya şöbəsinin müdiri X1 izahatında "xxxx" adlı klinika və ya tibb mərkəzinin fəaliyyət göstərmədiyini, cavabdeh tərəfindən qeydə alınmış videogörüntülərin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına aid olmadığını və reallığı əks etdirmədiyini, videogörüntülərdə olan səs yazılarının ona aid olmadığını, sosial şəbəkələrdə paylaşılan reklam xarakterli məlumatların da heç birinin Dövlət Sərhəd Xidmətinin hərbi hospitalı ilə əlaqəsinin olmadığını və əvvəllər işlədiyi özəl tibb müəssisələrinə aid olduğunu, hərbi qulluqçulardan və onların ailə üzvlərindən heç bir ödəniş tələb olunmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Preventiv tədbirlər və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, hazırki iş üzrə cavabdehin müraciəti əsasında toplanmış 38C-25 nömrəli material üzrə araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində qanun pozuntularının baş verməsi barədə müraciət müəllifinin ərizə və izahatlarında göstərdiyi məlumatlar və sair xüsusatlar özünün izahatından başqa digər sübutlarla öz təsdiqini tapmadığından, habelə, araşdırma zamanı N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin hər hansı cinayət hadisəsi törətmələri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, Lənkəran rayonu ərazisində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu olmuşdur. Cavabdeh 2025-ci ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroruna müraciətlər ünvanlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında hərbi qulluqçulardan rüşvət alındığını, hospitala müraciət edən mülki şəxslərdən rüşvət alındığını, hospitalda əmək müqaviləsi olmayan şəxslərin qanunsuz və qeydiyyatsız çalışdırıldığını, əməkdaşların əmək haqqlarına qanunsuz pul ödənişləri əlavə olunub sonradan ödənişlərin həmin şəxslər tərəfindən əmək haqqı kartlarından çıxarılaraq hərbi hospitalın rəhbərliyinə və onların pul yığanlarına təqdim edildiyini, hospitalın əsgər heyəti üçün nəzərdə tutulan dərman preparatlarının satışa çıxarıldığını, hospitalın əmlakının mənimsənildiyini, qanunsuz, saxta özəl klinika yaradıldığını və bu klinika vasitəsilə 2 milyon manatdan çox pul vəsaitinin dövriyyədən çıxarıldığını, klinikada hərbi qulluqçuların məcburi işlədilib istismar olunduğunu, hospitalın tibbi avadanlığının həmin özəl klinikaya aparılaraq istismar edildiyini və vətəndaşlardan kartdan karta pul köçürmək üsulu ilə rüşvət alındığını qeyd etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzunun pozulması ilə müşayiət olunan məlumatların qeyd olunduğu, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Hərbi Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrdə əks olunan həmin məlumatların Dövlət Sərhəd Xidmətinə yazılı müraciət edərək təkzib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin şikayətlər nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına dəymiş mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehin müraciətləri əsasında aparılmış araşdırmaların nəticələrinə dair sənədlərə istinad edir. İddiaçı həmin məlumatların həqiqətə uyğun olmadığını, cavabdehin qeyd olunan müraciətləri etməklə, Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin və hərbi qulluqçularının fəaliyyətini şübhə altına aldığını, onların nüfuzuna xələl gətirdiyini, eyni zamanda, dövlətin təhlükəsizliyi əsaslarına da qəsd edildiyini bildirir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, lakin iddia tələbinə dair məhkəmə göndərdiyi etirazlarında idda tələbini əsassız hesab etdiyini bildirərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq "xxxx" klinikası barədə qeydə aldığı videogörüntüləri məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçının barəsində respublikanın müxtəlif orqanlarına ünvanladığı müraciətlərdə iddiaçı tərəfindən qanunsuzluqlara yol verildiyini iddia etmiş və bu məlumatları həm müxtəlif orqanlara ünvanladığı müraciətlərdə, həm də internet resurslarında yaymışdır. Cavabdeh həmin məlumatları yaydığını inkar etməmiş, lakin qeyd olunan məlumatların həqiqətə uyğun olduğunu iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh iddia tələbini qəbul etməsə də və iddiaçının barəsində yaydığı məlumatların həqiqətə uyğun olduğunu iddia etsə də, onun iddiaçının barəsində müxtəlif instansiyalara ünvanladığı və hazırda məhkəməyə təqdim edilmiş müraciətlərində iddiaçı tərəfindən ciddi pozuntulara və qanunazidd əməllərə yol verilməsi ilə bağlı xüsusatlar öz əksini tapmışdır. Cavabdeh həmin müraciətlərin onun tərəfindən yazılmadığını da iddia etməmiş, əksinə, məhkəməyə göndərdiyi müraciətində məhz iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlar barədə müvafiq orqanlara məlumat verdiyi üçün məhkəməyə verildiyini xüsusi qeyd etmişdir. Lakin iş materiallarından da göründüyü kimi, cavabdehin müraciəti əsasında toplanmış material üzrə səlahiyyətli orqan tərəfindən aparılan araşdırma zamanı onun ərizə və izahatlarında göstərdiyi məlumatlar və sair xüsusatlar özünün izahatından başqa digər sübutlarla öz təsdiqini tapmadığından, habelə, araşdırma zamanı hərbi hissənin vəzifəli şəxslərinin hər hansı cinayət hadisəsi törətmələri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırki araşdırma zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçının barəsində qeyd etdiyi məlumatları respublikanın müxtəlif orqanlarına ünvanladığı müraciətlərdə yazmaqla qeyd olunan məlumatlar yayılmışdır. Şərəf və ləyaqəti ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşdüyündən, hazırki vəziyyətdə isə cavabdeh həmin məlumatların doğru olduğunu sübut edə bilmədiyindən, bu məlumatlar iddiaçının barəsində mənfi rəyin formalaşdırılmasına yönələn, habelə, onun işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilir. Məhkəmə cavabdehin müxtəlif orqanlara ünvanladığı müraciətlərdə iddiaçının barəsində yazdığı məlumatların doğru olması barədə onun etiraz ərizəsində göstərdiyi dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin özü-özlüyündə doğru hesab etdiyi, lakin həqiqiliyi cavabdehin özünün izahat və fərziyyələrindən başqa hər hansı sübutla təsdiqini tapmayan məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab edilir. Cavabdehin öz düşüncəsinə görə bu məlumatları doğru hesab etməsi ona iddiaçı və ya digər şəxslər barəsində şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaymasına əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin 1-ci və 2-ci hissələrində təsbit edilmişdir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Cavabdehin müxtəlif orqanlara ünvanladığı müraciətlərdə, həmçinin, “Youtube” internet portalında yerləşdirdiyi videoçarxda qeyd etdiyi xüsusatların həqiqətə uyğun olmaması, qərəzli və böhtan xarakterli olması, ictimaiyyət arasında Dövlət Sərhəd Xidmətinin, onun yüksək rütbəli hərbi qulluqçularının işgüzar nüfuzuna xələl gəlməsi, cəmiyyət arasında Dövlət Sərhəd Xidmətinin, onun yüksək rütbəli hərbi qulluqçularının haqqında mənfi rəy formalaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli qərarında qeyd edildiyi kimi, iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin, yəni cavabdehin üzərinə düşür. Cavabdeh isə məlumatın doğru olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırdığı faktlara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunmasına dair hissəsi təmin edilməlidir. Cavabdehin iddiaçı barəsində yaymış olduğu ifadələr həqiqətə uyğun olmayan, yalan məlumatlar hesab edilməklə həmin məlumatlar məhkəmə qaydasında təkzib edilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli 7 nömrəli Qərarında ifadə olunan hüquqi mövqedən çıxış edərək cavabdehin iddiaçı barəsində yaymış olduğu, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ərizələrdə əks olunan məlumatlara, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra 1 ay müddətində qətnamənin icra ediləcəyi yer üzrə icra şöbəsində cavabdehin iddiaçının ünvanına yazılı formada müraciət göndərməklə təkzib verməsini qanuni əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarda məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmununun məcmu halında təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, şərəfin, ləyaqətin və ya işgüzar nüfuzun ləkələnməsi ilə nəticələnən məlumatlar yayılmasına görə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqi şəxslərə deyil, yalnız fiziki şəxslərə məxsusdur. Hüquqi şəxs yalnız təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin mənəvi zərərin əvəzi kimi cavabdehdən 50000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçının büdcə təşkilatı olması nəzərə alınmaqla o, məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Hazırki iddia üzrə əsas tələb qiymətləndirilməyən iddia tələblərinə aid olmaqla, bu növ işlər üzrə məhkəməyə verilən iddialara görə 100 manat dövlət rüsumu ödənilməli olduğundan, habelə iddia tələbinin təmin olunmuş hissəsinin də qiymətləndirilməyən iddia tələbi olduğu nəzərə alınmaqla, məhkəmə qərara gəlir ki, tələbin ödənilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən qərəzli və faktlara əsaslanmayan məlumatların yayılması nəticəsində iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin işgüzar nüfuzuna xələl gəlməsi ilə müşayiət olunan məlumatların qeyd olunduğu orqanlara - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Hərbi Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələrdə əks olunan məlumatları təkzib etmək vəzifəsi cavabdehin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Hərbi Prokuroruna və Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış ərizələrdə əks olunan məlumatlara, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən sonra 1 ay müddətində qətnamənin icra ediləcəyi yer üzrə icra şöbəsində iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin ünvanına yazılı formada müraciət göndərməklə təkzib versin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar