Məhkəmə qərarları › İş №e-2(050)-2255/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2255/2025

30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2255/2025 30.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12000 mаnаt, hüquqi хidmətə görə 400 mаnаt və dövlət rüsumu kimi ödədiyi 126 mаnаt pulun аlınıb ona vеrilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mаsаllı rаyоnu Təzə Alvadı kənd sakini оlаn cаvаbdеh Cavabdeh 2023-cü ilin oktyabr ayında avtomobil icarəyə verməklə məşğul olmasını, buna görə də pula ehtiyacı olmasını bildirib 12000 manat pul lazım olmasını, 5-6 aya qaytaracağını demiş, o da qohum olduqlarından ona inanıb istədiyi məbləği vermişdir. Lakin, razılaşdıqları vaxt çatanda cavabdeh pulu verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh bir neçə şəxsdən müxtəlif məbləğlərdə pul almış və qaytarmamış, həmin şəxslər pullarını istədikdə isə Masallı RPŞyə şikayət etmişdir. Araşdırma zamanı cavabdeh özü də izahatında ondan qeyd olunan vaxtda 12000 manat pul almasını etiraf etmişdir. Həmin pulu ona hissə-hissə qaytaracağını qeyd etmişdir. Lakin, o, hazırkı vaxtadək ona pul qaytarmamışdır. Nəticədə cavabdeh onun vəsаiti hеsаbınа əsаssız vаrlаnmаqlа ona ziyаn vurmuşdur. Qеyd оlunаn pulu dəfələrlə tələb еtsə də, vеrmədiyindən məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlmışdır. Bunа görə isə 126 mаnаt məhkəmə rüsumu və vəkilin hüquqi хidmətinə görə 400 mаnаt ödəməli оlmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Ruslana 12000 manat pul vermişdir. Atası ilə danışdığı səs yazısında Ruslana deyil, atasına verdiyi pulla bağlı danışmışdır. Atasına 4000 manat ayrıca pul vermişdir. O, pulu Ruslanın atasından istəmir. Ruslan yalan danışır. Ruslan ondan 12000 manat pul almasını Polis şöbəsinə verdiyi yazılı izahatında da etiraf etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Ruslan özü Rentacar işlətmişdir. Bu barədə «Tik Tok» sosial patformasında istifadə etdiyi profildə də vardır. Bundan da o, nəticəyə gəlmək olar ki, iddia ərizəsində göstərildiyi kimi, pulu Rentacar işlətmək məqsədi ilə almışdır. Özü də polis şöbəsində izahat verərəkən 12000 manat pul almasını etiraf etmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, Aynurdan pulu hissə-hissə olmaqla 2000 manat, 500 manat, 3500 manat və sonuncu dəfə 100 manat borca pul almışdır. Aynurun onun atası ilə aralarında vatsap proqramı vasitəsi ilə səsli danışıq zamanı da Aynur 6000 manat borc pul verdiyini bildirir, həmçinin Aynur həmin danışıq zamanı 8500 manat pulun ona verilməli olduğunu bildirir. Onun cəmi aldığı pul 6100 manat olmuşdur. O, rentacar işlətmir, əvvəllər işçi kimi işləmiş, hazırda isə heç yerdə işləmir. O, özü polisə şikayət etmişdir. Polis şöbəsinə çağrılmış, lakin izahat verməmiş və onun Aynura 12000 manat borcu olduğunu bildirməmişdir. Həmin izahat onun tərəfindən yazılmamışdır. O, polis şöbəsində də Aynurdan 6000 manat pul aldığını bildirmişdir. Aynurun ondan əlavə tələb etdiyi pul onun hesabladığı faiz borclarıdır. O, eyni zamanda izahatında aldığı puldan 2000 manatı Ruslana qaytarmışdır. Lakin, qeyd edilən məbləğdə pulu iddiaçıya qaytarmasını təsdiq edəcək sübutları yoxdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işin faktiki hallarını nəzərdən keçərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Tağıyev X2 RPŞ-yə müraciət edərək, Masallı rayon Təzə Alvadı kənd sakini Cavabdeh ona 12000 manat pul borclu olduğunu bildirərək pulun ondan alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Masallı RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciət DİN-in səlahiyyətlərinə aid olmadığından mübahisənin həlli mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Masallı Rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o, təxminən bir il əvvəl Masallı rayon Köhnə Alvadı kənd sakini İddiaçı 12000 manat borca pul aldığını, imkanı zəif olduğundan hal-hazırda borcunu ödəyə bilmədiyini, əlinə pul düşdükcə hissəhissə ödəyəcəyini bildirmişdir. EM-417VK-25635/25 saylı, xx.xx.20285-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırmaq üçün müqavilə bağlanmışdır. Müqavilədə hüquqi yardıma görə 400 manat haqq ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardıma görə vəkil Nümayəndə hesabına 400 manat pul, məhkəmədə iddia qaldırmaq üçün 126 manat dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, 2023-cü ilin oktyabr ayı ərzində iddiaçı ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə cavabdehə şifahi qaydada razılaşmaqla borca pul vermişdir. Cavabdeh iddiaçıdan tələb edilən 12000 manat məbləğdə pul almadığını, 6100 manat aldığını etiraf etmişdir. Cavabdeh aldığı puldan 2000 manat pulu iddiaçının kart hesabına köçürməklə qaytardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan borca pul almaqla zahirən tərəflərin arasında borc münasibətlərinin yarandığı görünsə də, müqavilənin bağlanma formasına riayət edilmədiyindən qeyd edilən mübahisə ilə bağlı “borc müqaviləsinə” dair normalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, borc müqaviləsi adlandırılır. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin hallarından göründüyü kimi, 3000 manatdan artıq məbləğ borc məqsədi ilə cavabdehə verilsə də, tərəflərin arasında yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. Ona görə də qeyd edilən mübahisənin hüquqi əsası kimi Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı bildirir ki, İddiaçı ilə Cavabdeh arasında borc münasibətləri olmuşdur. İddiaçı məhkəmədə verdiyi izahatına əsasən cavabdehin hazırda 12000 manat borcunun olduğunu bildirsə də, cavabdeh izahatında 6100 manat borcu olduğunu etiraf etmişdir. İddiaçı cavabdehin ona həqiqətən də 12000 manat borcunun olması ilə bağlı cavabdehin polis şöbəsinə verdiyi izahatını təqdim etmişdir. Cavabdeh həmin izahatın məzmununda qeyd edilənlənlərin yanlış məlumatlar olduğunu, yalan məlumatların daxil edildiyini bildirmişdir. Məhkəmə həmin izahata qiymət verərək hesab edir ki, polis şöbəsinin X1 etdiyi müraciəti ilə bağlı vətəndaşın ilkin izahatı alınmış, cinayət xarakterli hərəkətlər müəyyən edilmədiyindən təhqiqat araşdırmasına zərurət görülməmiş, müraciətə baxılması ilə bağlı vətəndaşa cavab verilərək mülki qaydada məhkməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə yalnız məhkəmə iclasında verilmiş izahatları və təqdim edilmiş sübutları yoxladıqdan sonra mötəbər sübut kimi qiymətləndirə bilər. Digər orqanlarda mübahisə ilə əlaqədar verilmiş izahatlar qüvvəyə minmiş qərarlarda əks olunduğu halda hadisənin olub-olmaması hissəsində məhkəmə üçün əsas hesab edilə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi yalnız yuxarıda qeyd edilən qərarlar əsasında müəyyən edilən işin faktiki halları məhkəmə üçün məcburi ola bilər. Bu baxımdan da polis şöbəsində vətəndaşın ilkin müraciəti əsasında alınmış izahatda göstərilən məlumatlar iş üçün əhəmiyyət kəsb edən məlumatlar hesab edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən məhkəmənin baxış iclasında özünə məxsus mobil telefonun yaddaşında səs yazılarının olduğunu bildirmiş, həmin səs yazılarına məhkəmə iclasında qulaq asılarkən cavabdeh bir-birinə səsli mesajlar göndərərək danışan şəxslərdən birinin İddiaçı, digərinin isə özünün atası olduğunu bildirmişdir. İddiaçı həmin səsli mesajlardan məlumatının olmadığını qeyd edilən məzmunda danışığının mövcud olmadığını qeyd etmişdir. Məhkəmə həmin səsli mesajların məhkəmənin baxış iclasında təqdim edildiyini, həmçinin də həmin danışıqların mübahisə tərəflərinin arasında olmamasını nəzərə alaraq hesab edir ki, həmin səsli mesajlar sübut kimi qəbul edilməməlidir. İddiaçı cavabdehin ona məhz 12000 manat borcunun olmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə iddia tələbinin cavabdehin etiraf etdiyi miqdarda, yəni 6100 manat məbləğində təmin edilməsini, qalan hissədə isə iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia ərizəsində göstərilmiş hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 400 manat pul tələbi ilə bağlı tələbi qismən təmin edilməlidir. Belə ki, 12000 manat pul tələbi ilə bağlı iddiaçı vəkilə 400 manat pul ödəmişdir. Hazırda məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəldiyindən və tələbin təmin edilmiş hissəsi iddiaçının tələb etdiyi məbləğin yarısını təşkil etdiyindən hüquqi yardıma görə çəkilmiş xərcin yarısı, yəni 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126 manat ödənilmiş dövlət rüsumunun 81 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, 45 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6100 manat, vəkil xərcinə görə 200 manat və dövlət rüsumu qismində ödənilmiş 126 manat pul vəsaitinin 81 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar