Məhkəmə qərarları › İş №e-2(049)-4718/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4718/2025

12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4718/2025 12.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat əsas borcun, 780 manat faiz borcun, mənəvi ziyana görə 1000 manat ümumilikdə isə 5690 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev parkının arxa hissəsində yerləşən mebel salonunda işləyən Sübhan Əlizadədən dəyəri 3900 manat məbləğində mebel sifariş verərək, həmin məbləği ona vermişdir. Lakin həmin mebel bü günə kimi Suban Əlizadə tərəfindən hazırlanıb ona təhvil verilməmişdir. O, cavabdehdən pulunu geri istəsə də cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Sonradan ona məlum olmuşdur ki, Sübhan Əlizadə ondan başqa bir çox şəxslərə qarşı dələduzluq edərək, pullarını ələ keçirmişdir. Onun barəsində Abşeron rayon polis idarəsində cinayət işi başlanılmış, lakin özü burda olmadığından axtarışa verilmişdir. Onunla telefonla danışarkən o bildirdi ki, “vəkil tutmuşam və hər kəsin pulunu qaytaracağam” lakin bu günə kimi ona olan 3900 pulu qaytarmamışdır. O, 20 avqust 2025-ci iİ tarixdə Abşeron rayon Polis idarəsinə ərizə ilə müraciət etdib. Müraciətinə Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 baxaraq 18 sentyabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir. Həmin Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2iunun 18 sentyabr 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "cinayət işinin materiallarından da göründüyü kimi İddiaçı 3900 manat pulu 2021-ci ildə mebel hazırlamaq üçün Sübhan Əlizadə adlı şəxsə vermişdir”. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa Cavabdeh ona borcunu ödəməməsinə görə hələ də fiziki və pisixi əzab və iztirablar çəkir. Cavabdehin ona vurduğu mənəvi zərər 1000 manat dəyərindədir. Ona görədə cavabdehdən 1000 manat tutulub ona verməlidir. Cavabdeh 3900 manat, 3900 manatın 4 il bank uçot dərəcəsinə uyğun olaraq 5 faiz hesablamaqla 780 manat faiz borcun, mənəvi ziyana görə 1000 manat ümumilikdə isə 5690 manat məbləğində pulun tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlava olara bildirmişdi ki, hadisə 2021-ci il dekabr ayında baş verib. Qızının xeyir işi olmalı imiş. Qızı ilə həyat yoldaşı birlikdə cavabdehin işlədiyi mebel dükanına getmişlər və orada mebel bəyənmişlər. Cavabdeh bildirmişdir ki, daha ucuz qiymətə bəyəndikləri mebeli onlara çatdıra bilər. Cavabdeh ilə onun yoldaşı 3500 manata razılaşmışlar. Əvvəlcə 200 manat beh, sonra isə sırasi ilə 500 manat, 1000 manat, 2500 manat ümumilikdə 3900 manat ödəmişdir. Cavabdeh onlara mebelləri göndərmişdir. Mebellər fərqli dəstlərə aid olduğu üçün onlar mebelləri cavabdehə qaytarmışlar və pullarını tələb etmişlər. Cavabdeh pulu ödəyəcəyini bildirmişdir. Cavabdeh cəmi 200 manat ödəmiş, borcu isə 3700 manat qalmışdır. Bu hadisə 18-24 dekabr 2021-ci il ərəfəsində baş vermişdir. Cavabdehlə pulu ona qaytarması barədə dəfələrlə mütəmadi olaraq Vhatsapp-da yazışmışdır. Hər dəfə danışığında cavabdeh ona olan borcunu qaytaracağına söz verərək, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Həmin danışıqları özündə əks etdirən yazışmaları və səs yaxılarını da sübut kimi məhkəməyə təqdim etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş elektron yaddaş kartında olan video materiala məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin video mobil telefonun ekranından (video screen recorder) qeydə alınmışdır. Mobil telefonda olan “whatsapp” ani mesajlaşma sistemində iki şəxsin arasında həm yazışma, həm də səsli mesajlaşma aparılır. Videonu qeydə alan şəxsin səsli mesaj göndərdiyi digər şəxs (“Sübhan Borçlu” kimi qeydə alınmış) şəxslə aralarında borcun qaytarılması əlaqədar danışıqlar aparılır. Qarşı tərəf borcunu maaşını ala bilmədiyinə görə qaytarmadığını, aldığda qaytaracağını iddia edir. İddiaçı 3700 manat məbləğində olan borcu qarşı tərəfdən tələb edir. İlk tərəf danışıqlarda qarşı tərəfə müxtəlif tarixlərdə həmin vəsaitin ona qaytarılmasını tələb edir, qarşı tərəf də pulu qaytaracağına dair vədlər verir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə pulun iddiaçıya verilməməsindəm irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 578.1.-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında mebellərin hazırlanmasına dair alğı-satqı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya həmin alğı-satqı ilə əlaqadar 3900 manat ödənilmişdir. Cavabdeh həmin vəsaitdən 200 manat qaytarmış və iddiaçıya 3.700 manat borclu qalmışdır. Cavabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya geri qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə pul ödənilsə və alqı-satqı baş tutmasa da cavabdeh həmin vəsaiti geri qaytarmamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.700 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin faiz borcu və mənəvi ziyan tələbinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, "...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, "mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. İddiaçı ilə arasında cavabdeh arasında borca dair müqavilə mövcud olmadığından və iddiaçıya mənəvi ziyanın vurulması ilə əlaqadar hər-hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddia tələbini əsaslı hesab etmir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar