Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2289/2023 20.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: “X10” ASC-nin Ləğvetmə Komissiyasının sədri Nümayəndə Cavabdeh: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 icra məmuru X5 iştirakı ilə İddiaçı “X10” ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı “iddiaçıya məxsus olan əmlak kompleksi kimi müəssisənin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X10” ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, “X12” ASC-yə məxsus olan, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin üzərinə qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X10” ASC-nin Ləğvetmə Komissiyasının sədri Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, keçmiş Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 26 aprel 2002-ci il tarixli, 156 saylı sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X10 zavodunun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “X10” ASC Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşir. Cəmiyyətin səhmləri 100% özəlləşdirilmişdir. Cəmiyyət tam özəlləşdiyi üçün Cəmiyyətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsasən Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət növündə və əmlak kompleksi kimi müəssisə kimi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 52 saylı notariat ofisində “X10” ASC-nin əmlakın bir hissəsini icarəyə vermək istədikdə, məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışına” əsasən, yüklülük haqqında məlumatda həbs göstərilir. Həbsin səbəbi kimi Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarının olması göstərilmişdir. Bundan sonra məsələni araşdırmaq üçün 22 avqust 2023-cü il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsində olmuşlar. Şöbədə qeyd edilən tarixlərlə bağlı icra işinin olmadığı və Cavabdeh1 ilə əlaqə saxlamağı bildirmişlər. 23 avqust 2023-cü il tarixdə Cavabdeh1ndə olmuşlar. Cavabdeh1ndə olarkən məlum olmuşdur ki, Bakı Hərbi Məhkəməsinin (hakim Həbib Həsənov) 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X4 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun və qohumlarının adına olan əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Məhkəmə hökmünə əsasən X2 və onun qohumlarına Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi məxsusdur və ona görə də həmin əmlakın üzərinə həbs qoyulması üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdimat verilmiş və icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. “X10” ASC-nin təşkilati forması açıq səhmdar cəmiyyətidir. Cəmiyyətin əmlakı paylı mülkiyyət kimi səhmdarlara məxsusdur. Cəmiyyətin 35 səhmdarı olmuşdur. Cəmiyyətin səhmdarları əsasən əmək kollektivinin üzvləri və digər səhmdarlardan ibarət olmuşlar. Hazırda cəmiyyətin 14 səhmdarı vardır. Cəmiyyətin səhmdarları arasında heç bir vaxt Fizuli Əliyev adlı şəxs, yaxud onun qohumları olmamışdır. Hətta əgər olmuş olsaydı belə, bu halda bütün səhmdarlara məxsus olan əmlak kompleksinə deyil, təqsirləndirilən şəxsin (yaxud qohumunun) səhminin üzərinə həbs qoyula bilərdi. Daşınmaz əmlakın növünə görə Cəmiyyətin əmlakı əmlak kompleksi kimi müəssisə, mülkiyyətçi kimi isə “X10” ASC qeydiyyata alınmışdır. Məhkəmənin hökmünə görə isə Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi nəzərdə tutulmuşdur. Təbii ki, qeyri-yaşayış sahəsi əmlak kompleksi deyildir. Beləliklə, hesab edir ki, “X10” ASC-nin əmlak kompleksinə həbs qoyulması qanunsuzdur, Cəmiyyətin və onun səhmdarının hüququnu məhdudlaşdırır. Hesab edir ki, bu məsələdə hansısa yanlışlıq olmuşdur və yaxud qeyri-dəqiq məlumat nəticəsində belə qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 icra məmuru X8 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, əmlak üzərinə həbs Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən qoyulmuşdur. İcra sənədi isə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü əsasında verilmişdir. Həmin hökmə əsasən 498.000 manat dəyərində Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binasında, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən qeyri-yaşayış binasında təqsirləndirilən şəxs X2 və onun qohumlarına məxsus pay xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Payların müəyyən olunması, hansı qohumların nəzərdə tutulması istiqamətində dəfələrlə yazışmalar aparılmış, bu məsələ ilə bağlı Vergilər Nazirliyinə belə sorğu göndərilmişdir. Həmçinin məhkəmədən hökm istənilmiş, həmin hökmdə də hansı payın kimə məxsus olması göstərilməmişdir. Ona görə icra sənədinin icrasında çətinlik yaranmışdır. Bununla belə icra sənədinin icra olunması ilə bağlı zəruri icra tədbirləri davam etdirilir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə etiraz göndərərək, Ərazi İdarəsinin arxiv məlumatlarına və elektron məlumat bazasına əsasən bildirmişlər ki, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə “X10” ASC-nin adına xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən qeyri-yaşayış binasına (idarə binası) "xxxx" ASC-nin adına xx.xx.2008-ci il tarixli 20892 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binasına (qonaq evi) "xxxx" ASC-nin adına xx.xx.2008-ci il tarixli 20891 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İcra sənədləri üzrə borclulara məxsus qeyd olunan əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmünün icra edilməsi məqsədi ilə borclulara məxsus qeyd olunan daşınmaz əmlakların üzərinə həbs qoyulması ilə bağlı xx.xx.2020-ci il tarixli, 42-5-1 saylı müraciət 17 saylı Yevlax Ərazi İdarəsinə daxil olmuşdur. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(093)- 7/2018 saylı icra vərəqəsində qeyd edilən Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən və Gəncə şossesi 8 ünvanında yerləşən qeyri-yaşayış binalarının üzərinə onlar tərəfindən məhdudiyyət (həbs) qoyulmuşdur. “X10” ASC-nin və “Mingəçevir Təmir Tikinti" ASC-nin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyəti olduğu üçün səhmdarların payları (qiymətli kağızlar haqqında) barədə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində məlumatlar mövcud deyildir. Həbsin götürülməsi hissəsində həbsin qoyulmasının əsasını təşkil edən məkhkəmə aktını çıxarmış məhkəmə tərəfindən yeni münasibət bildirilmədiyindən (həbsin götürülməsinə dair) mülki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, cavabdehin etirazını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********02-12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında istifadədə olan 0.8136 hektar sahəsində yerləşən, ümumi sahəsi 6933.1 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə üzərində “X10” ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 24514 saylı inventar nömrəsi ilə xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş reyestr nömrəsi **********02-12301 olan Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən əmlak kompleksinin texniki pasportundan görünür ki, hüquq subyekti kimi “X10” ASC göstərilmişdir. İşdə olan “Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”ın surətindən görünür ki, əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsinin RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli sənədinə əsasən “X10” ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Yüklülük haqqında məlumatdan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı ilə əmlak üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmündən Çıxarışdan görünür ki, təqsirləndirilən şəxs X1 və qohumlarının adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi, “Xalça” firma mağazasının qarşısındakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza), ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış binası, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən 0,061 ha torpaq sahəsində yerləşən mülk, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər, ünvan 8 ünvanında yerləşən əmlak kompleksi, 498.000 manat dəyərində Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyriyaşayış binasında pay, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən qeyriyaşayış binasında pay, Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, 40.000 manat dəyərində «X14» markalı 90RE505 dövlət qeydiyyat nişanlı avtomaşın, «Lexus GX 460» markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşın, «Toyota Camry» markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşın, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti, “Xalça” mağazasının qarşısındakı aptekin şərq hissəsində yerləşən qeyri-yaşayış binası, ünvan 20a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 10ında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 11 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evi, ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak, ünvan 13kı ev, ünvan 14i rayonunda yerləşən 0,1846 ha torpaq sahəsi, Gəncə şəhəri, Nizami və Əttarlar küçələrinin kəsişməsində 137b və 137c saylı iki mağaza, ünvan 16 ünvanında yerləşən ev, X3 adına rəsmiləşdirilmiş Göygöl rayonunun Hacıkənd kəndində və Daşkəsən rayonunun Xoşbulaq kəndində olan torpaq sahələri və bağ evləri, ünvan 18 ünvanında 0,0386 ha torpaq sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan mülklər, təqsirləndirilən şəxs X1 iş otaqlarından və evindən götürülmüş 10 ədəd müxtəlif ölçülü sarı metaldan hazırlanmış predmetlər, hər birində 1 ədəd brilyant qaşa bənzər daşları olan 2 ədəd vakuum paketlər, 16.130 manat dəyərində qiymətli əşyalar, 35.100 ABŞ dolları və 12.123 manat pul vəsaitləri xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 498.000 manat dəyərində Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binasında pay, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən qeyri-yaşayış binasında pay xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1(102)-2/2021 saylı qərarından görünür ki, X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum X4 barəsində Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı qismən əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə dair hissədə dəyişdirilmiş, məhkum X1 və qohumlarının adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi, Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi, Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 84 ünvanında yerləşən ev, ünvan 16 ünvanında yerləşən ev, ünvan 20a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 13kı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində sorğu edilən şəxslər (X7, X6 və X1 əvvəllər adına səhm olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur) barədə heç bir məlumat mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixinə olan dövr üzrə “X10” ASC-nin səhmdarlarının siyahısının təsdiq edilmiş surətindən görünür ki, X1 adı qeyd edilən siyahıda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 və Gəncə şossesi 8-də yerləşən daşınmaz əmlak üzərində X1 hüquq sahibi kimi payının olması barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesi 8-də yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “X10” ASC-nin adına tam mülkiyyət hüququ xx.xx.2016–cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 və Gəncə şossesi 8-də yerləşən daşınmaz əmlak üzərində məktubda qeyd olunan fiziki şəxslərin hüquq sahibi kimi paylarının olması barədə məlumat yoxdur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, keçmiş Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 26 aprel 2002-ci il tarixli, 156 saylı sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X10 zavodunun bazasında “X10” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “X10” ASC Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşir. Cəmiyyətin səhmləri 100% özəlləşdirilmişdir. Cəmiyyət tam özəlləşdiyi üçün Cəmiyyətə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsasən Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət növündə və əmlak kompleksi kimi müəssisə kimi qeydiyyata alınmışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş təqsirləndirilən şəxs X1 və qohumlarının adına olan əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı ilə Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulmuşdur. “X10” ASC-nin təşkilati forması açıq səhmdar cəmiyyətidir. Cəmiyyətin əmlakı paylı mülkiyyət kimi səhmdarlara məxsusdur. Cəmiyyətin 35 səhmdarı olmuşdur. Cəmiyyətin səhmdarları əsasən əmək kollektivinin üzvləri və digər səhmdarlardan ibarət olmuşlar. Hazırda cəmiyyətin 14 səhmdarı vardır. Cəmiyyətin səhmdarları arasında X4 və yaxud onun qohumlarının payı müəyyən olunmamışdır. Bununla belə üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisi olan “X10” ASC cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə hökmü ilə xüsusi müsadirə edilmiş əmlaklar üzərində sahiblik hüququnun mübahisələndirilməsinə dair iddialar mülki məhkəmə icraatı qaydasında baxılıb həll edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, hazırki iddianın prosessual əsasını Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinə əsasən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir (183.1). Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir (183.2). Göründüyü kimi, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququnun mübahisələndirilməsinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır və həll edilir. Hazırki iddia tələbi də yekun məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququ ilə bağlı olduğundan mülki mühakimə icraatı çərçivəsində baxılması qanuni və əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Eləcə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Bu halda məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı ilə bağlı qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisi olan iddiaçı “X10” ASC cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmadığından, həmçinin hüquqlarına toxunan məhkəmə hökmündən məlumatsız olduğundan, Bakı hərbi məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ona münasibətdə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyini əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Belə olan halda hazırkı iş üzrə mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin qeyd olunan hökmündə müəyyən edilmişdir ki, «Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində konkret olaraq hansı əmlakların xüsusi müsadirə əsasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilinməsi göstərilmişdir və həmin maddənin tələbinə əsasən yalnız və yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və əmlakın xüsusi müsadirə edilməsindən bəhs olunur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, iddiaçı “X10” ASC-nin mülkiyyətində olan daşınmaz əmlakın da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X1 həmin daşınmaz əmlak üzərində nə özünün, nə də qohumlarının pay hüququnun olması müəyyən edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, Gəncə şossesi 8 ünvanında yerləşən ümumi sahəsi 6933.1 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaka münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə nəticəyə gələrkən, həmçinin nəzərə almışdır ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə xüsusi müsadirə edilməli əmlak olan, Gəncə şossesi 8 ünvanında yerləşən ümumi sahəsi 6933.1 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə üzərində “X10” ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və onun səhmdarlarından hansının payının müsadirə edilməsi konkret göstərilməmişdir. Eləcə də həmin daşınmaz əmlak üzərində təqsirləndirilən şəxs X1 və qohumlarının hüquq sahibi kimi payının olması barədə məlumat müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022ci il tarixli qərarında olan mövqeyinə görə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, həmin mübahisəli əmlak kompleksi kimi müəssisə üzərində “X10” ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016–cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, həmçinin əmlak kompleksinin texniki pasportunda hüquq subyekti kimi “X10” ASC göstərilmişdir. Hər iki sənəddə də mübahisəli əmlak, əmlak kompleksi kimi müəssisə kimi göstərilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində sorğu edilən X4 barədə heç bir məlumat mövcud olmamışdır. Eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1nə ünvanlanmış cavab məktubunda da Mingəçevir şəhəri, Gəncə şossesi 8-də yerləşən daşınmaz əmlak üzərində X1 hüquq sahibi kimi payının olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, əmlak üzərinə həbs qoyulması müvafiq əmlakın mülkiyyətçisi üçün sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır və buna görə qeyd olunan məhdudlaşdırma ağlabatan və hüquqi cəhətdən əsaslandırılmış olmalıdır. Bu, konkret bir şəxsin cinayət fəaliyyətində iştirakı və ya konkret əmlakın mənşəyinin iddia edilən cinayət xarakteri ilə şərtləndirilməli və ya mülkiyyətçinin şübhəli və ya təqsirləndirilən şəxsin hərəkətləri üçün maddi məsuliyyətini müəyyənləşdirən qanuna əsaslanmalıdır. İstinad olunan hökmdə isə təqsirləndirilən şəxs X1 mübahisəli daşınmaz əmlakın əldə edilməsində iştirakı və ya rolu, həmçinin əmlakın mülkiyyətçisi olan hüquqi şəxsin təqsirləndirilən şəxsin hərəkətləri üçün maddi məsuliyyəti müəyyən edilmədiyindən, iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulması qanuni olmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə qənaətə gəlir ki, həmin mübahisəli əmlak kompleksi kimi müəssisə üzərində “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən “X10” ASC-nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmündə mübahisəli əmlak, əmlak kompleksi kimi müəssisə kimi deyil, Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən qeyri-yaşayış binası kimi göstərilmiş, həmçinin həmin hökmdə təqsirləndirilən şəxs X1 qohumlarının tam və dəqiq dairəsi də göstərilməmişdir. Eləcə də Mingəçevir şəhəri, Gəncə şossesi 8-də yerləşən daşınmaz əmlak üzərində X1 hüquq sahibi kimi payının olması, həmçinin müəssisənin səhmdarlarından hansınınsa onun qohumu olması barədə də məlumat müəyyən olunmamışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********02- 12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə “X12” ASC-yə məxsus olan, ümumi sahəsi 6933.1 kvadrat metr olan Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə həbsdən azad edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********02- 12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə “X12” ASC-yə məxsus olan, ümumi sahəsi 6933.1 kvadrat metr olan Mingəçevir şəhəri, Gəncə şossesi 8 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə həbsdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2289/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2289/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver