Məhkəmə qərarları › İş №e-2(051)-46/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-46/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-46/2024 27.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 3965 (üç min doqquz yüz altmış beş) manat maddi zərərin, 1000 manat vəkilə ödənilmiş pulun, nəqliyyat vasitəsinin təmirinə dair smetanın tərtib olunmasına görə ödənilmiş 49 manat pulun və 71 manat dövlət rüsumunun, cəmi 5085 (beş min səksən beş) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh və İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, onlara həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdi. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş və Cavabdeh isə Azərbaycan Respublikası CM-nin 263.2-cimaddəsi ilə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mercedess Benz” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8965 (səkkiz min doqquz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərərdən sığorta şirkəti tərəfindən 5000 manat pul ödənilmişdir. Cavabdeh təqsiri məhkəmə hökmü ilə tam olaraq sübuta yetirildiyindən və hal-hazırda qanuni qüvvəsini almış məhkəmə hökmü olduğundan hesab edir ki, qalan pul vəsaiti 3965 (üç min doqquz yüz altmış beş) manat Cavabdeh tutularaq ona ödənilməlidir. Ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlayıb, ona vurulmuş maddi ziyanın ödənilməsini ondan tələb etdi, lakin ziyanı ödəməklə bağlı cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli boyun qaçırırdı və nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edərək vurulmuş zərərin ödənilməsini məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qaldı. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını və əlavə olaraq göstərdi ki, iddia tələbinin ekspert rəyinə əsasən deyil dəymiş ziyanla bağlı tərtib edilmiş qüsur aktına əsasən təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək iddia tələbinin ekspert rəyində qeyd edilən hissəsini qəbul etdiyini və iddianı rəydə göstərilən məbləğdə təmin olunmasını, həmçinin iddia ərizəsi tərtib edilərkən qeyd edilmiş vəkil xərci dövlət rüsumu və digər məhkəmə xərclərinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi, iddiaçının, nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan 5 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağayev X4 şəhəri M.Maqomayev küçəsi ev 52, mənzil 21 ünvanda yaşayır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin təmirinə dair smetadan görünür ki, ** MN *** dövlət nömrə nişanlı, “Mersedes Benz” markalı avtomobilə 8965 manat dəyərinə ziyan dəymişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-4/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və İddiaçı qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsi barədə hökm edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(107)-48/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı X1 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs, Cavabdeh, zərərçəkmiş şəxs X3 hüquqi varisi X5 və zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Mingəçevir şəhər məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 9/1397 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mersedes Benz E220CDİ” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7015,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh və İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, onlara həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdi. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmiş və Cavabdeh isə Azərbaycan Respublikası CM-nin 263.2-cimaddəsi ilə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(051)-4/2022 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Cavabdeh hərəkətlərinə hüquqi qiymət verilmiş və onun təqsiri sübuta yetirilmişdir. Lakin iddiaçının avtomobilinə dəymiş ziyanın bir qismi sığorta tərəfindən ödənilsə də, digər qismi təqsirləndirilən şəxs, hazırkı mülki iş üzrə Cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən, işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi miqdarda vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi ilə bağlı konkret sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyana görə 3965 manat tələb etmişdir. Lakin işdə olan sənədlərə, həmçinin ekspert rəyinə baxış keçirirkən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində cavabdehə dəymiş zərərin ümumi həcmi 7015 manat müəyyən edilmişdir. Həmin məbləğdən isə 5000 manat iddiaçıya sığorta şirkəti sığorta ödənişi mütənasib qaydada zərərçəkənin təqdim etdiyi hesaba köçürülmüşdür. Ona görə də məhkəmə dəymiş maddi zərərin 2015 manat məbləğdə tutulmasını daha ağlabatan hesab edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qəza nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsini sübutetmə yükü iddiaçının, lakin avto qəza nəticəsində dəymiş həmin maddi ziyanın mövcud olmadığını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2015 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə–əmtəəşünaslıq ekspertizası tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə müvafiq olaraq iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun 40,15 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 1000 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayon vəkil bürosunun vəkili Nümayəndə ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış və həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, hüquqi yardım üçün 1000 manat pul vəsaiti köçürülmüşdür. Bundan əlavə smetanın tərtib olunmasına dair 49 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İşdə olan Hüquqi yardımın göstərilməsi haqqında 481 saylı müqavilədən görünür ki, hüquqi yardım üçün müraciət edən şəxs İddiaçı və hüquqi yardım göstərən şəxs Nümayəndə arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2015 (iki min on beş) manat pul, həmçinin vəkilə hüquqi xidmət üçün ödənilən 1000 (bir min ) manat, smeta üçün tərtib edilmiş 49 manat və 40,15 manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar