Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1193/2025 16.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 2014-2017 illərdə borc münasibətləri olmuşdur. Belə ki, o, Binə Ticarət Mərkəzində ticarət fəaliyyəti ilə məşğul olmuş və Cavabdeh müəyyən məbləğlərdə faizə borc pul almışdır. Həmin pullardan çox hissəsini Cavabdeh qaytarmış və ona cəmi 10000 ABŞ dolları borcu qalmışdır. Cavabdeh ona qarşı ilk öncə Masallı Rayon Məhkəməsinə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh iddia tələbi rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(106)-2676/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 76700 manat pulun ondan alınaraq Cavabdeh verilməsi qət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarına əsasən onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-2676/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Cavabdeh qarşında olan öhdəliyini icra etmiş və onun ona sadəcə 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. Öhdəliklərin böyük hissəsinin icra edilməsi ayrı-ayrı vaxtlarda yazılmış səs yazıları ilə tam təsdiq edilir. Həmin səs yazıları onunla Cavabdeh arasında olmuşdur ki, həmin səs yazılarında açıq görünür ki, Cavabdeh ilkin olaraq ona 12000 manat, 16000 manat və 10000 ABŞ dolları borcunun olmasını və onun ona dostu Mirzağa Rüstəmov vasitəsi ilə göndərdiyi 12000 manatı da, borcdan silinəcəyini etiraf edir. Sonrakı səs yazılarında isə Cavabdeh 16000 manatı da, ona qaytarıldığı etiraf edir və ona cəmi 10000 ABŞ dolları borcunun qalması tam sübut olunur. Göründüyü kimi, o, Cavabdeh qarşısında götürmüş olduğu öhdəliyi icra etmiş və hazırkı gündə ona cəmi 10000 ABŞ dolları borcu vardır. Onunla Cavabdeh arasında borc münasibətlərini və ona qeyd olunan pulu qaytardığını təsdiq edən səs yazıları vardır. Həmçinin, onun dostu Mirzağa Rüstəmov da, həmin münasibətlərin içərisində olmuş, pulun müəyyən hissəsi onun vasitəsi ilə Elçinə verilmişdir. Bundan başqa səs yazılarında açıq görünür ki, tərəflər arasında faiz münasibətləri olmuş, Cavabdeh borcun faizini də, ondan almışdır, ona aldığı borcdan əlavə faiz də, ödəmişdir. Səs yazlılarında Cavabdeh özüdə etiraf edir ki, əsas borc tam ödənilmişdir, qalan borc faiz borcudur. Qeyd edilməlidir ki, eyni tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, hazırkı mübahisənin predmeti tamamilə fərqlidir və həmin predmetlə eyinilik təşkil etmir, çünki hazırki iddianın predmeti üzrə o, icra olunmuş öhdəliyin xitamını tələb edir, çünki onun hal-hazırda Cavabdeh 76700 manatdan cəmi 10000 ABŞ dolları borcu qalmış, qalan hissədə öhdəlik icra olunmuşdur, yəni artıq tərəflər arasında yeni hüquq münasibətləri yaranmışdır və o, da məhz bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun öz tələblərinin əsası kimi istinad etdiyi və hazırki iddia ərizəsinə əlavə etdiyi səsyazma əvvəlki məhkəmə işində səsləndirilməmiş və tədqiq edilməmişdir, bu səbəbdən də, həmin səs yazılarına hüquqi qiymət verilməmişdir. Sözügedən səs yazıları artıq yeni sübut növüdür, tədqiq olunmamışdır, buna görə də, artıq yeni hüquq münasibətləri üzrə həmin səs yazılarına məhkəmə tərəfindən qiymət verilməlidir. Əks halda onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan hüququ pozulmuş olacaq. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının sözügedən normasına əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. O, Cavabdeh qarşısında olan öhdəliyinin müəyyən hissəsini icra etmiş, lakin buna baxmayaraq Cavabdeh qanunsuz olaraq ondan həmin məbləğin ödənilməsini yenidən tələb edir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı whatsappda qeyd etdiyi ödənişlər məhkəmə qərarından əvvəl baş vermiş, 16000 və 12000 manat 90500 manat puldan qaytarılmışdır. 2014-cü ildən əvvəl tərəflərin aralarında borc münasibətləri olmamışdır. Yazılarının nə vaxtdan Rasimdə olmasını bilmir, yazılar Rasimdə olub və özü ona təqdim etmişdir. Həmçinin Rasimin səs yazısını nə üçün əvvəlki məhkəmələrdə təqdim etmədiyini də, bilmir. Whatsappdan çıxarışlarda tarix yoxdur və müddət ötdüyü üçün İddiaçı tərəfindən yeni açılmış hal ilə bağlı Ali Məhkəmənin Plenumuna müraciət olunmamışdır.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Sözügedən borc tələbi ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək 76700 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yeni açılmış hal ilə bağlı plenuma müraciət olunmamışdır. Səs yazılarının nə vaxtdan Rasimdə olması müəyyən deyildir. Əgər iddiaçının əlində kifayət maddi sübutlar var idisə əvvəlki iş üzrə səs yazısını təqdim edə bilərdi. Beləliklə iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi səs yazısı sübut kimi götürülə bilməz. Ona görə də, iddia əsassız olduğundan və düzgün verilmədyindən iddia tələbinin rədd edilməsini məhkəmədə xahiş etmişdir.
İş materialları:
5. Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası təmin edilməmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)- 1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və cavabdeh İddiaçı 76700 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2538/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-138/2024 saylı 03 aprel 2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati tənbeh tədbiri görülmüş İddiaçı müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 3(050)-713/2024 saylı 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. 05 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə müraciət etmək üçün 267 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında 2014- 2017 illərdə borc münasibətləri olmuşdur və sözügedən borc tələbi ilə bağlı Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək 76700 manat pulun İddiaçı alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını tələb edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəflərin nümayəndələrinin, vəkillərinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
17. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 76700 manat məbləğində borcu vardır. Sözügedən qətnamə ilə müəyyən edilmiş faktlar hazırki məhkəmə prosesində mübahisələndirilə bilməz və yenidən sübut edilməsinə zərurət yoxdur.
18. Eyni zamanda iddiaçıya izah olunur ki, cavabdeh ilə aralarında olan öhdəlikdən kənar ödənilmiş pulu Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb etmək hüququ vardır.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddiası rədd edilməlidir.
24. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov