Məhkəmə qərarları › İş №e-2(050)-2307/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2307/2024

20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2307/2024 20.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 26000 ABŞ dolları və 9200 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh 26000 ABŞ dolları və 9100 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı Fəzail Əbilov vasitəsilə tanımışdır. Belə ki, Fəzail onun uşaqlıq dostu Kamranla bir sinifdə oxumuşdur. 2020-ci ildə Fəzail ona bildirmişdir ki, qardaşı Alimin Yasamal rayonunda paltar mağazası vardır və dövriyyə malını artırmaq, Türkiyədən, Çindən paltar almaq üçün borc pul lazımdır, alacağı borcu artıqlaması ilə qaytaracaqdır. Bununla da 2020-ci ilin payız aylarında Fəzailə müxtəlif məbləğlərdə borc pul vermiş və həmin pullar ona qaytarılmışdır. 2022-ci ilin may ayında Alimə 10000 ABŞ dolları borc pul vermişdir. Bir müddət sonra Dağıstana mal vurmaq adı ilə ondan borc pul istəmiş və o, Alimə 11000 ABŞ dolları pul vermişdir. Daha sonra Şəki şəhərində də mağaza açmaq istədiyini bildirmişdir. Orada bir nəfər tanışı olduğunu, onun vasitəsilə iş görəcəyini bilmişdir və ona inanaraq 5000 ABŞ dolları pul vermişdir. Bir müddət sonra verdiyi pulları geri tələb etdikdə çətinlikləri olduğunu, pandemiya səbəbindən alver olmadığını bildirərək ona möhlət verilməsini xahiş etmiş və aldığı pulların hamısını qaytaracağına söz vermişdir. İddiaçı pandemiya dövründə verdiyi pullardan əlavə hissə-hissə olmaqla ümumilikdə 3000 manat Alimə borc pul vermişdir. Cavabdeh 2023-cü ildə avqust ayında malların karqoda qaldığını əsas gətirib, iddiaçıdan 5400 manat və 5500 manat pul almışdır. Sonuncu aldığı 5500 manat puldan cəmi 800 manat pul qaytarmış və 4700 manat borclu qalmışdır. 2023-cü ilin noyabr ayında məhkəməyə müraciət etdikdən sonra cavabdeh həmin ilin dekabr ayında borcundan 4000 manat qaytarmış və 2024-cü ilin may ayına qədər möhlət istəyib bütün borcu qaytaracağını bildirmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsini geri götürmüşdür. İddiaçı aldığı pulları geri istədikdə müxtəlif bəhanələr gətirərək, borcu etiraf etmiş və qısa müddətdə qaytaracağına vədlər vermişdir. Bu barədə telefon danışıqları, sms və “WhatsApp” yazışmaları, səs yazıları məhkəməyə təqdim edilmişdir. Lakin bütün bu vədlərin yalan olduğunu, aldığı borcları qaytarmaq fikrinin olmadığını başa düşdüyündən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh iddiaçıya 10000 ABŞ dolları, 5000 ABŞ dolları, 11000 ABŞ dolları, 5400 manat, 3000 manat, 700 manat olmaqla, ümumilikdə 26000 ABŞ dolları və 9100 manat borcu vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, borcu qəbul etdiyini bildirdi. Lakin maddi imkanı zəif olduğundan ödəyə bilmədiyini qeyd etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 251 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin hallarından və iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Cavabdeh borcu etiraf etmişdir. İşin hallarına əsasən cavabdeh borcunu hal-hazıradək qaytarmamışdır. Tərəflər arasında bağlanılmış 3000 manat məbləğində müqavilə qanunvericiliyin tələblərinə zidd olmadığından etibarlıdır. Lakin tərəflər arasında bağlanılmış digər borc müqavilələrinin predmeti 10000 ABŞ dolları, 5000 ABŞ dolları, 11000 ABŞ dolları, 5400 manat və 700 manat (5500 manat borc müqaviləsi üzrə ödənilməmiş hissə) olmaqla, ümumilikdə 26000 ABŞ dolları və 9100 manat borcdur və qeyd edilən müqavilələrə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbləri pozulmuş, müqavilələr yazılı formada bağlanılmalı olduğu halda, şifahi formada bağlanılmışdır. Belə olan halda isə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlərə MM-nin 337.5-ci maddəsi tətbiq edilməli, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni cavabdeh tərəfindən 26000 ABŞ dolları və 9100 manat pul iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu 251 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26000 ABŞ dolları və 9100 manat pul və 251 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar