Məhkəmə qərarları › İş №e-2(050)-51/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-51/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-51/2024 27.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” PHŞ-in nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” PHŞ-in Cavabdeh qarşı “istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” PHŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 31 iyul tarixli ÖM/2021- 22 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoçun və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 31 iyul tarixli ÖM/2021-22 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 24124, 24383, 24103, 24044, 21704, 24045, 22563, 21739, 24332, 21741, 24328, 22514, 24063, 24034, 24131, 21752, 21716, 22509, 22574, 24309 və 24139 birka nömrəli 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 31 iyul tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri və 400 kq qarışıq yemi əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 238 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialının və X1 filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 18 fevral 2022-ci il tarixli aralıq və 2022-ci il 23 noyabr tarixli yekun monitorinqi aktlarına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 24124, 24383, 24103, 24044, 21704, 24045, 22563, 21739, 24332, 21741, 24328, 22514, 24063, 24034, 24131, 21752, 21716, 22509, 22574, 24309 və 24139 birka nömrəli 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoç və 400 kq qarışıq yem aşkar edilməmişdir. Monitorinq aktlarında qeyd edilmişdir ki, Cavabdeh ona verilən aktivləri satmışdır. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə icasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2021-ci il 31 iyul tarixli ÖM/2021-22 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, 20 baş qoyun və 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2021-ci il 31 iyul tarixli aktla vətəndaş Cavabdeh “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri və 400 kq qarışıq yemi əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 238 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı 14 saylı Ərazi Məşğulluq Mərkəzi filialının və X1 filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 18 fevral 2022-ci il tarixli aralıq və 2022-ci il 23 noyabr tarixli yekun monitorinqi aktlarına əsasən Cavabdeh verilmiş “Qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 baş qoyun və 1 baş qoç və 400 kq qarışıq yem aşkar edilməmişdir. Monitorinq aktlarında qeyd edilmişdir ki, Cavabdeh ona verilən aktivləri satmışdır. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın əsassız olduğunu, ona verilmiş qoyunları saxlamağa maddi imkanı olmadığı üçün bəzilərinin ölməsini, bir neçəsini isə satdığını bildirdi, maddi vəziyətinin yaxşı olmamasını nəzərə alınaraq qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildiridi ki, 23 noyabr 2022-ci il və 18 fevral 2022-ci il tarixlərdə keçirilmiş monitorinqlərdə iştirak etmişdir. 23 noyabr 2022-ci il tarixdə keçirilmiş monitorinq zamanı təhvil verilmiş qoyunlar aşkar edilməmişdir. Cavabdehdən bu barədə soruşduqda qoyunların xəstə olması, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən qoyunları satdığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 iyul 2021-ci il tarixli, 92 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədə göstərilir ki, bu müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - Əmlak) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxsə verilməsi təşkil edir. Filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək; əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək; təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində filiala təqdim etmək; əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Filiala məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifəsidir (2.1, 2.2, 2.3, 3.2, 3.2.2, 3.2.3, 3.2.6, 3.2.7). Müqavilənin 4.1 və 6.1-ci bəndlərinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı filiala qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq filialın təqdim etdiyi X2 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, tərəflər bu Müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı biri ilə bağlı icra edə bilməzsə, onda o, qarşısıalınmaz qüvvənin davam etdiyi müddət ərzində belə öhdəliyin icrasından azad edilir, bir şərtlə ki, bu tərəf qarşısıalınmaz qüvvənin təsiri baş verdiyi andan sonra 3 (üç) gündən gec olmayaraq digər tərəfi qarşısıalınmaz qüvvənin baş verməsi barədə yazılı şəkildə xəbərdar etsin. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 31 iyul 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 14 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən Cavabdeh 20 baş qoyun, 1 baş qoç və 400 kq yem verilmiş, Cavabdeh tərəfindən həmin istifadəyə verilən əmlakları qəbul edilmiş, əmlaklar kəmiyyət və keyfiyyət baxımından yararlıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh qoyunçuluq təsərrüfatı məqsədilə 21 baş xırdabuynuzlu heyvan verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh qoyunçuluq təsərrüfatı məqsədilə 21 baş xırdabuynuzlu heyvan verilmişdir. Lakin yoxlama zamanı müəyyən olunmuşdur ki, Cavabdeh bu müddət ərzində verilən malları satmışdır. Yoxlama zamanı 21 baş xırdabuynuzlu heyvan aşkar edilməmişdir. Vətəndaş ona verilən aktivləri maddi vəziyyətinin pis olduğu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, şahidin ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı “X4” PHŞ tərəfindən 31 iyul 2021-ci il tarixli, 92 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş qoyun, 1 baş qoç və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, “X4” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115.1). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoç verilmiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə riayət etməyərək ona verilmiş qoyunları satmışdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, qoyunlar cavabdeh tərəfindən satılıbdır. Belə olduğu halda qoyunların dəyəri tələb edilməmişdir, qoyunların yalnız natura şəklində qaytarılmasına dair Agentlikdən göstərişin olduğunu, digər növbədə olan vətəndaşların özünüməşğulluqla təmin edilməsini bildirmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 31 iyul 2021-ci il tarixli, 92 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoç, 400 kq qarışıq yem natura şəklində alınaraq “X4” PHŞ-yə verilməlidir. Göründüyü kimi iddia qiymətləndirilməyən iddiadır və qanunvericiliklə buna görə 100 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı belə bir rüsumu ödəməkdən azad olunduğundan, həmçinin iddia təmin edilməklə iddia qiymətləndirilməyən iddia olduğundan bu dövlət rüsumunun məbləğinə təsir etmədiyindən qiymətləndirilməyən iddia üçün ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 31 iyul 2021-ci il tarixli, 92 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş qoyun və 1 baş qoç, 400 kq qarışıq yem natura şəklində alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X4” PHŞ-yə verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar