Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-120/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” PHŞ-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” PHŞ-nin Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” PHŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 10 sentyabr 2021-ci il tarixli, 131 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyunun və 1 baş qoçun natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 10 sentyabr tarixli, ÖM/2021-131 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 33159, 33202, 33220, 33177, 33439, 33065, 33261, 33178, 33258, 33394, 33306, 33338, 33745, 33026, 33134, 33429, 33411, 33445, 33328, 33485 və 33214 birka nömrəli 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 10 sentyabr tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 21 aprel tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 33159, 33202, 33220, 33177, 33439, 33065, 33261, 33178, 33258, 33394, 33306, 33338, 33745, 33026, 33134, 33429, 33411, 33445, 33328, 33485 və 33214 birka nömrəli 20 baş qoyun, 1 baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 08 sentyabr tarixli, **********8 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Sonda Nümayəndə3 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair 2021-ci il 10 sentyabr tarixli, ÖM/2021-131 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən ona 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Verilən qoyunlar iqlim şəraitinə uyğun qoyunlar olmamış, az müddət keçdikdən sonra qoyunlardan 1 qoyun ölmüş, digər 3 qoyunun vəziyyəti xəstəlikdən ağırlaşmışdır. Bunula bağlı baytar həkimin, ərazi nümayəndəsinin müavini və qonşuların iştirakları ilə akt tərtib edilmişdir. Baş vermiş problem ilə bağlı 14 saylı Ərazi Məşğulluq Mərkəzinə yaxınlaşaraq müdiriyyətlə görüşmüş və vəziyyəti ona izah etmişdir. Ona bildirilmişdir ki, narahat olma qoyunları dəyişərik. Lakin qoyunlar dəyişilməmişdir. 1 ay sonra yenidən həmin idarənin müdiriyyətinə yaxınlaşmış, lakin ona bildirilmişdir ki, qoyunların verilməsindən 1 aydan artıq bir müddət keçib, məsələ onların səlahiyyəti çərçivəsində olan məsələ deyil. Sonra qoyunlardan 2-si də ölmüşdür. Qalan 18 qoyunu satmış əvəzində 16 baş quzu almış, həmin quzuları böyütdükdən sonra satmış əvəzində qoyunlar almışdır. Bir sözlə verilmiş qoyunları artırmışdır və hazırda qoyunları var. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-131 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədə göstərilir ki, bu müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - Əmlak) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxsə verilməsi təşkil edir. Filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzəidə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək; əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək; təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində filiala təqdim etmək; əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Filiala məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifəsidir (2.1, 2.2, 2.3, 3.2, 3.2.2, 3.2.3, 3.2.6, 3.2.7). Müqavilənin 4.1 və 6.1-ci bəndlərinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, tərəflər bu Müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı biri ilə bağlı icra edə bilməzsə, onda o, qarşısıalınmaz qüvvənin davam etdiyi müddət ərzində belə öhdəliyin icrasından azad edilir, bir şərtlə ki, bu tərəf qarşısıalınmaz qüvvənin təsiri baş verdiyi andan sonra 3 (üç) gündən gec olmayaraq digər tərəfi qarşısıalınmaz qüvvənin baş verməsi barədə yazılı şəkildə xəbərdar etsin. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 14 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən Cavabdeh 20 baş qoyun, 1 baş qoç və 400 kq yem verilmiş, Cavabdeh həmin istifadəyə verilən əmlakları qəbul edilmiş, əmlaklar kəmiyyət və keyfiyyat baxımından yararlıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 aprel 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh qoyunçuluq təsərrüfatı məqsədilə 21 baş xırdabuynuzlu heyvan verilmişdir. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bu müddət ərzində verilən malları satmışdır. Yoxlama zamanı 21 baş xırdabuynuzlu heyvan aşkar edilməmişdir. Vətəndaş ona verilən aktivlərin satdığını, yerinə 14 baş quzu aldığnı bildirmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixili aktda göstərilir ki, Cavabdeh verilmiş 33445 birka nömrəli qoyun xəstəlikdən ölmüşdür, 3 qoyun xəstədir. Akt baytar həkim, ərazi nümayəndəsinin müvaini və qonşular tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı “X2” PHŞ tərəfindən 10 sentyabr 2021-ci il tarixli, 2021/ÖM-131 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. Cavabdehə verilmiş 20 baş qoyundan 1 baş qoyun xəstəlikdən ölmüşdür. Bunula bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Aktda 1 baş qoyundan başqa digər 3 baş qoyunun xəstə olması göstərilsədə həmin qoyunlarında ölməsi (qoyunun xəstə olması ölməsini təsdiq etmir, xəstə qoyun sağalada bilər və ya ölədə bilər, hər bir halda bu sübut olnmalıdır.) ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, “X2” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” nın 8.3-cü yarımbəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (385.2). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115.1). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoç verilmiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə riayət etməyərək ona verilmiş qoyunları satmışdır. Cavabdeh tərəfindən verilmiş qoyunlardan 1 baş qoyunun ölməsi barədə sübut təqdim edilsədə (akt, fotoşəkillər), ölməsini iddia etdiyi digər 2 baş qoyun barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı sədrlik edən tərəfindən iddiaçının nümayəndəsinin diqqətinə çatdırılmışdır ki, bildirirsiniz ki, qoyunlar cavabdeh tərəfindən satılıbdır. Belə olduğu halda qoyunların dəyərinin tələb edilməməsi soruşulmuşdur. Nümayəndə isə qoyunların yalnız natura şəklində qaytarılmasına dair Agentlikdən göstərişin olduğunu, digər növbədə olan vətəndaşların təmin edilməsini bildirmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 10 sentyabr 2021-ci il tarixli, 131 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 19 baş qoyun və 1 baş qoç alınaraq natura şəklində “X2” PHŞ-yə verilməlidir. Göründüyü kimi iddia qiymətləndirilməyən iddiadır və qanunvericiliklə buna görə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı belə bir rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia qismən təmin edilsədə iddia qiymətləndirilməyən iddia olduğundan bu dövlət rüsumunun məbləğinə təsir etmədiyindən qiymətləndirilməyən iddia üçün ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 10 sentyabr 2021-ci il tarixli, 131 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 19 baş qoyun və 1 baş qoç alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X2” PHŞ-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-120/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-120/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver