Məhkəmə qərarları › İş №e-2(053)-851/2025

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(053)-851/2025

05.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-851/2025 05.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ 05 dekabr 2007-ci il tarixdə, ********* nömrəli qeydlə dövlət qeydiyyatına alınmış və bu barədə ona MH seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Hazırkı iş üzrə cavabdeh olan nəvələri Cavabdeh2 və Cavabdeh1 təxminən 20 ilə yaxındır ki, valideynləri ilə birlikdə Bakı şəhərinə köçməklə ona məxsus mənzildə yaşamırlar. Hazırda onların həmin mənzilə münasibətdə istifadə hüquqları formal mahiyyətdədir və bununla bağlı mövcud pasport qeydiyyatı ata-analarının yaşayış yeri məlumatlarına əsasən aparılmışdır. Tərəfindən hazırkı iş üzrə cavabdehlərin valideynlərinə qarşı eyni məzmunlu iddia tələbi Neftçala Rayon Məhkəməsinin 2(053)- 38/2025 nömrəli iş üzrə 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və qətnamə qanuni qüvvəyə minərək icra olunmuşdur. Hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin 05 sentyabr 2025-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, prosesin onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etirazının olmadığını bildirmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-38/2025 nömrəli iş üzrə 10 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X7 və X3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin olunaraq, cavabdehlər X5 və X2 Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 9, 6 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və X1 rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsi, ev 9, mənzil 6 ünvanında qeydiyyatdadırlar. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, habelə “Daşınmaz əmlakın texniki pasportu”nun surətlərindən görünür ki, Neftçala rayonu, Bankə qəsəbəsi, Nəriman Nərimanov küçəsində istifadədə olan 0,037 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 51,7 kv.m ümumi, 37 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli (ünvan 1) mənzil tam mülkiyyət hüququ üzrə 05 dekabr 2007-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi və **********63-05101-093003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli, 463 nömrəli arayışda qeyd olunur: «Verilir İddiaçı ondan ötəri ki, o, həqiqətən də mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayır. Nəvəsi Cavabdeh1 və nəvəsi Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsalar da, 2005-ci ildən etibarən faktiki olaraq orda yaşamırlar». Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, İddiaçı yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Halhazırda cavabdehlər qeyd olunan evdə formal olaraq qeydiyyatdadırlar, həmin evdə artıq uzun müddətdir ki, yaşamırlar və başqa ünvana köçmüşlər. Cavabdehlərin hazırda hansı ünvanda yaşamaları barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq cavabdehlər qanunun tələblərini pozaraq daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və halhazıradək, həmin ünvanda qeydiyyatda qalmışlar. Nəticədə cavabdehlər mülkiyyətçi kimi İddiaçı hüquqlarının gerçəkləşdirilməsinə manelər yaratmışlar. Azərbaycan Respublikası MM-nin 228.4-cü maddəsinə əsasən «Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir». Həmin Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən, «Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur»; «Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır»; «İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər»; «Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır». Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən «Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, «Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir». Həmçinin Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə görə, «Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz». Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz». Adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Eyni Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan «yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında» çıxarılır. İşin faktiki hallarından aydın olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan mənzili tərk etmişlər. Buna baxmayaraq cavabdehlər, daimi yaşadığı yeni yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək həmin mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli etmiş olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 1 ünvanında yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları, onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə əsas verir. Odur ki, cavabdehlərin Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsi, bina 9, 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsi, bina 9, 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlərə izah edilsin ki, qiyabi qətnamə onlara rəsmi qaydada verildikdən sonra on gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar