Məhkəmə qərarları › İş №e-2(051)-1162/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1162/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1162/2024 06.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi, faiz, əldən çıxmış fayda , mənəvi zərər və vəkil xərcinin ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 60000 (altmış min) manat pulunun, 4200 (dörd min iki yüz) manat faizin, 9500 (doqquz min beş yüz) manat əldən çıxmış faydanın, 16000 (on altı min) manat mənəvi ziyanın, 300 manat vəkil üçün ödənilmiş xidmət haqqının, cəmi 90000 (doxsan min) manat pulun və 360 manat ödənilmiş dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, O, İddiaçı Cavabdeh uzun illərdir tanıyır. Cavabdehlə münasibərləri normal olmuş və rəfiqəlik etmişlər. 2023-cü ilin avqust-oktyabr aylarında Cavabdeh ondan hissə-hissə olmaqla cəmi 60000 manat pul almış və həmin pulu onun deməsinə görə hansısa biznes sahəsinə qoyaraq pul götürməsini bildirmişdir. O da cavabdehlə bu qaydada bir neçə dəfə iş görsə də, sonuncu bu hadisə nəticəsində 60000 manat pul vermişdir. Sözügedən 60000 manat puldan sonra cavabdeh müxtəlif bəhanələr gətirərək tez bir zamanda pulun veriləcəyini desə də heç bir nəticəsi olmamışdır. Bundan əlavə o, cavabdehə verdiyi pulla özünə avtomobil alacaqdı və bunun üçün də hətta beh kimi 8500 manat pul vermişdir. Lakin cavabdeh ona borclu olduğu pulu qaytarmadığı üçün avtomobilin pulunu verə bilmədi və bunun nəticəsində 3500 manat beh verdiyi pul itirdi. Bunu cavabdeh özü də bilir və etiraf edir. Cavabdeh onun etibarından istifadə edərək 60000 manat pulumu mənimsəmişdir. Bununla əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdim və mənə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Cavabdeh mənə pul borclu olmasını istintaqda verdiyi ifadəsində də bildirmişdir. Bununla əlaqədar Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Nurlan Yusifovun xx.xx.2023-cü il tarixli qərarını iddia ərizəmə əlavə edir. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hərəkətləri nəticəsində o, xeyli pul itirmişdir. Belə ki, o, sözügedən pulu borca faizlə almışdır. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. Belə ki, 2023-cü il üçün bank uçot dərəcəsi 7 % təşkil edir, bu məbləğ isə həmin vaxt ərzində 4200 manat təşkil edir. (mərkəzi bankın rəsmi internet səhfəsi www.cbar.az istinad edilir). Ona dəymiş ziyanın əvəzi kimi hazırda həmin müddət ərzində o həmin pulu özündə saxlayıb banka depozitə qoysaydı, ən azı sözügedən pulu 10-15 % hissəsi miqdarında xeyir götürərdi və ya hər hansı biznes sahəsinə yatırım etsəydi, 30 %dən daha çox xeyir götürərdi. O, əldən çıxmış fayda kimi cavabdehdən 3500+6000=9500 manat tələb edir. (3500 manat cavabdehin hərəkətləri nəticəsində verdiyim behin batması və 60000 manatın hər il üçün 10% olmaqla bir il müddət hesabladıqda sözügedən məbləğ alınır). Bundan əlavə cavabdehin hərəkətləri nəticəsində mənə maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onun hərəkətləri nəticəsində xeyli müalicə olunmuşdur. Əsəbləri korlanmış və daimi müalicələrdə olmuşdur. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 16000 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdeh 60000 (altmış min) manat pulunun, 4200 (dörd min iki yüz) manat faizin, 9500 (doqquz min beş yüz) manat əldən çıxmış faydanın, 16000 (on altı min) manat mənəvi ziyanın, 300 manat vəkil üçün ödənilmiş xidmət haqqının, cəmi 90000 (doxsan min) manat pulun və 360 manat ödənilmiş dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məkhəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş 20 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən Cavabdeh əməllərində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş cinayət işi materiallarında olan "xxxx"ASC-yə məxsus kartdan göndərişlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə saat 14:03-də 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:40-da 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:57-də 1500 manat, xx.xx.2023-cü il tarixdə saat 14:57-də 3000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:07də 5000 manat, xx.xx.2023-cü il tarixdə 20:06-da 17500 manat, xx.xx.2023-cü il tarixdə 20:07də 4000 manat, xx.xx.2023-cü il tarixdə 08:41-də 5000 manat, xx.xx.2023-cü il tarixdə saat 18:48-də 20000 manat, xx.xx.2023-cü il tarixdə saat 00:26-da 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 14:54-də 4240 manat məbləğində cavabdehə köçürmələr etmişdir. İşə əlavə olunmuş cinayət işi materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 1 il olar ki, internet üzərindən “coin” alqı-satqısı ilə məşğul olaraq gəlir əldə edir. Belə ki, o, coin alqı-satqısı ilə məşğul olan müxtəlif platformada artıma uyğun olaraq düzgün edilən yatırımlardan sonra qoyulan məbləğə uyğun olaraq gəlir əldə edir. Bu barədə tanışı Aynurənin məlumatı var idi. Hələ 2023-cü ilin yanvar ayında Aynurəyə bu barədə məlumat verəndə Aynurə gəlir əldə etmək məqsədi ilə ona 10.000 manat pul verdi və 2023-cü ilin avqust ayında o Aynurəyə 30.000 manat pul verdi. xx.xx.2023-cü il il tarixdə o, Türkiyə Cumhuriyyətinə təyyarə ilə uçdu və bundan bir neçə gün sonra Aynurə onunla əlaqə saxlayaraq özünə 33.000 manat dəyərində “Honda” markalı avtomobil almaq istədiyini, buna görə də ona pul vermək istədiyini və yatırımlarla əldə etdiyi pulla avtomobil almaq istədiyini dedi. O da razılıq verdi. Bundan sonra isə müxtəlif vaxtlarda onun və anasının kartına müxtəlif məbləğlərdə olmaqla ümumilikdə təxminən 40.000 manat pul göndərmişdir. Həmin pulun da artımlarla birlikdə Aynurəyə 60.000 təxminən 40.000 manat pul göndərmişdir. Lakin Aynurə avtomobili almaq üçün pul lazım olduğunu deyəndə o ona ilkin olaraq 5.500 manat pul göndərdi. Həmçinin Aynurəyə avtomobili lizinqə salmasını, aylıq ödənişini özünün edəcəyini, gəlir əldə olunan kimi onun pulunu qaytaracağını dedi. Beləliklə, ona 5500 manat pul göndərdi. Sonradan isə istifadəsində olan “X2” proqraməndan qeydiyyatdan keçdiyi mobil telefon nasaz olduğundan, yəni suya düşdüyündən proqramdan istifadə edə bilmədi. Həmin vaxt onun profilində təxminən 40-45000 ABŞ dolları arası məbləğ var idi. Pulu əldə edə bilmədiyindən Aynurənin pulunu qaytara bilmədi. Daha sonra Aynurə ilə əlaqə saxlayaraq onun pulunu noyabr ayının ortalarında pulunu qaytaracağını desə də, həmin vəsaiti qaytara bilmədi. Ondan sonra onun atası Ruslan onunla əlaqə saxladı və o ona pulu dekabr ayının sonunda qaytaracağını dedi. Lakin atası sonuncu ona göndərilən 20.000 manat pulu borc aldıqlarından və həmin şəxs də pulunu tələb etdiyindən onun barəsində şikayət ərizəsi ilə müraciət etdilər. Bildirir ki, Aynurə ilkin olaraq da onunla coinlə əlaqəli olaraq gəlir əldə edən zaman da qabaqcadan heç bir razılaşma olmamışdır. Belə ki, ona artıma uyğun olaraq pul veriləcəyini demişdir. Həmçinin o, Aynurəyə pulun itirilmə ehtimalı olması, belə bir hal olarsa da, pulun kök hissəsini qaytaracağını da demişdir. Ona görə də hər bir halda Aynurəyə 55.000 manat pulu 1 ay ərzində qaytaracağına söz vermişdir. İşə əlavə olunmuş flashdiskdəki səs yazılarından görünür ki, cavabaheh iddiaçıya borcu olduğunu etiraf edir və borcunu qaytaracağını vəd edir. Cavabdeh İddiaçı ümumilikdə 60000 manat borcu olduğunu etiraf edir. Həmin 60000 manatı ayın 15-i günü qaytaracağına dair söz vermişdir. İşə əlavə olunmuş whatsapp sosial şəbəkəsində olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıya 60 min pul qaytarmalı olduğunu və bunu müəyyən edilmiş tarixdə saaat 5-də prokurorluqda pulu qaytaracığını vəd etmişdir. İşə əlavə olunmuş Mərkəzi Bankən rəsmi saytından çıxarılmış çıxarışdan görünür ki, uçot faiz dərəcəsi xx.xx.2024-cü il tarixə 7.25% müəyyən edilmiş və həmin vaxtdan bu vaxtadək sabit qalmışdır. İşə əlavə olunmuş Mpay ödəniş terminalının mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Mingəçevir şəhər Vəkil Bürosuna Nümayəndə təyinatı ilə 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 60000 manat məbləğində pulun borc verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə borc müqaviləsi olmadığından, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında pulun verilməsinə dair şifahi formada mövcud razılaşma yazılı formada bağlanmadığından, bağlandığı andan etibarsızdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, qanunun həmin vaxt qüvvədə olan tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan razılaşma yazılı formada bağlanmamışdır. Bu da onu deməyə əsas verir ki, həmin müqavilə bağlandığı andan etibarsız olduğu üçün əhəmiyyətsiz əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5–ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından qənaətə gəlir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından və heç bir hüquqi nəticələr doğurmadığından, bağlandığı andan etibarsızdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflər arasında olan razılaşma yazılı formada bağlanmadığından, borc müqaviləsi kimi qanuni hesab edilə bilməz. Lakin həmin şifahi razılaşmada iddiaçının cavabdehə 60000 manat məbləğində pul verməsi, işin həqiqi halları ilə dəqiq müəyyən edilmişdir. Bu halın özü bir daha onu göstərir ki, tərəflər arasında pul məbləği ilə bağlı iradə ifadəsinin dəqiq məzmununu müəyyən etmək mümkündür. Belə olan halda tərəflər arasında qanundan irəli gələn öhdəlik hüquq münasibəti pul məbləğinin verilməsi ilə bağlı hissədə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5–ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6–cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Belə olan halda məhkəmə, iddiaçının cavabdehə verdiyi pulun məbləğini, yəni tərəflərin əqd üzrə aldıqlarını məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməsini işin həqiqi hallarına uyğun hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş şifahi borc müqaviləsi bağlandığı andan etibarsız olsa da, həmin razılaşma əsasında iddiaçının 60000 manat məbləğində pulu cavabdehə verməsi və cavabdehin həmin məbləği alması, iş materiallarına göndərişlərin əksi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında borcun verilməsini nəzərdə tutan şifahi əqd bağlansa da, həmin əqd borc müqaviləsi kimi tanınmadığı üçün etibarsızdır. Həmin şifahi borc müqaviləsi hüquqi nəticələr doğurmasa da, cavabdeh həmin əqd üzrə iddiaçıdan 60000 manat məbləğində pul almışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 60000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmişdir. Belə olan halda 60000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, bütün bu hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazışmalar və ödəniş qəbzləri ilə sübuta yetirilir. Məhkəmə, həmçinin iddia tələbini faiz hissəsində də əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bununla da iddiaçının pul vəsaitindən faydalanmışdır. Ona görə də həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyindən qətnamə çıxarılan tarixə olan bank uçot dərəcəsini, yəni 7.25% dərəcəsini müəyyənləşdirir. Bununla da cavabdehin iddiaçıya borclu olduğu 60000 manat pul vəsaitinin 7.25 faizi (60000 : 100 * 7.25), yəni 4350 manat pul təşkil edir. Lakin buna baxmayaraq iddiaçı tərəf tələbində faiz kimi 7 faizi əsas götürmüş və məhkəmədən tələbinin həmin hissəsində 4200 manat pul tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin məzmunundan görünür ki, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə hazırki iş üzrə iddiaçının tələbini aşmamalı həmin tələbə uyğun qətnamə çıxarmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin qənətincə, iddia tələbinin faiz hissəsi təmin edilməli və cavabdehdən 4200 manat məbləğində pul vəsaiti tutulub iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin əldə çıxmış fayda və mənəvi zərər tələbi ilə bağlı hissələri ilə bağlı qeyd edir ki, həmin tələbləri əsaslandıra biləcək heç bir sübut iddiaçı tərəf tərəfindən məhkəməyə təqdim edilməməmişdir. Ona görə də iddiaçının həmin tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçının göstərilən hüquqi yardıma görə vəkil üçün ödənilmiş 300 manat xidmət haqqı, həmçinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi məbləğdən 283,50 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 60000 (altmış min) manat məbləğdə pul və 4200 (dörd min iki yüz) manat faiz olmaqla, cəmi 64 200 (altmış dörd min iki yüz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh göstərilən hüquqi yardıma görə vəkil üçün ödənilmiş xidmət haqqı olan 300 (üç yüz) manat məbləğində haqq alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddia tələbini təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Cavabdeh iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi məbləğdən 283,50 (iki yüz səksən üç manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar