Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2516/2025 13.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 10650 (on min altı yüz əlli) manat məbləğin, məhkəmə rüsumu olaraq köçürdüyü 121 manat 95 qəpik pulun, həmçinin Zaqatala rayonundan Masallı rayonuna məhkəməyə gediş-gəliş xərcləri kimi ən azı üç məhkəmə prosesi üçün hər dəfə 50 manat olmaqla, ümumilikdə 150 manat yol xərclərinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh təxminən bir ildir tanıyır. 2025-ci ilin yanvar ayında cavabdeh ondan işlədiyi mağaza üçün yeni mallar almaq məqsədilə 12150 (on iki min yüz əlli) manat məbləğində borc almışdır. O, həmin borcu mart ayının sonuna kimi qaytaracağına dair vəd vermiş, lakin bu məbləğdən yalnız 1500 (bir min beş yüz) manat qaytarmışdır. Bu ilin 23 mart tarixində cavabdeh bildirib ki, pulu qaytara bilmir. Bununla əlaqədar olaraq, ondan bu barədə yazılı izahat verməsini tələb etmişdir. Hazırkı vaxtadək cavabdeh ona qalıq 10650 (on min altı yüz əlli) manat məbləğində borcu qaytarmamışdır. Dəfələrlə borcun ödənilməsini tələb etsə də, cavabdeh borcunu ödəmək niyyətində olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.
Tərəflərin izahatları:
3. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ondan aldığı 12150 manat məbləğində borcdan cəmi 1500 manat məbləğində pul qaytarmışdır. Lakin hazırda cavabdehdən 5000 manat məbləğində borc tələb edir. Bakı şəhəri Yasamal rayon Polis idarəsində müstəntiq Orxan Süleymanlı tərəfindən də, onun şikayəti əsasında bu məsələ ilə bağlı araşdırma aparılır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının oğlu İddiaçı 2025-ci ildə aprel ayının əvvəli 7000 manat borca pul almış və 7000 manat pulu əlbəəl olaraq iddiaçının özünə qaytarmışdır. İddiaçıya 12150 manat borcunun olması barədə 23 mart 2025-ci il tarixli ərizəni iddiaçının iştirakı ilə onun evində Bakıda yazmışdır. İddiaçı ona hədə-qorxu gələrək əxlaqsız qadınları valideyinlərinin yanına apararaq onunla əlaqələri olduğunu və onu rüsvay edəcəyini dediyi üçün həmin ərizəni yazmışdır. Lakin ərizəni yazdıqdan sonra buna gərək bilmədiyindən və ailəsini narahat edəcəyindən ehtiyat etdiyi üçün heç bir yerə şikayət etməmişdir. Ərizə yazandan sonra isə iddiaçıya 800 manatı kart vasitəsi ilə olmaqla cəmi 1500 manat məbləğində ödəniş etmişdir. 7000 manatdan əlavə iddiaçı ilə aralarında 10000-15000 manat pul mübadiləsi olmuş və həmin pulları da, tam qaytarmışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə iddiaçının istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə iddiaçının şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı 12 oktyabr 2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq yol uzaqlığı ilə bağlı məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 13 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbindən iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. 23 mart 2025-ci il tarixli kağız üzərində yazının surətindən görünür ki, “Quliyev X6 rayonu, Həsənli kənd sakini Zaqatala rayonu, Qımır kənd sakini İddiaçı 12150 manat pul götürmüşdür. X1 ilə mağaza işlətmişlər. İddiaçı 2 aya 12150 manatı qaytarılmasına söz vermişlər. Lakin 12150 manat pulu qaytara bilməmişlər.
10. İddiaçı tərəfindən Yasamal rayon Polis İdarəsinə ünvanlanmış 10 iyul 2025-ci il tarixli ərizənin surətindən görünür ki, 2025-ci ilin yanvar ayının 25-də artıq bir ildir tanıdığı Cavabdeh (əlaqə nömrələri: ***-***-**-**; ***-***-**-**) onu aldadaraq 12150 (on iki min yüz əlli) manat məbləğində pulunu mənimsəmişdir. Belə ki, cavabdeh tanıdığı şəxsdən ucuz qiymətə mağaza götürərək işlədəcəyi və bu işə onu da, şərik edəcəyi vədi ilə pulu almışdır. Pulu aldıqdan bir müddət sonra cavabdeh bildirib ki, əlavə şəriki var və qazanc yoxdur, lakin tezliklə pulu qaytaracağını vəd etmişdir. Həmin vaxtdan bu günə qədər o, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul qaytarmışdır. Hazırkı günə kimi Cavabdeh ona vurduğu 10650 (on min altı yüz əlli) manat məbləğində ziyanı ödəməmişdir. Ondan dəfələrlə bu məbləği tələb etməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmaq niyyətində olmamışdır. Bildirir ki, 2025-ci il yanvar ayının 23-də pulu Cavabdeh Bakı şəhəri, Yasamal rayonu ərazisində vermişdir.
11. Cavabdeh Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatının surətindən görünür ki, İddiaçı ərizə və izahatında göstərdiyi məlumatlar həqiqəti əks etdirmir. Belə ki, qeyd olunan şəxs 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart ayınadək Bakı şəhəri, Yasamal rayonu, 6-cı Əhmədov küçəsində yerləşən köşkdə satıcı kimi çalışmış, bu müddət ərzində İddiaçı oğlu Qurban vasitəsilə ondan ticarət məqsədilə müxtəlif məbləğlərdə pul almışdır. Sonuncu dəfə 2025-ci ilin mart ayında alınan 7000 manat məbləğində pul həmin ilin aprel ayında tam şəkildə geri qaytarılmış, lakin üzərinə hesablanmış 25 faiz qazanc pulu – 1750 manat ödənilməmişdir. Məhz bu səbəbdən İddiaçı qeyd olunan şəxs barəsində əsassız şikayətlər etmişdir.
12. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 30 iyul 2025-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/1141 saylı materialda və Cavabdehnın əməlində Azərbaycan Respublikası CM- nin 178-ci maddəsinin tərkibəlamətlərinin olması, bu kateqoriya işlər üzrə ibtidai istintaqın aparılmasının məcburiliyi nəzərə alınmaqla, toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə Yasamal RPl-nin İstintaq şöbəsinə göndərilmişdir.
13. X2 Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində verdiyi izahatının surətindən görünür ki, yuxarıda göstərilən ünvanda yaşayır və "xxxx" MMC-də kassir vəzifəsində çalışır. İddiaçı şikayət ərizəsi və izahatı ilə əlaqədar olaraq bildirir ki, o, həmkəndlisi Cavabdehlə birlikdə qazilərə məxsus, ünvan 2 ünvanında yerləşən köşkü (dəqiq tarix xatırlanmır) 2024-cü ilin oktyabr-noyabr aylarında icarəyə götürərək işlətmişlər. Köşkün aylıq icarə haqqı 1000 manat təşkil etmişdir. Köşkü işlətmək və mal almaq məqsədilə bir neçə dəfə İddiaçı müxtəlif məbləğlərdə pul götürülmüş, həmin pullarla mallar alınıb satıldıqdan sonra borclar geri qaytarılmışdır. Sonuncu dəfə 2025-ci ilin yanvar ayında İddiaçı hissə-hissə olmaqla ümumilikdə 12150 manat məbləğində pul alınmışdır. Lakin ticarət uğurlu olmamış, bu səbəbdən də, həmin pul tam şəkildə qaytarıla bilməmişdir. Qeyd olunan məbləğdən onun payına 6075 manat düşmüş, bu məbləğin bir hissəsi hissə-hissə ödənilmiş, hazırda isə 5075 manat borcu qalmışdır. Bildirilir ki, İddiaçı onun barəsində hər hansı şikayəti yoxdur. İddiaçı yalnız Cavabdeh qarşı Masallı Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş üzrə məhkəmə araşdırması davam edir. Məhkəmənin nəticəsi barədə isə məlumatı yoxdur. Yekun olaraq, o, bir daha qeyd edir ki, İddiaçı ondan şikayəti yoxdur, yalnız Cavabdeh ona verəcəyi 6075 manat pulu etiraf etmədiyi üçün İddiaçı ondan şikayət etmişdir.
14. 05 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 123 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 2025-ci ilin yanavr ayında 12150 (on iki min yüz əlli) manat məbləğində borc pul almış və bu barədə 23 mart 2025-ci il tarixdə yazılı qaydada kağızla təsdiq etmişdir. Cavabdeh borca aldığı 12150 manat puldan iddiaçıya 1500 manat ödəmiş, qalan 10650 manat borcu bugünədək ödəməmişdir. İddiaçı pulun qaytarılmasını tələb etsə də, Cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı ondan 5000 (beş min) manat məbləğində borc pul, Zaqatala rayonundan Masallı rayonuna məhkəməyə gediş-gəliş xərcləri kimi 150 manat pul və ödənilmiş dövlət rüsumuna görə 121 manat 95 qəpik məbləğində pul vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bəndinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 123 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi:
21. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
23. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
24. Hazırkı iş üzrə iddiaçı cavabdehdən borca verdiyi 12150 manat pulun 5000 manat hissəsinin tutulmasını xahiş edir.
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin kağızın üzərində “İddiaçı 12150 manat pul götürmüşəm. İddiaçı 2 aya 12150 manatı qaytarılmasına söz vermişik” yazdığı qəbzə əsasən cavabdeh 12150 manat məbləğində pulu iddiaçıdan almış və aldığı pulu geri qaytaracağı barədə söz vermişdir. Məhkəmə iclasında da, cavabdeh həmin yazının onun tərəfindən yazıldığını etiraf etmişdir. Tərəflər arasında bocla bağlı müqavilə olmadığından cavabdeh hüquqi əsas olmadan, yəni müqavilə əsası olmadan iddiaçı tərəfindən ona verilən 12150 manat pul hesabına varlanmış hesab olunur. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də, cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
27. Beləliklə, iddiaçının cavabdehə 12150 manat məbləğində pulu verməsi işin mübahisəsiz halıdır.
28. İddiaçı cavabdehdən Zaqatala rayonundan Masallı rayonuna məhkəməyə gedişgəliş xərcləri kimi ən azı üç məhkəmə prosesi üçün hər dəfə 50 manat olmaqla, ümumilikdə 150 manat yol xərclərini tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, iddiaçı bir dəfə məhkəmə hazırlıq iclasında iştirak etmiş, digər məhkəmə iclaslarında iştirak etməmiş və ərizə göndərmişdir. İddiaçının özünün məhkəmə iclasında iştirak etməsi onun özünün seçim xüsusiyyətinə malik olması baxımından bu məsələ ilə bağlı cavabdehdən vəsait tələb olunması əsassızdır. Eyni zamanda iddiaçı gediş-gəliş xərcləri barədə hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
29. Bundan başqa cavabdeh iddiaçının oğlu İddiaçı 2025-ci ildə aprel ayının əvvəli 7000 manat borca pul aldığını və pulu əlbəəl olaraq iddiaçının özünə qaytardığını, iddiaçıya borcu olmadığını, iddiaçıya 12150 manat borcunun olması barədə 23 mart 2025ci il tarixli ərizəni isə iddiaçının hədə-qorxusu nəticəsində yazdığını bildirmişdir.
30. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir.
31. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
32. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 123 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5000 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
33. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov