Məhkəmə qərarları › İş №e-2(051)-360/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-360/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-360/2024 13.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı1 və İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh: Cavabdeh1 və Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı naturada bölgü və mənzildən çıxartma tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzil onların hər birinin 1/5 hissədə olan paylarının naturada bölünməsi və Cavabdeh3 Mingəçevir şəhəri, Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 anam, Cavabdeh1 qardaşıdır. Cavabdeh3 isə Cavabdeh1 arvadıdır. Mingəçevir şəhəri Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzili onlar, yəni iddiaçıların hər birinin 1/5 hissə olmaqla paylı mülkiyyətindədir. Atasından miras qalmış evin 3/5 hissəsi atasının adında qalmışdır. Cavabdehlər onların mənzillərindən istifadə etmələrinə mane olurlar. Əmlaklarından sərbəst istifadə edə bilmirlər. Şəfaqət və Cavabdeh1lər atasının vərəsələri olsalarda Cavabdeh3 vərəsəlik hüququ yoxdur. Onlar mənzildə Cavabdeh3 yaşamasını istəmirlər. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, qarşı tərəfin özünə məxsus qıfıllanmış otağı vardır. Cavabdeh3 Vüsalın həyat yoldaşıdır. Vüsal özü paylı mülkiyyətçidir. Belə olan halda Elnarənin yoldaşının yanında yaşamaq hüququ vardır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 2008-ci ildə ailə qurmuş və evlənmişlər, nikahlarını 2009-cu ilin noyabr 26-da rəsmiləşdirmişlər. Gəlini o evə köçürmüşdür. Birgə nikahdan iki uşaqları olmuşdur. Yoldaşı onun yanında qalmalıdır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi izahatlarında göstərmişdir ki, həm Hicranın, həm də Vüsalənin nümayəndəsidir. Çıxarış təqdim etmişdir ki, 1/5, 1/5 onun tərəfinin, 3/5 isə atalarının adında qalıb. Onun tərəfinin evdən sərbəst surətdə istifadə edilməsinə Elnarə tərəfindən mane olunur. Onların iki tələbi var. Bir tələb evin naturada bölünməsi, digər isə Elnarənin mənzildən çıxarılmasıdır. Naturada bölgü üçün ekspertiza təyin edilməlidir. Elnarənin payı yoxdur. Orada xüsusi otaqlar var ki, onlar da bölünməlidir. Sanuzel ayrı olmalıdır. Onun tərəfi münaqişə səbəbindən həmin evdə yaşaya bilmir. Yaşayış sahəsinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi labüddür. Bir otağa onun tərəfi sadəcə olaraq öz əşyalarını yerləşdirmişdir. O vaxtilə tərəfinin həmin mənzilə köçürülməsinə dair iddia vermişdir. Lakin qarşı tərəf şərait yaratmamışdır. Texniki pasportdakı göstəricilərə əsasən texniki cəhətdən naturada bölgünün mümkün olmadığını mütəxəssislər müəyyən etmişlər. Həmin əmlak 1/5 hissəyə bölünmüşdür. Lakin 3 otaqlı mənzil necə 5 yerə bölünə bilər? Bu mümkün deyil. Yalnız ekspert bu barədə konkret rəy verə bilər. Baxış keçirmə ekspertin özü üçün müəyyən etdiyi haldır. Ekspert özü yerli baxışı lazım bilməmişdir. Təkrar ekspertizann keçirilməsi sürüdürməçiliklə nəticələnə bilər. Baxış iclasının təyin edilməsini xahiş edir. O öz payının, yəni 1/5 payın naturada bölünməsini xahiş edir. Vüsalə və Hicran Elnarənin həmin evdən çıxarılmasını xahiş edirlər. Onlara münasibətdə Elnarənin istifadə hüququ yoxdur. Əvvəlki məhkəmə iclaslarında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi izahatlarında göstərmişdir ki, mərhumun adına pay qalmamışdır. 1/5 hissədə cavabdehlərin payları vardır. İddiaçı naturada bölgü üçün yalnız öz payına münasibətdə tələb edə bilər. Tərəflərdən biri bir otağı özü üçün götürüb və qıfıllamışdır. Burada mübahisə yoxdur. Razılıq yolu ilə məsələ həll ola bilər. Elnarə 2009-cu ildə Vüsalla rəsmi nikah bağlayıb o evə gəlin köçmüşdür. Hal-hazırda da orada yaşayır. Orada təsərrüfat aparır. Gəlin köçəndə evin mülkiyyətçisi qayınatası olmuşdur. Birgə nikahdan 2 uşağı olmuşdur. Onun yoldaşının həmin evdə payı vardır. O köçəndə ev qayınatanın olmuşdur. Hesab edir ki, iddia tələbi mənzildən çıxarma hissəsində əsassızdır. Həmin evdə hal-hazırda Vüsal, Şəfaqət, Elnarə və iki uşaq yaşayırlar. Onun fikrincə qanunvericiliyə əsasən Elnarənin həmin evdə istifadə hüququ vardır. Ona görə də o çıxarıla bilməz. Mənzil özəlləşdirərkən o da iştirak etmişdir. Hicran və Vüsalə həmin evdə yaşamırlar. Otağı bağlayıb başqa yerə getmişlər. Sanuzel ümumi istifadədir. Ekspertizanın keçirilməsi isə labüd deyil. Mübahisə yoxdur. Razılaşma vardır. Onun fikrincə, qanunverciliyə əsasən ekspertizaya ehtiyac yoxdur. Bu formada rəy verilməsi qanunvericilin tələblərinə ziddir. Mətbəx koridor kimi hissələr ümumi istifadədə olan hissədir. Həmin hissələr yaşayış sahəsi hesab edilə bilməz. Otaqlar tərəflər arasında bölünə bilər. Ekspert gəlib baxış keçirtməmişdir. Təkrar ekspertiza keçirilməsini istəyir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı1 verdiyi izahatlarında göstərmişdir ki, bu günkü gündə onlar arasında mübahisə vardır. Elnarə heç bir məhkəmə qərarı olmadan bir otağı qıfıllamışdır. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 verdiyi izahatlarında göstərmişdir ki, kişi xəstə düşdü. Gözdən əlil oldu. Gəlin baldız mübahisələri oldu. Mübhisələr nəticəsində onun vəziyyəti pisləşmiş və onu xəstəxanadan Gəncəyə göndərmişlər. O orada əməliyyat olunmuşdur. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh3 verdiyi izahatlarında göstərmişdir ki, 2009cu ildə ailə qurmuşlar. Onlar qoşulub qaçmışlar. İlk dəfə yoldaşının xalasıgilə getmişlər. Sonra qayınatasının istəyi ilə evə köçmüşlər. 27 fevralda köçmüşdür. 2 uşağı vardır. Məhkəmə işdə edən şəxslərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən mənzil X3 3/5 hissədə, Əliyev Hicran Ramiz qızının 1/5 hissədə və İddiaçı2 1/5 hissədə paylı mülkiyyətindədir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-782/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X9 mərhum X3 qanun üzrə birinci növbəli vərəsələri kimi tanınmışlar. X1 miras qalmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018–ci il tarixdə verilmiş, ********** nömrə ilə qeydiyyata alınmış **********57-05101-093044 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən, X4 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71.9 kv.m. olan mənzildən iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birinin miras payı 1/5 hissədə müəyyən edilmişdir. Qalan 1/5 hissədə miras payı isə mərhum X3 adında saxlanmışdır. X1 miras qalmış və tərəflərin ümumi paylı mülkiyyətdə olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.m. olan mübahisəli miras mənzilin tərkib hissəsindən İddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə etmələrinə maneənin yaradılması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilmişdir. İşdə olan 01 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 vərəsələri Əliyev Hicran Ramiz qızı və İddiaçı2dır. İşdə olan AZ-İ seriyalı, 530447 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X10 arasında 26 noyabr 2009-cu ildə nikah bağlanmış və bu barədə nikah akt qeydləri kitabına 404 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İmamverdiyeva soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 birgə nikahından Elçin və Yaqub adlı 2 uşaqları olmuşdur. İşdə olan Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.metr olan mənzil Əliyev Hicran Ramiz qızının 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X5 1/5 hissədə, Cavabdeh2 1/5 hissədə və X3 1/5 hissədə paylı mülkiyyətindədir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-443/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmişdir. Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 saylı evin 1/5 hissədə paylı mülkiyyətdə olan 36 saylı mənzili mülkiyyət hüququ ilə 1/5 hissədə Cavabdeh2 oğluna məxsus olan mənzilin oğlu Cavabdeh1 bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış İddiaçı1 razılığı alınmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilmişdir. İddiaçı1 və İddiaçı2 miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 14/1 sayl evin 36 saylı mənzilinə məcburi payı olması izah olunması qət edilmişdir. İşdə olan Əmlak məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən ümumi sahəsi 71.9 kv.metr olan mənzil Əliyev Hicran Ramiz qızının 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X5 2/5 hissədə və X3 1/5 hissədə paylı mülkiyyətindədir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə tikinti-texniki 15 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən 14/1 saylın evin 36 saylı mənzilin 1/5 hissədə paylara naturada ayrılmasının “ İnşaat norma qaydaları” 2,08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən mənzilin planları göstərilmişdir. İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/13697 №li arayışdan görünür ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 46000 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Mingəçevir şəhəri, X16 küçəsi ev 14/1, mənzil 36 (yeni qaydalarla AZ 4502 Mingəçevir şəhəri, X15 küçəsi 76, M1, m1) ünvanında yerləşən mənzil hazırda Əliyev Hicran Ramiz qızının 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X5 2/5 hissədə və X3 1/5 hissədə paylı mülkiyyətindədir. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də birgə iddiaçılar öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş 15 avqust 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən 14/1 saylın evin 36 saylı mənzilin 1/5 hissədə paylara naturada ayrılmasının “ İnşaat norma qaydaları” 2,08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçılara düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə naturada bölgü tələbinə dair hissəyə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri, Xətai küçəsində yerləşən 14/1 saylın evin 36 saylı mənzilin isə yalnız bir giriş-çıxış yolunun olması, ayrıayrı otaqların sahəsinin tərəflərin payına düşən sahəyə uyğun olmaması mənzilin naturada bölünməsini istisna edir. Bundan başqa məhkəmə iddiaçı tərəfin iddia tələbinin Cavabdeh3 mübahisəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququ vardır. Çünki işin faktiki hallarından məlum olur ki, 2008-ci ilin dekabr ayında faktiki ailə qurmuş və Cavabdeh3 sözügedən mənzilə gəlin kimi köçmüşdür. Həmin dövrdə evin mülkiyyətçisi qaynatası X6 olmuşdur. Nikahları 26 noyabr 2009-cu ildə rəsmiləşmişdir. Birgə nikahdan iki uşaqlarıdoğulmuşdur. Hal-hazırda da birgə nikahdadırlar və birgə həmin mənzildə yaşayırlar. X6 xx.xx.2022-ci tarixində vəfat etdikdən sonra Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-782/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 birinci növbəli vərəsə hesab edilmiş və mübahisəli mənzildən 1/5 hissədə miras payı müəyyən edilmişdir. Buradanda aydın olur ki, Cavabdeh1 mübahisəli mənzilin paylı mülkiyyətçilərindən biridir. Belə olan halda da Cavabdeh3 ərinə (Cavabdeh1) münasibətdə istifadə hüquqları yaranmışdır və həmin hüquq məhdudlaşdırıla bilməz. Məhkəməyə təqdim edilmiş sübutlardan və izahatlardan da aydın olur ki, Cavabdeh3 gəlin köçdüyü vaxtdan hazırkı tarixədək həmin mənzildə yaşayır və əri ilə birgə təsərrüfat aparırlar. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisə 2009-cu ilin oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsi ilə həll edilməlidir. Mənzil Məcəlləsində isə göstərilir ki, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququ işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclası zamanı cavabdeh qismində iştirak etmiş Cavabdeh1 da arvadı Cavabdeh3 ilə birgə nikah münasibətlərində olduğunu və onunla birlikdə ailə üzvü kimi yaşamalı olduğunu bildirmişdir. Odur ki, məhkəmə göstərilən hallara əsasən hesab edir ki, Cavabdeh3 mübahisəli mənzildə istifadə hüququ olduğundan onun həmin mənzildən çıxarılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarından görünür ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci iddiaçılardan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Mingəçevir şəhəri, Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzil onların hər birinin 1/5 hissədə olan paylarının naturada bölünməsi və Cavabdeh3 ingəçevir şəhəri, Xətai küçəsi 14/1 saylı evin 36 saylı mənzildən çıxartma tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar