Məhkəmə qərarları › İş №e-2(053)-1047/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1047/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1047/2023 02.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.265 manat pul vəsaitinin və 33,05 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1.298,05 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası» növü ilə sığortalanmış «X5» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunan «Zomteks» markalı mopedlə toqquşmuş, nəticədə «X5» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Salyan Rayon Məhkəməsi tərəfindən qəbul edilən inzibati xəta haqqında iş üzrə 3(057)-452/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərara əsasən «Zomteks» markalı mopedin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair akta əsasən «X5» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2.065 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar sığorta ödənişi ilə bağlı sığorta aktı tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən (800 manat məbləğində azad olma məbləği çıxılmaqla) sonra şirkət tərəfindən zərərçəkən X1 1.265 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar şirkət tərəfindən 29 noyabr 2021-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bu günədək şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Eyni Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 aprel 2020-ci il tarixli, AS 010706 nömrəli «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası» haqqında müqavilənin surətindən görünür ki, X1 (müqavilədə sürücü kimi X2 da adı göstərilmişdir) məxsus buraxılış ili – 2020-ci il, mühərrik nömrəsi ******* və ban nömrəsi XTA219020L0677768 olan ** CD *** dövlət qeydiyyat nişanlı «LADA/21902 minik» markalı nəqliyyat vasitəsi 14 aprel 2020-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 18.200 manat məbləğində tam sığorta (kasko) növü ilə sığorta edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh alınmış izahatın surətindən görünür ki, o, 24 mart 2021-ci ildə sürücülük hüququ olmadan idarə etdiyi «Zomteks» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən manevretmə qaydasını pozaraq, «LADA 21902» markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. İş materiallarına əlavə olunmuş Salyan Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 3(057)-452/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş 29 mart 2021-ci il tarixli ziyan aktının surətindən görünür ki, X1 məxsus «LADA 21902» markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə Salyan rayonu «Ümüd» firmasına məxsus avtomobillərə texniki xidmət mərkəzində baxış keçirilməsi ilə dəyişdiriləcək ehtiyat hissələri və təmir xərci ilə birlikdə avtomobilə dəymiş ziyanın həcminin 2.065 manat məbləğində olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişi ilə bağlı 12 aprel 2021-ci il tarixli 3623 nömrəli aktın surətindən görünür ki, 14 aprel 2020-ci il tarixli AS 010706 nömrəli kasko sığorta müqaviləsi əsasında sığortalanmış «LADA 21902» markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 24 mart 2021-ci ildə Ələt - Astara yolunun 19-cu kmdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 2.065 manat olması, 800 manat azad olunma məbləği nəzərə alınmaqla (çıxılmaqla) sığortalının hesabına 1.265 manat sığorta ödənişinin ödənilməsi, habelə subroqasiya hüququ irəli sürülməli olan şəxsin Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 22 aprel 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödəyən bank «Azəri-Türk Bank» Mərkəzi filialı, alan bank "xxxx" ASC-nin Binəqədi filialı olmaqla X1 1.265 manat məbləğində kasko sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 29 noyabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilmiş və sonuncuya əks təqdirdə borcun tutulması üçün aidiyyatı məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən «Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsultiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığrtaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh sığorta ödənişinin əvəzi 1.265 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Ona görə də iddiaçının bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 33,05 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.265 (min iki yüz altmış beş) manat məbləğində sığorta ödənişinin əvəzi və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 33 (otuz üç) manat 05 (beş) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 1.298 (min iki yüz doxsan səkkiz) manat 05 (beş) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar