Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-59/2024 06.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən 140 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 170,40 manat məbləğin Dövlət Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırma aparılması zərurəti yarandığından 16 noyabr 2023-cü il tarixli qərardadla iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, 29 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi» ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan «Toyota Prius hibrid minik» markalı 10VY836 dövlət qeydiyyat nişanlı avtomobillə «Hyundai Sonata minik» markalı 10CC941 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı dəymiş zərərin hesablanmasına dair akta uyğun olaraq «Hyundai Sonata minik» markalı 10CC941 dövlət qeydiyyat nişanlı avtomobilə 140 manat məbləğində zərər dəydiyi müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişi Şirkət tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. AR DİN Bakı şəhər DYPİ-nin «İnzibati tənbeh vermə haqqında» qərarına və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən hadisə ilə əlaqədar «Toyota Prius hibrid minik» markalı 10VY836 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş (nümayəndəsini göndərməmiş) və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq, gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Sığorta şəhadətnaməsinin təfsilatı barədə» çıxarışdan görünür ki, X1 məxsus istehsal ili – 2008-ci il, mühərrikinin həcmi 1497 və ban nömrəsi JDTKB20UX83409957 olan 10VY836 dövlət qeydiyyat nişanlı «Toyota Prius hibrid minik» markalı nəqliyyat vasitəsi 03 iyun 2021-ci il tarixdən 03 iyun 2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. Sığorta müqaviləsinin nömrəsi PDS********** göstərilmişdir. Bakı Şəhər DYPİ tərəfindən verilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan, həmçinin İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən, habelə həmin DYPİ-nin vəzifəli şəxsinin 01 noyabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən, görünür ki, 29 sentyabr 2021-ci il tarixdə saat 07.25-də Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar «Toyota Prius hibrid minik» markalı 10VY836 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. «Dəymiş zərərin hesablanmasına dair akt»ın surətindən görünür ki, «Hyundai Sonata minik» markalı 10CC941 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə əlaqədar hesablanmış zərərin ümumilikdə cəmi 140 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 27 yanvar 2022-ci il tarixli 26785 nömrəli aktın surətindən görünür ki, PDS********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari sığorta növü ilə sığortalanmış «Toyota Prius hibrid minik» markalı 10VY836 dövlət qeydiyyat nişanlı avtomobillə «Hyundai Sonata minik» markalı 10CC941 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması müşahidə olunan 29 sentyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində «Hyundai Sonata minik» markalı 10CC941 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 140 manat məbləğində sığorta ödənişi zərərçəkənə ödənilmiş, həmin sığorta ödənişinə görə sığortaçının subroqasiya hüququ yaranmış, subroqasiya hüququnun məbləği 140 manat, subroqasiya hüququ irəli sürülməli olan şəxsin isə Cavabdeh olması müəyyən edilmişdir. 09 fevral 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, «vəsaiti alan» X2 olmaqla sonuncunun "xxxx" ASC-də olan hesabına 140 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 07 iyul 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh 140 manat məbləğində sığorta ödənişinin Şirkətin bank hesabına ödənilməsi tələb edilmiş və sonuncuya əks təqdirdə həmin məbləğin ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən «Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu və bank xidmət haqqı olaraq 30,40 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bank xidmət haqqı ilə birlikdə öddənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 140 (yüz qırx) manat məbləğində sığorta ödənişinin əvəzi və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 170 (yüz yetmiş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-59/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-59/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver