Məhkəmə qərarları › İş №e-2(051)-581/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-581/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-581/2023 07.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclacının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, sonra məhkəməyə ərizə göndərərək bildirmişdir ki, borc etirafı müqaviləsində texniki baxımdan rəqəm yanlışlıqla 1800 manat qeyd edilmişdir. Ancaq cavabdehin şirkətə borcu 1784.29 manat təşkil edir. Əlavə sübutları yoxdur, iddianı tam şəkildə müdafiə edirlər, işə onların iştirakı olmadan baxılaraq qərar qəul edilməsi xahiş olunur. Məhkəmənin iş üzrə əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış həmin müqavilə ilə Cavabdeh İddiaçı MMC –yə 1800 manat borcu olduğunu etiraf etmiş və həmin mbəbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hazırkı tarixə həmin borcdan heç bir məbləğ ödəməmişdir. Cavabdehin İddiaçı MMC–yə 1784,29 manat borcu qalmaqdadır. İddianın təmin olunmasını, Cavabdeh 1784,29( bir min yeddi yüz səksən dörd manat iyirmi doquz qəpik) məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 38 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı MMC-yə məxsus mağazada işləyirdi. İşlədiyi müddətdə onun işlərində, hərəkətlərində hər hansı nöqsan olmamışdır. Mağazada olan meyvələr vaxtı keçdiyinə görə xarab olmağa, çürüməyə başlamışdır. O, bu barədə məlumat vermiş, ona həmin meyvələrin silinəcəyi bildirilmişdir. Lakin sonra yoxlama aparılarkən xarab olumuş meyvələr zərər kimi ona hesablanmışdır. O, buna etiraz etmiş, razılaşmamışdır. Sonra yeni iş yeri tapmışdır, işə başlamaq üçün ondan əmək kitabçasını tələb etmişlər. Ancaq zərərin hesablanması ilə bağlı sənədləri imzalamadığına görə əmək kitabçasını ona verməkdən imtina edirdilər. Ona görə də MMC tərəfindən tərtib edilmiş borcun etirafı barədə müqaviləni imzalamağa məcbur oldu. Həmçinin, onu inandırdılar ki, hər şeyi özləri qaydasına qoyacaqlar. Müqaviləni imzaladıqdan sonra onun əmək kitabçasını verdilər və yeni iş yerində işə başladı. Bu vaxta qədər də ondan pulun ödənilməsi tələb olunmadı. Bundan əlavə bildirir ki, iddiaçı ilə onun arasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə xx.xx.2019-cu ildə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iş üzrə iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxaılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan “X5” MMC-nin direktoru, kreditor X2 ilə borclu Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, borclu kreditora 1800(bir min səkkiz yüz) manat borcu yarandığını eriraf edir, həmin məbləği xx.xx.2019cu il tarixdən aylıq 300(üç yüz) manat olmaqla kreditora ödəməyi öhdəsinə götürür. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh 28 noyabr 2022-ci il tarixdə göndərilmiş pretenziyadan görünür ki, iddiaçı mübahisəni pretenziya qaydasında həll etmək istəmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş arayışda göstərilir ki, Cavabdeh Lətif oğlunun 01 dekabr 2022-ci il tarixinə İddiaçı MMC-yə olan borcu 1784.29 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində cavabdehin ona 1784,29 manat borcu olduğunu, buna görə də aralarında xx.xx.2019-cu il taixdə “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” bağlandığını, lakin cavabdeh bu vaxta kimi müavilə üzrə borcundan heç bir öfdəniş etmədiyini bildirmiş və 1784,29 manat pulun cavabdehdən tutulub ona verlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, etiraf etdiyi borcu ödəməmişdir. Ancaq iş materallarına əlavə olunmuş “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, həmin müqavilə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmışdır, borc məbləği xx.xx.2019-cu il tarixdən, aylıq 300 manat olmaqla 6 ay müddətinə ödənilməlidir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilə üzrə məhkəməyə iddia tələbi ilə müraciət etmək müddəti xx.xx.2022-ci ildə bitmiş olur. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclasında cavabdeh iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə İddiaçı MMCnin Cavabdeh Lətf oğluna qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə, təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar