Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-604/2024 29.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «Mercedes» markalı 99HX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1.370 AZN sığorta ödənişinin və ödənilmiş 33,70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və əlavə araşdırma aparılması zərurəti yarandığından 11 iyun 2024-cü il tarixli qərardadla İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 22 iyul 2017-ci il tarixdə Cavabdeh tərəfindən etibarnamə ilə idarə olunan «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək «Mercedes» markalı, 99HX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı Cavabdeh idarə etdiyi «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Cavabdeh «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün 25 sentyabr 2038-ci ilə qədər qüvvədə olan etibarnaməsi də olmuşdur. Hadisə zamanı o, nəqliyyat vasitəsinə qanuni sahiblik etmişdir. «Mercedes» markalı, 99HX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.370 AZN (min üç yüz yetmiş manat) məbləğində zərər dəymişdir. Dəymiş zərər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırılaraq, «Mercedes» markalı, 99HX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkmiş X1 1.370 AZN (min üç yüz yetmiş manat) sığorta ödənişi həyata keçirilmişdir. 22 iyul 2017-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün ona qarşı İddiaçı Sığorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Cavabdeh hadisə zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün onun barəsində İXM-nin 333.3-cü maddəsi ilə 25 iyul 2017-ci il tarixli, TYP seriyalı 104071 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qəbul etməmiş və məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək qeyd etmişdir ki, məlum yolnəqliyyat hadisəsi 2017-ci ildə baş vermişdir. Buna baxmayaraq sığorta şirkəti hadisədən xeyli müddət keçdikdən sonra, yəni bu yaxınlarda məktub göndərərək dəymiş zərərin əvəzini ödənilməsini ondan tələb etmişdir. Əslində isə hadisə zamanı sığorta şirkətindən avtomobilə dəymiş zərəri özləri ödəyəcəklərini, bundan sonra onun adına ödəniş qrafiki açacaqlarını, onun da həmin pulu ödəniş qrafikinə əsasən hər ay hissə-hissə ödəməli olduğunu bildirmişlər. Lakin sığorta şirkəti tərəfindən belə bir ödəniş qrafiki tərtib edilməmiş, keçən bu müddət ərzində ondan hər hansı bir məbləğdə pul tələb edilməmişdir. Göründüyü kimi iddiaçı hadisə tarixindən təxminən 7 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məsələ ilə bağlı bir neçə hüquqşünaslara da müraciət etmiş və qanunvericilikdə bu kimi işlərlə bağlı iddia müddətinin 3 il olduğunu müəyyən etmişdir. Ona görə də hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən ərizəsinin təmin edilərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaya qiymət verərkən hesab edir ki, ilk növbədə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirilməlidir. Qeyd olunur ki, Azərbaycan respublikası MPM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 ildir. İş materiallarını araşdırıb və qanunvericiliyin yuxarıda göstərilən müddəasını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tələb hüququna ümumi iddia müddəti şamil edilməlidir. Cavabdehin ərizəsində göstərilən üç illik və ya altı illik iddia müddətlərinin hazırkı işə tətbiqi üçün isə heç bir qanuni əsas yoxdur. Bunu, habelə iddiaçının tələb hüququnun yarandığı tarixi nəzərə aldıqda görünür ki, iddiaçı iddia müddətini ötürməyib. Bu səbəbdən iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd olunması mümkün deyil. Məhkəmə cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. AR DİN Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə» arayışdan, həmçinin TYP seriyalı 104071 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 22 iyul 2017-ci il tarixdə saat 22.30-da Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 23 iyul 2017-ci il tarixli, 1/7937 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmuşdur. 041575 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı Cavabdeh idarə etdiyi «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. 25 sentyabr 2008-ci il tarixli, ƏN-İİ seriyalı 511972 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh 25 sentyabr 2038-ci ilədək «Mercedes Benz 220» markalı, 10UK595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni sahiblik etmək hüququ verilmişdir. 19 avqust 2017-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş «yekun defekt aktı»nın surətindən görünür ki, «Mercedes» markalı, 99HX053 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.370 AZN (min üç yüz yetmiş manat) məbləğində zərər dəymişdir. 23 avqust 2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, «ödəyən» İddiaçı Sığorta Şirkəti ASC, «vəsaiti alan» X2 olmaqla sonuncunun "xxxx" ASC-də olan hesabına 1.370 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 29 fevral 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 1.370 manat məbləğində sığorta ödənişinin şirkətə ödənilməsi tələb edilmiş və sonuncuya əks təqdirdə həmin məbləğin ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən “Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2 və 936.5-ci maddələrinə əsasən «Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur», «Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir» və «Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər». Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu olaraq 33,70 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33,70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi kimi 1.370 (min üç yüz yetmiş) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-604/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-604/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver