Məhkəmə qərarları › İş №e-2(050)-2578/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2578/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2578/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə. İddiaçı şirkətinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə sürücü Cavabdeh idarə etdiyi “Mercedes Benz E 270 CDİ Minik” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İddiaçı şirkətinə (“Şirkət”) məxsus mühafizə məqsədi ilə çəkilən hasara çırparaq qəza törətməsi nəticəsində Şirkətə vurulmuş 1492 manat məbləğində ziyanın və ödənilmiş 34.92 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), “AZEN X5.Vi.” şirkəti ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında 29 sentyabr 2004-cü il tarixində imzalanmış “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və 15 may 2005-ci il tarixində Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının qanunu dərc edilməklə qüvvəyə minmişdir. Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkətinə 01 sentyabr 2005-ci il tarixindən Saziş ərazisində neftqaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. xx.xx.2024-cü il tarixdə “Mercedes Benz E270 CDİ Minik” markalı, **- OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus mühafizə məqsədi ilə çəkilən hasara çırpılaraq Şirkətə ziyan vurmuşdur. Bundan sonra Şirkət tərəfindən 013/496 saylı, xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə və Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 yol nəqliyyatı hadisəsi barədə məlumat verilmiş və qəza hadisəsi ilə bağlı zəruri sənədlərin (tərtib edilmiş protokolun və sürücü barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarının surətinin) İddiaçı şirkətinə və həmin şəxs tərəfindən Şirkətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə rəsmi müraciət edilərək xahiş edilmişdir. Bundan sonra Şirkətə Binəqədi RPİ tərəfindən 3-13-46/2-23709 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ünvanlanaraq, qəzanı törədən şəxs Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə barəsində BDYPİ tərəfindən AR İzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edildiyi qeyd edilmişdir. Hadisə nəticəsində Şirkətə məxsus neft quyularının mühafizəsi məqsədi ilə çəkilən hasarın 20 metr hissəsi dağılaraq yararsız vəziyyətə düşmüş və Şirkət tərəfindən həmin hasarın təmir-bərpa işlərinə 1492 manat məbləğində xərc çəkiləcəyi nəzərdə tutulmuşdur. Həmin xərclərin müəyyən edilməsi qaydası göstərilməklə Şirkətin aidiyyəti əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdi. Odur ki, həmin məbləğin cavabdehdən tutulması xahiş olunur. İddiaçı şirkətinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumant verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin şirkətin nümayəndəsi X1 ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tətqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh AR İzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Cavabdeh Binəqədi RPİ-də verdiyi izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 270 CDİ Minik” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi-Balaxanı yolunda hərəkətdə olarkən idarəetməni itirərək yolun sağ kənarında neft ərazisinin turbadan olan hasarı ilə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, sürücü sərxoş vəziyyətdə olmamışdır. 22 iyul 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Mercedes Benz E270 CDİ Minik” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoldan çıxaraq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus mühafizə məqsədi ilə çəkilən hasara çırpılaraq Şirkətə ziyan vurmuşdur. Hadisə nəticəsində Şirkətə məxsus neft quyularının mühafizəsi məqsədi ilə çəkilən hasarın 20 metr hissəsi dağılaraq yararsız vəziyyətə düşmüş və nəticədə şirkətə 1492 manat məbləğində ziyan dəymişdir. Dövlət rüsumunun ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı şirkəti məhkəmədə iddia qaldırmaq üçün 34.92 manat rüsum ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə qeyd edir ki, maddi ziyanın cavabdehdən tələb olunması üçün onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcud olmuş, bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda cavabdeh maddi ziyan vurmasını polis idarəsində izahat verərəkən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1492 manat və ödənilmiş 34.92 manat dövlət rüsumu tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar