Məhkəmə qərarları › İş №e-2(054)-221/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-221/2022

13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-221/2022 13.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı X4, İddiaçının nümayəndəsi və vəkili İddiaçı, Cavabdeh, Cavabdehin vəkili X1, Üçüncü şəxs Oğuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X8, Üçüncü şəxs Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı, Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Oğuz rayon İcra Hakimiyyətinin Oğuz şəhəri üzrə İcra Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, tikililərin sökülməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı X10 Cavabdeh qarşı, Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Oğuz rayon İcra Hakimiyyətinin Oğuz şəhəri üzrə İcra Nümayəndəliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən, ona və Cavabdeh məxsus olan fərdi yaşayış evlərini (həyətyanı torpaq sahələrini) ayıran qonşuluq divarı üzərində cavabdeh tərəfindən onunla razılaşmadan, qonşuluq hüququ ilə bağlı tələblər pozulmaqla, qanunvericilikdə tələb edilən ara məsafəsi gözlənilmədən özbaşına tikilmiş tövlə binası və toyuq hininin, həmçinin, tikilməyə davam etdirilən yeni tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, yeni tikilinin tikintisi zamanı ona məxsus olan fərdi yaşayış evində əmələ gələn çatlar, deformasiyalar və digər zərərlərin cavabdehin vəsaiti hesabına bərpa edilməsi, 100 manat dövlət rüsumu və 200 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X10 öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. ünvan 2nun xüsusi mülkiyyətindədir. Hazırda ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin ünvanda yaşayır. ünvan 3 qonşusu - hazırki iş üzrə Cavabdeh məxsusdur. Cavabdeh həmin fərdi yaşayış evlərini (həyətyanı torpaq sahələrini) ayıran qonşuluq divarı üzərində qanunsuz olaraq, tikinti qaydalarına zidd şəkildə, onun yaşayış sahəsinə yaxın məsafədə tövlə tikmiş, hazırda isə onun evinin arxasında toyuq hini və həmin divar üzərində yaşayış evi tikməkdə davam edir. Cavabdeh divar üzərində yaşayış evini tikərkən qazıntı işləri apardığı üçün ona məxsus olan evin daxili divarına ciddi zərər dəymiş və divarda böyük çat yaranmış və ev qəzalı vəziyyətə düşmüşüdür. Bundan əlavə, cavabdehin inşa etdiyi qeyri-yaşayış sahələrindən (mal tövləsi və toyuq hini) çıxan və gigiyena qaydalarına uyğun olmayan tullantıları öz həyətinə yığır. Bu səbəbdən isti yay günlərində yayılan kəskin qoxu nəticəsində evdə yaşayış mümkünsüz hala gəlir. Onun ailə üzvləri və evə gələn qonaqlar bu cür antisanitariya vəziyyətində qala bilmirlər. Tövlədən atılan tullantılardan yayılan pis qoxu ilə yanaşı, yağış yağan zaman axan çirkab suları da onun həyətinə dolaraq yaranan palçıq səbəbi ilə darvazadan çölə çıxmaq, demək olar ki, mümkün olmur. Hazırda onunla cavabdehin qonşuluq divarı üzərində tikilmiş tövlənin dam örtüyü həmin divarın üzərində yerləşdiyi üçün yağan yağış suları da onun həyətimə axıb tökülür. Bütün bunların qonşuluq münasibətlərini və qonşu hüquqlarını pozduğunu cavabdehə dəfələrlə bildirsə də, cavabdeh qanunsuz hərəkətlərinə son qoymayaraq həmin pozuntulara davam edir. O, həmin məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tövlənin sökülməsini, həmçinin, qonşuluq divarı üzərində cavabdeh tərəfindən davam etdirilən tikinti işlərinin dayandırılması ilə bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Müvafiq orqanların nümayəndələri tərəfindən baxış keçirilərək qonşuluq divarı üzərində aparılmış tikintilərin normalara uyğun olmadığı müəyyən edilmiş, qeyd olunan nöqsanlar cavabdehə izah edilərək qısa müddətdə qanuna uyğun şəkildə aradan qaldırılması tapşırılmış, əks təqdirdə qanunvericiliyə uyğun olaraq onun barəsində inzibati qaydada tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də qanunsuz əməllərini davam etdirərək tikilini sökməmiş və digər tikinti işlərinə də davam etmişdir. Cavabdehin hərəkəti onun hüquqlarını pozduğuna görə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək həmin tələbin mübahisə predmetinə aid olan tikililərin yerləşdiyi ərazidə yeni tikilinin tikintisi zamanı ona məxsus olan fərdi yaşayış evində əmələ gələn çatlar, deformasiyalar və digər zərərlərin cavabdehin vəsaiti hesabına bərpa edilməsinə dair hissəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə göstərdi ki, o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 1998-ci ildə hazır vəziyyətdə satın almışdır və fərdi yaşayış evinin yan divarlarından biri cavabdehlə qonşuluq divarının üzərində yerləşir. Bu yaxınlarda həmin divarın üzərində cavabdeh tərəfindən ona məxsus olan fərdi yaşayış evinin yan divarına bitişik olmaqla yeni tikilinin inşasına başlanılmışdır. Lakin cavabdehə məxsus tövlə binası və toyuq hini o, 1998-ci ildə həmin evi satın alan zaman da mövcud olmuşdur. Yeni tikilinin tikintisi zamanı ona məxsus olan fərdi yaşayış evində çatlar və deformasiyalar əmələ gəlmişdir. Bununla bağlı o, cavabdehə narazılığını bildirmiş, cavabdeh həyətində qanunsuz inşa edilmiş tövlə və toyuq hinini söküb başqa yerdə inşa edəcəyini, aralarındakı hasarın üzərindəki yeni tikilini də sökəcəyini vəd etsə də, indiyədək vədinə əməl etməmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən hazırda Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən, ona və cavabdehə məxsus olan fərdi yaşayış evlərini (həyətyanı torpaq sahələrini) ayıran sərhəd hasarı üzərində cavabdeh tərəfindən onunla razılaşmadan, qonşuluq hüququ ilə bağlı tələblər pozulmaqla, qanunvericilikdə tələb edilən ara məsafəsi gözlənilmədən özbaşına tikilmiş tövlə və toyuq hininin, həmçinin, tikilməyə davam etdirilən yeni tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı da hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddiaçının izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Hazırda iddiaçının sökülməsini tələb etdiyi tövlə binası və toyuq hini onun özünün xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir və o, həmin tikililəri 1991-ci ildə inşa etdirmişdir. Həmin vaxt qeyd olunan tikililərin inşasına qonşu həyətyanı torpaq sahəsində iddiaçıdan əvvəl yaşayan şəxsin heç bir etirazı olmamışdır. Həmin vaxtlarda qonşu ilə aralarında mövcud olan hasar köhnəlmiş və yararsız vəziyyətdə olduğundan əvvəlki qonşunun vəsaiti hesabına həmin hasar sökülərək hazırda mövcud olan hasar inşa edilmişdir. Həmçinin, iddiaçı da 1998-ci ildə həmin evi satın alandan sonra buna hər hansı narazılıq bildirməmişdir. Eyni zamanda, tövlə binası iddiaçının yaşadığı evdən xeyli uzaqdadır, toyuq hinindən isə hazırki vəziyyətdə o, faktiki olaraq istifadə etmir. O, iddiaçı ilə aralarındakı hasarın üzərində inşa edilmiş yeni tikilinin də inşasını dayandırmışdır. Həmin tikililər iddiaçının mənafeyinə hər hansı dərəcədə zərər vurmur, iddiaçının öz evindən istifadə hüquqlarını məhdudlaşdırmır, həmçinin, antisanitariya vəziyyəti də yaratmır. Ona görə də iddiaçının hazırki iddia tələbini qanunsuz və əsassız hesab edir. Qeyd etdiyi əsaslara görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X6 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxış iclasında cavabdehin izahatının məzmununa uyğun izahat verərək işin faktiki halları nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2021-ci ildə iddiaçının Oğuz rayon İcra Hakimiyyətinə müraciəti əsasında mübahisə predmetinə tikililərin yerləşdiyi əraziyə rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sökülməsi tələb edilən tövlə binası və toyuq hini iddiaçıya məxsus fərdi yaşayış evindən uzaq məsafədə yerləşdiyindən iddiaçının hüquq və mənafeyinə toxunmur. Lakin cavabdehin sərhəd divarı üzərində tikintisinə başladığı tikili tikinti normalarının tələbləri pozulmaqla inşa edilmişdir. Sərhəd divarı üzərindəki tikinti işlərinin dayandırılması və aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması barədə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, məhkəmənin müvafiq sorğusu əsasında o, xx.xx.2022-ci il tarixdə iddiaçı və cavabdehin iştirakı ilə Oğuz şəhəri Ş.Qurbanov küçəsində mübahisə predmetinə aid olan əraziyə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidə cavabdehə məxsus olan tövlə binasından iddiaçıya məxsus olan fərdi yaşayış evinin pəncərəsinə qədər olan məsafə 15 metrdən artıq olmaqla, həmin tövlə binası sanitar normalara uyğun inşa edilmişdir, Toyuq hini isə fərdi yaşayış evindən cəmi 1 metr məsafədə yerləşməklə, toyuq hininin tikintisi zamanı isə sanitar normalar kobud şəkildə pozulmuşdur və həmin tikili ətraf mühit üçün antisanitariya vəziyyəti yaradır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə hazırki iddia tələbinə münasibət bildirələrək qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikililərlə bağlı iddiaçının şikayəti əsasında Fövqəladə Hallar Nazirliyinin X7 tərəfindən Oğuz rayon İcra Hakimiyyətinə xx.xx.2021-ci il tarixdə müraciət göndərilərək qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Qanunvericiliyin tələbinə əsasən Oğuz rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərlə bağlı nöqsanlar həmin tikililəri inşa edən şəxsə izah edilərək tövsiyyələr verilmiş, xəbərdarlıq edilmiş, lakin həmin qanunsuz tikililər barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat verilməmişdir. Eyni zamanda, iddiaçıya müraciətdə qeyd edilən, qonşuluq münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələnin Fövqəladə Hallar Nazirliyinin və yerli qurumlarının səlahiyyətinə aid olmadığı izah edilmiş, bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Oğuz rayon İcra Hakimiyyətinin Oğuz şəhəri üzrə İcra Nümayəndəliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar məhkəmə tərəfindən Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müvafiq sorğular göndərilmişdir. Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli 262 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı X11 tərəfindən iddiaçı və cavabdehin iştirakı ilə Oğuz şəhəri Ş.Qurbanov küçəsində mübahisə predmetinə aid olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə cavabdehə məxsus olan tövlə binasından iddiaçıya məxsus olan fərdi yaşayış evinin pəncərəsinə qədər olan məsafənin 15 metrdən artıq olduğu müəyyən edilmişdir. Toyuq hini isə fərdi yaşayış evindən cəmi 1 metr məsafədə yerləşir. Qüvvədə olan normalara görə yaşayış otaqlarının pəncərələrindən malqara və quşlar saxlanılan tikililərədək olan məsafə; 1 və ya 2 tikili olduqda 15 metrdən az olmamalıdır. Bu baxımdan cavabdehə məxsus olan tövlə binası sanitar normalara uyğun inşa edilmişdir, toyuq hininin tikintisi zamanı isə sanitar normalar kobud şəkildə pozulmuşdur və həmin tikili ətraf mühit üçün antisanitariya vəziyyəti yaradır. Oğuz rayon İcra Hakimiyyətindən verilmiş xx.xx.2022-ci il tarixli 7/5-678 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Oğuz şəhəri Ş.Qurbanov küçəsində mübahisə predmetinə aid olan əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən, iddiaçıya məxsus olan fərdi yaşayış evi 1993-cü ildə tikilmiş və həmin dövrdə qüvvədə olan tikinti normalarına uyğun inşa edilmişdir. Cavabdeh tərəfindən qanunsuz inşa edildiyi qeyd edilən və sökülməsi tələb olunan tikililərdən mövcud tövlə binası Azərbaycan Respublikası Dövlət Tikinti Normaları 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın 4.20-ci bəndinin (yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə; 1 və ya 2 tikili olduqda 15 metrdən az olmamalıdır) tələblərinə uyğun olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsindən 15 metrdən çox məsafədə yerləşdiyindən hazırki vəziyyətdə iddiaçının hüquq və mənafeyinə toxunmur. Toyuq hini isə fərdi yaşayış evinin pəncərəsindən 15 metrdən az - 3 metr məsafədə yerləşir ki, bu da hazırki vəziyyətdə iddiaçının hüquq və mənafeyinə toxunur. Həmçinin, cavabdehin sərhəd divarı üzərində tikintisinə başladığı təyinatı məlum olmayan tikili (təsərrüfat tikilisi) Azərbaycan Respublikası Dövlət Tikinti Normaları 2.6-1 ”Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın 4.13-cü bəndinin qeyd hissəsinin 2-ci bəndinin tələbi (təsərrüfat tikililəri həyətyanı sahənin sərhədlərindən 1 metrdən az olmayan məsafədə yerləşdirilməlidir) pozulmaqla inşa edilmişdir. Sərhəd divarı üzərində inşasına başlanılmış tikilidə (təyinatı məlum olmayan təsərrüfat tikilisi) tikinti işlərinin dayandırılması və aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması barədə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli 7/E-648 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçıya məxsus olan fərdi yaşayış evi sərhəd divarı ilə ara məsafəsi gözlənilməklə inşa edilsəydi, həmin tikililərin (tövlə binası və toyuq hini) və cavabdeh tərəfindən həyətyanı sahədə aparılan hər hansı qazıntı işlərinin və yağış sularının iddiaçıya məxsus olan fərdi yaşayış evinin dayanıqlığına heç bir təsiri olmayacaqdı. Sökülməsi tələb edilən tikililər (tövlə binası və toyuq hini) xx.xx.2013-cü ildən qüvvədə olan Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 79.1.1ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti obyektləridir və həmin maddədə nəzərdə tutulan ölçüləri keçmədiyi üçün onların tikintisi üçün məlumatlandırma icraatı da tətbiq olunmur. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin əməkdaşı X3 izah verərək göstərmişdir ki, Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən, iddiaçıya və cavabdehə məxsus həyətyanı torpaq sahələri arasındakı hasarın, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinə aid olduğu müəyyən edilir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Texniki pasport, xx.xx.2016-cı il tarixli ******* (qeydiyyat nömrəsi **********) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin surətləri, Oğuz rayon İcra Hakimiyyəti, Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilən məktublar, mübahisə predmetinə aid olan tikililərin yerləşdiyi ərazinin fotoşəkilləri və xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh isə ünvan 5 ünvanında yaşayır. İddiaçıya və cavabdehə məxsus olan həyətyanı torpaq sahələri həmsərhəddir və həmin torpaq sahələrini çay daşından hörülmüş sərhəd hasarı ayırır. İddiaçıya məxsus olan fərdi yaşayış evinin yan divarlarından biri həmin divarın üzərində yerləşir. Həmçinin, həmin hasarın üzərində cavabdeh tərəfindən mişar daşından, iddiaçıya məxsus olan fərdi yaşayış evinin yan divarına bitişik olmaqla təyinatı məlum olmayan tikilinin (təsərrüfat tikilisi) inşasına başlanılmışdır. Həmin ərazidə sərhəd hasarının üzərində mişar daşından inşa edilmiş tikili hazırki vəziyyətdə də mövcuddur. Cavabdehə məxsus olan həyətyanı torpaq sahəsində tövlə binası və toyuq hini də vardır. İddiaçı həmin tikililərin sökülməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh buna əməl etməmişdir. Bundan sonra iddiaçı həmin məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etmiş, onun müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı özünə məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş tikilinin (tövlənin) cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünə məxsus olan fərdi yaşayış evinə və evə aid həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyan sənədlərə istinad edir və cavabdeh tərəfindən inşa edilmiş tikililərin (tövlə binası, toyuq hini) tikinti-texniki norma və qaydalarının tələbləri pozulmaqla ona məxsus evin yaxınlığında, evə yaxın məsafədə yerləşdiyini, həmin tikilinin onun özü və ailə üzvləri üçün antisanitariya vəziyyəti, xoşagəlməz şərait yaratdığını iddia edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbi əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının sökülməsini tələb etdiyi tövlə binası və toyuq hininin ona məxsus olan həyətyanı torpaq sahəsində o, qeyd olunan fərdi yaşayış evini satın alan zaman artıq mövcud olduğunu və hazırki vəziyyətdə həmin tikililərdən faktiki olaraq istifadə də etmədiyini, aralarındakı hasarın üzərində inşa edilmiş yeni tikilinin də inşasını dayandırdığını, həmin tikililərin iddiaçının mənafeyinə hər hansı dərəcədə zərər vurmadığını bildirir. TƏSVİRİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin qismən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2 və 57.2.2-ci maddələrinə əsasən tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Tikinti Normaları 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” Qərarın 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa, 15 metrdən, 8-dək tikili olarsa, 25 metrdən, 30-dək tikili olarsa, 50metrdən, 30-dan çox tikili olarsa, 100 metrdən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehə məxsus olan həyətyanı torpaq sahəsində inşa edilmiş və iddiaçının sökülməsini tələb etdiyi tövlə binası cavabdehin özünün xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmişdir. Həmin tövlə binası ilə iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinə qədər olan məsafə 15 metrdən artıq olmaqla, iddiaçı üçün heç bir antisanitariya vəziyyəti yaratmır. Eyni zamanda, qeyd olunan tövlə binası iddiaçının 1998ci ildə evi satın aldığı vaxtdan daha əvvəl cavabdehə məxsus həyətyanı torpaq sahəsində yerləşmişdir və təxminən, 30 ildən bəri həmin ərazidə mövcuddur. Cavabdehə məxsus olan, iddiaçının sökülməsini tələb etdiyi toyuq hini də yeni tikili olmayıb uzun müddətdən bəri qeyd olunan ərazidə yerləşən tikilidir. İddiaçının sökülməsini tələb etdiyi toyuq hininin evə yaxın məsafədə yerləşməklə antisanitariya vəziyyəti yaratdığı qeyd edilsə də, cavabdeh hazırki vəziyyətdə həmin toyuq hinindən istifadə etmədiyini bildirir. İddiaçı özü də ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə sahib olduğu vaxtdan qeyd olunan tikililərin həmin ərazidə mövcud olduğunu görmüş, həmin vaxtdan indiyədək bu tikililəri mübahisələndirməməklə mövcud vəziyyətlə razılaşdığını nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı həmin tikililərin (tövlə binası və toyuq hini) tikinti-texniki norma və qaydalarının tələbləri pozulmaqla inşa edilmiş olması, iddiaçı və ya digər şəxslərin hüquq və mənafelərinə toxunması, onların həyatı və ya sağlamlığı üçün hər hansı təhlükə, antisanitariya vəziyyəti yaratması, iddiaçının öz evindən və xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb olması, onun normal yaşayış şəraitinə maneə törətməsi halları öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçının sökülməsini tələb etdiyi tövlə binası və toyuq hini tikintisinə icazə tələb olunmayan tikinti obyektləridir və ölçülərinə görə onların tikintisi üçün məlumatlandırma icraatı tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəflərin izahatlarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdehə məxsus həyətyanı torpaq sahəsində uzun müddətdən bəri mövcud olan tövlə binası və toyuq hininin iddiaçının hüquq və mənafelərinə hər hansı şəkildə zərər vurması təsdiq olunmadığından və həmin tikililərin sökülməsinə heç bir əsas olmadığından iddiaçının hazırki iddia tələbinin Oğuz şəhəri Ş.Qurbanov küçəsində sərhəd hasarı üzərində cavabdeh tərəfindən inşa edilmiş tövlə binası və toyuq hininin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair hissələri təmin edilməməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi - divar hündürlüyünün 0,3 hissəsi qədər müəyyən edilir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 79.1 və 79.1.3-cü maddələrinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi ikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, hündürlüyü 2,2 metrdən çox olan hasarların tikintisi üçün, həmin hasarın gələcək təyinatının nədən ibarət olacağından asılı olmayaraq, icazə alınması vacibdir. Cavabdeh isə belə bir icazə almadan iddiaçının həyətyanı torpaq sahəsi ilə sərhəd divarı üzərində qeyd olunan ölçülərdən daha hündür, təyinatı bəlli olmayan təsərrüfat tikilisi inşa etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Məhkəmə araşdırmasının gedişində mütəxəssisin şərhi əsasında iddiaçıya və cavabdehə məxsus həyətyanı torpaq sahələri arasındakı hasarın, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddiaçının həyətyanı torpaq sahəsi ilə sərhəd divarı üzərində inşa etdirdiyi təsərrüfat tikilisinin iddiaçının mənafeyinə heç bir zərər vurmadığı və tikilinin inşasını dayandırdığı barədə izahatında göstərdiyi xüsatlara münasibət bildirərək qeyd edir ki, cavabdehin özünün istifadəsində olan həyətyanı torpaq sahəsi ilə iddiaçıya məxsus həyətyanı torpaq sahəsi arasındakı hasarın və ya onun müəyyən hissəsinin üzərində hər hansı əlavə tikili inşa etmək üçün məlumatlandırma icraatı qaydalarına riayət etdiyi və ya buna iddiaçının razılığı olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sərhəd divarı üzərində inşasına başlanılmış tikilidə (təyinatı məlum olmayan təsərrüfat tikilisi) tikinti işlərinin dayandırılması və aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması barədə Oğuz rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilmiş, lakin o, tikinti işlərini dayandırsa da, xəbərdarlığa məhəl qoymayaraq həmin nöqsanları aradan qaldırmamış və sərhəd divarı üzərindəki tikilini sökməmişdir. Ona görə məhkəmə iddia tələbinin sərhəd divarı üzərində inşa edilmiş təsərrüfat tikilisi ilə bağlı cavabdehin izahatında qeyd etdiyi xüsusatları sübut kimi qəbul etmir. Məhkəmə tərəflərin izahatlarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən sərhəd divarı üzərində inşasına başlanılmış tikilinin iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə aralarındakı hasarın üzərində yerləşdirməsi iddiaçının hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Eyni zamanda, cavabdehin mübahisə predmetinə aid olan ərazidə inşa etdirdiyi tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla inşa edilməklə, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi barədə ona Oğuz rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin sərhəd divarı üzərində inşasına başlanılmış təsərrüfat tikilisi ilə bağlı hissəsi təmin edilməli, ünvan 7 ünvanında yerləşən, xx.xx.2016-cı il tarixli ******* (qeydiyyat nömrəsi **********) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçı X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə cavabdehə məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahələrini ayıran hasar üzərində cavabdeh tərəfindən tikilmiş və tikilməyə davam etdirilən təyinatı məlum olmayan yeni tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının məzmunundan görünür ki, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin miqdarı yalnız təqdim olunmuş hesaba əsasən müəyyən edilir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə icasında iştirak etməklə göstərdiyi yardıma görə ona hər hansı məbləğdə vəsait ödənilmiş olması istisna edilməsə də, bununla əlaqədar məhkəməyə xərclərin miqdarı ilə bağlı hesab təqdim olunmadığından məhkəmə qərara gəlir ki, hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı, məbləğindən asılı olmayaraq, iddiaçının özünə aid edilməli, iddia tələbinin cavabdehdən 200 manat məhkəmə xərcləri (nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərclər) tutulmasına dair hissəsi təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. ünvan 7 ünvanında yerləşən, xx.xx.2016-cı il tarixli ******* (qeydiyyat nömrəsi **********) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçı X4 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ilə Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahələrini ayıran hasar üzərində cavabdeh tərəfindən cavabdehin vəsaiti hesabına sökülsün. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X9 ödənilsin. İddia tələbi Oğuz şəhəri Ş.Qurbanov küçəsində, iddiaçı ilə cavabdehə məxsus həyətyanı torpaq sahələrini ayıran hasar üzərində cavabdeh tərəfindən inşa edilmiş tövlə binası və toyuq hininin cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehdən 200 manat məhkəmə xərclərinin (nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərclər) tutulmasına dair hissələrdə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar