Məhkəmə qərarları › İş №e-2(050)-121/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-121/2025

09.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-121/2025 09.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayədəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan əsassız əldə etdiyi 1500 manat pul vəsaitinin, 650 manat vəkilə və order markasına ödənilən haqqın, 41.50 manat dövlət rüsumunun, cəmi 2191.50 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçının nümayəndəsi tələbi onunla əsaslandırmışdır ki, cari ilin may ayının 29-da Tağıyev X4 rayon icra şöbəsinin əməkdaşı ilə əleyhinə çıxarılan məhkəmənin qərarının icrasından və ona qarşı edilən haqsızlıqlardan bəhs etdiyi zaman, həmin şəxs görüşə Cavabdeh dəvət etmiş və bildirmişdir ki, Bəxtiyar adlı şəxs İddiaçılə tələbkar Elçin Mirzəyevlə olan borc münasibətlərinin xitamında köməklik göstərə bilər. Görüşə gələn Cavabdeh yalnız özünə məxsus bank kartına 1500 manat vəsaitin ödənilməsindən sonra kömək edə biləcəyini söyləmiş, lakin İddiaçı tərəfindən sözügedən vəsait onun kartına köçürüldükdən sonra heç bir tədbir görməmiş və pulun geri qaytarılmasından imtina etmişdir. 1500 manat məbləğində pul vəsaitinin İddiaçı 416973******8490 kart hesabından Cavabdeh 416973******6569 kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 22:05-də köçürülmüş, bank tərəfindən ödənişi təsdiq edən ********* nömrəli qəbz təqdim edilmişdir. İddiaçının vəkili iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehin kart hesabına 1500 manat pul vəsaitinin köçürülməsi bank qəbzi ilə təsdiq edilmiş, həmin pul vəsaitinin almasını cavabdeh məhkəməyə təqdim etdiyi teleqramla da etiraf etmişdir. Cavabdehin guya onun həyat yoldaşı ilə iddiaçı arasında borc münasibətlərinin olması dəlilinə gəldikdə, məhkəməyə təqdim edilən müqavilənin mətni ilə, nə də ki, hansısa başqa sənədlə iddiaçının cavabdehin yoldaşından borc pul alması təsdiqlənmir. Əksinə, məhkəməyə təqdim edilən səs yazılarından görünür ki, iddiaçı ilə cavabdeh arasında pul münasibətləri tamamilə başqa bir məsələylə bağlı olmuş və cavabdeh iddiaçıdan hətta əlavə ödəniş də tələb etmişdir. İddiaçının nümayədəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin və iddia ərizəsinə əlavədə qeyd edilmiş xüsusatların məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehə verilmiş 1500 manat pul onun iddia ərizəsinə etirazında qeyd etdiyini, lakin bunun dolayı yolla guya həyat yoldaşı Şəfaqətə Rasimin borclu olduğu borcun ödənişi kimi göstərməyə cəhd etmişdir. Lakin, şahid ifadəsində məlum olmuşdur ki, həmin 1500 manat pul cavabdehə hansı şəraitdə və hansı şərtlər altında verilmişdir. Bu halda cavabdeh həmin pulun verilməsini arvadına olan borcun ödənilməsi kimi göstərməklə pərdələməyə çalışmışdır. Bundan başqa səs yazılarında da Bəxtiyarın həmin şəxslərlə, Elçini şərləmək üçün onların etibarında sui-istifadə edib, onları şahid kimi qeyd edildiyini göstərərək müqavilələrə imza etdirmişdir. Bundan başqa həmin məsələnin araşdırılması hazırki işə aidiyyatı olmasa da, pulun məhz Bəxtiyarın kart hesabına köçürülməsi kifayət qədər sübut olunur. Bundan başqa Bəxtiyarın arvadı Səfaqət Rzayeva ilə Rasim arasında bağlanmış müqavilədə Rasim imza etdikdən sonra qeyd etmişdir ki, -“bildirirəm ki, yüz min manat borc müqaviləsi mənim iştirakımla yazıldı. Əvəzsiz olaraq imzamla təsdiq edirəm”. Yəni Rasim orada yüz min manat pulu aldım qeyd etməyib. Çünki Bəxtiyar ona şahid kimi olaraq imza etdirməyi bildirmiş, o, da Bəxtiyara inanaraq imza etmişdir. Odur ki, iddinın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək, ərizəsində göstərmişdir ki, İddiaçı iddia edir ki, o, İddiaçı Elçin Mirzəyevlə aralarında olan borc münasibətinin xitam veriləcəyi adı ilə ondan 1500 manat pul almışdır. İddia ərizəsində qeyd olunanlar tamamilə yalan və böhtandır. O, İddiaçı onun Elçin Mirzəyevə olan borc münasibətlərinə görə hər hansı bir məbləğdə pul almamışdır. Düzdür, İddiaçı onun kart hesabına 1500 manat pul göndərib, bu isə İddiaçı onun həyat yoldaşı ilə aralarında bağlanmış borc müqaviləsindən irəli gəlir. Belə ki, İddiaçılə həyat yoldaşı Şəfaqət Rzayeva arasında bağlanmış borc müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə 2 illik müddətə 100 000 (yüz min) manat borc almışdır. Onun kartına göndərdiyi 1500 manat da həmin borc müqaviləsi əsasında almış olduğu borc puldan qaytarması ilə əlaqədar olmuşdur. Çünki İddiaçı həyat yoldaşından aldığı borcu qaytarmadığı üçün İddiaçı müraciət edərək əgər almış olduğu borcu qaytarmasa, müvafiq qaydada barəsində borc tələbi ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Etdikləri tələblərdən sonra İddiaçı onlara olan borcundan 1500 manatı onun kart hesabına göndərmişdir. Lakin, borcunun qalan hissəsini qaytarmamışdır. İddiaçı isə onlara olan borcunu qaytarmasını tələb etdikləri üçün onları qabaqlayaraq belə bir böhtan xarakterli iddia ilə məhkəməyə müraciət edərək ona şər atamaqla ondan pul tələb edir. Əslində isə qeyd etdiyi kimi Rasimin onlara böyük məbləğdə borcu vardır. Belə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olmaqla şər-böhtandan başqa bir şey deyildir və qanunun tələbləri ilə onun hüquqları qorunmalı, iddia tələbi rədd olunmalıdır. Odur ki, İddiaçı ona qarşı pul tələbi barədə iddia ərizəsinə qəti olaraq etiraz edir və həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh əvvəlki məhkəmə prosesləri ərəfəsində teleqramla müraciət edərək göstərmişdir ki, İddiaçı onun kart hesabına 1500 manat pulu onun həyat yoldaşına olan 100 000 manat borcundan ödəmişdir. Rasimin onun yoldaşı Rzayeva Şəfaqətlə aralarında borc müqaviləsi bağlanmışdır. Rasim onun yoldaşından 100 000 manat almasını yazıb təsdiq etmişdir. Həmin müqaviləni də yaxın vaxtda məhkəməyə təqdim edəcək və pulu iddia qaldıraraq tələb edəcəkdir. Ona görə də məhkəmənin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Hüseynbala oğlu ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisi, həmçinin dostudur. X8 kənd sakini Elçin Mirzəyev adlı şəxsə məhkəmə qətnaməsinə əsasən 76 000 manat borcu vardır. Rasim Türkiyə Respublikasından gəldikdən sonra həmin borca görə 10 gün həbs edilmişdir. Rasim həbsdən çıxdıqdan bir gün sonra onunla görüşmüşlər və Təzə Alvadı kəndində yerləşən Gənclik restoranında yemək yeməyə getmişlər. Bu zaman Rasimin əvvəldən tanıdığı icra məmuru işləyən Emini görmüş və Emini öz yanlarına dəvət edib söhbət etmişlər. Bu zaman Rasim ona Elçinə borcu olduğunu və Elçinin borca görə ona icra şöbəsi tərəfindən çətinliklər yaratdığını bildirmiş, həmçinin Eminin ona necə kömək edə biləcəyini soruşmuşdur. Emin də ona bildirmişdir ki, Elçinin onun tanışı olan Cavabdeh borcu vardır və bu məsələdə Bəxtiyar ona kömək edə bilər. Rasim də onunla razılaşmışdır. Daha sonra Emin Bəxtiyarın digər masada elə onunla birlikdə olduğunu, bir azdan onlara işarə edib onların Bəxtiyarın yanına gəlməsini bildirəcəyini və birlikdə bu barədə danışmalarını təklif etmişdir. Biraz sonra onlar Bəxtiyarın oturduğu masaya yaxınlaşmışlar, oturub söhbət etmişlər. Bu zaman Bəxtiyar Elçinin onun oğluna 15 000 manat, özünə isə 30 000 manat borcu olduğunu və bu səbəbdən də onunla danışıb, onu qorxudub Rasimdən pul tələb etməməsi üçün təsir edəcəyini bildirmişdir. O, bu işin həll olunması üçün 15000 manat alacağını və ilkin ödəniş ödəməyini istəmişdir. Rasimə pulu varsa ona pul verməsini bildirmiş və Rasim də kartında 1500 manat olduğunu bildirmişdir. Rasim həmin 1500 manat pulu Bəxtiyarın kartına həmin vaxt göndərmişdir. Bundan sonra səhəri gün Bəxtiyar Rasimə zəng edib onun guya Elçinə 100 000 manat borc verməsini əks etdirən müqavilə hazırladığını, həmin müqaviləni şahid kimi imzalamalı olmasını, bu yolla Elçinə təsir göstərib pulun tələb edilməsinə mane olacağını bildirmişdir. Razılaşmaya əsasən məhkəmənin qarşısında Bəxtiyarla görüşüb, sənədin mətnini oxumadan Bəxtiyarın verdiyi kağıza imza etmiş və qayıtmışdır. Sonra eyni qayda ilə Bəxtiyar onun özünü də Rasimin tanışı olduğundan çağırıb imza etməli olduğunu bildirmiş, o da sənədin məzmununu oxumadan imzalamışdır. İmza çəkməkdə məqsədi isə Rasimə kömək etmək olmuşdur. Bəxtiyar həmçinin onlara demişdir ki, Bəxtiyarın Rasimə pul verməyi barədə Rasimin üzünə duracaqsız. Sonradan onlara məlum olmuşdur ki, Bəxtiyar arvadının adından tərtib edilmiş borc müqaviləsinə imza etdirmiş və həmin müqavilənin mətnində Bəxtiyarın arvadından guya 100 000 manat borc alması qeyd edilmişdir. Eyni ilə də Rasimə də eyni məzmunlu sənəd imzalatdırılmışdır. Qeyd edilən müqavilələri imzaladıqdan sonra Rasimin qardaşı Hacı Fəzailə danışdıqda, Fəzail onlara demişdir ki, siz düzgün etməmisiz və yalançı şahid durmaq olmaz. Bundan sonra onlar yenidən Bəxtiyara zəng etmişlər, Bəxtiyar onlara elə həmin restoranda olduğunu bildirmişdir. Bəxtiyarla görüşmələrində məqsədləri həmin müqavilələrin mətnlərinə baxmaq olmuşdur. Həmçinin bu zaman telefonla səs yazmaq qərarına gəlmişlər ki, gələcəkdə bu barədə problemləri olmasın. O, Bəxtiyardan onlara nəyə imza etdiyini soruşduqda, Bəxtiyar demişdir ki, həmin sənəddə Elçinə guya 100 000 manat borc verdiyini və onların da buna şahidlik etmələri barədə imza etdirdiyini bildirmişdir. Bu zaman Bəxtiyara demişdir ki, Rasimin işinə görə ona verdikləri 1500 manat pulu da istəmirlər, amma həmin imza etdikləri sənədi cırıb atsın. Bəxtiyar isə sənədlərin maşında olmasını və onu sabah onlara verəcəyini demişdir. Söhbətin üstündən bir neçə gün keçsə də, Bəxtiyar müxtəlif bəhanələr gətirərək onlara verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkilinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, 1500 manat məbləğində pul vəsaiti həmin tarixdə saat 22:05-də İddiaçı 416973******8490 kart hesabından Cavabdeh 416973******6569 kart hesabına köçürülmüşdür. 03 yanvar 2022-ci il tarixli yazılı “borc müqaviləsi”ndən görünür ki, Tağıyev X5 Şəfaqət Aydın qızı arasında 2 il müddətində 100 000 manat borc pulun verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilədə İddiaçı və X1 adlarının qarşısında imzalar vardır. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 nikahlarını 07 fevral 1999-cu il tarixdə, 01 nömrəli akt qeydi ilə, Masallı rayon Həsənli kənd ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ona hüquqi yardım göstərilməsi məqsədi ilə Vəkil 650 manat pul ödəmişdir. Məhkəmə iclasında iddiaçının vəkili tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə olan 06 dəqiqə, 10 saniyəlik olan səs qeydindən məlum olur ki, səs qeydinin 02:26-cı saniyəsində İddiaçı Cavabdehla telefonla əlaqə saxlayarkən söhbət zamanı ona Elçin Mirzəyevlə olan pul mübahisələrinə görə işin həll olunmasını 15000 manata razılığa gəldiklərini, həmin puldan 1500 manat pul verdiyini bidirmiş və əlavə olaraq da 13500 manat pulu işin həll olunmasından sonra verəcəyini bildirmişdir. Bəxtiyar işin həll olunması üçün pulun hamısını verilməsini tələb etsə də, İddiaçı ona qardaşı icazə vermədiyindən pulun hamısını ona verə bilmədiyini bildirir. Cavabdeh 1500 manat pulu onun məsələsinin həll olunması üçün almadığını təkzib etmir. Əsaslandırıcı hissə Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh kart hesabına 1500 manat pulu göndərmişdir. Qeyd edilən hal işin mübahisə olunmayan tərəfidir. İşin mübahisəli halları isə odur ki, iddiaçı qeyd edilən məbləğdə pulu cavabdehə verməkdə məqsədi Elçinin ondan borcu tələb etməməsi üçün Cavabdeh Elçinə təsir edəcəyi ilə əlaqədar verdiyini qeyd etmiş, cavabdeh isə həmin pulun arvadı X2 iddiaçının borclu olduğu 100 000 manat borcundan ödəniş etməsi ilə əlaqələndirərək iddia tələbinə etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin arasında sübutetmə yükünə uyğun olaraq iddiaçı iddia tələbində irəli sürdüyü tələbin əsası kimi 1500 manat verilməsini təsdiq edən sənədi, həmin pulun hansı məqsədlə verildiyini müəyyən edən sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə pulu aldığını etiraf etmiş, lakin iddiaçının göstərdiyi səbəbə görə deyil, arvadına olan 100 000 manat borcundun ödəniş edildiyini bildirsə də, həmin müqavilənin arvadının adına olması, tələb hüququnun arvadına məxsus olmasına baxmayaraq, dolayısı yolla başqa şəxsin tələb hüququndan çıxış etməsinin əsaslarını, eyni zamanda iddiaçının irəli sürdüyü tələbin təqdim etdiyi borc müqaviləsi ilə bağlı olduğunu sübut edə bilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddiaçının bildirdiklərinin həqiqətə uyğun olduğu qənaətinə gəlir. Belə ki, iddiaçı 1500 manat pulu Elçinə olan borcunun ondan tələb edilməməsi üçün Bəxtiyara verdiyini, Bəxtiyar bu işdə ona köməklik edəcəyini, Elçinin ondan pul tələb etməyəcəyini vəd verdiyini qeyd etmişdir. Bəxtiyar ondan 1500 manat pul alsa da, ona hər hansı formada köməklik etməmiş, əksinə guya Bəxtiyarın arvadından 100 000 manat borca pul aldığını nəzərdə tutan müqaviləni aldadaraq ona imzalatdırmışdır. Qeyd edilənlərlə bağlı məhkəmə iclasında səs yazısı tədqiq edilərkən Bəxtiyarın söhbət zamanı Elçinə təsir etməyin onun üçün rahat olduğunu, Elçinin ona və oğluna böyük məbləğdə borcu olduğunu, eyni zamanda telefon əlaqəsi zamanı yazılmış səs yazısında Bəxtiyar 1500 manat pulu Rasimdən məhz Elçinə təsir göstərmək məqsədi ilə aldığını etiraf etmişdir. Məhkəmə iddiaçının vəkilinin cavabdeh tərəfindən təqdim edilmiş 100 000 manat borcun verilməsi ilə bağlı müqavilənin etibarlılığına dair bildirdiklərinə qiymət verməyi zəruri hesab etmir. Ona görə ki, hazırki tələblə borc müqaviləsinin hər hansı bağlılığı müəyyən edilmir. Məhkəmə iclasında izahatı alınmış Şahid da İddiaçı dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi qənaətinə gəlir, lakin cavabdehin etirazı olaraq təqdim etdiyi borc müqaviləsinin iddiaçının irəli sürdüyü tələblə hər hansı bağlılığının olmaması qənaətinə gəlir. Çünki məhkəmədə hazırda əqddən irəli gələn tələbə deyil, cavabdehin əsassız varlanması ilə bağlı tələbə baxılır. Cavabdehin arvadı Şəfaqət Rzayeva gələcəkdə ayrıca tələblə İddiaçı pulunu tələb edə bilər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mübahisəyə Mülki məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqav ilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh əsassız varlandığından iddiaçının 1500 manat pul məbləğində tələbi təmin edilməlidir. Məhkəmə hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 650 manat pulla bağlı qeyd edir ki, vəkilə və order markasına ödənilən pulun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Belə ki, 1500 manat pul tələbi ilə bağlı iddiaçı öz sərbəst seçimi ilə vəkilə 650 manat pul ödəmiş, o, həm də vəkilə etibarnamə verərək məhkəmə iclaslarında şəxsən iştirak etməmişdir. Özü şəxsən iştirak edəcəyi halda, müəyyən məbləğdə yol xərcləri çəkəcəyi heç bir halda istisna olunmur. Məhkəmə bunları nəzərə alaraq, tələb edilən məbləğin azaldılaraq 300 manat məbləğində təmin edilməsini məqsədəmüvafiq hesab edir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 41.50 manat məbləğində pul vəsaitinin 38 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 3.5 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat pul vəsaiti, 300 manat vəkilə və order markasına ödənilən haqq, cəmi 1800 manat pul və dövlət rüsumu kimi ödənilmiş 41.50 manat məbləğində pul vəsaitinin 38 manat məbləğində hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar