Məhkəmə qərarları › İş №e-2(052)-4/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-4/2025

06.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-4/2025 06.02.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan səhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan xüsusi mülkiyyətinə həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidinin təmin edilməsi və binanın ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür maneənin cavabdehə qadağan edilməsi, onun və ailə üzvlərinin həmin girişdən sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri yaşayış sahəsi olan xüsusi mülkiyyətinə daxil olmağına və zəruri olan yüklərin daşınması üçün həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən avtomobillə və piyada keçidinin təmin edilməsi, binanın qarşı tərəfində yerləşən və ümumi birgə mülkiyyətdə olan əmlaka dair bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür maneənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yasayış binasının tam mülkiyyət hüququ əsasında X3 məxsus olan 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsini 21 avqust 2018-ci il tarixli, AN ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən ondan almışdır. Həmin hissəni alan zaman o, binanın qarşı tərəfində olan ümumi girişdən istifadə edə bilmişdir. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid olan qaz, su və işıq xətlərinə nəzarət yalnız hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməklə mümkündür. Daha sonra mülkiyyətin yerdə qalan hissəsi Feruz Qocayev tərəfindən Hüquqi şəxsin nizamnamə kapitalına yerləşdirilməklə təsis payının alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Cavabdeh qanunsuz olaraq ələ keçirdiyi mülkiyyəti özbaşına olaraq dəmir barmaqlıqlarla arakəsmə yerləşdirməklə onun və xüsusi mülkiyyətinə gələn qonaqlarının ümumi istifadədə olan bina girişindən istifadə etmələrinə əsassız olaraq maneələr yaratmışdır. O, xüsusi mülkiyyətində olan binaya ərzaq və digər məhsulların boşaldılması və ən üst mərtəbəyə qaldırılması üçün binanın çöl hissəsində olan xüsusi liftdən istifadə etsə də, 2024-cü ilin sentyabr ayında cavabdehin və onun ailə üzvlərinin şikayəti əsasında, heç bir məhkəmə qərarı olmadan Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının müşayiəti ilə xüsusi ağır texnikadan və qaldırıcı krandan istifadə etməklə sözügedən lift sökülmüş və onun mülkiyyətinə hansısa məhsulları gətirib yuxarı mərtəbəyə qaldırmağına süni surətdə maneə yaradılmışdır. Hesab edir ki, onun ümumi istifadədə olan giriş qapısından maneəsiz istifadəsi təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz olduğundan sözügedən ümumi istifadədə olan giriş-çıxış qapısına maneəsiz daxil ola bilməsi üçün ona şərait yaradılmalıdır. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 ilə münasibətlərində yaranmış uyğunsuzluq səbəbindən iddia qaldırmışlar. Belə ki, paylı mülkiyyətdə olan əmlakdan birgə istifadə qaydaları cavabdehlər tərəfindən icra olunmur. Məhkəmənin sorğusu əsasında 7 saylı Bərdə Ərazi İdarəsinin verdiyi sənədlərdən görünür ki, faktiki iddialarının predmeti olan sahə hal-hazırda cavabdeh təşkilatın mülkiyyətindədir. Bu səbəbdən cavabdehlər tərəfindən onlara qarşı suni maneələr yaradılaraq, ümumi istifadədə olan giriş qapısından və pilləkənlərdən istifadələrinə qadağa qoyulmuşdur. Bunun da əsas səbəblərindən biri cavabdeh "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 ilə aralarında olan digər bir məhkəmə çəkişməsinin nəticəsidir. Halbuki həmin mübahisəyə qədər aralarında münasibətlər normal olmuş və onların sərtbəst şəkildə içəri giriş-çıxışları həm indiki və həm də əvvəlki sahibin razılığı ilə mümkün olmuş və onlara qarşı heç bir maneə yaradılmamışdır. Lakin məlum hadisələr və aralarında olan məhkəmə çəkişmələrinin nəticəsində bu vəziyyət yaranmış və ümumi mülkiyyətdə olan binanın ümumi istifadəsində olan giriş qapısından iddiaçının istifadəsinə manelər yaradılmış, onun həmin qapıdan girişi qadağan edilmişdir. Bu isə yolverilməzdir. Hazırda iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan oraya lazımi avadanlıqların, ərzaqların, çörək və digər məhsulların daşınmasını binanın yolun kənarına tərəf düşən hissəsində yerləşən yanğın təhlükəsizliyi çıxışı kimi nəzərdə tutulan qapısından istifadə etməklə həyata keçirir. Həmin yanğın təhlükəsizliyi çıxışı kimi nəzərdə tutulan qapı isə əslində giriş-çıxış üçün nəzərdə tutulmamışdır. Həmin qapıdan girdikdə isə sağ və sol tərəflərdə otaqlar vardır ki, onlar da sanuzel kimi istifədə edilir. Nəticədə isə otelə gələn qonaqlar narazılqlarını bildirirlər ki, nə üçün onların qidalandıqları qida məhsulları sanuzel kimi istifadə edilən sahədən keçirilərək yuxarı mərtəbədə olan mətbəxə daşınır. Halbuki iddiaçı əşya, qida və digər məhsullarını binanın mövcud ümumi mülkiyyətində olan qapısından keçirərək mətbəxə və digər otaqlara qaldırmaq istəyir. Odur ki, iddiaçı həmin qapıdan keçmək üçün cavabdeh təşkilatın mülkiyyətində olan torpaq sahəsindən keçməlidir. İddiaçının ümumiyyətlə həmin torpaq sahəsindən hər hansı digər məqsədlər üçün istifadə etmək niyyəti yoxdur. Hətta iddiaçı oteldə qalacaq qonaqların da, əsas giriş qapısından daxil olmasında maraqlı deyildir. İddiaçı qonaqlarının əvvəlki kimi yanğın çıxışından daxil olmasını təmin edəcəkdir. İddiaçının niyyəti yalnız cavabdeh təşkilatın mülkiyyətində olan torpaq sahəsindən ağır yüklər olduğu təqdirdə onların binaya qaldırılması və binadan çıxarılması üçün içəri avtomobil ilə daxil olmaq, digər vaxtlarda isə iddiaçının şəxsən piyada şəkildə həmin sahədən keçməklə qeyri-yaşayış binasının ümumu giriş-çıxış qapısından istifadə etməkdir. Hazırda ərzaqların sanuzel olan sahədən keçərək mətbəxə daşınması sanitar və gigiyenik qaydalara ziddir. Əvvəllər ağır yüklərin daşınması üçün binanın çöl hissəsində quraşdırılmış lift qurğusu olmuşdur ki, həmin qurğu məcburi qaydada söküldüyü üçün bu problemlər yaşanmağa başlamışdır. Müəyyən səbəblərdən orada söküntü işləri aparılmış və bildirilmişdir ki, həmin lift qurğusu normalara uyğun deyildir, şəhərin görüntüsünü pozur və s. İddiaçının da, buna heç bir etirazı olmamış və nəticədə həmin lift qurğusu sökülmüşdür. Həmin lift qurğusu söküldüyü üçün, eləcədə iddiaçıya ümumi istifadədə olan giriş qapısından istifadəyə manelər yaradıldığı üçün iddiaçı hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Sözügedən qurğu sökülməzdən əvvəl iddiaçının həmin giriş qapısından və pilləkənlərdən istifadə etməyə niyyəti belə olmamışdır. Hazırda iddiaçının zəruri yükləri mülkiyyətində olan binaya qaldırmağa başqa yolu qalmamışdır. Ümumiyyətlə obyektin hər bir tərəfi cavabdeh təşkilatın mülkiyyətində olduğu torpaq sahələri olduğu üçün sahəyə giriş tam şəkildə məhdudlaşdırılmışdır. Beləliklə iddiaçı yalnız ağır yükləri olduğu təqdirdə onların daşınması üçün cavabdeh təşkilata məxsus sahədən avtomobil ilə keçmək, digər vaxtlarda isə iddiaçının özünün piyada keçidinə şərait yaradılmasını istəyir. Yəni ki, iddiaçının cavabdehə məxsus torpaq sahəsindən digər məqsədlər üçün, məsələn öz avtobillərini orada saxlamaq, əraziyə stol-stul qoymaq və s. kimi niyyətləri yoxdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gələn qonaqlar belə sözü gedən giriş qapısından və torpaq sahəsindən keçməyəcəklər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin təşkilatın direktoru məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında MMC-nin hüquqlarının müdafiə olunması, təşkilatın məhkəmədə vəkil ilə təmsil olunması üçün müddətə ehtiyacları olduğunu və xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının 9-10 gün müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdeh təşkilatın ərizəsini nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət, daha əvvəl bölgü planına əsasən bərabər şəkildə bölünmüş qeyri-yaşayış binası üzərində X1 və İddiaçı paylı mülkiyyət hüquqları qeydiyyata alınmış, sonradan X5 həmin əmlakın özünə məxsus hissəsini xx.xx.2021-ci il tarixli qərarla təsisçisi olduğu "xxxx" MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeyd etdirmiş, 28 oktyabr 2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsi”nə əsasən "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% payını Cavabdeh1 satmışdır. Bundan sonra Cavabdeh1 18 avqust 2022-ci il tarixli qərarı ilə təsisçisi olduğu "xxxx" MMC-nin adını dəyişdirərək "xxxx" MMC olaraq təsdiq etmişdir. Bundan başqa o da müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1 ədəd giriş qapısı, binanın kənarlarında isə 2 ədəd yanğın çıxış qapıları vardır. Giriş qapısının qarşısında yerləşən torpaq sahəsi isə cavabdehlərdən "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Belə ki, həmin ərazi daha əvvəl "xxxx" MMC-nin mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Hazırda İddiaçı cavabdehlər "xxxx" MMC-yə və onun təsisçisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən sərbəst istifadəsi ilə bağlı cavabdehlər tərəfindən ona yaradılan manelərin aradan qaldırılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkil) izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi üzərində "xxxx" MMC-nin, 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC arasında heç bir bölgü aparılmamışdır. Həmin əmlak üzərində bölgü yalnız (əvvəlki mülkiyyətçilər) X6, X7 və X2 arasında bölgü aparılmışdır. Qeyd edilən məktuba əlavə edilmiş xx.xx.2014-cü il tarixdə tərtib edilmiş bölgü planından görünür ki, plan üzrə Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,168 ha hissəsi X4, qeyri-yaşayış binasının 435.8 kv.m və torpaq sahəsinin 0,026395 ha hissəsinin isə X3 verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli qeyri yaşayış binasının bölgü planında X hərfi ilə işarələnmış hissə "xxxx" MMC-nin mülkiyyətindədir. Həmin ərazi xx.xx.2006-cı il tarixli ********* ərizə nömrəsi ilə "xxxx" MMCnin hüquqları Dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra xx.xx.2023-cü il tarixli ********** ərizə nömrəsi ilə həmin qeyri yaşayış binası "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. (Qeyri-yaşayış binasının giriş-çıxış qapısının qarşısında yerləşən torpaq sahəsi) "xxxx" MMC-nin təsisçisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, o, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış obyektinin öz payına düşən hissəsini cəmiyyətin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır. 28 oktyabr 2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsindən” görünür ki, X5 təsisçisi olduğu "xxxx" MMC-nin nizamnamə kapitalını təşkil edən miqdarı 250,010.00 (iki yüz əlli min on) manat olan 100% payını Cavabdeh1 350000 (üç yüz əlli min) manata satmışdır. "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 tərəfindən qəbul edilmiş 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2006-cı il tarixdə 0306-N3-62 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarında vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirilmişdir. Qərarda qeyd edilir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan suiistifadə olaraq müəyyən edilmişdir. Beləliklə hüquqdan sui-istifadə olunduğu müəyyən edilərsə, bu hal vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisəli qeyri-yaşayış binası və onun qarşısında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən alınarkən ("xxxx" MMC-nin təsis payı kimi) qeyri-yaşayış binasının bir hissəsi daha əvvəldən İddiaçı mülkiyyətində olmuş və iddiaçı ilə əvvəlki mülkiyyətçı arasında ümumi paylı mülkiyyətdən istifadəyə dair hər hansı narazılıq yaşanmamışdır. Həmçinin əmlak alınarkən cavabdehə iddiaçının paylı mülkiyyətdə payının olması və iddiaçının cavabdehin almış olduğu torpaq sahəsindən hərəkət etməklə qeyri-yaşayış sahəsinin yeganə giriş qapısından öz hissəsinə daxil olduğu məlum olmuşdur. Odur ki, cavabdehlər "xxxx" MMC və onun təsisçisi Cavabdeh1 tərəfindən iddiaçıya yaradılan manelər onu deməyə əsas verir ki, iddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlər ilə üzləşmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış binasının İddiaçı aid hissəsində yanğın çıxış qapısının mövcudluğu və iddiaçının həmin qapıdan istifadə etməklə binaya daxil olmaq imkanının olması, onun ümumi istifadədə olan giriş qapısından istifadə etmək hüququnu istisna etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə daxil olması məqsədi ilə onun cavabdeh "xxxx" MMC-yə məxsus torpaq sahəsindən piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidi təmin edilsin, paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısından İddiaçı istifadəsinə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar