Məhkəmə qərarları › İş №e-2(053)-1090/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1090/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1090/2025 13.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən "xxxx" ASC-nin xeyrinə 370 manat və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 400 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Kögel SN24P» markalı, 10ZF772 dövlət qeydiyyat nişanlı avtomobil 10 iyun 2023-cü il tarixində Sumqayıt şəhəri, M.Əsədov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «VAZ 21063» markalı, 05BA963 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və «VAZ 21063» markalı, 05BA963 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 370 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sumqayıt şəhəri DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında müəyyən edilmişdir ki, «Kögel SN24P» markalı, 10ZF772 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarla bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən baş vermiş sığorta hadisəsində dəymiş zərər zərərçəkən «VAZ 21063» markalı, 05BA963 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortaçısı «Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti» tərəfindən ödənilmiş, daha sonra həmin məbləğ qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün nəzərdə tutulmuş «loto» sistemi vasitəsilə "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısına ödənilərək nəticədə 370 manatlıq sığorta ödənişinin "xxxx" ASC tərəfindən həyata keçirilməsi prosesi yekunlaşmışdır. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 16 may 2024-cü il tarixli, 0671/24 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 18 yanvar 2023-cü il tarixli, PQA********** nömrəli «İcbari sığorta müqaviləsinə dair məlumat»dan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsal ili – 2009-cu il olan 10ZF772 dövlət qeydiyyat nişanlı «Kögel SN24P yarımqoşqu» markalı nəqliyyat vasitəsi 29 yanvar 2023-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində icbari sığorta növü ilə sığorta edilmişdir. İş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemi və Cavabdeh alınmış izahatın surətindən görünür ki, cavabdeh 10 iyun 2023-cü ildə yol vərəqəsi əsasında idarə etdiyi «MAN TKH 19390» yük markalı, 90JK014 dövlət qeydiyyat nişanlı yük maşını və onun yarımqoşqusu «Kögel SN24P» yarımqoşqu markalı, 10ZF772 avtonəqliyyat vasitəsilə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsindən sağa manevr edib Saray qəsəbəsi istiqamətinə dönən zaman yolun kənarında dayanmış «VAZ 21063» markalı, 05BA963 dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsi nəticəsində sözügedən avtomobilə zərər vurulmuşdur. İş materiallarına əlavə olunmuş TP seriyalı ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarın surətindən görünür ki, həmin qərarla 10ZF772 dövlət qeydiyyat nişanlı «Kögel SN24P yarımqoşqu» markalı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinib barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş 24 iyul 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən ödəyənin bankı «Azər-Türk Bank» Rəqəmsal 6, alanın bankı "xxxx" ASC olmaqla «Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti»nin hesabına 370 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli 14413/2023 nömrəli ödəniş aktının surətindən görünür ki, PQA********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığortalanmış 10ZF772 dövlət qeydiyyat nişanlı «Kögel SN24P yarımqoşqu» markalı nəqliyyat vasitəsi ilə 10 iyun 2023-cü il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində «Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti»nin hesabına ödənilmiş sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 370 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və hüquqi şəxs tərəfindən verilən etibarnamələrə dair məlumatdan görünür ki, buraxılış ili 2009, ban nömrəsi WKOS**********031 olan 10ZF772 dövlət qeydiyyat nişanlı «Kögel SN24P yarımqoşqu» markalı nəqliyyat vasitəsinin sahibi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir və MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarına əlavə olunmuş 16 may 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişi məbləğinin ondan tələb ediləcəyi barədə məlumatlandırılmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən «Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 370 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 370 manat məbləğində sığorta ödənişinin əvəzi, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 370 (üç yüz yetmiş) manat məbləğində sığorta ödənişinin əvəzi, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar