Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3275/2024 28.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi, “Femida” Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 28 noyabr 2024-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6328.26 AZN, gecikdirilmiş borc üçün illik 5% hesablanmaqla 316,41 AZN, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 AZN, ümumilikdə 6944,67 AZN məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra o, məhkəməyə elektron qaydada iddianın dəqiqləşdirlməsi barədə ərizə ünvanlayaraq həmin tələblərlə bərabər cavabehdən ödənilmiş 90 AZN dövlət rüsumunun, etibarnamənin alınması üçün ödənilmiş 17.25 AZN dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 07 iyul 2022-ci ildə "xxxx" ASC-dən 36 ay müddətinə illik faiz dərəcəsi 16% hesablanılmaqla, ayda ödənişi 351,57 manat olmaqla 10.000 AZN məbləğində kredit götürmüşdür. Həmin pulun 4000 manatına öz məişətistehlak ehtiyaclarını ödəmək üçün kompüter və telefon almışdır. 6000 AZN isə bank hesabında qalmışdır. Bir yerdə yaşadığı rəfiqəsi olan cavabdeh bank hesabında 6000 manat pul məbləğinin olduğunu bilmiş və həmin ilin iyul ayında işdə olduğu zaman, nahar vaxtında israrla xahiş edərək bildirmişdir ki, həmin pula ehtiyacı var, digər banklara olan ödənişləri çoxdur, onda olan 6000 manatla digər banklara olan borcunu bağlasın, yekunda bir yerdə krediti ödəyəcəkdir. Əslində pulu vermək fikri olmamış, lakin, cavabdeh çox xahiş etdiyi və cavabdehin digər ödənişləri çox olduğu üçün vermişdir. Nahar vaxtında işdən icazə alıb bank hesabından pulu çıxartmış və 6000 manat pulu evdə olanda cavabdehə vermişdir. Həmin vaxt onlar bir evdə yaşamışmışlar. Razılaşmalarına əsasən, 2023-cü ilin yanvar ayında cavabdeh kreditlərdə gecikmələri bitirəcək və onun pulunu tam şəkildə, faizlə birlikdə ödəyəcəkdir. O, ona bildirmişdir ki, anası kredit götürüb onun ödənişini ödəsin, lakin cavabdeh anasının da kreditlərinin olduğunu, zamin durduğu şəxslər olduğunu bildirmişdir. O, özünün 4000 AZN məbləğində olan krediti faizi ilə birlikdə, 14 ay müddətində 07 avqust 2023-cü bitirmişdir. O, cavabdehə bildirmişdir ki, artıq öz kreditini bağlamış, bundan sonra o, öz ödənişlərini etməlidir. Cavabdeh 2023-cü ilin 9, 10, 11 və 12-ci aylarının ödənişlərini etmişdir. Lakin yanvar ayı gəldikdə ona işdən çıxdığını və ona heç bir bank kredit vermədiyini, bu səbəbdən də ödənişi verə bilməyəciyini bildirmişdir. Ondan krediti 24 aydan 48 aya uzatmağını istəmiş, yalnız bu halda krediti ödəyə biləcəyini bildirmişdir. O isə kredit müddətini uzatmamışdır. Cavabdeh aylıq ödənişin 351.57 AZN olmasının çox olduğunu və nə zaman işləyərsə, o vaxt ödəyəcəyini bildirmişdir. Cavabdehlə onunla razılaşmışdır ki, o, hər ay aylıq ödənişləri ödəyəcək, sonra isə onun ödədiklərini tam şəkildə geri qaytaracaq. Beləcə 7 ay keçmiş, həmin müddət ərzində cavabdeh nə ödənişi etmiş, nə də ki, iş axtarmamışdır. Hər ay iş tapacağı bəhanəsi ilə onu yola verməyə çalışmışdır. 10 iyul 2024cü il tarixdə krediti daha ödəyə bilmədiyini cavabdehə bildirmiş və bundan sonra krediti onun ödəməyini, iş tapmasını xahiş etmişdir. Cavabdeh isə anası ilə dalaşdığını, heç kimin ona maraqlı olmadığını, başının işləmədiyini, borcu necə ödəyəcəyini bilmədiyini bildirmişdir. Daha sonra isə onun yazdığı mesajları oxuyub cavab yazmamağa başlamışdır. O, cavabehin anasına zəng edib bütün olanları ona danışmışdır. Anası ona “mən başqa bankdan əlavə ayrı kredit götürüb faizini necə ödəyim” demişdir. Halbuki cavabdeh ona demişdir ki, anasına kredit düşmür. Deməli, anasına kredit düşür, lakin vermək istəmir. Bununla bağlı anası ilə danışıqların səs yazıları vardır. Anası ilə danışıqları bitirdikdən 10- 15 dəqiqə sonra cavabdeh ona təhqiredici səslər atmış və kredit məsələsini anasına bildirdiyini demişdir. Halbuki ona anasının da ona borclu olduğunu demişdi. Bundan sonra ona məlum olmuşdur ki, cavabehin anasının ona olan borcundan xəbəri olmamışdır. Həmin təhqiredici səsləri sübut edə bilmir, çünki cavabdeh səsləri geri çəkmiş və onu bloka atmışdır. O, adi zənglə zəng edib cavabdehlə danışmış, cavabdeh qışqırmaqla “pul sənin belində qaldı” demişdir. Bu barədə səs yazıları da var. Daha sonra cavabdehlə aralarında baş verənləri atasına bildirmişdir. Beləliklə o, 36 ay müddətinə aylıq 351.57 AZN ödənişlə illik 16 % hesablanmaqla 10000 AZN məbləğində kredit götürmüşdür. Həmin kreditin 4000 manatını 14 ay müddətində aylıq 351.57 manat məbləğində illik 16 % hesablanmaqla ödəmiş, 6000 manatını isə cavabdeh 22 ay müddətinə aylıq 351.57 manat məbləğində illik 16 % hesablanmaqla ödəməli idi. Faizi ilə hesablayanda 36 ay müddətin 14 ayını 351.57 manat olmaqla o özü ödəmiş, tam 4000 manat pula görə 4921.98 AZN ödəmişdir. Cavabdeh 22 ay müddətinə eyni aylıq ödənişlə illik 16% hesablanmaqla 7734.54 AZN ödəməli idi. Bu kreditin 4 ayını cəmi 1406.28 AZN ödəmiş, lakin yerdə qalan 18 ay müddətinə illik 16 % hesablanmaqla eyni aylıq ödənişlə ümumilikdə 6328.26 AZN ödəməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinə yazılanlara uyğun izahat verib onun təmin olunmsını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh iddiaya qarşı etiraz ünvanlayaraq iddiaçıya 3000 manat əsas borcunun olduğunu və 8 ay müddəti üçün faiz borcu olaraq 2961.24 manat ödəyəcəyini, sonuncu məbləğin iddiaçı tərəfindən tam ödənilmədiyi üçün reqress qaydasında ondan tələn oluna bilmədiyini bildirmişdir. O, iddia tələbinin 3000 manat hissəsində təmin edilməsinə etiraz etmir. Tədqiq olunmuş sübutlar: Kredit məlumatları, Razılaşma (Əlavə № 1), kassa məxaric orderinfdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya illik 16 % olmaqla, 36 ay müddətinə “Yelo Bank” tərəfindən 10 000 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı həmin etibarnamə ilə məhkəmədə onu təmsil etməyi Vəkil həvalə etmiş, həmin etibarnamənin verilməsi üçün 17.25 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 90 manat dövlət rüsumu ödəmişdir. Cavabdehin Suraxanı RPİ-nin 33-cü PB-də xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o, iddiaçı ilə 01 il müddətində bır evdə kirayədə yaşamış, onunla iş yoldaşı olmuş, iddiaçı öz adına 10.000 manat “Yelo Bank”dan kredit götürmüş, ona kompüter avadanlığı üçün pul lazım olmuş, iddiaçıdan əlbə-əl 4000 manat pul almış həmin pul iddiaçı tərəfindən bankdan kredit olaraq alındığı üçün faizi ilə birlikdə borcu 6328 manat 26 qəpik təşkil etmiş, razılaşmaqlarına əsasən iddiaçı öz borcunu faizi ilə birlikdə ödəmiş, özü tərəfindən ödəməli olduğu məbləğ hər ay üçün 351 manat 57 qəpik olmaqla 18 aylıq kredıt pulu olmuş, 04 ay, hər ay 351 manat 57 qəpik olmaqla banka ödəniş etmiş, lakin işləri yolunda getmədiyi üçün 7 aydır ki, həmin ödənişi iddiaçı özü edir, çünki həmin krediti öz adına götürmüşdür. O, borcunu ödəməkdən imtina etmir. Hər ay ödəniş edəcəkdir. Lakin işsiz olduğundan bu ödənişi edə bilməmişdir. İş axtarır. İşlədiyi müddətdə hər ay ödəniş edərək borcunu bıtirəcəkdir. Hər ay 351 manat 57 ödəyəcək, bundan əlavə 7 ay ödədiyi kredit üçün də aylıq 200 manat əlavə verərək borcunu tamamilə bağlayacaqdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia əizəsində, onun nümayəndəsi isə məhkəmə iclas zalında iddiaçının cavabdehə 6000 manat məbləğində pulu borc verdiyini göstərsələr də, bu faktı təsdiqləyən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Bununla yanaşı, iddiaçının cavabdehə 4000 manat pulu banka faizləri ilə qaytaracağı şərti borc verildiyi cavabdehin özünün Suraxanı RPİ-nin 33-cü PB-də xx.xx.2024-cü il tarixdə verdiyi izahatı ilə tam sübuta yetirilir. Çünki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, cavabdeh bilavasitə məhkəməyə gələrək izahat verməsə də, onun Suraxanı RPİ-nin 33-cü PB-də verdiyi izahatı iddianın qismən etirafı kimi qəbul etmək olar. O, həmin izahatında aldığı 4000 manat borcun bank faizləri də nəzərə alınmaqla 6328 manat 26 qəpik təşkil etdiyini göstərmişdir. Yəni onun iddiaçıdan aldığı 4000 manata 2328.26 manat faiz hesablanmışdır. İddiaçı özü öz iddia ərizəsində cavabdeh tərəfindən hər ayda 351.57 manat faiz olmaqla 2023-cü ilin sentyabr-dekabr aylarının faizini ödədiyini bildirmişdir. Yəni, cavabdeh 2328.26 manat faiz borcundan 1406.28 manatını ödəmişdir ( 351.57 x 4 = 1406.28). Hazırda onun faizdən ödənilməmiş 921.98 manat borcu qalmışdır. Nəzərə alınsa ki, cavabdeh əsas borc olan 4000 manat pulu da iddiaçıya qaytarmamışdır, onda onun iddiaçıya faizlə birlikdə ümumilikdə 4921.98 manat borcu qalmışdır. İddiaçının gecikdirilmiş bocu üçün illik 5% hesablanmaqla 316,41 AZN tələbinə gəldikdə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsalıdır. Belə ki, Mülki Məcəllənin 449.1 maddəsinin tələbinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Sözügedən Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, qətnamə çıxarılan xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsi 7.25 %-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldığı gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş bank uçot dərəcəsi 7.25 % olsa da, iddiaçı həmin bank uçot dərəcəsinin 5% miqdarında hesablanmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, bank uçot dərəcəsi 5%-dən hesablanmalıdır. Məhkəmə iclasında sübuta yetirildi ki, cavabdehin iddiaçıya ümumilikdə 4921.98 manat məbləğində borcu qalmışdır. Həmin borcun 5 faizi - 246.10 manat təşkil eləyir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçıya gecikdirilmiş borca görə 246.10 manat məbləğində faiz borcu qalmışdır. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə 4921.98 manat pulun tutulması ilə əlaqədar müqavilə öhdəliyinin icrası ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... “Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdimüəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, MM-nin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Bu kontekstdə MM-nin 739.1-ci maddəsinə istinad olunaraq qeyd edilməlidir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və tərəflər arasında heç bir yazılı müqavilə bağlanmadığından, hazırki mübahisənin həlli ilə bağlı borc münasibətlərinə istinad edilə bilməz. Məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, cavabdeh iddiaçıdan bankdan faizlə aldığı 1000 manat kreditdən 4000 manat pulu borc olaraq almış, həmin borcu və ona hesablanan faizləri cavabdehə qaytaracağını öhdəsinə götürmüş, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmış, faizlə bərabər ümumi borc olan 6328.26 manat borcdan bu günə qədər cavabdeh tərəfindən 1406.28 manatı qaytarılsa da, qalan məbləğ qaytarılmamışdır. Nəzərə alınsa ki, Mülki Məcəllənin 739.1-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 4000 manat məbləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) müəyyən olunur. Həmçinin, MM-nin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının pulunu özündə saxlamaqla əsassız varlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçıya 4000 manat məbləğində əsas, 921.98 manat məbləğində faiz borcu, iddiaçının gecikdirilmiş borcuna görə hesablanmış 246.10 manat, cəmi 5168.08 manat borcu qalmışdır. Lakin cavabeh özü öz etiraz ərizəsində göstərmişdir ki, onun iddiaçıya 3000 manat əsas borcu vardır və iddiaçının bankdan aldığı kreditə görə 8 ay müddət üçün ödəməli olduğu faiz borcu olan 2961.24 manat pulu özü ödəyəcəkdir. Yəni ümumilikdə 5961.24 manat. Məhkəmə qeyd edir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, cavabdeh iddiaçıya 3000 manat borclu qaldığını etiraf etmiş və həmin hissədə iddianın təmin edilməsinə etiraz etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 3000 manat tutulmalıdır. Cavabdehin 8 ay müddət üçün ödəməli olduğu faiz borcu olan 2961.24 manat pula gəldikdə, məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, mübahisələndirlməyən hal onlan ibarətdir ki, cavabdehə borc verilmiş pul iddiaçının bankdan alınmış kredit əsasında həyata keçirilmişdir. Kredit iddiaçıya verildiyindən, kreditin faiz ödəmələrini də banka o etməlidir. Buna göprə də həmin 2961.24 manat fazir borcu iddiaçıya verilməlidir ki, sonuncu həmin məbləğ hesabına bank qarşısında olan faiz borclarını bağlasın. Buyna görə də məhkəmə hesab edir ki, ümumilikdə 5961.24 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehdən hüquqi yardım üçün vəkilə ödənilmiş 300 AZN, ödənilmiş 90 AZN dövlət rüsumunun, etibarnamənin alınması üçün ödənilmiş 17.25 AZN dövlət rüsumunun xeyrinə tutulmasına dair tələbinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır . Məhkəmə qeyd edir ki, vəkilin orderindən müəyyən olunur ki, “Femida” Vəkil Bürosunun VÖEN nömrəsi **********-dir. Həmin nömrəyə xx.xx.2024-cü il tarixdə 300 manat ödənilmişdir. Həmin ödənişin edilməsi, “Femida” Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli arayışı ilə bir daha təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat xərc ağlabatandır və buna görə də, cavabdehdən alınaraq iddiaçıya verilməlidiur. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi 94 % təmin olunduğundan onun tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 84.60 manatı cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, cavabdeh vaxtında aldığı pulu qaytarmadığı üçün iddiaçı məcburiyyət qarşısında vəkilə etibarnamə verərək 17.25 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmış, həmin məbləğ də cavabdehə aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiası qismən təmin edilsin. Cavabdeh cəmi 5961.24 manat, iddianın verilməsi üçün cavabdedhə aid 84.60 manat məbləğində, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 manat və vəkilə etibarnamə verilməsi üçün ödənilmiş 17.25 manat məbləğində dövlət rüsumları, cəmi 6363.09 (altı min üç yüz altmış üç) manat 09 qəpik tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-3275/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3275/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver