Məhkəmə qərarları › İş №e-2(052)-18/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-18/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-18/2024 24.01.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna pul kompensasiyası ödəməklə xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evindən onun tərəfindən Cavabdeh 5000 (beş min) manat pul kompensasiyası ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə olan evin qeydiyyat vəsiqəsinin və texniki pasportunun təsdiqlənmiş surətlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 saylı qətnaməsinə əsasən uşaqları ilə birlikdə onun mülkiyyətində olan həmin fərdi yaşayış evinə köçürülmüşdür. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Naftalan şəhər İcra və probasiya şöbəsi tərəfindən icra olunaraq cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan evə köçürülmüşlər. Lakin o, bunu qəbul edə bilmir. Hesab edir ki, bu hal mülkiyyətçi kimi onun hüquqlarının pozulması deməkdir. Bundan başqa cavabdehin onun evində yaşamaq hüququnun olması bir mülkiyyətçi kimi onun hüquqlarına toxunur. O, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Tələbi odur ki, cavabdehin onun evindən istifadə hüququna bazar qiyməti ilə müvafiq pul kompensasiyası vermək yolu ilə xitam verilsin. Cavabdeh isə buna könüllü olaraq razı olmur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək bildirdi ki, o, iddianı müdafiə edir. Naftalan şəhəri, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası Naftalan Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən təmin edilməmiş olsa da, sonradan Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş və o, uşaqları ilə birlikdə Naftalan Şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 2023-cü ilin yanvar ayında həmin mübahisəli evə köçürülmüşdür. Belə ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülərkən evin hüquqmüəyyənedici sənədləri olmamış, lakin sonradan ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Hazırda cavabdehin uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən yaşaması iddiaçının mülkiyyət hüquqlarına toxunur. Cavabdeh mülkiyyətin birgə nikah dövründə əldə etdiyini desə də, evin tikildiyi torpaq sahəsinin birgə mülkiyyət olduğunu göstərən heç bir sübut təqdim edə bilmir. Belə ki, dövlət tərəfindən yalnız qeydiyyata alınmış əmlaklar tanınır. Həmin torpaq sahəsi əldə edilən zaman isə mülkiyyət sənədi olmamışdır. Heç cavabdeh həmin evin necə və hansı materiallardan tikildiyini də bilmir. Hazırda evi almış şəxslərin isə həmin evdən çıxmaq kimi bir fikirləri yoxdur. Hətta onlar evi aldıqdan sonra tam şəkildə təmir etmişlər. Bu səbəbdən cavabdehə bazar qiyməti ilə müvafiq pul kompensansiyası olaraq 5000 manat vermək yolu ilə onun istifadə hüququna xitam verilməsi və onun uşaqları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, İddiaçı ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. İlk vaxtlar qısa müddət atasına məxsus evdə, həmçinin İddiaçı ailəsinə məxsus 29-cu binada yerləşən evdə yaşadıqdan sonra kirayə evdə yaşamağa başlamışlar. 2008-ci ildə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən onlara torpaq sahəsi ayrılmışdır. Bunun üçün isə onun atası tərəfindən 2000 manat pul həmin idarəyə ödənilmişdir. Torpaq sahəsi ayrılma sənədi əri İddiaçı adına olmuşdur. Həmin torpaq sahəsinin ölçüsü Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində 6 sot olmuşdur. Həmin vaxt əri hərbçi işlədiyi üçün əmək haqqı yüksək olmamışdır. Bu səbəbdən 2008-ci ildən həmin torpaq sahəsində kiçik bir ev inşa etməyə başlamışlar. Əvvəlcə 1-2 il ərzində evin bir otağını inşa edərək orada yaşamağa başlamışlar. Daha sonra bir neçə il ərzində hissə-hissə digər otaqlarını tikərək hazır vəziyyətə gətirmiş və orada yaşamışlar. 2018-ci ildə isə iddiaçı ilə nikahları pozulmuşdur. Daha sonra iddiaçı onun evdə çıxması üçün ona əks təsir göstərməyə başlamış, evə gəlməmiş, həyətə daş atmaq və sairə yollarla onu qorxutmağa başlamışdır. Bu səbəbdən atası onu həmin evdən götürərək müvəqqəti öz yanına aparmışdır. Bundan sonra iddiaçı evin qapısının qıfılını dəyişərək onu ümumiyyətlə evə buraxmamışdır. Daha sonra iddiaçı evi satmaq barədə istəyi olduğunu ona bildirmiş, o da, evin dəyərinin yarısının ona veriləcəyi təqdirdə satılmasına razı olduğunu demişdir. Lakin sonra iddiaçı ondan xəbərsiz evi 32000 manata satmışdır. Həmin vaxt evin sənədləri olmadığından ev sənədsiz satılmışdır. Lakin qısa müddət ərzində iddiaçı evi alan şəxsə evin sənədlərini düzəldib verəcəyini bildirsə də, heç bir sənəd verməmişdir. Hazırda o, həmin evin içərisində evi alan şəxslər ilə birlikdə yaşayır. Belə ki, o, evə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət edən zaman evi alan həmin şəxslər orada yaşamaqda idilər. Onlar kasıb insanlardır və aldadıldıqları üçün ödəmiş olduqları pulları alaraq oradan çıxmaq niyyətindədirlər. İddiaçıya dəfələrlə evi birlikdə tikdikləri üçün onun da haqqı olduğunu və satışdan əldə etdiyi pulun yarısını ona verməsini demiş olsa da, qaynanası Pərzat xanım hələ ölmədiyini, qətiyyən ona hər hansı payın verilməyəcəni demişdir. Bu səbəbdən o da, həmin evə köçərək orada yaşamaq qərarına gəlmişdir. Ali Məhkəmənin yekun qərarı əsasında evə köçmüş və bir ildir artıq uşaqları ilə birlikdə orada yaşayır. Ümumiyyətlə ona hər hansı məbləğdə kompensasiya ödənilməsi ilə razı deyildir. İddiaçı ona ayrıca ev alıb verəcəyi və ya 32000 manat pul ödəyəcəyi təqdirdə evdən çıxa bilər. Əks halda həmin evdən çıxmayacaqdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkil) və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 dekabr 2004-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzində” 64 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli 2(102)-6180/2021 saylı qərarından görünür ki, cavabdeh Əmirova X1 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-158/2020 saylı qətnaməsindən Apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(104)-1591/2021 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmiş, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayət təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək yenidən işə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-158/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının azyaşlı uşaqları ilə birlikdə Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, 2 saylı küçədə 6 sot torpaqda 1 mərtəbədən ibarət 3 otaqlı yaşayış evinə köçürülmələri qət edilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, bu nikahdan iki nəfər uşaqları doğulmuşdur. Naftalan Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci tarixli 2(052)-264/2018 saylı qətnaməsi ilə isə nikahları pozulmuş, azyaşlı uşaqlar analarının yanında saxlanılmışır. Daha sonra iş üzrə Cavabdeh iddiası əsasında Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsinə əsasən o, uşaqları ilə birlikdə həmin vaxt qanunsuz tikili olmuş, hazırda isə İddiaçı xüsusi mülkiyyətində olan Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evinə köcürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, İddiaçı mülki qanunvericiliyin “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” institutuna müraciət edərək Cavabdeh və onunla birlikdə yaşayan uşaqların mülkiyyətində olan evdən çıxarılması bərədə qərar qəbul edilməsini xahiş etsə də, cavabdehin məhkəmə qərarı ilə mübahisəli fərdi yaşayış evinə köçürülərkən evin məhz tərəflərin birgə nikah müddətində birgə vəsaitləri hesabına inşa edilməsinə istinad edilmiş olmasını nəzərə almamışdır. Belə ki, həmin fakt Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4007/2022 nömrəli qərarı ilə müəyyən edilmişdir. Bu isə onu deməyən əsas verir ki, Cavabdeh hazırda mübahisəli fərdi yaşayış evində yaşaması Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına deyil, Ailə Məcəlləsinin ərarvadın əmlakının qanuni rejiminə dair müddəalara söykənir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı cavabdeh ilə birgə onun yanında yaşayan uşaqlarının da, evdən çıxarılmasını tələb edir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının anası ilə birlikdə evdən çıxarılmasını istədiyi qızı X3 xx.xx.2005-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdir. Odur ki, iddiaçının cavabdeh kimi yalnız Cavabdeh qarşı iddia qaldıraraq eyni vaxtda yetkinlik yaşına çatmış digər şəxsin də, onunla birlikdə evdən çıxarılmasını xahiş etməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya prosesində iştirak xərci və dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna pul kompensasiyası ödəməklə xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya prosesində iştirak xərci və dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar