Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3105/2025 04.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı ələ keçirilmiş əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ələ keçirilmiş, ona məxsus olan “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobil və **********704 reyestr nömrəli çıxarışla verilmiş 0.07 hektar ölçülü mülkiyyətin geri qaytarılması, dəymiş 4500 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobil ona məxsus əmlakdır. Belə ki, sözügedən avtomobili bacısı, yəni Cavabdeh ilə razılaşma əsasında, müəyyən müddət sonra qaytarmaq şərti ilə onun adına rəsmiləşdirmişdir. Lakin hazırda cavabdeh ona məxsus əmlakı mənimsəmiş və geri qaytarmaq niyyətində deyildir. Eyni zamanda, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsi isə vəfat edən bacısı X2 adına olmuşdur. O, həmin əmlakı bacısı Xansənəm Muradovanın adına rəsmiləşdirsə də, lakin mülkiyyəti şəxsi vəsaiti hesabına, özü üçün almışdır. Hazırda bacısının adına olan həmin torpaq sahəsindən digər bacı və qardaşları imtina etsə də, yalnız cavabdeh mülkiyyətdən imtina etmir, bu səbəbdən də öz maddi vəsaiti hesabına aldığı mülkiyyəti öz adına rəsmiləşdirə bilmir. O, Bakı şəhərində yaşayır və həmin şəhərdən hər dəfə gedib-gəlmək məcburiyyətində qalır. Hazırda bu işlərin həll olunması və yol xərcinə görə ona 4500 manat məbləğində ziyan dəymişdir. İşin mediasiya təşkilatında həll olunmasından ötrü onun tərəfindən cavabdehə təklif məktubu göndərilmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bununla bağlı mediasiya təşkilatı tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış verilmişdir. Əlavə olaraq bildirir ki, məsələnin sülh yolu ilə həll olunmasından ötrü cavabdehə dəfələrlə müraciət etmiş, lakin müraciətləri heç bir nəticə verməmişdir. Bu səbəbdən də ona məxsus əmlakların qaytarılmasından ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, o, 0.07 hektar torpaq sahəsini 3000 manata, avtomobili isə 7000 manata satın almışdır. Hazırda məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı öz iddia tələblərini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələblərin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, avtomobilin qiyməti 21600 manatdır və o, avtomobili həmin qiymətə almışdır. Həmin vaxt banka borclu olduğu üçün avtomobili bacısı Cavabdeh adına sənədləşdirmişdir. Belə ki, o, banka olan borcuna görə avtomobilin üzərinə həbs qoyulmasından və borcun tutulmasının avtomobilinə yönəldilməsindən ehtiyat etmişdir. O, avtomobili satın almaq üçün bacısından borc almamış, avtomobili özünün vəsaiti ilə almış, avtomobili satarkən də bacısından hər hansı miqdarda pul almamışdır. Bakı şəhərində yaşadığı üçün cavabdehin ona yaratdığı problemlərə görə hazırki mübahisə ilə əlaqədar Lənkəran rayonuna tez-tez gedib-gəlməyə məcbur olmuş və bunun üçün ümumilikdə 4500 manat pul xərcləmişdir. Ona görə də hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməyə məcbur olmuş və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ona qarşı olan iddia tələblərini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı onun qardaşıdır və hazırda mübahisə predmetinə aid olan avtomobili 10000 manat pul verərək alqı-satqı müqaviləsi əsasında iddiaçıdan satın alıb öz mülkiyyətinə keçirmişdir. İddiaçı maddi vəziyyəti yaxşı olmadığı üçün avtomobili satmaq istədiyini demiş, o da öz vəsaiti hesabına avtomobili satın almışdır. O, həmin avtomobil öz adına sənədləşdirsə də, qardaşının, yəni iddiaçının öz ailəsinin maddi ehtiyaclarını ödəməsi üçün kömək məqsədi ilə həmin avtomobildən istifadə etməsi üçün ona şərait yaratmış və bundan ötrü ona etibarnamə vermişdir. Təxminən, 5 il müddətinə həmin avtomobil iddiaçı tərəfindən istiadə olunmuşdur. Əmlak ona məxsus olduğu üçün hesab edir ki, onu satar və ya hədiyyə edər, yəni özünün əmlakı barədə istədiyi kimi qərar verə bilər. Mübahisə predmetinə aid olan, mərhum bacısı Xansənəm Muradovanın adına qeydiyyata alınmış 0.07 hektar torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin əmlak hazırki vəziyyətdə də mərhum bacısının adına qeydiyyatdadır. Hazırda o, həmin miras əmlakdan özünə düşən payı tələb etmir və bunun rəsmiləşdirilməsi üçün notariat orqanına getməyə də razıdır. Eyni zamanda, qeyd edir ki, o, iddiaçıya heç bir problem yaratmamış, onu Bakı şəhərindən Lənkəran rayonuna tez-tez gəlib-getməyə, bununla əlaqədar vəsait sərf etməyə vadar edə biləcək hər hansı qanunsuz hərəkət etməmiş, ümumiyyətlə, ona hər hansı miqdarda maddi zərər vurmamışdır. Hesab edir ki, iddiaçı ona qarşı əsassız tələblər irəli sürmüşdür. Qeyd etdiklərinə əsasən iddiaçının ona qarşı olan iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil da iddia tələblərini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının irəli sürdüyü tələblə bağlı iddia ərizəsində heç bir əsaslandırma aparılmamış, tələbin hüquqi əsası kimi hər hansı maddi hüquq normasına istinad edilməmişdir. İddiaçı dəfələrlə cavabdehin barəsində heç bir əsas olmadan hüquq-mühafizə orqanlarına şikayətlər etmiş, şikayətlər əsassız olduğundan rədd olunmuşdur. İddia tələbində qeyd olunan “Hyundai Accent” markalı **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə alqı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Həmin avtomobilə görə cavabdeh iddiaçıya 10000 manat pul ödəmişdir. Həmin vaxt iddiaçı banka olan borcuna görə avtomobili cavabdehə satmışdır. Lakin bundan sonra da iddiaçı həmin avtomobili etibarnamə əsasında idarə etmiş, maddi vəziyyəti pis olduğu üçün avtomobilin bir müddət özünün istifadəsində qalmasını xahiş etmiş, cavabdeh də bir bacı kimi onun xahişini qəbul etmişdir. Cavabdeh öz avtomobilini ondan geri istədikdə isə iddiaçı bundan imtina edərək cavabdehin barəsində əsassız şikayətlər etməyə başlamışdır. Avtomobilin idarə edilməsindən ötrü iddiaçıya verilən etibarnamənin müddəti bitdikdən sonra cavabdeh etibarnamənin müddətini uzatmamış, yəni yeni etibarnamə verməmiş və hazırda həmin avtomobil iddiaçının istifadəsində olmaqla, sonuncu tərəfindən qanunsuz istismar edilir. Hesab edir ki, cavabdehin qanuni əsaslarla əldə etdiyi və xüsusi mülkiyyətində olan “Hyundai Accent” markalı avtomobilə dair alqı-satqı müqaviləsinin qanuniliyinin iddiaçı tərəfindən şübhə atına alınması, həmçinin, onun avtomobilin geri qaytarılmasını, torpaq sahəsinə görə 3000 manat və dəymiş ziyana görə 4500 manat tələb etməsi ilə bağlı qeyd etdikləri onun öz mülahizələridir, heç bir mötəbər hüquqi əsasa söykənmir. Ona görə də iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsi, xx.xx.2020-ci il tarixli etibarnamə, Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, hazırki iddianın predmetinə aid olan, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi isə hazırki iş üzrə cavabehdir. O, həmin nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli etibarnamə əsasında 5 il 2 ay 18 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək idarə etməyi hazırki iş üzrə iddiaçıya etibar etmişdir. Cavabdeh hazırki tələblə bağlı ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün cəmi 60 manat, hazırki tələblər üzrə məhkəməyə müraciət etmək üçün əlavə olaraq 134 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobilin və xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında verilmiş 0.07 hektar torpaq sahəsinin geri qaytarılmasını, dəymiş 4500 manat məbləğində ziyanın ödənilməsini tələb edir. İddiaçı öz iddia tələblərinin əsası kimi qeyd olunan əmlakların onun öz vəsaiti hesabına əldə edildiyini, lakin digər şəxslərin (hazırki iş üzrə cavabdehin və digər bacısının) adına rəsmiləşdirildiyini iddia edir. Cavabdeh iddia tələblərini qəbul etmir, iddia tələbinə etirazlarının əsası olaraq “Hyundai Accent” minik markalı ** MU *** qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına iddiaçıdan satın aldığını və hazırda da özünün mülkiyyətində olduğunu, 0.07 hektar torpaq sahəsinin mərhum bacısından miras qaldığını və həmin əmlaka dair hazırda vərəsə kimi heç bir iddiasının olmadığını, eyni zamanda, iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etmədiyini və ona hər hansı miqdarda maddi zərər vurmadığını bildirərək iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iddia tələbinin “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri qaytarılmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, həmin avtomobil bir zamanlar iddiaçının özünün mülkiyyətində, sonradan isə qanuni istifadəsində (etibarnamə əsasında) olsa da, hazırki vəziyyətdə iddiaçının qeyd olunan əmlaka dair hər hansı mülkiyyət hüququnun mövcud olması halları müəyyən edilməmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçının adına verilmiş etibarnamənin qüvvədə olma müddəti də xx.xx.2025-ci il tarixdə bitmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı yolu ilə əldə etmişdir. Lakin qeyd olunan alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilə ləğv edilməmiş və ya dəyişdirilməmişdir. Alqı-satqı müqaviləsinin tərəfləri öhdəliklərini icra etməklə, nəqliyyat vasitəsi cavabdehin mülkiyyətinə keçmiş və hazırda da onun mülkiyyətindədir. Bununla da, “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində cavabdehin mülkiyyət hüquqları tam şəkildə təsbit edilmişdir. Nəqliyyat vasitəsi üzərində iddiaçının qanuni əsasa söykənən hər hansı hüququ qalmamış, bu baxımdan onun nəqliyyat vasitəsinin geri qaytarılmasını tələb etmək hüququ da yaranmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin “Hyundai Accent” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri qaytarılmasına dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında verilmiş, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsinin geri qaytarılmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, həmin torpaq sahəsi mərhum X2 adına qeydiyyata alınmışdır və hazırda da onun adınadır. Tərəflər isə həmin şəxsin vəfat etdiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1-ci və 1159.2-ci maddələrinin məzmununa görə qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı mərhum X2 qardaşı, cavabdeh isə onun bacısı olmaqla, həm iddiaçı, həm də cavabdeh vəfat etmiş şəxsə münasibətdə eyni dərəcədə (ikinci növbədə) vərəsələr hesab edilirlər. Bu baxımdan, əgər mərhum X1 miras qalmış əmlaka münasibətdə hazırda birinci növbədə vərəsələr və ya vəsiyyət üzrə vərəsələr yoxdursa, həm iddiaçı, həm də cavabdeh ondan miras qalan əmlakdan qanun üzrə vərəsələr olaraq bərabər miqdarda miras payı almaq hüququna malikdirlər. Hazırki iş üzrə iddiaçı mərhum bacısı X1 miras qalmış əmlakda özünün miras payının müəyyən edildyi və bu paya mülkiyyət hüququ əldə etdiyi, lakin mülkiyyətində olan əmlakın cavabdehin faktiki sahibliyində olduğu, yəni iddia tələbində özünün də qeyd etdiyi kimi, cavabdeh tərəfindən ələ keçirildiyi ilə bağlı məhkəməyə heç bir sənəd və ya sübut təqdim etməmiş, qeyd olunan miras əmlaka (və ya onun bir hissəsinə) münasibətdə özünün hər hansı hüquq əldə etdiyini bəyan edə bilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının həmin əmlakla bağlı iddia tələbi formal müahizələrə əsaslanmışdır. Qeyd olunan əsaslara və Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin sadalanan mаddələrinin tələblərinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında verilmiş, Lerik şəhəri Həzi Aslanov küçəsində yerləşən 0.07 hektar torpaq sahəsinin geri qaytarılmasına dair hissəsi də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 4500 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsinə dair hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin ona yaratdığı problemlərə görə hazırki mübahisə ilə əlaqədar yaşadığı Bakı şəhərindən Lənkəran rayonuna tez-tez gedib-gəlməyə məcbur olduğunu və yol xərcinə görə ona ümumilikdə 4500 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, ilk növbədə ona dəymiş maddi ziyan, çəkilmiş xərclərin növü, miqdarı və təyinatı ilə bağlı məhkəməyə heç br sübut təqdim edilməmişdir. Eyni zamanda, əgər iddiaçı bununla bağlı hər hansı miqdarda xərc çəkmişdirsə də, onun Bakı şəhərindən Lənkəran rayonuna gəlib-getməsinin cavabdehlə nə kimi əlaqəsinin və aidiyyətinin olduğu, başqa sözlə, cavabdehin təqsirinin dərəcəsi və buna görə hansı maddi məsuliyyətinin yarandığı, yəni cavabdeh tərəfindən iddiaçının hansı hüququnun pozulduğu və onun pozulmuş hüququnu bərpa etmək üçün nə qədər xərc çəkdiyi iddiaçının dəlilləri ilə və ya məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan əsaslara və Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin sadalanan mаddələrinin tələblərinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 4500 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsinə dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbləri təmin edilmədiyinə görə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş cəmi 60 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 134 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ələ keçirilmiş əmlakların qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş cəmi 60 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 134 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-3105/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3105/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver