Məhkəmə qərarları › İş №e-2(050)-870/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-870/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-870/2025 18.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə əsasında istifadə etdiyi sexdə baş verən yanğın nəticəsində avtomobilin yararsız hala düşməsinə görə ona dəymiş 46000 məbləğində maddi ziyanın və ödənilmiş 228 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2024-cü il tarixində saat 14 radələrində ünvan 1 ünvanda yerləşən “Qamışlıq-servis” avtoservisin avtomobil təmir sexində yanğın hadisəsi baş vermiş, nəticədə alov genişlənərək digər sahələrə yayılmış, həmçinin “Hyundai Tucson” markalı OV715 AZTR 24 tranzit nömrəli avtomobilə keçmiş və nəticədə əmlaka maddi ziyan dəymişdir. Belə ki, İddiaçı yeznəsi Şahidlə birlikdə internet saytı üzərindən auksiyon vasitəsilə 2022-ci il istehsalı olan hibrid model “Hyundai Tucson” markalı avtomobil almış, avtomobil ilkin olaraq Gürcüstan Respublikasına, oradan isə 3 ay 15 gündən sonra Azərbaycan Respublikasının Gömrük idarəsinə daxil olmuşdur. İddiaçı avtomobili yeznəsi Rövşən ilə birgə gətirməyinə baxmayaraq, avtomobil Azərbaycana gəldikdə öz adına qeydiyyata alınmışdır. Avtomobil Amerikadan auksiyondan alınarkən zədəli halda olmuş və Azərbaycan Respublikasına gətirildikdən sonra avtomobildə bəzi təmir işlərinə ehtiyac olmuşdur. İddiaçı Şahid ilə birlikdə avtomobilin ilkin olaraq "Babək" servis adlanan sexdə dəmirçi işlərini gördürmüş, dəmirçi işləri görüldükdən sonra rəngsaz işlərinin görülməsi üçün avtomobili ünvan 1 ünvanda yerləşən “Qamışlıq-servis” adı altında fəaliyyət göstərən avtomobil təmiri sexinə aparmışlar. İddiaçı Şahid ilə birlikdə rəngsaz Kamranla tanış olmuş və avtomobilin rənglənməsi işlərini Kamrana həvalə etmişlər. Buna dair Cavabdehla 1500 manat pul müqabilində razılaşmış, ilkin olaraq 700 manat pulu Kamrana vermiş, məbləğin qalan hissəsi isə işin sonunda ödəyəcəyi ilə bağlı razılaşmışlar. O, avtomobili təxminən 2024-cü ilin iyul ayının əvvəli usta Kamranın yanında qoymuş və Cavabdeh rəngsaz işlərinə başlamışdır. Avtomobil 2 ay Cavabdeh məxsus sexdə qalmışdır. 02 sentyabr 2024-cü il tarixində saat 15 radələrində İddiaçı tanışları onun istifadəsində olan mobil telefonuna zəng edərək, ünvan 1 ünvanında yerləşən sexdə yanğın baş verdiyini bildirdiklərindən dərhal qeyd olunan ünvana getmiş, çatdıqda isə rəngsaz sexində yanğın baş verdiyini və yeznəsi Şahidla birlikdə gətirdikləri ona məxsus OV715 AZ-TR 24 tranzit nömrəli “Hyundai Tucson” hibrid limited markalı avtomobilin yanaraq yararsız hala düşdüyünü görmüşdür. Yanğın hadisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8802 nömrəli yanğın-texniki ekspertizasının rəyinə əsasən Cavabdeh istifadəsində olan rəngsaz sexinin daxilindəki elektrik pərində yaranmış qısa qapanmadan baş vermişdir. ünvan 1 ünvanda yerləşən “Qamışlıq" avtoservis adı altında fəaliyyət göstərən avtomobillərin təmiri mərkəzində yerləşən rəngləmə sexində elektrik qurğularının müvafiq norma və qaydalarının tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi qaydaları'"nın (YTQ N01-2001) 6.1 və 6.2-ci bəndlərinin tələbləri sexdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixində X3 ilə Cavabdeh arasında bağlanmış 017 nömrəli icarə müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından 34.80 kv.metr hissəsini icarəçi Cavabdeh istifadəsinə verir. İcarə müqaviləsinin şərtlərində "icarə obyektində Azərbaycan Respublikasının qanunlarına əsasən baş verə biləcək cinayət və digər hadisələrdə icarəyə verənin heç bir məsuliyyət daşımadığı, bütün məsuliyyətin tam olaraq icarəyə götürən şəxsin üzərinə düşdüyü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələb etdiyi tənzimləmələrin pozulmasına və gələcəkdə baş verə biləcək fövqəladə hallara yanğın təhlükəsizliyi, o cümlədən texniki təhlükəsizliyə, həmçinin ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb olan təhlükəli hadisələrlə bağlı məsuliyyətin icarəyə götürən şəxsin üzərinə düşdüyü, icarəyə götürən şəxsin götürdüyü sahəni yanğına qarşı və texniki təhlükəsizliyə aid olan bütün avadanlıqlarla təmin etməli və nəzarətdə saxlamalı olduğu" bəndləri qeyd edilmişdir. Qeyd edək ki, “Ticarət və ictimai iaşə müəssisələrinə, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları"-nın 3.4.1-ci bəndinə əsasən hava dəyişmə sistemlərinin istismar edildiyi zaman onların texniki vəziyyətinə, sazlığına və yanğın təhlükəsizliyi tələblərinə görə cavabdehliyi müəssisədə əmrlə təyin edilmiş şəxs daşıyır. İcarə müqaviləsinə əsasən sexi icarəyə götürən Cavabdeh sözü gedən tikilidə olan avadanlıqlara, elektrik xətlərinə və yanğın təhlükəsizliyinə qarşı cavabdehliyi özü daşıyır. Bu səbəbdən də sözügedən şəxs bütün bu hallara özü şəxsən nəzarət etməli, xx.xx.2024cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/7688/2024 nömrəli əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən yanaraq sıradan çıxmış, 2022-ci il buraxılışlı, Hyundai Tucson” markalı OV715 dövlət tranzit nömrə nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 46000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən də göründüyü kimi baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı məxsus avtomobil tamamilə yanaraq sıradan çıxmış və ümumilikdə ona 46 000 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, qeyd olunan hallardan da məlum olduğu kimi yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində yaranmış hadisə ilə bağlı bütün məsuliyyət tamamilə icarəçi Cavabdeh aiddir. Belə ki, Cavabdeh icarəsində olan sexdə baş verən yanğın nəticəsində İddiaçı dəymiş 46 000 məbləğində maddi ziyanın əvəzini ödəməlidir. Odur ki, baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı dəymiş 46000 məbləğində olan maddi ziyanla bağlı mülki iddia vermək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmə prosesi zamanı iş üzrə alınmış qiymətləndiricinin rəyinə etirazının olmadığını bildirərək, ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmə prosesi zamanı iş üzrə alınmış qiymətləndiricinin rəyinə etirazının olmadığını bildirərək, ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun fəaliyyət göstərdiyi təmir sexində baş vermiş yanğın hadisəsi havalandırma ventilyatorunda olan nasazlıq səbəbindən baş vermişdir. Hesab edir ki, o, sexi müqavilə üzrə icarəyə götürsə də, orada olan avadanlıqlara obyekt sahibi nəzarət etməlidir. Onun yanğın hadisəsində təqsiri yoxdur. Həmin nasazlıqlar əvvəldən olmuşdur, havalandırma ventilyatorunu o, quraşdırmamışdır. İcarə müqaviləsinə əlavəni özü şəxsən imzalasa da, müqavilənin mətnini oxumamışdır. Müqaviləyə imza edərkən onun bu qədər məsuliyyəti olacağını bilməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, avtomobil onun yanına gətirilərkən avtomobilin bəzi ehtiyyat hissələri avtomobilin üzərində olmamışdır. Lakin, ondan tam hazır vəziyyətdə olan avtomobilin dəyəri tələb olunur. Hesab edir ki, avtomobil üzərində olmayan detalların müəyyən məbləğlərdə dəyləri vardır və ondan tələb edilən puldan həmin məbləğlər çıxılmalıdır. Belə ki, avtomobil onun yanına gətirilərkən avtomobilin qabaq alın şüşəsi, 4 ədəd qapı içlikləri, 2 ədəd ön oturacaqlar (sidenka), sağ tərəf qapıların yan şüşələri, 8 ədəd sporler (4 ədəd qabaq və arxa qanadlar üzərində olan və 4 ədəd qapılarda olan), 2 ədəd padnojka sporleri, 2 ədəd damın duqaları, 2 ədəd yan güzgülərin korpusları olmamışdır. Həmin detalların qiymətlərini təxmini bilsə də, dəqiq nə qədər olmasını bilmir. Həmin detalların qiymətləri hesablanmalı və ondan tələb edilən ümumi borcdan çıxılmalıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarına olan: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, baş leytenant X5 tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02 sentyabr 2024-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda yerləşən “Qamışlıq" avtoservisin avtomobil təmiri sexində baş vermiş yanğın hadisəsi və hadisə zamanı Hyundai Tucson markalı OV715 AZ-TR 24 tranzit nömrəli avtomobilin yanması zamanı əmlaka maddi ziyan dəyməsi barədə araşdırma aparılmış, araşdırma zamanı X1 əməlində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən və 15 mart 2022-ci il tarixli icarə müqaviləsinə 001 saylı əlavədən görünür ki, X3 ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından 34.80 kv.metr hissəsini icarəçi Cavabdeh istifadəsinə verilmişdir. İcarə müqaviləsinin şərtlərində "icarə obyektində Azərbaycan Respublikasının qanunlarına əsasən baş verə biləcək cinayət və digər hadisələrdə icarəyə verənin heç bir məsuliyyət daşımadığı, bütün məsuliyyətin tam olaraq icarəyə götürən şəxsin üzərinə düşdüyü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələb etdiyi tənzimləmələrin pozulmasına və gələcəkdə baş verə biləcək fövqəladə hallara yanğın təhlükəsizliyi, o cümlədən texniki təhlükəsizliyə, həmçinin ətraf mühitə və insan səhhətinə ziyan vuran, maddi və mənəvi itkilərə səbəb olan təhlükəli hadisələrlə bağlı məsuliyyətin icarəyə götürən şəxsin üzərinə düşdüyü, icarəyə götürən şəxsin götürdüyü sahəni yanğına qarşı və texniki təhlükəsizliyə aid olan bütün avadanlıqlarla təmin etməli və nəzarətdə saxlamalı olduğu" bəndləri qeyd edilmişdir. İcarə müqaviləsinə əsasən sexi icarəyə götürən Cavabdeh sözü gedən tikilidə olan avadanlıqlara, elektrik xətlərinə və yanğın təhlükəsizliyinə qarşı cavabdehliyi özü daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2024-cü il tarixli 10/8802 nömrəli yanğın-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanda “Qamışlıq" avtoservis adı altında fəaliyyət göstərən avtomobillərin təmiri mərkəzində yerləşən rəngləmə sexində baş vermiş yanğının mənbəyi - sexə daxil olduqda sağ divarın üzərində quraşdırılmış havalandırma sisteminin yerləşdiyi sahədə olmuşdur. Təqdim edilmiş iş materiallarında sexə kənar müdaxilə hallarının qeydə alınması barədə məlumat olmadığı, yanğının mənbə zonası kimi müəyyən edilmiş hissədə öz-özünə alışa bilən maddə, material və məmulatların saxlanılmadığını, həmin hissədə istilik ixrac edə bilən qurğu və avadanlıqlardan yalnız elektrik qurğularının yerləşdiyi və elektrik xəttinin üzərində elektrik təbiətli qəza halı olan qısa- qapanma izlərinin aşkar olunduğunu nəzərə alaraq, yanğın mənbə zonasında yerləşən havalandırma sisteminin elektrik xəttində yaranmış qısa-qapanmanın təsirindən yaxınlıqda yerləşən yanar materialların atışmasından baş verə bilərdi. Hazırkı iş üzrə ekspert tərəfindən yanğının səbəbi ilə bağlı verilmiş ehtimalı nəticə, istintaq orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi təqdirdə, baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının (YTQ N 01-2001) 6.1 və 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. ünvan 1 ünvanda yerləşən Qamışlıq avtosorvıs adı altında fəaliyyət göstərən avtomobillərin təmiri mərkəzində yerləşən rəngləmə sexində elektrik qurğularının müvafiq norma və qaydalarının tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsi təmin edilmədiyinə görə ”Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi qaydalarının (YTQ N 01-2001) 6.1 və 6.2-ci bəndlərinin tələbləri sexdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2024-cü il tarixli 9/7688 nömrəli əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, yanaraq sıradan çıxmış 2022-cı il buraxılışlı, "Hyundai Tucson” markalı, OV715 dövlət tranzit nömrə nişanlı avtomobilin təyinatı uzrə istifadəyə tam yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 46000 manat müəyyən olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, “2022-ci il istehsalı olan hibrid model “Hyundai Tucson” markalı avtomobilin 1) qabaq alın şüşəsi, 2) 4 ədəd qapı içlikləri, 3) 2 ədəd ön oturacaqlar (sidenka) 4) sağ tərəf qapıların şüşələri, 5) 8 ədəd sporler (2 ədəd qabaq və 2 ədəd arxa qanadlar üzərində olan və 4 ədəd qapılarda olan), 6) 2 ədəd padnojka sporleri, 7) 2 ədəd damın duqası, 8) 2 ədəd yan güzgülərin korpusunun təzə vəziyyətdə və həmin detalların aşınması nəzərə alınmaqla, yəni 2 il istifadə edilmiş avtomobilin işlənmiş vəziyyətdə olan detallarının xx.xx.2024-cü il tarixdə bazar qiymətləri nə qədər olması ilə mülki iş qiymətləndiriciyə göndərilmişdir. Qiymətləndirici "xxxx" MMC-nin hesabatından görünür ki, “2022-ci il istehsalı olan hibrid model “Hyundai Tucson” markalı avtomobilin qabaq alın şüşəsi -250 manat, 4 ədəd qapı içlikləri -1000 manat, 2 ədəd ön oturacaqlar (sidenka) -1200 manat, sağ tərəf qapıların şüşələri -240 manat, 8 ədəd sporler (2 ədəd qabaq və 2 ədəd arxa qanadlar üzərində olan və 4 ədəd qapılarda olan) -400 manat, 2 ədəd padnojka sporleri -300 manat, 2 ədəd damın duqası -350 manat, 2 ədəd yan güzgülərin korpusu -500 manat dəyərində qiymətləndirilməklə, onların ümumu qiymətinin cəmi təzə vəziyyətdə 3800 manat, aşınması nəzərə alınmaqla isə 3000 manat dəyərində qiymətləndirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada podrat müqaviləsi bağlayaraq, mülkiyyətində olan 2022-ci il istehsalı olan hibrid model “Hyundai Tucson” markalı avtomobilin rənglənməsi məqsədi ilə təhvil vermiş, cavabdeh tərəfindən ona məxsus təmir sexində işlərin davam etdirildiyi dövrdə sexdə baş vermiş yanğın hadisəsi nəticəsində avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdür. Cavabdeh qeyd edilən hadisənin baş verdiyini təsdiq etmiş, lakin sexdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs olmadığını bildirərək, vurulmuş ziyanın obyekt sahibi tərəfindən ödənilməli olduğunu qeyd edərək iddia tələbinə etiraz etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

771. Podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. 21.2. Başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.2. Delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.Delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işə baxılarkən müəyyən edilmişdir ki, təmir sexində baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulduğundan yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində iddiaçıya məxsus avtomobil yanaraq yararsız vəziyyətə düşsə də, şəxslərin sağlamlığına zərər vurulmadığından, ölüm və digər ağır nəticələr baş vermədiyindən cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, həmin qərarla müəyyən edilən faktiki hallara və məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən lazimi yanğın təhlükəsizlik tədbirləri görülmədiyindən iddiaçıya məxsus avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Onun hərəkətsizliyi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmuşdur. Cavabdeh qeyd edilən hadisənin baş verməsində hər hansı təqsirinin olmadığını və buna görə də onun məsuliyyət daşımamalı olduğunu bildirsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən və 15 mart 2022-ci il tarixli icarə müqaviləsinə 001 saylı əlavədən görünür ki, X3 ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından 34.80 kv.metr hissəsini icarəçi Cavabdeh istifadəsinə verilmişdir. İcarə müqaviləsinə əlavəyə əsasən icarə müqaviləsinə əsasən sexi icarəyə götürən Cavabdeh sözü gedən tikilidə olan avadanlıqlara, elektrik xətlərinə və yanğın təhlükəsizliyinə qarşı cavabdehliyi özü daşıması ilə bağlı öhdəlik götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən podrat müqaviləsinin tərəfi kimi çıxış edən cavabdehin diqqətsizliyi nəticəsində sifarişçiyə (iddiaçıya) məxsus avtomobil yanaraq tam yararsız vəziyyətə düşmüşdür. Məhkəmə yanğın nəticəsində avtomobilin yararsız hala düşməsinə görə tələb edilən 46 000 manat məbləğlə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən dəymiş ziyana görə artıq pul tələb etmişdir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, həmin avtomobil cavabdehə təhvil verilərkən 1) qabaq alın şüşəsi, 2) 4 ədəd qapı içlikləri, 3) 2 ədəd ön oturacaqlar (sidenka) 4) sağ tərəf qapıların şüşələri, 5) 8 ədəd sporler (2 ədəd qabaq və 2 ədəd arxa qanadlar üzərində olan və 4 ədəd qapılarda olan), 6) 2 ədəd padnojka sporleri, 7) 2 ədəd damın duqası, 8) 2 ədəd yan güzgülərin korpusu avtomobilin üzərində olmamışdır. Həmin detalların dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, həmin detalların ümumu qiymətinin cəmi təzə vəziyyətdə 3800 manat, aşınması nəzərə alınmaqla (2022-ci il üçün)dəyərləri ümumilikdə 3000 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, yanan avtomobil 2022-ci il istehallı olmuş, ona görə də ekspert tərəfindən avtomobilin qiyməti həmin ilə aid olan avtomobilin bazar qiyməti kimi müəyyən edilmişdir. Bu məntiqlə hazırda həmin vaxt avtomobilin üzərində olmayan detalların təzə qiyməti deyil, aşınması nəzərə alınmaqla 2022-ci il üçün dəyəri müəyyən edilmiş 3000 manat pul ümumi məbləğdən çıxılmalıdır. Belə olan halda 43000 (46000-3000=43000) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehin Cavabdeh 43000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 228 manat məbləğində pul vəsaitinin 219 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə "xxxx" MMC-nin qiymətləndirmənin aparılması ilə əlaqədar müəyyən etdiyi 350 manat xərc ilə bağlı qeyd edir ki, iddiaçı əvvəlcədən avtomobilin üzərində bəzi detalların olması ilə bağlı təhqiqat orqanı və məhkəməyə məlumat verməmiş, sonradan cavabdeh bu barədə bildirdikdə iddiaçı bəzi detalların olmadığını etiraf etmişdir. Nəticədə həmin detalların qiymətləndirilməsi üçün qiymətləndiricinin təyin edilməsinə zərurət yaranmışdır. Buna görə də, qiymətləndirmənin xərci kimi müəyyən edilmiş 350 manatın 100 manatı cavabdehdən, 250 manat hissəsi isə iddiaçıdan (Müxbir hesab: AZ61NABZ********************, kod: 507280, TİN **********, S.W.İ.F.T. RBTAAZ22, Hesab sahibi: MEYAR EKSPERTİZA MMC, VÖEN: **********, Hesab İBAN: AZ74RBTA********************) tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Nəticə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 43000 (qırx üç min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 228 manat məbləğində pul vəsaitinin 219 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərcinin 100 manat hissəsi Cavabdeh, qalan 250 manat hissəsi isə İddiaçı (Müxbir hesab: AZ61NABZ********************, kod: 507280, TİN **********, S.W.İ.F.T. RBTAAZ22, Hesab sahibi: MEYAR EKSPERTİZA MMC, VÖEN: **********, Hesab İBAN: AZ74RBTA********************) tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar