Məhkəmə qərarları › İş №e-2(053)-588/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-588/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-588/2024 29.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala şəhəri, Neftçala Rayon Məhkəməsinin inzibati binası Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən «Mercedes» markalı 99NX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1.370 manat sığorta ödənişinin və ödənilmiş 33,70 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Eyni Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-3.3-cü maddəsinə əsasən «Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Həmin Məcəllənin 284-3.4-cü maddəsinə əsasən «Ərizə «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 69.2 və 69.3-cü maddələrinə əsasən «Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir», «Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur». Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən «Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir», «Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir». Azərbaycan Respublikası MM-nin 363.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir». İddia ərizəsinə İddiaçı Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri X1 tərəfindən Cəmiyyətin subroqasiya şöbəsinin əməkdaşı, hüquqşünas Nümayəndə adına İddiaçı Sığorta Şirkəti ASC-yi məhkəmələrdə təmsil etmək səlahiyyəti verilmiş E-A-2024 nömrəli etibarnamə əlavə edilib. Həmin etibarnamənin qüvvədə olma müddəti verildiyi tarixdən 1 (bir) il göstərilib. Lakin etibarnamənin verildiyi tarix qeyd edilməyib. Hazırkı iş üzrə iddia ərizəsi Nümayəndə tərəfindən imzalanıb. Qeyd olunur ki, iddia ərizəsinə əlavə edilmiş E-A-2024 nömrəli etibarnamədə verildiyi tarix göstərilmədiyindən həmin etibarnamə əhəmiyyətli sayıla bilməz. Beəliklə iddia ərizəsi onu imza etməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəyə iş üçün mühüm sübut əhəmiyyətinə malik olan inzibati xəta haqqında iş üzrə qərarın surəti əlavə edilməyib Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar