Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-975/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməli olan 15000 (on beş min) manat məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 15000x5/100=750) 750 manat olmaqla, ümumilikdə 15750 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o özü Cavabdehun atası X3 ilə dəniz kənarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşmışlar. Lakin həmin torpaq sahəsinin sənədləri qaydasında olmamışdır. Onlar razılaşmışlar ki, o, öncədən müəyyən məbləği ödəyisin, ondan sonra sənədləri qaydasına qoyub alqı-satqı etsinlər. Onun tərəfindən Cavabdeh onun atasınının, yəni X2 iştirakı ilə ilkin mərhələdə (2021-ci ilin avqust ayı) hissə-hissə olmaqla 11000 (on bir min) manat məbləğində pul verilmişdir. Lakin sənədlərin qaydasına qoyulması məsələsi uzandıqca uzanmışdır. Bundan sonra isə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, o, yəni iddiaçı Cavabdeh 14000 (on dörd min) manat, sonrakı mərhələdə isə hissə-hissə olmaqla 4000 (dörd min) manat, ümumilikdə 29000 (iyirmi doqquz min) manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, öhdəliyin icra müddəti xx.xx.2022-ci ilədək nəzərdə tutulmuşdur. Lakin qeyd olunan müddətin üzərindən 3 aydan çox müddətin keçməsinə baxmayaraq, Cavabdeh öhdəliyini icra etməmişdir. Qeyd edək ki, bununla bağlı Cavabdeh xx.xx.2022-ci il tarixdə məktubla müraciət etdikdən sonra Cavabdeh xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasında onun ödədiyi 14000 (on dörd min) manat məbləğində pulu geri qaytarmışdır. Lakin ödəmiş olduğu pulun digər hissəsini, yəni qalan 15000 (on beş min) manat məbləğində pulu geri qaytarmamış və xx.xx.2023-cü il tarixinədək geri qaytaracağına dair söz vermişdir. Lakin Cavabdeh qeyd olunan tarixin artıq keçməsinə baxmayaraq, qalan məbləği geri qaytarmamışdır. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi 15000 manat pul vəsaitini ondan almamışdır, həmin pulun kimə və hansı şəraitdə verməsi barədə də heç bir məlumatım yoxdur, iddiaçı ilə aralarında cəmi 14000 manat borc olmuş, həmin borcu da ondan alan zaman Lənkəran rayonunda fəaliyyət göstərən notariat kontorunda kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən iddiaçıdan 14000 manat məbləğində pul vəsaiti almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etdirmişdir. Kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə 3M-601 reyestr nömrəsi ilə qeydə alınmış və kredit müqaviləsi üzrə alacağı 14000 (on dörd min) manat pul vəsaiti həmin notariusun depozit hesabına qoyulduqdan sonra pulu həmin depozit hesabından çıxarmışdır. xx.xx.2022-ci il tarixdə həmin kredit müqaviləsi üzrə iddiaçıdan aldığı 14000 manat pulu kredit müqaviləsi bağladıqları notariat kontorunda olan depozit hesabına qoymaqla kredit borcunu bağlamış və iddiaçıya heç bir borcu qalmamışdır. Bundan sonra iddiaçıdan ipotekanın yüklülükdən azad olunması barədə razılıq ərizəsinin DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinə təqdim etməyi xahiş etdikdə isə iddiaçı ona olan borcunun üzərinə 15000 manat da əlavə olaraq ona ödəməyini, əgər ödəməzsə evin ipotekadan azad olunmasından ötrü razılıq ərizəsini verməyəcəyini bildirmişdir. Özü Lənkəran şəhərində yaşamadığından və evi satmaq istədiyi üçün iddiaçı bundan sui-istifadə etməyə başlamış və ipoteka yüklülüyündən azad olunma barədə razılıq ərizəsi vermədiyi üçün o evin alıcısı ilə alqısatqı müqaviləsini də imzalaya bilməmiş, iddiaçı 15000 manat pulu isə ondan tələb edəndə guya atası Şahin Rzayevə 15000 manat pul verdiyini əsas gətirmiş, həmin puldan onun məlumatının olmadığını deyəndə isə iddiaçı ipoteka saxlayan olduğunu əsas gətirib yenə də razılıq ərizəsini verməyəcəyini "xoşundusa borcu üzərinə götür, xoşun deyilsə götürmə gör evi sənin əlindən alıram ya yox, satmaq da istəsən sat görüm necə satırsan" demiş, bundan sonra atası Şahin Rzayevlə telefon vasitəsilə əlaqə saxlamış və o İqrarla aralarında heç bir pul söhbətinin olmadığını, torpaqla bağlı məsələ olmasını və həmin işin isə ona aid olmadığını bildirmişdir. İqrara bu barədə dedikdə isə İqrar qabaqcadan yazılmış kağızı ona uzadaraq "qol çəkirsənsə ipotekadan azad etmə barədə razılıq ərizəsini DƏDRX-ə verirəm, qol çəkmirsənsə mən də sənin evini əlindən alaram onda bilərsən mən kiməm" demişdir. O da evi təcili olaraq satıb alqı-satqı müqaviləsi bağlamalı olduğu üçün onun uzatdığı həmin kağızın heç bir hüquqi əhəmiyyətinin olmadığını dərk etdikdən sonra evinin İqrarın ipoteka saxlayan kimi ipotekadan azaetmə barədə ərizəsini almaq üçün həmin tarixi, məbləği imzalandığı yer göstərilməyən, qanunvericiliyin tələbinə uyğun tərtib edilməyən kağıza imza atmışdır. Həmin gün İqrar da DƏDRX-yə gedib ipotekada olan evinin ipotekadan azadolunma barədə ərizəsini təqdim etmiş və bundan sonra ev yüklülükdən azad olunmaqla evi razılaşdığı alıcıya satıb alqı-satqı müqaviləsi bağlamaqla evi yeni sahibinə təhvil verib, dəyərini alandan sonra öz işi ilə bağlı olaraq Sumqayıt şəhərinə qayıtmışdır. Bir neçə gün sonra İqrar ona zəng edərək əlində guya ona borcu olması barədə bildirərək ondan 15000 manat məbləğində pul tələb etmiş, o da ona heç bir borcu olmadığı üçün heç bir məbləğ ödəməyəcəyini bildirmişdir. Daha sonra isə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə bağlı olaraq sual meydana çıxır ki, əgər onun İqrara 14000 manat borcdan (xx.xx.2022-ci il tarixli 3M-601 saylı kredit müqaviləsi üzrə) əlavə borcum var idisə həmin kredit müqaviləsi bağlanarkən niyə əvvəlki borcu da həmin müqavilədə rəsmiləşdirmirdi. Həmçinin, əgər 15000 manat pulu kredit müqaviləsi bağlanandan sonra ondan götürürdüsə nə üçün sonrakı ipoteka müqaviləsi bağlamırdı və ya yeni kredit müqaviləsi bağlamırdı. Bundan başqa qanunvericiliyin tələbinə görə 3000 manatdan artıq borc verilərkən müqavilə bağlanmalıdır, iddiaçı 14000 manata görə evin girov qoyulmasını tələb edirsə 15000 manat borc verərkən heç bir sənədi imzalatdırmamış və ya girov saxlamamış pulu ona verməzdi. Hazırda iddiaçının ona qarşı qaldırdığı iddia tələbi əsassız varlanmaqdan başqa bir şey deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin 06 mart 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun məzmunlu çıxış edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 3M-500 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan (Cavabdeh) mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı 3M-500 saylı kredit müqaviləsinə (illik 0 faiz dərəcəsi ilə verilmiş 14000 manat) əasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın (İddiaçı) xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş onun özü və cavabdeh tərəfindən ilə tərtib edilmiş borc sənədindən görünür ki, Cavabdeh İddiaçı 29000 manat həcmində borcu olduğunu, bunun 14000 manatının notarial qaydada qaytarıldığını, 15000 manatının isə aralarında qeyrirəsmi formada razılaşma ilə verilərək yaranan borc olduğunu, 14000 manatı 2022-ci ilin dekabr ayının 30-u qaytaracağını, digər qalıq hissə olan 15000 manatı isə 2023-cü ilin yanvar ayının 30-dək mülkiyyətində olan Sütəmurdov kəndində yerləşən evi sataraq geri qaytarmaq öhdəliyini götürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında yazılı razılaşmaya əsasən, Cavabdeh İddiaçı 29000 manat həcmində borcu olduğunu, bunun 14000 manatının notarial qaydada qaytarıldığını, 15000 manatının isə aralarında qeyri-rəsmi formada razılaşma ilə verilərək yaranan borc olduğunu, 14000 manatı 2022-ci ilin dekabr ayının 30-u qaytaracağını, digər qalıq hissə olan 15000 manatı isə 2023-cü ilin yanvar ayının 30-dək mülkiyyətində olan Sütəmurdov kəndində yerləşən evi sataraq geri qaytarmaq öhdəliyini götürdüyünü bildirmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı olan 15000 manat borcunu 2023-cü ilin yanvar ayının 30-dək mülkiyyətində olan Sütəmurdov kəndində yerləşən evi sataraq geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh etirazında iddiaçı ilə aralarında qeyd olunan məzmunda razılaşma olduğunu, həmin razılaşmanı imzaladığını, lakin iddiaçıya 15000 manat borcu olmadığını, sözügedən razılaşmaya imza etməsini, imza etməyəcəyi təqdirdə iddiaçının ona məxsus evin ipotekadan azad edilməsi barədə razılıq ərizəsini verməyəcəyi ilə əlaqələndirmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallarla əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız etirazında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 15000 (on beş min) manat məbləğində pul vəsaiti, eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 (beş) faiz olmaqla 750 manat və 137 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 15750 manat məbləğində pul vəsaiti və 137 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15000 manat məbləğində pul vəsaiti, eyni zamanda həmin vəsaitin gecikdirilmiş 1 illik müddət üçün 5 faiz olmaqla 750 manat və 137 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 15750 manat məbləğində pul vəsaiti və 137 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-975/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-975/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver