Məhkəmə qərarları › İş №e-2(049)-2992/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2992/2024

08.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2992/2024 08.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, iddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı “X4” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı «əmlakın naturada qaytarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X4” Publik Hüququi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 5 oktyabr 2022-ci il tarixində 2022/ÖM/12188 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 5 oktyabr 2022-ci il tarixində 2022/ÖM/12188 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 5 oktyabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib- edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 13 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-S-28627/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edilir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X5 izahatında iddia tələbini təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Cavabdeh oğlna rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə də məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin rəsmi qaydada məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Özünüməşgulluğa cəlb olunması şəxsin əmlakın istifadəyə verilməsinə dair təvil-təslim Aktından görünür ki, X4” tərəfindən 3 yaşa qədər -3 baş inək,qarışıq yem (paketlənmiş)-400 kq, yem (ot və yonca qarıçığı)-65 ədəd cavadeh Cavabdeh təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Özünüməşgulluğa cəlb olunması şəxsin fəaliyyətinin yekun monitorinqin Aktından görünür ki, Lənkəran rayon Şıxəkəran kəndinə yaşayan Cavabdeh bildirmişdir ki, xəstə olduğu üçün bir baş inəyi satmış, 2 baş inəyi isə saxlaması üçün bacısına vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli “X4”nin məktubundan görünür ki, Lənkəran rayon Şıxəkəran kəndində qeydiyatda olan Cavabdeh öhdəliyi, məktub ona təqdim oğduğu 30 gün ərizndə Agentliyə geri qaytarmağı tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Özünüməşgulluğa kömək göstərilməsinə dair muqaviləsən görünür ki, X1 X3 Filialınn müdür müavini X8 və digər tərəfdən bundan sonra “Özünüməşgulluğa cəlb olunmuş şəxs” adlandırılacaq şəxs Cavabdeh arasında bağlanmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, cavabdeh iddiaçıya 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində versə də, həmin əmlaklar yoxlama zamanı yerində aşkar edilməmiş və cavabdeh tərəfindən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. İşin faktiki hallarına görə və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əmlakın naturada qaytarılması hissəsində tam təmin edilməlidir. Məhkəmə, iş üzrə dövlət rüsumunun ödənilməsinə münasiətdə bildirir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.7-ci maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azaddırlar. Hazırkı iddia tələbi sosial müdafiə vasitələrinin tələbi barədə iddia üzrə - sosial təminat orqanı tərəfindən verildiyindən və iddiaçı tərəfindən hər hansı məbləğdə dövlət rüsumu ödənilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X4” Publik Hüquqi şəxsinin iddiası qismən təmin edilsin. Cavabdeh 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində alınaraq iddiaçı “X4” Publik Hüquqi şəxsinə qaytarılsın İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar