Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-108/2025 08.07.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X4 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hissə-hissə aldığı ümumilikdə - 11800 manat borc, borc əvəzinə hissə-hissə aldığı qızılların dəyəri olan 2000 manat pul vəsaiti, iddianın məhkəməyə verilməsi ilə bağlı ödədiyi 325 manat vəkil xidmət haqqı və 132 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14257 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh bir-birilərini uzun müddətdir tanıyırlar. Belə ki, cavabdehin mərhum anası onun qonşusu olmuşdur. O, cavabdehin yaşlı anasına qonşu kimi həmişə dəstək olmuş, beləliklə tərəflər arasında isti və etibarlı münasibətlər yaranmışdır. Cavabdeh 2023-cü ilin yaz aylarında onunla görüşən zaman “Reneo Center” adlı klinika açacağını, xaricdən tibbi aparatlar gətirəcəyini, klinikanı açandan sonra isə işlərinin yaxşı olacağını, lakin bu işlərin görülməsi üçün pulunun tam çatmadığını və ona pul lazım olduğunu bildirmiş, ona borc pul verməklə yardım etməsini istəmişdir. O da, cavabdehlə aralarında olan etibarlı münasibətə görə ona işlərini tamamlaması üçün kömək etmək istəmişdir. O, ilk vaxtlar cavabdehə pulunun olmadığını, köhnə tipli qızıllarının olduğunu bildirmiş və cavabdehə təklif etmişdir ki, həmin qızılların pulunu vermək şərtilə ona borc pul məbləği əvəzinə qızıl verə bilər. Cavabdeh də razılaşmış və 2023-cü ilin yay aylarında ondan hissə-hissə olmaqla 7000 (yeddi min) manat dəyərində qızıl götürmüşdür. Həmin qızılların pulundan 1000 manatını tez bir vaxtda, qalan 4000 min manatını bir neçə vaxta hissə-hissə qaytarmış, lakin qızılların dəyərindən 2000 (iki min) manat pul cavabdeh tərəfindən indiyə kimi ona qaytarılmamışdır. Həmçinin daha sonra cavabdeh “Tarqovi” ərazisindən ev almaq istədiyini və buna görə pulunun çatmadığını bildirmiş və ondan ev almasına görə borc pul istəmişdir. Aldığı evi ərəblərə kirayə verərək onun pulunu artıqlaması ilə qaytaracağına onu inandırmışdır. Daha sonra cavabdeh oğlunun dalaşdığını və buna görə polisdə iş açıldığını, dava-dalaş zamanı sümüyünün əyildiyini və oğlunun müalicə alması üçün pul lazım olduğunu, qızının evlənmək yaşının keçdiyini, ancaq gözündə problem olduğu üçün lazer taxdırmaq kimi bəhanələrlə dəfələrlə ondan borc pul istəmişdir. Cavabdeh aldığı pulları hər dəfəsində 10-15 günlük aldığını bildirmiş və zaman zaman həmin pullardan bir hissəsini qaytarmışdır. Bunlarla yanaşı cavabdeh açmaq istədiyi klinikanın qarşısında 3 maşın yerinin olduğunu və həmin yeri almaq üçün min dollar - 1700 manat pulun çatmadığını bildirmiş və ona görə borc pul istəmiş, həmçinin klinikanın əsl sahiblərinin Moskvada imkanlı iş adamları olduğunu, özünün onların işini gördüyünü və klinikaya rəhbərlik edəcəyini bildirirək aldığı pulu tez zamanda qaytaracağını demişdir. Cavabdeh borc pul əvəzində aldığı qızılların pulundan və digər borclardan qaytardığı üçün o, cavabdehə daha da inanmış və ona hissə-hissə olmaqla ümumilikdə 20 000 (iyirmi min) manat pul borc vermişdir. Cavabdeh ondan aldığı həmin pullardan bir hissəsini bir neçə vaxta qaytarmış, lakin 11800 (on bir min səkkiz yüz) manat pul cavabdeh tərəfindən hələ də ona ödənilməmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfəsində qaytaracağını bildirmişdir. Hətta 13 mart 2024-cü ildə onlar arasında “Whatsapp” tətbiqi vasitəsilə keçən telefon danışıqlarında o, cavabdehdən qızılların pulu da daxil 14000 manat borcunu qaytarmasını istəmiş, cavabdeh isə təkcə 11800 manat borcu olduğunu etiraf etmiş və lazım gələrsə aparatları sataraq borcunu ödəyəcəyini, həmçinin lotareya oynadığını və lotareyadan götürdüyü pullarla borcunu bağlayacağını ona bildirmişdir. Lakin keçən müddət ərzində cavabdeh qalıq borc məbləğini ödəmədiyindən o, məcbur qalıb polisə şikayət etmişdir. Xətai RPİ-nin 37-ci Polis Şöbəsində cavabdeh etiraf etmişdir ki, onun 14000 (on dörd min) manat deyil, 11800 (on bir min səkkiz yüz) manat borcu qalıb. Bundan başqa həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı şifahi formada dəfələrlə cavabdehə xəbərdarlıq olunmuş, həmçinin ona yazılı xəbərdarlıq da edilmişdir. Lakin keçən müddət ərzində yenə də, cavabdeh qalan borc pulu ödəməmişdir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borc aldığl 11800 manat pul, borca aldığı qızılların dəyəri olan 2000 manat pul, 325 manat vəkilin xidmət haqqı və 132 manat dövlət rüsumu olmaqla, cəmi 14257 manat pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Belə ki, tərəflər bir-birini uzun müddət tanımışlar. Bu tanışlığa görə də, iddiaçının cavabdehə tam inamı yaranmışdır. Cavabdeh 2023-cü ilin əvvəllərində ondan borc pul istəmiş, o da cavabdehə pulunun olmadığını, lakin köhnə qızıllarının olduğunu demiş və təklif etmişdir ki, borc pul əvəzinə ona qızıllar versin, cavabdeh isə həmin qızılların dəyərini ona pul şəklində hissə-hissə olmaqla geri qaytarsın. Cavabdeh bu təkliflə razılaşmış və ondan bir neçə dəfəyə, hissə-hissə olmaqla həmin qızılları götürmüşdür. Qızılların pulundan hissə-hissə qaytarmış, lakin qızılların ümumi dəyərindən 2000 manat hissəni hazırki günə kimi qaytarmamışdır. Daha sonra cavabdeh tez bir zamanda qaytaracağına söz verərək iddiaçıdan müxtəlif vaxtlarda borc pul vəsaitləri almışdır. Həmin borc pul məbləğlərinin bir qismini geri qaytarmış, lakin ümumilikdə 11800 manat və qızılların dəyəri olan 2000 manat məbləğdə borcu qaytarmamışdır. İddiaçının cavabdehə verdiyi pul vəsaitlərinin yalnız bir dəfəsi 4500 manat məbləğində olmuş, digər vəsaitlər, həmçinin qızılların dəyəri hər dəfəsində 3000 manatdan aşağı olmuşdur. Cavabdehdən dəfələrlə borcunun qaytarması tələb edilsə də, o, borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 iyul 2025-ci il tarixdə Cavabdeh istifadəsində olan (***-***-**-**) mobil nömrəyə zəng edilərək onun iddiaya dair münasibəti öyrənilmişdir (telefonoqram iş materiallarına əlavə edilmişdir). Bu zaman Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı barədə məlumatı olduğunu, lakin xəstəliyi səbəbindən məhkəmə hazırlıq iclasında iştirak etmədiyini bildirmiş, həmçinin 08 iyul 2025-ci il tarixdə keçiriləcək məhkəmə baxış iclasından xəbərdar olduğunu, həmin iclasda səhhəti ilə əlaqədar olaraq böyük ehtimalla iştirak edə bilməyəcəyini, məhkəmə iclasında vəkili vasitəsilə təmsil olunmağa çalışacağını qeyd etmişdir. Həmçinin iddiaya münasibətdə bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçıya olan borclarının böyük hissəsini qaytarmış, hazırda iddiaçıya cəmi 1900 manat borcu qalmaqdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş, Cavabdeh şikayəti əsasında toplanmış materialda olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, DİN-nin 102 xidmətinə zəng vuraraq tanışı İddiaçı (Aygün) Sabir qızı ilə aralarında mübahisə olduğu barədə məlumat vermişdir. Buna səbəb isə Aygün adlı xanımdan hissə-hissə 2000, 3000, 1000, 300, 500 manat faizi ilə birlikdə pul almış, bundan əlavə ondan 6000 dəyərində qızılziynət əşyası almış və həmin zinət əşyasının dəyərindən 4000 manat qaytarmış və 2000 manat borcu qalmışdır. O izahatında borcu bir dəfəyə verə bilməyəcəyini və hissə-hissə qaytaracağına söz vermişdir. Həmin materialda olan İddiaçı (Aygün) Sabir qızının Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsində vermiş olduğu izahatdan görünür ki, tanışı X2 ondan hissə-hissə olmaqla ümumilikdə 15300 manat (2000, 3000, 1000, 1000, 1000, 300, 500, 500, 500, 500, 500 və 4500) borc pul, 6000 manat dəyərində qızıl-zinyət əşyaları almış və həmin qızıl-zinət əşyalarının dəyərindən 4000 manat pulu ona qaytarmış, 2000 manatı hissəsi ilsə qalmışdır. O, borcunun qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr göstərərək borcunu geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında “Whatspp” sosial şəbəkəsi ilə aparılan səsli mesajlardan görünür ki, cavabdeh X2 İddiaçı ümumilikdə 11800 manat borcunun olduğunu və həmin pulu ona qaytaracağını bildirmişdir. Beləliklə məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkil) izahatı, eləcədə iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olundu ki, tərəflər arasında şərtləri şifahi formada razılaşdırılmış borc münasibətləri yaranmış, iddiaçı müxtəlif vaxtlarda pul vəsaitlərini və qızıl əşyaları cavabdehə borc olaraq vermiş, cavabdeh isə aldığı pul vəsaitlərini, eləcədə qızıl əşyaların dəyərini iddiaçıya tam şəkildə hissə-hissə olmaqla geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərində götürmüş olduğu öhədliklərini lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin müqavilələrdən əmələ gələn öhdəliklər bölməsinə uyğun olaraq borc müqaviləsi və əsassız varlanmaya dair müddəaları təşkil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında 4500 manat pulun verilməsinə dair yaranmış münasibətlər üç min manatdan çox olan borc müqaviləsinin yazılı formasına riayət olunmadığı üçün əsassız varlanmaya dair müddəalar əsasında, digər məbləğlərə dair yaranmış münasibətlər isə üç min manata kimi olduğundan borca dair müddəalar əsasında həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əlavə edilmiş səs yazısı ilə cavabdeh X1 iddiaçıya ümumilikdə 11800 manat borcunun olduğu müəyyən edilir. Qeyd edilən səs yazısı ilə həmin məbləğin ayrı-ayrılıqda məhz borc verilimiş pul vəsaiti və ya qızıl əşyalara görə olan borc olduğu dəqiq müəyyən edilmir. İddiaçı tərəf isə cavabdehin qızıl əşyalara görə olan 2000 manat borcunun cavabdehin etiraf etdiyi 11800 manatdan əlavə olduğunu göstərən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia formal həqiqət prinsipinə uyğun olaraq qismən, yəni 11800 manat məbləğə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 132 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 125.40 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya verilməlidir. Bundan başqa iddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə ödənilmiş 325 manat vəsait də, cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11800 manat borc pul, 325 manat ödənilmiş hüquqi xidmət haqqı və 125.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12250.40 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X5