Məhkəmə qərarları › İş №e-2(050)-72/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-72/2025

10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-72/2025 10.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: 2012-ci ilin mart ayının 27-də Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ər-arvad kimi yaşamağa başlamışlar. Bu müddət ərzində Ağcabədi rayonu Salmanbəyli kəndində yerləşən pay torpağında müvəqqəti tikdiyi evdə yaşamışlar. Birgə yaşayış dövründə uşaqları olmamışdır. Cavabdeh təklifi ilə onun üçün Masallı rayonunda ev tikməyi planlaşdırmışlar. 2019-cu ilin noyabr ayında bu məqsədlə Xanpəriyə 6000 manat vermiş, həmin puldan Xanpəri 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndində ev tikmək üçün 6 sot torpaq almışdır. Evin tikintisinə lazım olan bütün materiallar onun pulu ilə alınmışdır. Evin tikintisində iştirak edən bütün usta və fəhlələrin pullarını o vermişdir. Xanpəri də pulları onlara vermişdir. Ev dörd otaqdan ibarətdir. 2019-cu ildən 2024-cü ilə kimi evin tikintisi davam etmişdir. Həmin evin tikintisinə cəmi 38.000 manat pul vermişdir. Həmin pul vəsaitinin hamısı ona aiddir. Axırıncı dəfə o, 25 aprel 2024-cü il tarixdə Xanpəyirə 600 manat pul vermişdir. Evin tikintisi üçün torpaq sahəsinin alınmasına və evin tikintisinə cəmi 44.000 manat pul vermişdir. Belə ki, yuxarıda göstərdiyi kimi 2019-cu ildə ev tikmək üçün torpaq sahəsinin alınmasına görə Xanpəriyə 6000 manat pul vermiş, o, həmin puldan 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndi ərazisində 10 il müddətinə verilmiş etibarnamə əsasında 6 sot torpaq almışdır. Həmin torpaqda ev tikintisinə başlamışlar. Bildiyinə görə tikinti materiallarını Xanpəri almışdır. Evin həyətində hazırda 1100 ədəd mişar daşı vardır. Hazırda Xanpəri onunla yaşamaq istəmədiyindən həmin 37.372 manat pulu ona qaytarmalıdır. Çünki aralarında olan razılaşmaya əsasən onlardan biri vəfat edənə qədər Ağcabədidə, əgər Xanpəri istəyəcəyi təqdirdə Masallıda yaşayacaqdılar. Razılıqları belə olmuşdur ki, onlardan biri ölənə qədər bir yerdə yaşamalı idilər. Razılaşma pozularsa, razılaşmanı pozan aldıqlarını tam şəkildə digər tərəfə qaytarmalı idi. Bu baxımdan da Cavabdeh razılaşmanı pozaraq, verdiyi vədə əməl etməmişdir. Ağcabədi rayonunu tərk edərək, Masallı rayonuna getmişdir. Dəfələrlə xahiş etsə də, onu eşitməyib Ağcabədi rayonuna qayıtmamış və onun da Masallıda yaşamağına razı olmamışdır. Buna görə də evin tikintisinə görə verdiyi 37.372 manat pul Cavabdeh alınaraq, ona qaytarılmalıdır. Qanunun tələbinə əsasən nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya göndərilərək, pretenziyanı adığı gündən 10 gün müddətində borcu ödəyərək bu barədə onlara məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziyanı alsa da, heç bir üzrlü səbəb göstərmədən borcu ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borca görə 44.000 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 222 manatın, cəmi 45.022 (qırx beş min iyirmi iki) manatın Cavabdeh alınaraq, X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Masallı rayonunun İsgəndərli qəsəbəsində tikilmiş yaşayış evinin tikintisinə, mal-materialın alınmasına və sair xərcə görə 31.000 manatın, borca görə Cavabdeh verdiyi 5.350 manatın, cəmi 36.350 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 800 manatın və dövlət rüsumuna görə ödənilmiş 222 manatın, toplam olaraq 37.372 manatın Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ərizəsində 2018-ci ilin noyabr ayından başlayaraq ona müxtəlif vaxtlarda pul verdiyini, 2019-cu ilin noyabr ayında taksi sürücüsü "Rüstəm" adlı şəxsin yanında "7800" manat, 2020-ci ilin oktyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "7300" manat, 2021-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "6400" manat, 2022-ci ilin noyabr ayında bələdiyyə sədri "Fəxrəddin"in yanında "5500" manat, 2023-cü ilin avqust ayında taksi sürücüsü "Rüstəm"in yanında "5200" manat, əlavə olaraq onun qohumlarına borc vermək üçün "5350" manat, 2024-cü ilin aprel ayında isə ona "600" manat pul verdiyini göstərmişdir. Həmçinin iddiaçı ərizəsində iddia edir ki, pulu kimin yanında vermişsə həmin şəxsin avtomaşını ilə də onu Ağcabədi rayon mərkəzinə gətirmiş və Masallı rayonuna yola salmışdır. Belə olan halda o da sual edir ki, məgər vəzifə sahibi olan Bələdiyyə sədri Fəxrəddindən başqa bir adam yoxdur ki, onu rayon mərkəzinə aparsın? Görünür iddiaçı ilə bələdiyyə sədrini hansısa maraqlar birləşdirmişdir ki, iddiaçı bələdiyyə sədrinin şahidliyindən istifadə etmək istəyir. Eyni yanaşma taksi sürücüsü Rüstəmə də aiddir. Halbuki, o, heç bir vaxt bələdiyyə sədri Fəxrəddinin maşınına minməmiş, yalnız bir dəfə iddiaçı ilə birlikdə Rüstəmin maşını ilə Masallı rayonuna gəlmişdir ki, o zaman da heç kim ona pul verməmişdir. İddiaçı ərizəsində onun Ağcabədi RPŞ-də izahat verdiyini və iddiaçının ona 22500 manat pul verdiyini etiraf etdiyini göstərmişdir. Bildirmişdir ki, o ümumiyyətlə Ağcabədi RPŞ-də olmamışdır ki, izahat da versin. Yalnız bu ilin yay aylarında "Qurban Bayramı" günü iddiaçı başda olmaqla bir qrup adam (Bələdiyyə sədri Fəxrəddin, özünü sahə müvəkkili kimi təqdim edən mülki geyimli Mərhəmət adlı şəxs, adını öyrənə bilmədiyi bir başqası, (qardaşı Minaxanın deməsinə görə onun əlində olan papkanın üzərində "İTV" yazılıbmış) Mehman adlı bir şəxs qardaşı Minaxanın yaşadığı evə gələrək, qonaq gəldiklərini, eyni zamanda kimlərsə tərəfindən iddiaçının təsərrüfatından gizlincə qoyun aparıldığını, onun uzun illər iddiaçı üçün qoyun bəslədiyini nəzərə alaraq, oğurluğu edən şəxslərin tapılması üçün onun da izahatını almalı olduqlarını, narahat olmamağını, izahat yazıldığı üçün sadəcə sənədə imza atmalı olduğunu bildirərək ona sənəd təqdim etmişlər. O, oxuma yazmasının olmamasını bildirsə də, onlar təzyiq etməklə yanaşı qardaşı Minaxanı da bayıra çıxararaq, hadisəni törədən şəxs və ya şəxslərin tapılmasına kömək göstərmədiyi halda onun da şübhəli olacağını bildirdikləri üçün, onu inandırıb vərəqə imza atdırmışlar. O, 2012-ci ilin mart ayının 27-də Ağcabədi rayon Salmanbəyli kənd sakini olan İddiaçılə faktiki nikaha girməklə evlənmiş, 2024-cü ilin aprel ayının 09-na kimi iddiaçı ilə birlikdə yaşamışdır. İddiaçı onunla ailə həyatı qurarkən normal ailə həyatının olacağını, bir ailənin yaşayışını və ehtiyaclarını təmin edə biləcək bütün sosial və maddi şəraitinin olmasını bildirmişdir. Lakin o, iddiaçı ilə yaşamağa başladıqdan sonra insan həyatı yaşamamışdır. Orada olduğu 12 il ərzində yalnız ev təsərrüfatı işləri görməklə yanaşı, onun üçün 150-200 baş qoyunun çobanlığını etməklə, onun istifadəsində olan 3.5 ha torpaq sahəsində işləmişdir. O, ümumiyyətlə evdə deyil, çöldə alaçıqda yaşamışdır. Yaşadığı dözülməz həyat şəraitinə azacıq etiraz edən kimi iddiaçı tərəfindən həm döyülmüş, həm də təhqir olunmuşdur. İddiaçının yaşadığı yerə köçərkən özü ilə 2000 manat pul aparmışdır. Həmin pulu da iddiaçı ondan alaraq qoyun-quzu almış və özünə istifadə etmişdir. Həyat şəraitindən xəbər tutan yaxınları onun orada qalmağının təhlükəli olması qənaətinə gələrək ata yurduna qayıtmağını tövsiyə etmişlər. O, bir dəfə canını götürüb qayıtmış, lakin iddiaçının yalvarışlarını, xahişini, minnətini nəzərə alaraq və verdiyi sözə inanaraq yenidən Ağcabədi rayonuna qayıtmışdır. Lakin təkrarən əzablı həyatla qarşılaşdığı üçün, Masallı rayonunda torpaq alaraq burada yurd salmaq istəmişdir. Cavabdeh bu məsələ barəsində iddiaçıya bildirdikdə, iddiaçı qəti olaraq bu fikrinə etiraz etsə də, cavabdehin bu həyatla barışmağının onun üçün ölüm hökmü olduğu qeyd etdikdə, fikrində israrlı olduğunu görüb onunla könülsüz razılaşmışdır. Daha sonra, 2017-ci ilin noyabr ayında o, iddiaçı ilə birlikdə bacısı oğlunun toyunda iştirak etmək üçün Masallı rayonuna gələrkən, iddiaçı ona torpaq sahəsi almaq üçün 3500 manat pul vermişdir. O da həmin pulu qardaşı Minaxana əmanət olaraq vermişdir. 2019-cu ilin aprel ayında iddiaçı ona 2500 manat əlavə pul vermiş və o, həmin pulu götürüb Masallı rayonuna gəlmişdir. Qardaşı Minaxanda olan əmanət 3500 manat pulu da götürərək, əmisi Eminağa ilə birlikdə torpaq sahəsini satan Taleh adlı şəxslə Masallı regional “ASAN Xidmət Mərkəzi”ndə görüşmüşdür. Razılaşdıqları kimi 0,06 ha torpaq sahəsi üçün X3 5700 manat pul vermişlər, o isə öz növbəsində ona "Etibarnamə" vermişdir. Torpağı aldıqdan sonra iddiaçı ona əlavə pul verməmişdir. Həmin torpaq sahəsində inşa edilən bir mərtəbəli yarımçıq tikili isə qardaşları və yaxınlarının hesabına tikilmişdir. Belə ki, tikinti və inşa işlərində qardaşı Minaxan, kiçik yeznəsi İbarət, ondan böyük yeznəsi Əliməmməd, qardaşı uşaqları Elşən, Ruhid, bacısı uşaqları Rəhim, Əmrahla yanaşı digər qohumlar da iştirak etmişlər. İddiaçının evin tikintisindən demək olar ki, xəbəri olmamış, həmin tikintiyə əlavə heç bir vəsait xərcləməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsassız olub həqiqəti əks etdirmir. Yalançının yaddaşı olmaz deyilir, tələbkar da iddia ərizəsində 2019-cu ilin noyabr ayında ona 6000 manat pul verdiyini göstərir. Halbuki, onun verdiyi pul məbləği iki hissədən ibarət olmaqla (3500 azn və 2500 azn) 2017-ci ilin noyabr və 2019-cu ilin aprel aylarında verilmişdir ki, bu hal da torpaq sahəsini satan şəxsin onun adına xx.xx.2019-cu il tarixdə verdiyi "Etibarnamə" ilə təsdiq olunur. Daha sonra tələbkar ona 30350 (otuz min üç yüz əlli) manat pul verdiyini, ümumilikdə 37372 (otuz yeddi min üç yüz yetmiş iki) manat pul sərf etdiyini bildirir. Aralarındakı keçimsizlik diqqətə alınarsa, iddiaçının bu məbləğdə pulu nədən ona verdiyi sual doğurmaqla yanaşı, həmin halın hansı dəlil, sübutla təsdiq olunduğu da maraqlıdır. İddiaçının məntiqi ilə yanaşılsa, cavabdeh də onunla birlikdə yaşadığı dövrdə, iddiaçının ona etdiyi əziyyətləri, kölə kimi işlətdiyini, çobanlıq etdiyini nəzərə alaraq ona qarşı maddi təzminat tələbi barədə məhkəmədə iddia qaldıra bilər. O, bütün baş verənlərə vicdanla yanaşaraq bunu etməməklə yanaşı, iddiaçının ona verdiyi pul məbləğini 6000 manatı inkar etmir. Bununla yanaşı bildirir ki, iddiaçı ilə sonuncu dəfə ayrılarkən səhhətindəki narahatlıqlarla bağlı onunla aralarında ciddi narazılıq olmuş, nəticədə iddiaçı, ona 600 (altı yüz) manat pul verərək, “get özünü müalicə etdir, qalan müalicə xərclərini qardaşların ödəsin”- demişdir. Göstərilənlərə əsasən bildirir ki, o, iddiaçının iddiasını qismən qəbul edir və iddia tələbinin 6000 (altı min) manat hissəsində təmin edilməsinə etiraz etmir. Bütün bunlarla da yanaşı o, iddiaçının faktiki əsarəti altında kölə kimi istismar edildiyi 12 il üçün haqqını tələb edir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmaqla qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2012-ci ilin mart ayının 27-də Cavabdeh ilə nikaha daxil olmadan ər-arvad kimi Ağcabədi rayonu Salmanbəyli kəndində pay torpağında müvəqqəti tikdiyi evdə yaşamışdır. Cavabdeh təklifi ilə onun üçün Masallı rayonunda ev tikmək məqsədilə Xanpəriyə 6000 manat pul vermişdir. Həmin puldan Xanpəri 5700 manat verərək Masallı rayonunun İsgəndərli kəndində ev tikmək üçün 6 sot torpaq almışdır. Evin tikintisi üçün lazım olan materialları, usta xərcini özü qarşılamışdır. Təkcə qapıların pulunu cavabdeh vermişdir. Torpaq sahəsini 2018-ci il tarixdə almış, evin tikintisinə 2019-cu ildə başlamışdır. Tikinti işləri 2023-cü ilə qədər davam etmişdir. 600 manat pulu isə cavabdehin xəstəliyi ilə bağlı müalicə olması üçün vermişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilmiş məbləğdə pulun tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, on iki il iddiaçı ilə yaşamış, əziyyət çəkmişdir. Gəlin gedəndə özü ilə 20 heyvanın pulunu aparmışdır. İddiaçı həmin pullara qoyun alıb təsərrüfat qurmuş, qazanc əldə etmişdir. Daha sonra iddiaçı ona torpaq almağa görə cəmi 6000 manat pul vermişdir. Qalan pulları özü qazanmışdır. Cehizlərini və qızıllarını satmış, evi tikdirmişdir. 600 manat pulu iddiaçı ona xəstə olmağına görə vermişdir. Şahid ifadələri: Şahid2 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, İddiaçı kənd sakini kimi tanıyır. Özü icra nümayəndəsidir. İşlədiyi dörvdə tərəflər barədə hər hansı söz-söhbət eşitməmişdir. Bildiyi qədəri ilə faktiki nikah münasibətlərində yaşayırdılar. Söhbət əsnasında İddiaçı nəyə görə kənddə ev tikdirmədiyini soruşmuşdur. Umudvar isə ona Masallı rayonunda ev tikdirdiyini bildirmişdir. Dediyinə görə Masallıya evin tikintisi üçün pul yollayır. Təxminən 3-4 il bundan əvvəl birgə yaşadıqları dövrdə evin tikintisi başlayıb. Nə qədər pul verməsi barədə məlumatı yoxdur. İddiaçı davamlı olaraq şəxsi təsərrüfatla məşğul olmuşdur. Şahid1 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, taksi şoferi işləyir. İddiaçı ilə birgə işləmişdir. 2019-cu ildə İddiaçı cavabdehi Masallı rayonuna torpaq sahəsi almaq üçün Ağcabədidən yola salmışdır. İddiaçının deməsinə görə 7800 manat cavabdehə pul verilmişdir. Pulun verilməsini şəxsən görməmişdir. 2023-cü ildə ikisini birlikdə Masallı rayonuna gətirmişdir. 1 gecə cavabdehin qardaşıgildə qalıb qayıtmışlar. 5200 manat pulu İddiaçı onun yanında sayıb darvaza və bəzi digər işlər üçün ayırmışdır. Şahid3 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Masallıdakı evi bacısı tikdirmişdir. Bacısı 13 il Ağcabədi rayonu, Salmanbəyli kəndində İddiaçı ilə yaşayıb, qoyun otararaq təsərrüfata baxmışdır. Onun iki uşağı da cavabdehə köməklik etmişdir. Bir oğlu 8 ay, o biri oğlu 11 ay bibisi ilə qalıb, ona köməklik etmişdir. Bundan əlavə bacısının ata evindən apardığı pul da olmuşdur. Şahid4 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır. Bacısının Ağcabədidə yaşadığı yer çoban alaçığı olmuşdur. 12 il ərzində bacısıgildə olmamışdır. Evin tikilməsində usta kimi yeznələri iştirak etmişdir. Torpağı bacısı Taleh adlı şəxsdən almışdır. İddiaçı bacısına torpağa görə 5-6 min pul vermişdir. Tikinti materialları bacısının puluna alınmışdır. Tikintiyə o baxıb nəzarətdə saxlamışdır. Onun evi ilə bacısının Masallıda tikdirdiyi evin arasında məsafə təxminən 100 metr olar. Bacısı ata evində olanda həmişə işləmişdir. Bağa, bostana işləməyə gedib pul yığmışdır. Özünün şəxsi pulu olmuşdur. Şahid5 məhkəmə iclasında şahid qismində izahat verərək bildirmişdir ki, Xanpəri onun baldızıdır. Evin bütün usta işini o görmüşdür. Evi özü tikmişdir. 1300 manat fəhlələr üçün pul almışdır. Materialları Xanpərinin verdiyi pul əsasında gedib almışdır. Pulu özü gətirib ona vermişdir. Pulun kimin pulu olmasını bilmir. Evi dam örtüyü daxil olmaqla 8400 manata tikib bitirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Ağcabədi RPŞ-nin xx.xx.2024-cü il tarixli, 60/2-M-15355/24 saylı İddiaçı oluna ünvanlanmış məktubundan görünür ki, 10 və 12 iyun 2024-ci il tarixində onun Ağcabədi RPŞ-yə yazdığı ərizələri əsasında araşdırma aparılmış, araşdırma zamanı tələbinin mülki xarakterli olduğu və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh Ağcabədi RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı ona 3500 manat və 2500 manat olmaqla iki dəfə ümumilikdə 6000 manat pul vermişdir. Həmin pulun 5700 manatına torpaq sahəsi alınmış, 300 manatına isə dəmir alınmışdır. Ümumilikdə evə torpaqla birlikdə 22500 manat pul qoyulmuşdur. 600 manat pulu isə Masallıya gedərkən müalicə alması üçün İddiaçı ona vermişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 43350 manat pulu ödəməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil xidmətləri üçün 800 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 222 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1 . Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İşin mübahisəsiz halları:

1. Torpaq sahəsi almağa görə İddiaçı tərəfindən Cavabdeh 6000 manat pulun verilməsi.

2. Torpaq shəsinin 5700 manata alınması.

3. 600 manat məbləğində pulun İddiaçı tərəfindən Cavabdeh müalicəsi üçün verilməsi.

4. Tərəflər 12 il faktiki nikah münasibətlərində olmuş, hazırda isə münasibətləri pozulmuşdur.

İşin mübahisəli halları:

1. Torpaq sahəsi üzərində inşa edilmiş yarımtikilinin tərəflərdən hansının vəsaiti hesabına tikilməsi.

2. 31.000 manat pulun evin tikintisi üçün Cavabdeh verilib-verilməməsi.

3. 5.350 manat pulun borc kimi Cavabdeh verilib-verilməməsi.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olmaqla birgə yaşamışlar. Birgə yaşadıqları dövrdə Masallı rayonunda torpaq sahəsi almağı qərarlaşdırmış, bu məqsədlə iddiaçı cavabdehə 6000 manat pul vermişdir. Cavabdeh isə həmin pulun 5700 manat hissəsinə Masallı rayonunda 0,06 ha torpaq sahəsi almışdır. İş materiallarındakı foto-şəkillər və tərəflərin izahatları ilə qeyd edilən torpaq sahəsi üzərində yarımtikilinin olması müəyyən edilir. Hazırki iş üzrə hər iki tərəf torpaq sahəsi üzərindəki yarımtikilinin özünün vəsaiti hesabına tikməsini iddia edir. Göründüyü kimi torpağın dəyəri kimi 6000 manat pula münasibətdə cavabdeh iddia tələbinə etiraz etməmiş, məhkəmə iclaslarında, həmçinin Ağcabədi RPŞ-də verdiyi izahatlarında bu halı etiraf etmişdir. Digər məbləğlərə münasibətdə isə cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə sübutetmə yüklülüyü yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən, 6000 manat məbləğində pul vəsaitinin tərəflərin faktiki nikah münasibətlərində olduğu dövrdə iddiaçı tərəfindən cavabdehə verilməsi, həmin pula torpaq sahəsinin alınması və torpaq sahəsinin hazırda cavabdehin istifadəsində olması və tərəflərin hazırda birgə yaşayışlarının pozulması halı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, 6000 manat pula münasibətdə Cavabdeh əsassız olaraq varlanmış, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. 5350 manat pulun borc kimi Cavabdeh ondan qohumlarına vermək üçün almasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də sübuta yetmir. Belə ki, qeyd edilən məbləğdə pul vəsaitinin cavabdehə borca verilməsinə dair hər hansı sübut, şahid ifadəsi və s. işin hallarının araşdırılması zamanı müəyyən edilməmişdir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0; 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş vəkil xərcinə görə 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin tərtibi ilə bağlı ödənilmiş vəkil xərcinə görə 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qalan hissədə dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar