Məhkəmə qərarları › İş №e-2(053)-1087/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1087/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1087/2023 18.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.980 manat sığorta ödənişi məbləğinin, 39,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2.019,80 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Həsənov Fəxrəddin Mirǝyyub oğlu arasında xx.xx.2020-ci il tarixdə, PAA********** saylı Sığorta müqaviləsi bağlanmış və “Kamaz 5320” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Kamaz 5320” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Hökməli dairəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Camry” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1.980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ Ekoloji nəzarət üzrə YPXB-dən ünvanlarına İnzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Ekoloji nəzarət üzrə YPXB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 23 yanvar 2020-ci il tarixli “İcbari sığorta müqaviləsi”nin surətindən görünür ki, Həsənov Fəxrəddin Mirǝyyub oğluna məxsus olan “Kamaz 5320” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 23 yanvar 2020-ci il tarixdən 23 yanvar 2021-ci il tarixədək əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat məbləğində "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. 19 oktyabr 2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, 13 sentyabr 2020ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Kamaz 5320” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Hökməli dairəsi ərazisində X2 məxsus "Toyota Camry" markalı, 90-GZ- 550 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilə 1.980 manat zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1.980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Ekoloji nəzarət üzrə YPXB-nin vəzifəli şəxsinin 13 sentyabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə olunmuşdur. 20 oktyabr 2020-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən X2 1.980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir”. Həmin Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən “Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur”, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir” və “Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sığortalılara ödədiyi məbləği tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu olaraq 39,80 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və iddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39,80 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1.980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat 80 (səksən) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar