Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1064/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs tərəfindən verilmiş şikayəti Masallı Rayon Məhkəməsinin inzibati binasında mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 10 avqust tarixli, ÖM/2021-105 nömrəli müqaviləyə əsasən verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdehdən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoçun natura şəkilində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 apel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs şikayət verərək, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 10 avqust tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Cavabdeh 10 avqust 2021-ci il tarixdə fərdi sahibkar kimi fəaliyyətinin aktiv olmadığı və ya ailə kəndli təsərrüfatının üzvü olmadığı üçün o,“Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivlərlə təmin edilmişdir. Özünüməşğulluğa cəlb edilmək üçün müraciət etmiş şəxsə aktivlər verilən gün şəxsin məşğul şəxs olub-olmadığı yoxlanılır. Əgər həmin şəxsin məşğul şəxs olması aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin müvafiq yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir. Cavabdeh aktivlərlə təmin edildikdən sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı idi. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmadığı üçün hazır ki iş üzrə yaranmış mübahisə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırda tərəflər arasında yaranmış mübahisə nə iş üzrə iddiaçı X1, nədə iş üzrə Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələrək yaranmamışdır. Mövcud mübahisə əsas etibarilə cavabdehin məşğulluğunun təmin edilməsi üçün onun istifadəsinə verilən əmlaklarla bağlı tərəflərarası müqavilədə cavabdeh üçün nəzərdə tutulan öhdəliklərin icra edilməməsi nəticəsində yaranmışdır. Həmin müqavilə çərçivəsində yaranan münasibətlər nə iddiaçı, nədə cavabdeh tərəfindən ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmayıb, iddia obyekti olan əmlakların müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində əvəzsiz surətdə cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, onun qanunla və müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməsi ilə əlaqədar olmuşdur. Şikayətin hüquqi əsası kimi “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci və 24-cü bəndlərinə istinad edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadı əsaslı və qanuni olduğundan, eləcə də qərardadın ləğvi üçün əsaslar müəyyən olunmadığından həmin qərardaddan verilmiş şikayət təmin edilməməli və şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (fəaliyyətini müvəqqəti dayandırmışdır). 10 avqust 2021-ci il tarixli, ÖM/2021-105 nömrəli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin 2.2 və 2.3-cü bəndlərində göstərilir ki, Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (müqaviləyə Əlavə 1) göstərilən əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra - biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə verilən sənədlə rəsmiləşdirilir (1.4). Ailə kəndli təsərrüfatı bu Qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur (1.6). Həmin Qanunun “Qanunun əhatə dairəsi” adlanan 4-cü maddəsinə əsasən bu Qanun mülkiyyətində və icarəsində olan torpaq və əmlakdan istifadə etməklə bu Qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir (4.1). Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir (4.2). Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda ailə kəndli təsərrüfatı statusunu itirir (12.1, 12.1.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu tərəflər arasında mübahisəni əhatə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 23-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli, 6 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbinə görə şikayətə qəraradı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prossesual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadı qüvvədə saxlanılsın. Masallı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, e-2(050)-1064/2023 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” publik hüquqi şəxs tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1064/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1064/2023
25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver