Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-589/2024 22.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.039 manat məbləğində vurulmuş zərər və 100,39 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8.139,39 manatın alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 11 iyul 2024cü il tarixdə işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobil 29 iyun 2020-ci ildən 29 iyun 2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 24 iyun 2020-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 04 oktyabr 2020-ci ildə Cavabdeh idarə etdiyi «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə, «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı və «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan dəymiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X7 aldığı xəsarətlərdən ölmüşdür. Cavabdeh hadisə yerindən yayınmışdır. Suraxanı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(010)-131/2021 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə, digər «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 isə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 27 iyul 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilə 1.078 manat zərər dəymişdir. "xxxx" MMC tərəfindən 31 may 2021-ci il tarixində verilmiş 4517 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilə isə 5.000 manat məbləğində zərər dəymişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Beləliklə də, sığorta ödənişi aşağıdakı qaydada hesablanmışdır: 1.078 manat (zərər məbləği): 2 (hər iki sürücünün təqsiri olduğu üçün) = 539 manat; 5.000 manat (zərər məbləği): 2 (hər iki sürücünün təqsiri olduğu üçün) = 2500 manat. İddiaçı tərəfindən 01 sentyabr 2021-ci il tarixində 539 manat sığorta ödənişi zərərçəkmiş şəxs X2, 24 yanvar 2022-ci il tarixində 2.500 manat sığorta ödənişi zərərçəkmiş şəxs X5, 24 yanvar 2022-ci il tarixində 1.666,66 manat sığorta ödənişi yenə də zərərçəkmiş şəxs X5 (vəfat edən şəxs sərnişin X4 əri olduğu üçün), 28 aprel 2022-ci il tarixində isə 3.333,34 manat sığorta ödənişi zərərçəkmiş şəxs X6 (vəfat etmiş sərnişin X4 anası olduğu üçün və eyni zamanda sərnişin X4 atası X3 adından etibarnamə ilə çıxış etdiyinə görə) ödənilmişdir. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkir. Onun 22 oktyabr 2024-cü ildə məhkəmədə iştirakı təmin edilmişdir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cinayət cəzası çəkir. Qeyd edir ki, iddiaçı tərəfindən 5.000 manat məbləğ dəymiş ziyanın əvəzi olaraq ödənilməli, 5.000 manatdan artıq məbləği isə ondan tələb etməlidir. Lakin iddiaçı zərərçəkmişlərə ödədiyi bütün məbləği ondan tələb edir. Hal-hazırda həbsdə olduğunu nəzərə alaraq pulu ödəmək imkanının olmadığını, həmçinin himayəsində də xəstə anasının olduğunu bildirir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş «icbari sığorta müqaviləsinə dair» məlumatdan görünür ki, X1 məxsus istehsal ili – 2002-ci il, mühərrikinin həcmi 2171 və ban nömrəsi WBAET16090NG40916 olan 99HB092 dövlət qeydiyyat nişanlı «BMW 320İ minik» markalı nəqliyyat vasitəsi 29 iyun 2020-ci il tarixdən 29 iyun 2021-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. Sığorta müqaviləsinin nömrəsi PXA********** göstərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 131/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş «Avtomobillərin Texniki Xidmət Mərkəzi» tərəfindən verilmiş 27 iyul 2020-ci il tarixli «qüsur aktı»nın surətindən görünür ki, «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumilikdə cəmi 1.078 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş «Xalq Sığorta ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 31 may 2021-ci il tarixli 4517 nömrəli «qiymətləndirmə aktı»nın surətindən görünür ki, «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumilikdə cəmi 5.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişi ilə bağlı PXA89557 nömrəli sığorta aktının surətindən və 12 aprel 2022-ci il tarixli «cari hesabdan çıxarış»dan görünür ki, PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari sığorta növü ilə sığortalanmış «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobillə «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə müşahidə olunan 04 oktyabr 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 1.078 manat olması müəyyən edilmiş, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən ziyanın əvəzi olaraq 539 manat məbləğində sığorta ödənişi 01 sentyabr 2021-ci ildə zərərçəkən X2 ödənilmiş, həmin sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 539 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişi ilə bağlı PXA89558 nömrəli sığorta aktının surətindən və 12 aprel 2022-ci il tarixli «cari hesabdan çıxarış»dan görünür ki, PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari sığorta növü ilə sığortalanmış «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobillə «BMW 535» markalı, 10SE535 dövlət nömrə nişanlı avtomobilin və «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə müşahidə olunan 04 oktyabr 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 5.000 manat olması müəyyən edilmiş, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən zərərin əvəzi olaraq 2.500 manat məbləğində sığorta ödənişi 24 yanvar 2022-ci ildə zərərçəkən X5 ödənilmiş, həmin sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 2.500 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişi ilə bağlı PXA89561 nömrəli sığorta aktının surətindən və 12 aprel 2022-ci il tarixli «cari hesabdan çıxarış»dan görünür ki, PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari sığorta növü ilə sığortalanmış «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobillə «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilin və «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə müşahidə olunan 04 oktyabr 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin X7 həlak olmuş, AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizası və pataloji anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 5.000 manat olması müəyyən edilmiş, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən 1.666,66 manat məbləğində sığorta ödənişi 24 yanvar 2022-ci ildə zərərçəkən X5 ödənilmiş, həmin sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 1.666,66 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sığorta ödənişi ilə bağlı PXA105031 nömrəli sığorta aktının surətindən və 12 aprel 2022-ci il tarixli «cari hesabdan çıxarış»dan görünür ki, PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari sığorta növü ilə sığortalanmış «BMW 320İ» markalı, 99HB092 dövlət qeydiyyat nişanlı avtomobillə «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobilin və «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə müşahidə olunan 04 oktyabr 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin X7 həlak olmuş, AR Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizası və pataloji anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 5.000 manat olması müəyyən edilmiş, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən 3.333,34 manat məbləğində sığorta ödənişi 24 yanvar 2022-ci ildə zərərçəkən X6 ödənilmiş, həmin sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 3.333,34 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 25 fevral 2022-ci il tarixli 05/01-429 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 8.039 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına ödənilməsi tələb edilmiş və sonuncuya əks təqdirdə həmin məbləğin ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «BMW 535» markalı, 10SE535 dövlət qeydiyyat nişanlı avtomobillə «KİA OPTİMA» markalı, 10DL016 dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat qəzası nəticəsində avtomobillərin hər birinə ayrı-ayrılıqda dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün məhkəmənin 11 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Bununla əlaqədar olaraq 03 sentyabr 2024-cü il tarixli, 9/6375 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilir: «1. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Auto Box» servis tərəfindən tərtib edilmiş qüsur aktında 1997-ci il buraxılışlı «BMW 535» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 5000,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin dəyəri ‒ 2700,00 manat; təmir işlərinin dəyəri ‒ 2300,00 manat; 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan «Rich Service» tərəfindən tərtib edilmiş qüsur aktında 2011-ci il buraxılışlı «KİA OPTİMA» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 1070,00 manat müəyyən edilir. O cümlədən: təmir işlərinin dəyəri ‒ 1070,00 manat.» Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən sığorta hadisəsi ilə bağlı zərərçəkmiş şəxslərə ümumilikdə 8.039 manat məbləğində sığorta ödənişi həyata keçirilib. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və bank xidmət haqqı olaraq 100,39 manat ödəmişdir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100,39 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.039 (səkkiz min otuz doqquz) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 100 (yüz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 8.139 (səkkiz min yüz otuz doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-589/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-589/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver