Məhkəmə qərarları › İş №e-2(053)-344/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-344/2024

06.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-344/2024 06.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Mülkiyyətinə qarşı maneəçilik hərəkətlərinə son qoyulması, mülkiyyətində olan torpaq sahəsindən çıxarılma, mülkiyyətində, eyni zamanda istifadəsində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişin, darvaza qoyulmasının qadağan edilməsi, həmin həyətyanı torpaq sahəsində tikilmiş hasarın sökülməsi, giriş üçün qoyulmuş qapının çıxarılaraq hasarlanması, maddi və mənəvi pul tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan MA seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən 0.44 ha faktiki istifadəsində olmaqla 0.26 ha həyətyanı torpaq sahəsi və 134.6 kv.m fərdi yaşayış evi və 152.1 kv.m təsərrüfat tikilisinə qarşı maneçilik hərəkətlərinə son qoyulması, mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, onlar tərəfindən həyətyanı torpaq sahəsində tikilmiş hasarın öz vəsaitləri hesabına sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində və istifadəsində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişləri qadağan edilməsi, cavabdehlər Cavabdeh1 həyətinə darvaza qoyulmasının qadağan edilməsi və həyətinə giriş üçün qoyulmuş qapı çıxarılaraq hasarlanması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı X1 müalicəsi üçün xərclənmiş 500 (beş yüz) manat maddi və bu hərəkətlərinə görə dəymiş 500 (beş yüz) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumu olmaqla pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində “iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)”, “iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb”göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən «İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır». Eyni Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə “dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd” əlavə edilir. İddia ərizəsi prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğun deyil. Belə ki, məhkəməyə təqdim edilmiş İddiaçı nümayəndəsi tərəfindən imzalanmış iddia ərizəsindən “Xahiş edirəm” hissəsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönələn tələbin birinci abzasında qeyri müəyyənlik olmaqla, tələbin dördüncü abzasına münasibətdə qiymətləndirilməyən tələbə görə dövlət rüsumu ödənilməmişdir. Göründüyü kimi iddiaçı maddi və mənəvi ziyan tələbini bir-biri ilə əlaqəli tələb kimi digər tələblərə birləşdirməklə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməmiş və müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1, 152.1.5 və 152.1.7-ci maddələrinə əsasən “iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə” və “müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə” hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Mülkiyyətinə qarşı maneəçilik hərəkətlərinə son qoyulması, mülkiyyətində olan torpaq sahəsindən çıxarılma, mülkiyyətində, eyni zamanda istifadəsində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə girişin, darvaza qoyulmasının qadağan edilməsi, həmin həyətyanı torpaq sahəsində tikilmiş hasarın sökülməsi, giriş üçün qoyulmuş qapının çıxarılaraq hasarlanması, maddi və mənəvi pul tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar