Məhkəmə qərarları › İş №e-2(053)-1546/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1546/2025

15.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1546/2025 15.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək torpaq sahəsindəki paylarının ayrılaraq hər biri üçün fərdi mülkiyyət hüququna dair çıxarışların verilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1, 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır», iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)», «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb» göstərilməlidir. İlk növbədə qeyd olunur ki, iddia ərizəsində həm iddiaçıların, həm də cavabdehin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) ümumiyyətlə göstərməmiş, ərizədə iddiaçılar İddiaçı1 ünvanı kimi «Bakı şəhəri Xəzər rayonu Mərdəkan», İddiaçı2 ünvanı kimi «Şəmkir rayonu» və İddiaçı3 ünvanı kimi «Neftçala rayon Xolqarabucaq kənd» göstərilsə də, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddiaçılar hər üçü «Neftçala rayonu, Xəzər kəndi»ndə qeydiyyatdadırlar. İddia ərizəsində iddiaçının və cavabdehin yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın) göstərilməsi, həmçinin onların şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Lakin, göründüyü kimi iddiaçı mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməmişlər. Bundan başqa iddia ərizəsində 3 nəfər iddiaçının olduğu göstərilsə də, ərizə yalnız İddiaçı1 tərəfindən imzalanmış, digər iddiaçılar – İddiaçı2 və İddiaçı3 tərəfindən imzalanmamışdır. Bununla yanaşı qeyd olunur ki, iddia ərizəsinin qoşma hissəsində ərizəyə bir sıra sənədlərin əlavə olunduğu göstərilsə də, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində iddia ərizəsinə əlavə olunmuş sənədlərə baxış zamanı onların müvafiq sistemə yüklənmədiyi görünür. Həmçinin qeyd olunmalıdır ki, iddia ərizəsinin məzmunu, həmçinin iddia tələbi də kifayət qədər aydın deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar