Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-85/2024 03.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X10, idddiaçının nümayəndəsi və vəkili: Bakı Şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı “Dinçer və X6”nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Dinçer və X6” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Dinçer və X6 BM-nə vurduğu maddi ziyana görə yaranmış 4691.19 məbləğində borcun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi arasında bağlanmış əmək müqaviləsinə əsasən 14 oktyabr 2020- ci il tarixdə sürücü ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Lakin tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən müqaviləyə dəyişiklik edilərək 15 fevral 2022 - ci il tarixdən (Lənkəran ərazi bölgəsi üzrə) satış təmsilçisi vəzifəsinə keçirilmişdir. Belə ki, Cavabdeh satış təmsilçisi işlədiyi müddətdə tabe olduğu müəssisə rəhbərliyi tərəfindən ona həvalə edilmiş ərazi üzrə satış şəbəkələrindən sifarişlər qəbul edərək qida məhsullarının çatdırılmasını təmin etmişdir. Lakin o işlədiyi qısa bir zamandan kollektivin və tabe olduğu rəhbərliyin inam və etibarını qazandıqdan sonra onunla bağlanmış əmək müqaviləsinin və imza atdığı tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetriməməklə müəssisəyə xeyli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh sifariş qəbul etdiyi ərazinin satış şəbəkələrində müəssisənin daxili audit şöbəsinin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Aparılan yoxlamanın fəaliyyəti nəticəsində 4691.19 (dörd min altı yüz doxsan bir) manat) 19 qəpik məbləğində kəsir aşkar edilmiş və yaranmış kəsirlə bağlı 11avqust 2023-cü il tarixdə qarşılıqlı təhvil təslim aktı tərtib edilmişdir ki, həmin aktın doğruluğunu isə şəxsən Cavabdeh öz imzası ilə təsdiq etmişdir. Aparılan araşdırma zamanı Cavabdeh özü etiraf etmişdir ki, ərazi üzrə sifariş qəbul etdiyi Lənkəran Fədək marketindən 3000 ( üç min ) manat, Lənkəran Refem marketindən 1169.16 (on bir min yüz altmış doqquz) manat 16 qəpik və Favorit marketindən 452.48 (dörd yüz əlli iki manat 48 qəpik ) dəyərində malların pulunu özbaşınalıq edərək tabe olduğu bölgə müdirinə heç bir məlumat vermədən satıcını aldadaraq 4691.19 (dörd min altı yüz doxsan bir manat ) 19 qəpiy nəğd pulu alaraq öz şəxsi məqsədi üçün götürüb istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh heç bir pulu mənimsəmədiyini, onun iddiaçıya yox, əksinə iddiaçının ona borclu olduğunu, iş üzrə sübut qismində təqdim edilmiş aktda olan yazı və imzaların ona məxsus olmadığını bildirib iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, audit kimi “Dinçer və Carçıoğlu” Birgə müəssisəsində Cavabdeh fəaliyyətinin yoxlanılması zamanı iştirak etmiş, aparılan yoxlamanın nəticəsində 4691.19 məbləğində kəsir aşkar edilmiş və yaranmış kəsirlə bağlı qarşılıqlı təhvil təslim aktı tərtib edilmiş və o, da imza etmişdir. Həmin akta Cavabdeh da imza etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, “Dinçer və Carçıoğlu” Birgə müəssisəsində daxili audit işləyir. Cavabdeh da müəssisədə satış təmsilçisi işləmişdir. 11 avqust 2023-cü il tarixdə cavabdehin 4691.19 manat kəsiri müəyyən edilmişdir. Cavabdehla həmin pulun ödənilməsi istiqamətində söhbətlər aparılsa da, bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərdi ki, Dinçer və Carçıoğlu” Birgə müəssisəsində işləyir. Cavabdeh da müəssisədə satış təmsilçisi işləmişdir. Cavabdeh fəaliyyətinin yoxlanılması zamanı iştirak etmiş, aparılan yoxlamanın nəticəsində 4691.19 məbləğində kəsir aşkar edilmiş və yaranmış kəsirlə bağlı qarşılıqlı təhvil təslim aktı tərtib edilmiş və o, da imza etmişdir. Həmin akta Cavabdeh da imza etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə “Dinçer Carçıoğlu” BM-ə arasında tam maddi məsyliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 11 avqust 2023-cü il tarixli Qarşılıqlı Təhvil –təhsil aktından görünür ki, təhvil verən Cavabdeh oğunun borcu 4691.59 manat təşkil edir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli Dinçar Carçıoğlu BM-nin X1 ilə Əlavə 01 razılaşmadan görünür ki, Cavabdeh sürücü-ekspeditor vəzifəsindən satış vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh müvafiq bildiriş göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 67 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 11 avqust 2023-cü il tarixli Qarşılıqlı təhvil-təhvil təslim aktında Təhvil verən satış təmsilçisi qrafasındakı “Cavabdeh” yazısı-Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 11 avqust 2023-cü il tarixli Qarşılıqlı təhvil təslim aktından Cavabdeh yazısının qarşısındakı imza ehtimal ki, Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddiməsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, şahid ifadələrindən, xüsusilə də 11 avqust 2023-cü il tarixli Qarşılıqlı təhviltəhvil təslim aktından və xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının rəyindən müəyyən olunur ki, Cavabdeh onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetriməməklə iddiaçı Dinçar Carçıoğlu BM-ə 4691.59 manat maddi ziyan vurmuşdur Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməsi barədə qənaətə gəldiyi üçün hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdeh 4691.59 manat pul alınaraq iddiaçı “Dinçer və X6”nin hesabına ödənilsin. İş üzrə ödənilmiş 67 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Dinçer və X6”nin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-85/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-85/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver