Məhkəmə qərarları › İş №e-2(050)-3228/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3228/2025

12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3228/2025 12.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 59700 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.

Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hakimin mövqeyi:

5. İddia ərizəsinin məzmunundan aydın olur ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı borc pul tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2676/2021 saylı 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-1123/2021 saylı 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və cavabdeh İddiaçı 76700 manat pulun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2538/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-990/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşısında yaranmış 76700 (yetmiş altı min yeddi yüz) manat öhdəliyin qismən icra olunmuş hesab olunması və 10000 (on min) ABŞ dolları məbləğində borcun qalmasının müəyyən olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(018)-1072/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “öhdəliklərin qismən icra olunmuş hesab olunması” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-990/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 1193/2025 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardadda qeyd olunmuşdur ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşısında olan öhdəliyini icra etmiş və onun ona sadəcə 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. Öhdəliklərin böyük hissəsinin icra edilməsi ayrı-ayrı vaxtlarda yazılmış səs yazıları ilə tam təsdiq edilir. Həmin səs yazıları onunla Cavabdeh arasında olmuşdur ki, həmin səs yazılarında açıq görünür ki, Cavabdeh ilkin olaraq ona 12000 manat, 16000 manat və 10000 ABŞ dolları borcunun olmasını və onun ona dostu Mirzağa Rüstəmov vasitəsi ilə göndərdiyi 12000 manatı da, borcdan silinəcəyini etiraf edir. Sonrakı səs yazılarında isə Cavabdeh 16000 manatı da, ona qaytarıldığı etiraf edir və ona cəmi 10000 ABŞ dolları borcunun qalması tam sübut olunur. Göründüyü kimi, o, Cavabdeh qarşısında götürmüş olduğu öhdəliyi icra etmiş və hazırkı gündə ona cəmi 10000 ABŞ dolları borcu vardır. O, Cavabdeh qarşısında olan öhdəliyinin müəyyən hissəsini icra etmiş, lakin buna baxmayaraq Cavabdeh qanunsuz olaraq ondan həmin məbləğin ödənilməsini yenidən tələb edir.

7. İddiaçı hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşısında olan öhdəliyini icra etmiş və onun ona sadəcə 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. Ona görə də, Cavabdeh 59700 manat pul vəsaitinin tutularaq ona verilməsini xahiş edir.

8. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 2676/2021 saylı 16 dekabr 2021-ci il tarixli qanuni qüvvədə olan qətnamə əsasında cavabdeh İddiaçı Cavabdeh olan 76700 manat borcun ödənilməsi həyata keçirilir. Borclunun borcun qismən ödənildiyini bildirməsi və bunun sübutlarını təqdim etməsi icra mərhələsinin işidir. Borcun ödənilməsi zamanı yaranmış fikir ayrılığı, artıq ödənilmiş məbləğin hesablanması, ödənilməli olan məbləğin qalıq hissəsi və s. icra mərhələsində icra məmuru tərəfindən araşdırılmalıdır. Yəni, artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borcun nə qədərinin ödənildiyi və nə qədərinin qalması məsələsi birbaşa icra işində həll olunur. Çünki burada mübahisə borcun mövcudluğu ilə bağlı deyil, borcun icrasının həcmi ilə bağlıdır. Borclu ödəniş etdiyini iddia edirsə, bunu icra məmuruna təqdim etməli və icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verməlidir. Ona görə də, məhkəmə tərkibi qeyd edir ki, hazırkı iddia tələbinə iddia icraaatı qaydasında məhkəmədə baxılması yolverilməzdir və iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

9. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, İddiaçı tərəfindən ödənilmiş 269,10 (iki yüz altmış doqquz manat on qəpik) manat məbləğində dövlət rüsumu (Onlayn ödəmə sistemi Epul, qəbz nömrəsi **********, Tarix: 10 sentyabr 2025, saat 14:19:40) ona geri qaytarılmalıdır.

10. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq

Qərara aldım:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 269,10 (iki yüz altmış doqquz manat on qəpik) manat məbləğində dövlət rüsumu (Onlayn ödəmə sistemi Epul, qəbz nömrəsi **********, Tarix: 10 sentyabr 2025, saat 14:19:40) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar