Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3090/2025 12.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X14 Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus və cavabdehin istifadəsində olan 3139 manat dəyərində Ayfon 15 pro maks markalı mobil telefonunun, 150 manat dəyərində qol saatı və borc verilmiş 4800 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X1 Qumral Xəzər qızı ilə Əyyubun bacısınin iş yerində tanış olmuş, bir müddət bir-birini tanımaq üçün görüşmüş və münasibətlərini ailə qurmaq niyyəti ilə ciddiləșdirmişlər. Əyyubun atasının rəhmətə getməsi və Qumralın isə atası ilə deyil bacısı ilə tək kirayədə yașadıqlarına görə el arasinda "hə" deyilən mərasim qadınlar arasında baș tutmuşdur. Bu minvalla 1 (bir) il Əyyub gələcəkdə ailə qurmaq niyyəti ilə Qumralın hər nazını çəkmiş və bütün tələblərini yerinə yetirmişdir. Bir il ərizndə hər gün Qumralı iş yerindən Qumralın evinə avtomobillə aparıb gətirmișdir. Hər bir xırda para istəklərini yerinə yetirmişdir ki, bu hissədə iddiaçı xırdaçılığa getməyərək həmin çəkilən xərcləri geri tələb etmir. Lakin bir il ərzində Qumral Əyyubdan xeyli miqdarda borc pul istəmiş, Əyyubda öz növbəsində iaşə obyektlərində "ofisiant" vəzifəsində işləyərək ailə qurmaq niyyəti ilə topladığı təxminən 5000-6000 min manat arasında pulu Qumralın tələbi il ona borc vermişdir. Eyni zamanda Qumral Əyyubdan son model AYFON 15 markalı mobil telefon tələb etmişdir ki, Əyyubda ona 3139 AZN xərcləyərək Qumrala həmin mobil telefonu alıb vermişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı Əyyub Tağızadə Cavabdeh həmçinin qol saatı da alaraq vermişdir. Bütün bu sadaladıqlarının sübutu var, məhkəməyə flaş kart vasitəsi ilə təqdim ediləcəkdir. Lakin günlərin bir günü Qumral xanlm artiq iddiaçının sabit bir yerdə işləmədiyini, daimi iş yerinin olmamasını əsas gətirərək iddiaçı ilə ailə qurmaq istəmədiyini bildirmişdir. Bele olan təqdirdə Əyyub özünün aldadıldığını və Qumralın ondan yalnız istifadə etdiyini başa düşmüşdür. Mədəni şəkildə Qumrala həmin vəsaitləri telefonu və saatı qaytarmağı təklif etsə də, Qumral öz kürəkənini Əyyubun iş yerinə göndərərək heç bir maddi vəsaiti geri qaytarmayacağını bildirmişdir. Qumralın bacısinin həyat yoldaşı ilə Əyyub arasında çəkişmə baş vermiş və çəkişmə polis şöbəsinə gədər uzanmışdır. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin yeni nikaha daxil olaraq İsmayılova soyadını qəbul etdiyini, buna görə də X2 Ayfon 15 pro maks markalı mobil telefonun dəyəri 3135 manat, İrşad telecom MMC-dən alınan qol saatının dəyəri 150 manat, 2 ədəd yumşaq oyuncaqların dəyəri 12 və 29 manat, 2 ədəd kitabın dəyəri 7 və 8 manat, cavabdehin evində quraşdırılan kitab rəfinin dəyəri 30 manat, kartla köçürülmüş və borc verilmiş 2045 manat, nəğd şəkildə verilən 4775 manat borc pulun, məhkəmə xərcləri qismində 320 manat hüquqi yardım üçün ödənilən pulun, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilən 17 manat və banka sorğuya görə ödənilən 10 manat, cəmi 10538 manat və dövlət rüsumu kimi ödənilən 121 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Hüseynzadə (İsmayılova) Qumral Xəzər qızı nümayəndəsi vasitəsiə iddia tələbinə yazılı etiraz təqdim edərək bidirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında hər hansı formada şərtləri olmamışdır. Onlar 2024-cü ilin mart ayından iddiaçının bacısı vasitəsilə tanış olmuşdur. İddiaçı bacısının vasitəsi ilə telefon nöməsini əldə etmişdir. İddiaçı özü telefon vasitəsi ilə zəng edərək tanış olmuşdur. Cavabdehin iddiaçı ilə ailə qurmaq fikiri olmamışdır. İddiaçı özü ona zəng edərək görüş yeri təyin etmişdir. Bir il ərzində tez-tez görüşmüşdür. İddiaçıdan hər hansı əşya istəməmiş və tələb etməmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, guya evlənmək məqsədilə əşya və pul vermişdir. Əslində belə hal olmamışdır. Heç vaxt iddiaçıdan hər hansi əşya və hədiyyə tələb etməmişdir. İddiaçı həmişə öz təșəbbüsü ilə əşya vermişdir. İddiaçıdan borc pul istəməmişdir. Telefon da tələb etməmişdir. Səs yazıları vardır. Həmin səs yazılarından görünür ki, iddiaçı öz təşəbüsü ilə pul verir. Bu barədə səs yazıları və video təqdim edərlər. İddiaçı ilə cavabdeh arasında ər-arvad olması barədə razılıq olmamışdır. Əslində iddiaçı bir ilə kimi cavabdehin vaxtın almışdır. Bunda əlavə cavabdeh bildirir ki, 500-600 manat dəyərində iddiaçının ad gününə kurtka, köynək, şalvar və telefon və 11 iphone almışdır. Onun anasının ad gününa 300 manat dəyərində ətir, bacısının ad gününə 200 manat dəyərində hədiyyə almışdır. Bu səbəbdən iddiaçı cavabdehə telefon hədiyyə vermişdir. Bunda əlavə iddiaçı həmişə cavabdeh işlədiyi iş yerinə gedib, səs-küy saldığı üçün cavabdeh işlədiyi işdən çıxmışdır. Odur ki, iddia ərizəninn rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin etirazına iddiaçının nümayəndəsi və vəkili tərəfindən mülahizə təqdim edilmişdir. Həmin mülahizədə (ərizədə) göstərilir ki, cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz verərkən hədiyyələrin qiymətinə deyil, onların hər hansı şərt altında verilmədiyinə etiraz etmişdir. Buradan da belə qənaətə gəlmək olur ki, bəli cavabdeh iddia tələbinin qiymətində heç bir narazıçılıq etmir, sadəcə borc götürdüyü pulları və hədiyyələri geri qaytarmaq istəmir. Bunu da onunla əsaslandırır ki, guya o borc istəməmiş və hədiyyələri isə şərtlə qəbul etməmişdir. Belə ki, guya onların arasında heç bir gələcək ailə qurmaq niyyətləri olmamışdır. Lakin iddia tələbinin əsasını təşkil edən hallar məhkəməyə təqdim etdikləri maddi sübutlarla öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi hər bir vəchlə çalışıb məhkəməni yanıltmağa çalışıb. Məhkəməyə yaddaş kartı ilə təqdim etdikləri səs yazılarından da çox aşkar şəkildə görünür ki, iddiaçı və cavabdeh nəinki sevgi söhbətləri aparır, cavabdehin öz dilindən də onların gələcəkdə ailə qurmaq niyyəti aydın șəkildə görünür. Məhkəməyə təqdim edilən bank çıxarışından cavabdehin iddaçıya göndərdiyi kart hesablarına ödənilən pullar, iddiaçının Whatsapp tətbiqi üzərindən göndərdiyi sms-lərdən də görünür ki, cavabdeh özünün borcunu etiraf edir. Eyni zamanda iddiaçı məhkəmə zalında cavabdehin nümayəndəsinin sualına cavabında bildirmişdir ki, bəli o, kitab şkafını ona görə cavabdehə almışdır ki, gələcəkdə bir yerdə yaşayanda öz evlərində istifadə etsinlər, kitabları daha da artırıb o rəflərə yerləşdirsinlər. Eyni zamanda iddiaçı cavabdehin suallarına cavab verərəkən də bildirmişdir ki, bəli qadınlar arasında el arasında "HƏ" deyilən söz bağlanmışdır. Məhkəmənin e-kabinetinə yerləşdirdirdikləri məzarlıq şəkilindən də görünür ki, cavabdehin anası dünyasını dəyişmişdir. Cavabdeh həyatına dair vacib qərarları özünün və bacısının birgə qərarları üzərindən qururlar. Cavabdeh ailə qurana kimi bacısı ilə bəzən isə tək başına Bakı şəhəri Yasamal rayonunda kirayə evdə sərbəst yașayırdı. Məhkəməyə təqdim edilən Polis bölməsində cavabdehin bacısının əri Xəqani adlı șəxs də tərəflərin gələcəkde ailə qurmaq niyyətini öz ifadəsində bildirmişdir. Həmçinin 5000 manatliq hədiyyələrin iddiaçı tərəfindən cavabdehə alındığını da qeyd etmişdir. Borc məsələsinə gəldikdə isə borc tərəflərin öz aralarında bağladığı șıfahi razılaşma əsasında olmuşdur. Məhkəməyə təqdim edilən foto şəkillərdən də görünür ki, iddiaçı cavabdehi öz ailəsinə daxil etmiş və gələcəkdə öz ailəsi kimi qəbul etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin ailə qurmaq niyyətinin olmamasını bildirməklə tamamilə absurd fikir bildirmişdir. Xeyr əgər həqiqətən də cavabdehin ailə qurmaq niyyəti olmamışdırsa, deməli o iddaçını aldatdaraq etibarindan su-istifadə edərək onun əmlakını öz xoşu ilə ələ keçirmək niyyəti olmuşdur ki, o da mülki deyil, cinayət məsuliyyəti yaradır. Məhkəməyə təqdim edilən fotolardan görünür ki cavabdeh digər Rac adlı şəxslə nişan mərasimi keçirmiş və elektron sistem üzərindən göründüyü kimi cavabdehin nümayəndəsinin bildirdiyinin əksinə olaraq Rac adlı şəxslə rəsmi nikaha daxil olmuşdur. Hesab edir ki, əslində cavabdeh özü iddiaçinı aldadaraq ona maddi və mənəvi sarsıntı vermişdir. Qeyd edir ki, iddiaçı əslində cavabdehə daha çox maddi xərc çəkmişdir. Lakin həmin pulları geri tələb etmir. Bura apteklərə ödədiyi pullar (yeri gəlmişkən qeyd edir ki səs yazısından aydın şəkildə görünür ki cavabdeh hətta iddiaçıdan ona aptekdən paket deyilən tibbi ləvazimat alması üçün üçün kartına 10 manat pul yükləməsini xahiş etmiş, cavabdeh isə 20 manat pul yükləmişdir), birgə restoranlarda xərclədiyi pullar, kirayəyə üçün ödədiyi pullar, bir il ərzində cavabdeh avtomobillə aparıb gətirdiyi benzin xərcləri, rayonlara gəzməyə getdikləri xərclər və s adı çəkilən xərcləri və bəzi digər sübutunu saxlamadığı pulları geri tələb etmir. Yalnız iddia tələbində göstərilən pulları tələb edir. Hələ iddiaçı dəymiş mənəvi zyan tələb etməmişdir. Halbuki cavabdeh bu cür riyakar əməlləri ilə ona sağalmaz mənəvi sarsıntı yaşatmışdır. E-kabinetə yerləşdirdikləri Ali Məhkəmənin qərarından da görünür ki, şərt altında edilən hədiyyələr gözəntilər bașa çatmadıqda hədiyyə verənə geri qaytarılır. Cavabdeh mobil telefonu iddiaçıya geri qaytarmaq istəmir, belə olan halda onun mağazadan ödənilən dəyərini geri qaytarmalıdır. Cavabdehin nümayəndəsinin bütün əsassız fikirləri ilə birlikdə etirazda qeyd etdiyi guya cavabdehin iddiaçıya bəzi hədiyyələr etməsi də bütün yalanlar kimi da öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilən səs yazılarını, kassa çeklərini, sms yazılarını, bank hesabından çıxan pullar və iddiaçının ifadəsini nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi və əlavə ərizədə qeyd ounanara uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazda qeyd olunanlara eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq dilmiş: Ödəniş qəbzindən görünür ki, İddiaçı İrşad Mağazalar şəbəkəsindən 3139 manat dəyərində Ayfon 15 pro maks markalı mobil telefon almışdır. "xxxx" ASC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı 461386******5751 və 521367******1055 saylı bank kartları vasitəsilə digər banklarda olan 416973******7033 və 412720******8657 saylı kartlara edilmiş köçürmələr 2045.31 manat təşkil edir. Bank kartlarının fotoşəkillərindən görünür ki, **********207033 və **********098657 saylı bank kartları X3 İddiaçı Votsap tətbiqi üzərindən göndərdiyi və pulların köçürüldüyü kartlardır. "xxxx" ASC tərəfindən verilən bank hesabından çıxarışdan görünür ki, İddiaçı özünə məxsus 461386******5751 bank kartı vasitəsi ilə “Qanun” nəşriyyatından kitab alınması üçün 7.19 manat, Ali-Nino kitab mağazasına 8.11 manat, Super Toys oyuncaq dükanına 29.40 manat və 12.0 manat, X7 62.99 manat ödəniş etmişdir. Lənkəran rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, X4 Cavabdeh ilə nikahları xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Nikah bağandıqdan sonra qadın İsmayılova soyadını qəbul etmişdir. Whatsapp tətbiqi üzərindən göndərilən audio səs yazıları dinlənilərkən X6 iddiaçının ona maddi və mənəvi dəstəy olduğunu, ailə qurmaq istədiyini və onun insanı xoşbət edə biləcək xarakterə malik olduğunu bildirir, eyni zamanda tərəflərin gələcəkdə ailə qurması ilə bağlı danışıqlar aparılır. X6 ilə “Whatsapp” yazışmalarının surətindən görünür ki, cavabdeh İsmayılova (Hüseynzadə) Qumral Xəzər qızı İddiaçı götürülmüş kredit və borca görə ümumilikdə 4775 manat borcu olduğunu, iddiaçı tərəfindən ona dəyəri 30 manat olan kitab rəfinin alındığını etiraf etmişdir. Hüquqi yardımın göstərilməsi haqqında müqavilə və qəbzin surətlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün Vəkil1 320 manat xidmət haqqı ödəmişdir. İş materiallarına foto-şəkillər əlavə olunmuş, iclasda nümayiş etdirilmiş, səs yazıları isə səsləndirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər 2024-cü ildə iddiaçının bacısı vasitəsilə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Bundan sonra onlar gələcəkdə ailə quracaqları məqsədi ilə münasibətlərini davam etdirmiş, özləri və ailələri arasında isti münasibətlər yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən artıq ailə üzvü kimi qəbul edilən və bu səbəbdən aralarında etibarlı münasibətlər yaranan cavabdehə ailə quracağı ümudu ilə hədiyyə kimi müəyyən əmlaklar alınmış, pullar xərclənmiş və borc verilmişdir. Lakin sonradan cavabdeh münasibətləri davam etdirmək istəmədiyindən onların ailə qurmaları baş tutmamışdır. Odur ki, iddiaçı cavabdehə hədiyyə və borc verdiyi həmin əmlakarını geri tələb edir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə hədiyyə kimi tələb olunan əșyalar verilmiş, lakin sonradan onların ailə qurması və bununlada nikaha daxil olması baş tutmamış, münasibətləri pozulmuşdur. Odur ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Belə ki, nikaha daxil olanadək oğlan və ya onun qohumarı tərəfindən qıza verilən hədiyyələr gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söyknməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir. Cavabdeh tərəfin hazırki tələbin bağışlama müqaviləsindən irəli gələn münasibətlər olması ilə bağlı fikirlərinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə (2(102)-235/2025 saylı qərar) əsasən nikahın bağlanmaması ilə əlaqədar hədiyyə verilən əşyaların geri tələb edilməsinin hüquqi əsasını Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri təşkil edir. Məhkəmə, həmçinin tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələb etdiyi əmlakların cavabdehin sahibliyində qalması işin mübahisələndiriməyən halıdır. Çünki cavabdeh iddiaya etirazında və məhkəmə iclaslarında tələb olunan əmlakları qəbul etməməsini deyil, həmin əmlakarı iddiaçıdan evlənmək məqsədi ilə qəbul etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar, konkret olaraq mübahisə predmeti olan yuxarıda göstərilən əmlakların iddiaçı tərəfindən cavabdehə hədiyyə edilməsi və həmin əmlakların sonda cavabdehdə qalması öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı məhkəmə araşdırması zamanı verdiyi izahatında tələb etdiyi əmlakların, cavabdehin sahibliyində qalmasını ümumi sözlərlə deyil, iddianın əsası kimi istinad olunan bu halların inkişaf mexanizmini, yəni hansı vaxta, hansı yerdə və hansı şəraitdə baş verməsini ətraflı və konkret göstərən sübutlarını məhkəməyə təqdim etmişdir. Əgər belə hallar mövcud olmuş olmasaydı iddiaçı konkret olaraq həmin hallara yox, sadəcə olaraq ayrılarkən tələb etdiyi əmlaklarının cavabdehdə qalmasına istinad etmiş olardı. İddiaçının əhatəli izahatı məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da üstüstə düşmüşdür. Eyni zamanda iddiaçının izahatında göstərdiklərinin bir hissəsi, konkret olaraq tələb olunan əmlakların iddiaçıya məxsus olması, onun tərəfindən cavabdehə hədiyyə edilməsi halları məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən dolayısı ilə etiraf olunmuşdur. Çünki, cavabdeh məhkəməyə təqdim etdiyi rəsmi etirazında və məhkəmədə verdiyi izahatında bu halların mövcud olmasını ümumiyyətlə inkar etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddiaçının izahatı və onun tələbini dəstəkləyən sübutlar məhkəmə tərəfindən mötəbər qəbul olunmuş və nəzərə alınmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin əvvəl ailə qurmaq məqsədilə verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, sonradan yalnız öz istəklərinə istinadən hərəkət etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici şəxsin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında da “hüquqdan sui-istifadə qadağası”nın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olduğu qeyd edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına dair bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı haqq sahibinin özünün deyil, ümumiyyətlə, dürüst və ədalətli bir insanın hərəkət tərzinə dair olan meyar və ölçüdür. Yəni burada “obyektiv vicdanlılıq” halı nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanar əsasən iddia təmin edilməli, cavabdeh X2 İphone 15 pro maks markalı mobil telefonunun dəyərinə görə 3135 manat, İrşad telecom MMCdən alınan qol saatının dəyərinə görə 150 manat, 2 ədəd oyuncaqların dəyərinə görə 41 manat, 2 ədəd kitabın dəyərinə görə 15 manat, kitab rəfinin dəyərinə görə 30 manat, kartla köçürülmüş borca görə 2045 manat, nəğd şəkildə verilən borca görə 4775 manat, hüquqi yardım üçün ödənilən pula görə 320 manat, notariat əməliyyatlarına görə ödənilən pula görə 17 manat və banka sorğusuna görə ödənilən pula görə 10 manat, cəmi 10539 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tələbin iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 320 manat və dövlət rüsumuna görə 121 manat hissəsi iş materiallarına əlavə edilmiş müqavilə və qəbzlərlə sübuta yetirildiyindən və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏVİ HİSSƏ Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. X2 İphone 15 pro maks markalı mobil telefonunun dəyərinə görə 3135 manat, İrşad telecom MMC-dən alınan qol saatının dəyərinə görə 150 manat, 2 ədəd oyuncaqların dəyərinə görə 41 manat, 2 ədəd kitabın dəyərinə görə 15 manat, kitab rəfinin dəyərinə görə 30 manat, kartla köçürülmüş borca görə 2045 manat, nəğd şəkildə verilən borca görə 4775 manat, hüquqi yardım üçün ödənilən pula görə 320 manat, notariat əməliyyatlarına görə ödənilən pula görə 17 manat və banka sorğuya görə ödənilən pula görə 10 manat, cəmi 10538 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3090/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3090/2025
12.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver