Məhkəmə qərarları › İş №e-2(051)-559/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-559/2022

13.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-559/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılmasıtələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində olan Mingəçevir şəhəri, ünvan 1 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən cavabdehin çıxarılması və yaşayış sahəsinin boşaldılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zaman ıidiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, ünvan 1 ünvanda, 0.04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşn, ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən cavabdehin çıxarılması və yaşayış sahəsinin boşaldılmasına dair tələbini, cavabdehə 6000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması formasında dəyişdirərək, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərdi ki, Cavabdeh iddiaçının doğma bacısıdır. iddiaçının Mingəçevir şəhərində qeydiyyatı olmadığından, aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı Mingəçevir şəhəri, ünvan 1 ünvanda, 0,04 ha həyətyanı torpaq sahəsini cavabdehin adına almış və orada öz vəsaiti hesabına ümumi sahəsi 184,75 kv.m, yaşayış sahəsi 75,62 kv.m, yardımçı sahəsi 109, 13 kv.m olan iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. Həmin fərdi yaşayış evi cavabdeh tərəfindən 12.06.2015-ci il tarixdə, Mingəçevir şəhər 2 saylı Notariat kontorunda, 4Ə395 nömrəli reyestrdə qeydə alınmış AN-İ ******* saylı Bağışlama müqaviləsi əsasında təmsil etdiyi şəxsə bağışlanmış və bundan sonra həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə təmsil etdiyi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 16.06.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq, **********67- 10301 reyestr nömrəli Çıxarış verilmişdir. Təmsil etdiyi şəxs cavabdehi müvəqqəti olaraq həmin evə buraxsa da, cavabdeh bu günədək iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşayır, təmsil etdiyi şəxs və onun ailə üzvləri ilə mübahisə və münaqişə yaradır, kommunal xərclərin ödənilməsində iştirak etmir, dəfələrlə xəbərdarlıqlaq etməyinə baxmayaraq, könüllü olaraq evdən də çıxmaq istəmir. Əksinə, təmsil etdiyi şəxsə qarşı məhkəmədə əsassız iddialar qaldırır, onu məhkəmə çəkişmələrinə cəlb edir, onu və ailə üzvlərini hədələyir və təhqir edir. Cavabdeh “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bağışlamadan imtina və əmlakın geri qaytarılması” tələbi ilə iddiaçıya qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış və məhkəmənin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdehin apellyasiya şikayəti isə təmin edilməmişdir. Cavabdehin təmsil etdiyi şəxsin xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşaması, təmsil etdiyi şəxsin mülkiyyət hüquqlarını pozur. Buna görə də təmsil etdiyi şəxs mülkiyyətində olan yaşayış sahəsinə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Bununla belə təmsil etdiyi şəxs cavabdeh doğma bacısı olduğuna görə humanistlik nümayiş etdirərək, mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsini adi qaydada deyil, cavabdehə 6000 manat məbləğində kompensasiya verilməklə tələb edir. Hesab edir ki, təmsil etdiyi şəxsin təklif etdiyi kompensasiya məbləği cavabdehin Mingəçevir şəhərində eyni şəraitli evdə 3 ildən artıq müddətə kirayədə yaşaması üçün yetərlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı tərəfindən verilmiş iddia tam əsasızdır. Belə ki, kiçik oğlu Muradlı Fərid ağır astma xəstəsidir və bu səbəbdən də əsgərliyə aparılmamışdır. Digər oğlu Muradlı Üzeyir isə İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş və beynindən zədə almış və sağ gözü tamamilə görmə qabiliyyətini itirmişdir. O özü isə ağır Penfikus xəstəliyindən əziyyət çəkir. Bütün bunlara baxmayaraq, bacısı Stella tələb edir ki, onlar mənzili boşaltsınlar. Eləcə də iddiaçının təklif etdiyi 6.000 manat kompensasiya məbləği onun və ailə üzvülərinin özləri üçün yaşayış sahəsi əldə etmələri və yaxud eyni şəraitli yaşayış sahəsində 1 ildən artıq müddətə kirayədə yaşamaları üçün olduqca azdır. Çünki hazırkı vaxtda Mingəçevir şəhərində iddiaçının mülkiyyətində olan fərdi yaşayış oxşar şəraitli evlərinin kirayə haqqı 400-500 manat təşkil edir. İddiaçının Mingəçevir şəhərində evlərin kirayə haqqı ilə bağlı təqdim etdiyi arayışlar isə reallığı əks etdirmir. Eləcə də onun hazırda heç bir yaşayış sahəsi yoxdur. Çünki mülkiyyətində olan fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Həmin vaxt isə iddiaçı mübahisəli evdən daima istifadə etməsinə etiraz etməyəcəyinə və yaxud evdən çıxan zaman ona mənzil və ya fərdi yaşayış evi alacağına şifahi vəd vermişdir. O da bacısı olduğuna görə iddiaçıya inanmışdır. Hazırda isə iddiaçı ona çox az miqdarda kompensasiya təklif edir. Bu isə hazırkı şəraitdə onun küçədə qalması deməkdir. Belə olan halda o, kiçik bir otaq almaq üçün iddiaçıdan ona 25000 manat kompensasiya ödənilməsini tələb edir. Əks halda, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən 16.06.2015-ci il tarixdə verilmiş **********67-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsi 90/62 ünvanında yerləşən ümumi sahəsi 184.75 kv.m, yaşayış sahəsi 75.62 kv.m, yardımçı sahəsi 109.13 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və 0.04 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16.06.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Muradova X1 şəhəri, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan kirayə qiymətləndirilməsi barədə 30.03.2022-ci il tarixli rəydən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 120-130 manat, Nizami küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 120-130 manat, M.Maqomayev küçəsində mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 130-150 manat, Sağ sahil qəsəbəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 80-100 manat, Ş.İ.Xətai küçəsində 1 və 2 otaqlı mənzillərin əşyasız vəziyyətdə kirayə qiyməti 100-120 manat olaraq qiymətləndirilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh isə iddiaçının doğma bacısıdır. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində qeydiyyatdadır və iddiaçı və ailə üzvləri ilə birlikdə orada yaşayır. Aralarında olan narazılığa görə iddiaçı Cavabdeh ilə birlikdə yaşamaq istəmir. İddiaçı 6000 manat məbləğində kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsini və ona məxsus mübahisəli mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə iddiaçının təklif etdiyi məbləğə etiraz edərək 25000 manat məbləğində kompensasiya verilməklə onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini tələb edir. Mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Ona görə də cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8–ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14–cü maddəsinin 1–ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6–cı maddəsinin 1–ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququndan istifadə edən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Mülki hüquq münasibətlərində iddiaçı cavabdehdən, yəni hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərini tənzim edən qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ qanunla müəyyən olunmuş qaydada tanınmalı, tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamalı, lakin iddiaçı bazar qiymətinə müvafiq olaraq cavabdehə kompensasiya təklif etməlidir. Cavabdeh isə həmin təklifi qəbul etməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Mingəçevir şəhəri, Samux küçəsi, 90/62 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir, yəni iddiaçı mülkiyyətçidir. Cavabdeh isə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmək hüququna malik olan şəxsdir. İddiaçı ilə cavabdeh arasında məhkəməyə qədər yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddiaçının təklif etdiyi kompensasiya məbləğini qəbul etmir. Ona görə də məhkəmə həmin halı işin mübahisələndirilən halı kimi qəbul edir və tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Bununla belə mübahisənin həlli zamanı cavabdehin də qanunla qorunan əsaslı mənafeləri nəzərə alınmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh doğma bacı olmaqla, mübahisəli evdə yaşamış, əvvəlcə mübahisəli fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuş, sonradan cavabdeh həmin fərdi yaşayış evini əvəzssiz olaraq iddiaçıya bağışlamışdır. Doğrudur, hazırda cavabdehin mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasa da, onun həmin fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ vardır və həmin hüquq əmlak hüququ olmaqla yanaşı, istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırda cavabdehin mülkiyyətində və istifadəsində daşınmaz əmlak olmadığına görə mübahisəli fərdi yaşayış evi cavabdehin yeganə yaşayış sahəsidir. Belə olan halda iddiaçının təkilif etdiyi 6.000 manat kompensasiya məbləği, cavabdehin və ailəsinin müəyyən müddət daxilində başqa yerdə mübahisəli fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına əsasən iddia tələbinin təmin olunmamasına dair özünün mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29–cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verildiyini nəzərə alaraq, eyni zamanda onu da nəzərə alır ki, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ mütənasib şəkildə tarazlaşdırılmalıdır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu özünün 26 sentyabr 2007–ci il tarixli Qərarında mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin Qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxslər arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutaraq, iddiaçı tərəfindən iddia təklif edilən 6.000 manat kompensasiya məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni kompensasiya muqabilində mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 6000 manat məbləğdə kompensasiya hazırkı vaxta mülkiyyətində və istifadəsində heç bir yaşayış sahəsi olmayan cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə başqa yerdə əvvəlki mənzilə xas olan şəraitdə yaşaması üçün yetərli hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Yuxarıda şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehin mənzildən istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi üçün ona 6000 manat məbləğində kompensasiya təklifi yetərlilik baxımından əsaslı hesab edilə bilməz. Ona görə ki, təklif onunan kompensasiya məbləği cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddətdə başqa yerdə əvvəlki evə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi üçün kifayət deyildir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 sentyabr 2007–ci il tarixli qərarındakı hüquqi mövqelərini rəhbər tutmuşdur. Həmin qərardakı hüquqi mövqe isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən, yaşayış sahəsi üzərində mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsinə dair işlərə baxılarkən, mübahisəli yaşayış evinin bazar qiyməti deyil, davamlı müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–in 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar