Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2055/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 200 manat sığorta ödənişi məbləğinin və 20 manat dövlət rüsumunun, cəmi 220 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub "xxxx" ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, «Mercedes Benz E240” markalı 99BA719 dövlət qeydiyyat nişanlı avtomobil 17.08.2020-cı il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh1 21.02.2021-cı il tarixdə Cavabdeh2 məxsus «Mercedes Benz E240” markalı 99BA719 dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərkən, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küşəsi ilə V.Abdullayev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ2107” markalı, 62BF757 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “VAZ2107” markalı, 62BF757 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ümumilikdə 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələrində nəzərdə inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh1 avtomaşını etibarnaməsi olmadan idarə etmişdir. Bu səbəbdən də sığorta şirkətinin ödənilmiş məbləğə görə subroqasiya hüququ yaranmışdır. Bundan sonra cavabdehlərə bu barədə pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Odur ki, iddianın təmin olunaraq, cavabdehlərdən 200 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası iddianı qismən qəbul etdi və bildirdi ki, «Mercedes Benz E240” markalı 99BA719 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra Cavabdeh2 dəymiş ziyanıödəyəcəyini bildirmişdir. Buna görə də onun tərəfindən ödəniş edilməmişdir. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" ASC–yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icbari sığortası müqaviləsinə dair elektron məlumatdan görünür ki, Cavabdeh2 məxsus «Mercedes Benz E240” markalı 99BA719 dövlət qeydiyyat nişanlı avtomobil 17.08.2020–ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 21.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 05.03.2021–ci il tarixli sığorta aktından görünür ki, “VAZ2107” markalı, 62BF757 dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində maddi zərər dəymiş və həmin zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 200 manat sığorta ödənişi edilmişdir. İşdə olan 10.08.2021–ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 21.02.2021-cı il tarixdə «Mercedes Benz E240” markalı 99BA719 dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərkən Mingəçevir şəhəri, Ü.Hacıbəyov küşəsi ilə V.Abdullayev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ21074” markalı, 62BF757 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Nəticədə “VAZ21074” markalı, 62BF757 avtomaşına 200 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh1 yol –nəqliyyat hadisə törətdiyinə görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği 200 manat qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsindən yaranan subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3–cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı, və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, suroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabacadan iddiaçı şirkətlə mülki məsuliyyətin icbari sığorta müqaviləsi bağlamış, yol–nəqliyyat hadisəsi sığorta müddətində baş vermiş, lakin Cavabdeh2 sahibliyində olan avtomobil digər Cavabdeh1 oğlu tərəfindən işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istifadəsində olan vaxt yol–nəqliyyat hadisəsi baş vermişdir. Hadisə törətmiş şəxs İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə olan halda iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM–nin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən subroqasiya qaydasında 200 manat pul və 20 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 (iki yüz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 (iyirmi) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2055/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2055/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver