Məhkəmə qərarları › İş №e-2(050)-135/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-135/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-135/2024 05.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 200 manat və dövlət rüsumu qismində ödənilmiş 55 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 oktyabr 2020-ci ildə Amil adlı tanışı vasitəsilə tanış olduğu Cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial qaydada müqavilə bağlayaraq 2500 manat pul borc vermişdir. Təxminən 1 aydan sonra cavabdeh iddiaçıdan əlavə olaraq 1000 manat borc pul almışdır. Cavabdeh götürdüyü borc pulu tez bir zamanda qaytaracağına söz versə də, 3500 manat puldan heç nə qaytarmamışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1 və 425.1 maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh Amil adlı şəxslə Bakı şəhərində yerləşən “Xəzər” Ticarət Mərkəzinə İbrahim adlı şəxsin yanına gəlib-gedərkən tanımışdır. O, ilk əvvəllər İbrahimi tanımışdır. Mirhəsənin anası xəstə idi. Bu səbəbdən Mirhəsən ondan borca pul istəmişdir. O, da insanlıq naminə, lakin ehtiyyat etdiyi üçün bunu yazılı şəkildə edə biləcəyini bildirmişdir. Tərəflər razılaşmışdılar və Cavabdeh 2500 manat borc pulun verilməsi ilə bağlı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial qaydada müqavilə bağlanmışdır. Pul notariusun depozit hesabına qoyulmuş və Mirhəsən onu qəbul etmişdir. 19 oktyabr 2020-ci il tarixdə Mirhəsən ondan yenidən borc pul istəmiş, qızıllarını lomparda qoyaraq pul götürmüş və Mirhəsənə əlbəəl 1000 manat borca pul vermişdir. Mirhəsənə sonradan 1000 manat borc pul verməsini Amil adlı şəxslə olan telefon yazışması da təsdiq edir. Mirhəsən borclu olduğu 3500 manat puldan dostu Amilin vasitəsi ilə 250 manat pulu qaytarmışdır. Amil 250 manat pulu qaytararkən bildirmişdir ki, bu pul Mirhəsənin borcuna görə qaytarılan puldur. Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsədə, heç bir nəticəsi olmamışdır. Mübahisənin həlli ilə bağlı hüquqi yardım göstərilməsi üçün vəkilə 200 manat pul ödəmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-360 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 2500 manat məbləğində borc pul vermək, cavabdeh isə aldığı borc məbləğini xx.xx.2021-ci il tarixədək borc verənə qaytarması barədə öhdəlik götürmüşdür. Müqavilənin 3-cü bəndində göstərilir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. xx.xx.2023-cü il tarixli, 62221817 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün Vəkil 200 manat pul ödəmişdir. xx.xx.2020-ci il tarixli, seriya GJN, 776941 saylı girov biletindən görünür ki, İddiaçı lomparda qızıl-zinət əşyaları girov qoyaraq 1800 manat məbləğində pul götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 55 manat pul ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır (742.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı faizsiz verilməsi şərtləşdirilmiş 2500 manat pulu cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş xx.xx.2021-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə aldığı 2500 manat puldan iddiaçının etirafedici izahatına görə 250 manatını qaytarmış, qalan pulun qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Sübutların bölgüsü baxımından cavabdeh aldığı pulun qalıq qalmış 2250 manatını qaytarmasını sübut etməlidir. Məhkəmə iddiaçının - cavabdehə sonradan, yəni 3 gün sonra yenidən əlbəəl 1000 manat borca pul verməsi, həmin pulun verilməsini lombarddan qızıl-zinət əşyaları girov qoyaraq 1800 manat pul götürməsi və Mirhəsənin dostu Amil adlı şəxslə olan telefon yazışması təsdiq etməsi barədə mövqeyinə münasibətdə bildirir ki, iş materiallarında yalnız iddiaçının izahatından başqa onun cavabdehə həqiqətən də sonradan 1000 manat pul verməsi barədə sübut yoxdur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə lombarddan 1800 manat məbləğində pul götürməsi hələ onun cavabdehə 1000 manat pul verməsini təsdiq edən sübut deyil. Belə bir məntiqə söykənmək o, demək olardı ki, iddiaçı (istənilən şəxs) lombarddan pul götürsə və desə ki, onu cavabdehə (kiməsə) verib məsələ bununla bitməlidir. Bu isə qəbul edilən deyil. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin dostu kimi qeyd etdiyi Amil adlı şəxslə olan telefon yazışması da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin telefon yazışmasının kimlər arasında olması, hansı şəraitdə, qarşılıqlı münasibətdə aparılması, yazışmada göstərilən məlumatı verən şəxsin həmin məlumatı (iddiaçının cavabdehə 1000 manat verməsi) haradan bilməsi və bununla bağlı digər məsələlər məlum deyil, onların həqiqətə uyğun olması isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı X2 şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsi barədə vəsatət vermiş, vəsatət təmin edilərək məhkəmə bildirişi şahidin yaşayış yeri üzrə ünvanına dəfələrlə göndərilsə də, o, həmin ünvanda yaşamadığı üçün məhkəmə sənədləri geri qaytarılmış, bu səbəbdən də şahidin məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2500 manat pulun cavabdeh tərəfindən ödənilmiş 250 manat hissəsi çıxılmaqla 2250 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 42.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 14, 77, 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2250 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 42.5 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar