Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2815/2024 24.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Masallı rayonun Təklə kəndində anadan olmuş, ona və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum anası X2 Masallı rayon X4 qərarı ilə Masallı rayonun Təklə kəndində 2.69 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Ona ayrılmış pay torpaq sahəsindən kənd təsərrüfatı məhsulları əkməklə dolanır, hər il həmin torpaq sahəsindən gəlir əldə edir. Belə ki, sözü gedən pay torpağı torpaq islahatı aparılan zaman onu ailəsi ilə birlikdə təsərrüfata salmaqla adları bir sənəddə göstərilmişdir. Bu səbəbdən ona ayrılmış pay torpağına dair qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə edə bilmir, hazırki çıxarışda birgə mülkiyyətçi olduqlarından onların razılığı olmadan öz hissəsində hər hansı hüquqi sənədləşmə edə bilmir. Birgə payların ayrılmasından ötrü cavabdehlərə bildirsə də payçılardan bəziləri payların müəyyən edilməsi ilə bağlı notariat kontoruna gəlməmişlər. Payların müəyyən edilib bölünməsi üçün dövlət notariat kontoruna gəlmədiklərindən məhkəmədən kənar olaraq payların müəyyən edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, xx.xx.2023-cü li tarixli çıxarışa əsasən ona və digər payçılara verilmiş 2.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun və digər payçıların paylarının müəyyən edilib ayrılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının tələbi: Masallı rayonunun Təklə kəndində yerləşən xx.xx.2023-cü li tarixli ********** reyestr qeydiyyatlı nömrəli çıxarışa əsasən ona və digər payçılara verilmiş 2.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun və digər payçıların paylarının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehin iddiaya münasibəti: Cavabdehlər tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, lakin elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə verərək xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışın və torpaq sahəsinin plan və ölçüsü haqqında sənədin surətindən görünür ki, Cavabdeh1, X1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Masallı rayonu, Əhmədli kəndində 2.6999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. AZ-İ № 820246 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı ildə Masalı rayonu Təklə kəndində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ bəndində göstərilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin: 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci madddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.1-223.4-cü maddələrinə uyğun olaraq birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hazırki mülki iş üzrə iddiaçı ümumi birgə istifadədə olan torpaq sahəsindən ona çatacaq hissədə payının müəyyən edilməsini istəyir, digər payçılarla aralarında razılıq olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, JN-35 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvləri olan iş üzrə cavabdehlərə Masallı rayonu Təklə kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 2.6999 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində Cavabdeh1, X1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 2.6999 ha torpaq sahəsi adları çəkilən şəxslərin ümumi birgə mülkiyyəti kimi göstərilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını hazırkı iddia tələbi ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, tərəflər birgə mülkiyyətçi olaraq paylarının müəyyənləşməsi barədə razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə qərarı əsasında ümumi əşyaya paylı mülkiyyət müəyyən olunmalıdır. Razılaşma olmadığına görə tərəflərin hər birinin bərabər olaraq 1/5 hissə paylı mülkiyyətləri müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli Çıxarışla Cavabdeh1, X1, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan 2.6999 ha kənd həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilsin və həmin torpaq sahəsində onların hər birinin mülkiyyət payı 1/5 hissə müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2815/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2815/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver