Məhkəmə qərarları › İş №e-2(050)-3448/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3448/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3448/2025 28.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1170 manat pulun və ödənilmiş 31.70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh usta kimi iki ildir ki, yaşadığı ünvanda tanımışdır. Hörgü ustasıdır. Onunla aralarında əvvəllər heç bir ədavət, düşmənçiliyi olmamışdır. Belə ki, onun Qusar şəhərində ata evində hörgü işi görülməli olduğundan ona hörgü ustası lazım olmuşdur. O, Cavabdeh hörgü ustası kimi tanıdığı üçün 2024-cü ilin aprel ayında Qusar şəhərinə atası evinə aparıb həmin evin həyətyanı torpaq sahəsinin ətrafının, evin sanitar qovşağının çəkilməli hörügüsünü ona göstərmiş və aralarında danışıb razılaşdıqdan sonra usta kimi işə başlamışdır. Orada bir ay işləmiş və onun gördüyü işinin müqabilində 1500 manata yaxın pul vermişdir. Sonra cavabdeh 2024cü ilin iyun ayında Bakı şəhərinə gəlmiş və onun yaşadığı ünvanın yaxınlığındakı kafedə ona yaxınlaşıb bildirmişdir ki, təcili 1500 manat pul lazımdır. Dəqiq tarix yadında olmasa da, 2024-cü ilin iyun ayının axırlarında saat 11-12 radələrində Cavabdeh arvadı onun yaşadığı ünvana gələrək kirayə qaldığı evin kirayə haqqını ödəyə bilmədiklərini bildirib, 500 manat pul istəmişdir. O, qadının sözünü yerə salmayıb, 500 manat pulu qadına borc vermişdir. Həmin vaxtdan 3-4 keçdikdən sonra Cavabdeh özü onun evinə gəlib evində probleminin olduğunu bildirib, ondan 1000 manat pul istəmiş və pulun müqabilində onun Qusar rayonunda yarımçıq qalan işlərini görəcəyini söyləmişdir. O, da inanıb həmin vaxt 1000 manat pulu vermiş və Cavabdeh pulu da götürüb getmişdir. Cavabdehin ona ümumilikdə 1500 manat pul borcu yaranmışdır. Cavabdeh ona rayona işini görməyə getdiyini bildirsə də, lakin sonradan öyrənmişdir ki, onu aldadıb rayona işini görməyə getməyib. Cavabdehdən dəfələrlə pulunu istəsə də, müxtəlif bəhanələr gətirib onun telefon zənglərinə cavab verməmişdir. Buna görə də məcbur olub onun barəsində 30-cu PŞ-yə müraciət etmişdir. 2024-cü ilin noyabr ayında cavabdeh ona 1500 manat pulundan 250 manatı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində vermişdir. Lakin, qalan 1250 manatı hələ də verməyibdir. 30-cu polis şöbəsi onun şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqında xx.xx.2025-ci il tarixdə qərar qəbul etmişdir. Cavabdeh 30-cu Polis şöbəsində izahat verərək ona 1170 manat borcunun qaldığını etiraf etmiş və etiraf rədd qərarında öz əksini tapmışdır. Cavabdeh bu günə qədər ona olan borcunu ödəməmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan işə baxıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı Rayon Polis idarəsində qəbul edilmiş 11 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh təmir işlərinin görülməsi məqsədi ilə İddiaçı pul alsa da, təmir işlərini görə bilməmiş, polis şöbəsində aparılmış araşdırma zamanı 250 manatı qaytarmış, hazırda 1170 manat borcu qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı təmir işlərinin görülməsi üçün şifahi qaydada cavabdehlə podrat müqaviləsi bağlamış və ona 1420 manat pul vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, aldığı puldan 250 manatı qaytarsa da, hazırda 1170 manat borcu qalmışdır. İşin mübahisəli halı yoxdur. Məhkəmə qeyd edilən hüquq mübahisəsi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Resublikası Mülki Məcəlləsinin: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı sifarişçi qismində təmir işlərinin görülməsi üçün cavabdehlə razılaşmış, lakin sonuncu üzərinə düşən öhdəliyini ümumiyyətlə icra etməmişdir. Belə olan halda iddiaçının verdiyi pulu geri tələb etmək hüququ yaranmışdır. Cavabdeh özü də polis şöbəsində verdiyi izahatında işlərin görülməsi üçün iddiaçı ilə razılaşaraq 1420 manat pul aldığını, lakin həmin ərəfədə vacib işləri olduğundan üzərinə götürdüyü öhdəliyini həyata keçirə bilməmiş, uzun müddət keçdiyindən iddiaçı artıq müqaviləni ləğv edərək pulunu geri tələb etmişdir. O, həmçinin, bildirmişdir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində aparılmış araşdırmanın gedişi zamanı borcundan 250 manat qaytarmış, onun 1170 manat borcu qalmışdır. İddiaçı polis şöbəsində araşdırma aparılarkən işlərin görülməsi məqsədi ilə cavabdehə 1500 manat verdiyini, həmin puldan ona 250 manat qaytarıldığını və nəticədə ona 1250 manat borcun qaldığını bildirsə də, iddia tələbində cavabdehin polis şöbəsinə verdiyi izahatı ilə razılaşaraq 1170 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Buradan da görünür ki, tərəflərin arasında pulun məbləği ilə bağlı hər hansı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxıl olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1170 manat məbləğində borc və ödənilmiş 31.70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1170 manat borc və ödənilmiş 31.70 manat dövlət rüsumu, cəmi 1201.70 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar